525.Az

“Qəlbimdə heç vaxt nifrət və pis əməllərə yer olmayıb” - Səxavət Tağlar


 

“Qəlbimdə heç vaxt nifrət və pis əməllərə yer olmayıb” -<b style="color:red"> Səxavət Tağlar</b>

Həmsöhbətimiz Azərbaycan Respublikasının Əməkdar müəllimi,  “Vətənpərvərlik işinə görə” medallı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səxavət Tağlardır.

***

- Xoş gördük, Səxavət müəllim. Ötmüş olsun, eşitdik səhhətinizdə bir az narahatlıq olub?

- Xoş gününüz olsun. Bəli, yeni ili bir az ağrı ilə açdım. Şükürlər olsun, indi yaxşıyam. Normal işimdə-gücümdəyəm.

- İctimai fəal ziyalı, təcrübəli bir pedaqoq kimi 2022-ci ildən gözləntiləriniz, peşə və yaradıcılıq sahəsində nə kimi yenilikləriniz olacaq?

- Qədəm qoyduğumuz 2022-ci ildə həyatın bütün sahələrində uğur və yeniliklərin olması təbiidir. Çünki Zəfər sonu сanımızda, qanımızda o böyük sevinc hissi yaşanmaqdadır. Bizi qarşıda nələr gözləmir? Otuz illik işğaldan azad olunmuş o müqəddəs, o gözəl dədə-baba torpaqlarımıza qayıtmaq, quruculuq işləri, o torpaqlara həyat vermək, o torpaqlarda sevgi dolu həyat yaşamaq. Bu tükənməz sevgini bizə Milli Ordumuz bəxş etdi. Vətən övladları qəhrəmanlıq nümunəsi göstərərək Şəhidlik Zirvəsinə yüksəldilər. Qazilərimiz döyüşün önündə gedərik sağlamlıqlarını itirdi. Bütün proseslərdə − istər ön, istərsə də arxa cəbhədə Ali Baş Komandanımız İlham Əliyevin mübariz və dönməz iradəsindən hər kəs ilham aldı.

Azərbaycanda iqtisadi çətinliklər, məlum koronavirus pandemiyası, dünyada yaşanan qlobal problemlər sistemli və məqsədli şəkildə öz həllini tapır. Sosialyönümlü Dövlət Proqramları aztəminatlı ailə və şəxslərə yönəlib. Bu sahədə dövlətin müdafiə qüdrəti, mövqe və apardığı siyasət dünya dövlətləri tərəfindən təcrübə kimi öyrənilir. Bütün çətinlik və dünyəvi proseslərə baxmayaraq 2022-ci ilin yaxşı gələcəyinə, dövlətimizə, xalqımıza düşərli olacağına çox ümidliyik. İnşallah, Qarabağ Zəfəri, Qarabağa dönüş o torpaqlara həyat verdiyi kimi, hər bir Vətən övladının da qəlbində VƏTƏN SEVGİLİ bir il kimi qalar.

...Sualınızın ikinci hissəsinə gəlincə isə il çərçivəsində bir məktəb rəhbəri, bir yazar kimi mənim də şəxsi planlarım var. Uğurlu təhsil göstəricilərinə nail olmaq, müəllim-şagird kollektivlərini yeniləşən təhsilimizə uyğun şəkildə inkişaf etdirmək. Millətin, xalqın tərəqqisi təhsillə bağlıdır. Orduda, xalqda döyüş ruhunun formalaşmasında təhsilin, məktəbin yeri və rolu əvəzsizdir. Vətənpərvərlik ruhu, gənclərin Vətən sevgisi məktəb partası arxasından başlayır. Yaxın günlərin söhbətidir. Uşaq Birliyinin rəhbəri Rəhimə müəllimə şagirdlərlə Şuşa haqqında, onun təbiəti, insanları və tarixi yerləri barədə söhbətlər aparmağı tapşırmışdım. Səhəri gün Rəhimə müəllim dedi ki, uşaqlar öz yanlarından virtual Şuşa təəssüratlarını yazıb, Şuşaya getmək cədvəli hazırlayıblar. Yadıma məktəbli ikən Şuşada yay pioner düşərgəsində olduğum günlər düşdü. İnşallah, o günləri yenidən yaşayarıq. Məktəblilərimizin arzuları çin olar. Bax, budur Vətən sevgisi!  Qəlbimizin Şuşa harayı!

Yeni yaşım günlərində - may ayında “Rəngli ağrılar” (esse və hekayələr) yaradıcılıq nümunəsi ilə oxucuların görüşünə gələcəm. 

Bir də onu deyim ki, “Yeni Avaz" Orta Asiya Yazarlar və Tarixçilər Birliyi məni Türk Dünyası xalqlarının birlik və bərabərliyi yolundakı çalışmama görə "Turan Birliyi" medalına layiq bilib. Qırğızıstan Respublikası Əmir Teymur Fondunun Baş direktoru, “Yeni Avaz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin sədri  Monoldorov Joldoşbek Akıbekoviç və Birliyin Türk respublikaları üzrə koordinatoru İlqar Türkoğlu bildirdilər ki, mükafat yayda Şuşada keçiriləcək Beynəlxalq musiqi və ədəbiyyat festivalında təqdim olunacaq. Bu da mənim üçün çox sevindiricidir.

