525.Az

Özbəkistanı da Qazaxıstanın taleyi gözləyirmi?


 

Özbəkistanı da Qazaxıstanın taleyi gözləyirmi?<b style="color:red"></b>

Yeni ilin ilk günlərində Qazaxıstanda baş verən hadisələr postsovet məkanında ictimi-siyasi müzakirələrin əsas mövzusu olaraq qalır. Son günlər isə növbəti etirazların harada meydana çıxacağı ilə ehtimlar da səslənməyə başlayıb. Özü də bu dəfə bu ehtimallar yüksək vəzifəli şəxslər tərəfindən dilə gətirilir.

Qazaxıstan hadisələrinin növbəti dəfə Özbəkistanda meydana çıxa biləcəyi ilə bağlı Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin dövlət başçılarının fövqəladə sammitində çıxışı zamanı fikir səsləndirib: "Burada dərslərin alınmasından çox danışılır. İlk növbədə Özbəkistan dərs almalıdır". 

Aleksandr Lukaşenkonun heç bir dəlil və sübuta əsaslanmayan bu açıqlaması Özbəkistan rəsmiləri tərəfindən qətiyyətlə rədd edilib. Özbəkistan prezidenti Şəvqət Mirziyoyev bəyan edib ki, ölkəsi istənilən təhlükəyə adekvat cavab vermək üçün bütün lazımi potensiala və gücə malikdir. "Bəzi dövlətlərin rəhbərləri Özbəkistanın Qazaxıstanda baş verən hadisələrdən ibrət dərsi alması ilə bağlı əsassız bəyanatlar səsləndiriblər. Biz regiondakı vəziyyəti, təhlükəsizliyimizə qarşı bütün çağırışları və təhdidləri diqqətlə izləyirik. İstənilən təhlükəyə adekvat cavab vermək üçün bizim hər cürə imkan və gücümüz var". 

Çox maraqlıdır ki, prezident Şəvqət Mirziyoyevin qətiyyətli açıqlamasına baxmayaraq, Qazaxıstan hadisələrinin növbəti dəfə Özbəkistanda təkrarlana biləcəyi ilə bağı təbliğat səngimir. Bu təbliğat Rusiya prezidenti Vladimir Putinin özbək həmkarı ilə apardığı telefon danışığından sonra daha da artıb. 

Orta Asiya üzrə nüfuzlu ekspetlərin heç biri Belarus prezidenti Aleksandr Lukaşenkonun əsassız iddiasını dəstəkləmir, əksinə, Özbəkistanda ictimai münasibətlərin yumşalmasını qeyd edirlər. Şəvqət Mirziyoyevin prezident olduqdan sonra həyata keçirdiyi islahatlar Özbəkistanda ictimai-siyasi mühitin yumşalmaısna, sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olmağa başlayıb. Bu isə yaşayışını təmin etmək üçün başqa ölkələrə üz tutmuş on minlərlə Özbəkistan vətəndaşının vətəninə geri dönməsinə səbəb olub. 

Belarusda isə tamamilə əks proses gedir. Yüz minlərlə Belarus vətəndaşı ölkəni tərk edərək, başqa ölkələrə sığınıb. Yalnız Polşaya mühacirət edən Belarus vətəndaşlarının sayının 650 minə çatdığı haqqında məlumatlar var. İctimai-siyasi gərginliyin hökm sürdüyü, sosial-iqtisadi böhranın dərinləşməkdə olduğu Belarus prezidentinin Özbəkistana yönəlik əsassız iddiası prezident Şəvqət Mirziyoyevin sələfindən fərqli olaraq islahatçı və müstəqil siyasət aparması ilə izah oluna bilər. Qazaxıstan hadisələrinin növbəti dəfə Özbəkistanda meydana çıxa biləcəyi ilə bağlı son günlər aparılan təbliğat kampaniyasını Rusiya-Belarus cütlüyünün rəsmi Daşkəndə təzyiqi kimi də xarakterizə etmək mümkündür.

Özbəkistan üçün əsas təhlükə Talibanın ələ keçirdiyi Əfqanıstandan gələ bilər. Ancaq son illər Özbəkistan ordusunun döyüş qabiliyyətinin artırılması ilə bağlı ciddi işlər aparılır. Bütün bunlar Özbəkistanda Qazaxıstan hadisələrinin təkrarlanma ehtimalının digər postsovet respublikalarından aşağı olduğunu göstərsə də, hansısa qüvvələr bunun tam əksini ictimai rəyə qəbul etdirməyə çalışırlar.  

 





16.01.2022    çap et  çap et