525.Az

Azərbaycanda peşə təhsili: artan diqqət, önəmli nəticələr


 

Azərbaycanda peşə təhsili: <b style="color:red"> artan diqqət, önəmli nəticələr</b>

2021-2022-ci tədris ili peşə təhsili müəssisələrinə elektron qaydada tələbə qəbulu həyata keçirilib. "Portal.edu.az" platforması üzərindən həyata keçirilən tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 24600-dan müraciət daxil olub, 16594 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olan şəxslərin sayı 12 faiz artıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2021-2022-ci tədris ilində ilk dəfə olaraq ilk və texniki peşə təhsil səviyyələri ilə yanaşı, 4 regionda fəaliyyət göstərən 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisə başlanılıb. Belə ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb. 

Azərbaycanın üzv olduğu "WorldSkills Azerbaijan" platforması 2021-ci il ərzində "Bacarıqlı ol! - Milli irsimizi yaşat!" adlı xalçaçılıq müsabiqəsi, "Fantaziyanı biç, çantaya çevir" ekoçanta müsabiqəsi, veb proqramlaşdırma və aşpazlıq istiqamətləri üzrə ölkə səviyyəsində yarış, kiber təhlükəsizlik istiqaməti üzrə "WorldSkills Asia 2021" bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turunu təşkil edib. Azərbaycanın ilk dəfə təmsil olunduğu "WorldSkills Asia 2021" beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edənlər bir neçə kateqoriya üzrə ən yaxşı nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub.

Prezidentin müvafiq Sərəncamına əsasən, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" sərəncamına müvafiq dəyişiklik edilib. Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol" imzalanıb. Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyənin təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

İlk dəfə olaraq ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu keçirilib

2021-2022-ci il tədris ili üçün ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşdirilmiş qaydada işə qəbulu aparılıb. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub. Ümumilikdə 130 şəxs müsabiqəni uğurla tamamlayıb və işlə təmin olunub.

Məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün "Təqaüd proqramı" layihəsinin icrasına başlanılıb. Seçilmiş tələbələr 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcəklər. Tələbələr, həmçinin, "AzerGold" QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanı əldə edəcəklər.

2021-ci ilin mart ayından dekabr ayınadək 34 qısamüddətli peşə təliminə başlanılıb. Onlardan 29-u  tamamlanıb, 5-i isə hazırda davam edir. Təlimlərə ümumilikdə 800 nəfər cəlb edilib. Təlimləri bitirmiş şəxslərin  40 faizi işləyən (211), 60 faizi (307) isə işləməyən şəxslərdir. Təlimləri bitirmiş işsiz məzunların 30 faizdən çoxu təlimlərdən sonra iş imkanı əldə edib.

2021-2022-ci tədris ilində 45 yeni peşə təmayüllü sinif açılıb. Bununla da bu siniflərin sayı paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə 124-ə çatdırılıb. Yeni siniflərin açılması ilə layihə minimum 2387 şagirdi əhatə edir. Həmçinin, cari tədris ilindən bütün məktəblərdə "STEAM" modulunun tətbiqi, 35 məktəbdə "Sürücülük" modulu və 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq ediləcək.

Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması tədbirləri çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçib.

2021-ci ildə 1200 tələbə tutumu olan Bərdə Peşə Liseyi istifadəyə verilib. 4 mərtəbəli tədris binasının, 2 ədəd hər biri 192 yerlik yataqxananın, 3 mərtəbəli emalatxana və laboratoriya korpusunun, texnikaların saxlanılması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikinti işləri başa çatdırılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verib. Proqram Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində tətbiq edilir. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində "Dron idarəedilməsi" üzrə təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə "Dron idarəedilməsi" üzrə təlimlər keçirilib. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarət olub.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və "Gabala Hospitality Group"un birgə əməkdaşlığı çərçivəsində "Karyera və iş yarmarkası" keçirilib. "Karyera və iş yarmarkası"na  rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox işsiz və işaxtaran vətəndaş qatılıb, 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halları qəbul edilib.

Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
2021-ci ilin sonunadək 2 Karyera Mərkəzinin yaradılması nəzərdə tutulub. Karyera Mərkəzlərində fəaliyyət göstərəcək karyera məsləhətçilərinin bacarıqlarının artırılması məqsədilə, 10 peşə təhsil müəssisəsindən 50-yə yaxın namizəd müsahibə edilib və 22 şəxs təlimə cəlb edilib.

Təhsil naziri Emin Əmrullayev deyir ki, peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı son dövrdə 30 faiz artıb: "Qəbul isə 12 faiz artıb. Hazırda təhsil alanların sayı isə 26500 nəfərdir. Sovet dövründə ali təhsil müəssisələri üçün qəbula plan yerlərinin sayı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır. Son 5 ildə əhalinin demoqrafik inkişafı ilə əlaqəli ərizə və qəbul arasındakı fərq 2-dən aşağı düşüb. Universitetə qəbul üçün 90 minə yaxın şəxs ərizə verirsə, təxminən 48 mini qəbul olur. Əvvəllər Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. Sonu bağlı olan kanal idi. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. İndi insanlar yüksək peşə ixtisas təhsilində öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər". Nazirin sözlərinə görə, hazırda peşə təhsilinin həm nüfuzunun qaldırılmasına, həm də peşə təhsilinin insanlarımız üçün nə qədər faydalı olması, qısamüddətli peşə kurslarının fəaliyyəti və yüksək peşə təhsili üzrə kadrların hazırlanması istiqamətində işlər davam etdirilir. 

E.Əmrullayev bildirib ki, məzunların işlə təminatında peşə təhsili böyük potensiala malikdir: "Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Bir çox bölgələrdə peşə təhsil müəssisəsi yoxdur. Peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır". 

Sevinc QARAYEVA

 





16.01.2022    çap et  çap et