525.Az

Azərbaycanın enerji təhlükəsizliyinin təminində yeni addım


 

Azərbaycanın enerji təhlükəsizliyinin təminində yeni addım<b style="color:red"></b>

Azərbaycanda daha bir mühüm əhəmiyyətli layihənin icrasına başlanılıb. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən ölkəmizdə inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül 
Əziz bin Salman Əl-Səud  iştirak ediblər.

Bu, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ənənəvi olmayan enerji sektoruna xarici sərmayənin və innovativ texnologiyanın cəlbi, enerji istehlakında alternativ mənbələrin rolunun artırılması baxımından vacib hadisədir.  

Məlumat üçün bildirək ki, külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisi hesab olunur. İllərdir ki, küləyin gücündən bu məqsədlə istifadə olunur.  Dövlət başçısı tədbirdə çıxışı zamanı bildirib ki, bu stansiyanın tikintisi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. 

Xatırladaq ki, təxminən bir il bundan əvvəl Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında icra müqaviləsi imzalanıb. Son bir il ərzində bu istiqamətdə fəal iş aparılıb. Bu, Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq və istehsal gücü 240 meqavat təşkil edəcək. Həmçinin, təbii qaza qənaət edilməsi, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində də bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.

Prezident mərasimdə böyük enerji layihəsinin icraçısı və investorunun qardaş Səudiyyə Ərəbistanının şirkəti olmasını xüsusi qeyd edib. Bildirib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. İki ölkə bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir, qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Bu layihə digər tərəfdən xarici investorların ölkəmizə inamını və marağını göstərir. Dövlət başçısı bu məqama toxunaraq sözümüzün imzamız qədər qiymətli və dəyərli olduğunu söyləyib: "Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış  "Əsrin müqaviləsi" artıq uzun illərdir ki, icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq".

Milli Məclisin deputatı Rauf Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimini vacib hadisə adlandırıb. O bildirib ki, bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq: "Gücü 240 meqavat olan stansiya həm ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfə verəcək, həm də eyni zamanda, yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Qeyd olunan stansiyanın tikilməsi ilə bağlı Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən böyük sərmayədir. Stansiyanın külək enerjisindən əldə etdiyi 240 meqavatlıq güc 300 min evin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq ki, bu da ildə 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaq. Bu stansiyanın işə salınması Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində istehsal olunan elektrik enerjisinin xüsusi çəkisinin 30 faizə çatdırılmasında mühüm töhfə olacaq. Bu layihə, eyni zamanda, "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində mühüm addımdır".

PƏRVANƏ  
 

 





16.01.2022    çap et  çap et