- Qarabağ Zəfərində xalq, ordu və hakimiyyət həmrəy oldu. Azərbaycan təhsili və müəllimi İkinci Vətən müharibəsində necə iştirak etdi və bu tarixi Zəfəri uşaqlara necə öyrədirsiniz?

- Elə tam və yetkin qələbənin kökündə xalq, ordu və hakimiyyətin birliyi durur. Təbi ki, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında təhsil ocaqlarımızın, fədakar müəllimlərimizin xidmətləri böyükdür. Bizim yetişdirdiyimiz gənc nəsil Zəfər Bayrağımızı haqqımız çatan zirvələrə sancdılar. Ehtiyac duyulduğu o günlərdə Azərbaycan təhsilinin çoxsaylı heyəti də könüllü olaraq Vətən müharibəsinə qatıldı. 700-ə yaxın təhsil işçisi tam və yetkin qələbəyədək döyüşdü. Bir təhsil şöbə müdiri, 20 məktəb direktoru, 32 direktor müavini və yüzlərcə təhsil işçisinin döyüş yolu hərb tariximizə yazıldı. 20 nəfər təhsil işçisi, çiyindaşımız Şəhidlik zirvəsinə yüksəldi.

Təhsil işçiləri şəhid ailələrini, yaralı əsgər və zabitlərimizi unutmurlar. Eyni zamanda, tarixi qələbəni sistemli şəkildə gənc nəslə öyrətmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 saylı “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” və “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” 21.09.2021-ci il tarixli  F-450 saylı müvafiq əmrləri əldə rəhbər tutulur. Əmrlərə uyğun olaraq tədbirlər planları əsasında 27 sentyabr Anım Günü, 8 noyabr isə Zəfər Günü kimi qeyd olunmuş və tədris ili boyu belə tədbirlər davam etdirilməkdədir. Vətən müharibəsi şəhidlərinin anım günü məzərlarını ziyarət etmək, onların ailələrində olmaq, qazilərimizlə görüşlər və Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl rəhbərliyi və müzəffər ordumuzun qəhrəmanlığı timsalında aparılan söhbətlər də məhz bu qəbildəndir.

- Səxavət müəllim, ölkədə yeni Regional Təhsil İdarələri yarandı. Bir təhsil idarəçisi, təcrübəli bir pedaqoq kimi nə düşünürsünüz, struktur dəyişiklikləri təhsilimizin inkişafına kömək ola biləcəkmi? 

- Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 27 dekabr 2010-cu il tarixli 1251 nömrəli  və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixdə 664 nömrəli sərəncamlarına dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq 12 Regional Təhsil İdarəsi yaradılıb. Bizim zona Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil-Muğan Regional Təhsil İdarəsi kimi yaranıb. 

Müxtəlif fikirlər ola bilər. Ancaq dünya təcrübəsi göstərir ki, idarəetmə iqtisadi rayonlar üzrə format olunur. Bu konteksdən təhsil də başqa sahələr kimi. Belə dəyişiklik idarəetmənin səmərəliliyi və əlçatanlığıdır. Bir misal: Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi (DQ), işə qəbulu (MİQ), yerdəyişməsi və direktor təyinatları Təhsil Nazirliyinin İnsan Resusları tərəfindən aparılırdı. Bütün münasibətlər onlayn olurdu və yaxud canlı əlaqə qurmaq üçün mərkəzə getmək lazım gəlirdi. Şəffaflığa təminat olsa belə, bir problem yarananda canlı müraciət etmək çətinliyi ilə üzləşirdik. Yeni Regional Təhsil İdarələrində (RTİ) İnsan Resusları Mərkəzləri və buna müvafiq digər şöbələr yaranacaq. Bu baxımdan, yeni qurumun yaranması zamanın tələbi kimi çox əhəmiyyətlidir.

Ümidliyik ki, yaxın günlərdə yeni struktura peşəkar, çoxşaxəli islahatların içində olan şəxslər təyinatlar almaqla bölgələrdə dövlətin təhsil siyasətini tələb olan istiqamətdə inkişaf etdirəcəklər. 

Struktur dəyişikliyi ölkə başçısı, cənab İlham Əliyevin səlahiyyəti və onun Sərəncamı ilə həyata keçirilən bir islahatdır. İlham Əliyevin Qarabağ Zəfəri günlərində çox gözəl bir fikri oldu: “Nəyi necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”. Bəli, özünün dediyi kimi, xalq İlham Əliyevə inanır, onun bütün sahələrdə əmr və göstərişlərinin motivində xalqa xidmət, ona tükənməz qayğı  durur. Eləcə də təhsilimizin yeniləşməsinə, gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi qayğıda bunu görürük.

- Bilmirəm necə səslənər, Səxavət müəllim? Sizin Təhsil Nazirliyinin direktorların yerdəyişmə müsabiqəsinə qatıldığınızı eşitdik və bizə də maraqlı gəldi. Bu nə məsələ idi?

- Düz eşitmisiniz. Müsabiqəyə qatıldım və müsabiqədən də keçdim. Özümü sınadım. Bu mənim üçün yetərlidir. Söz-söhbət də ondan yaranıb. Mən gözəl bir pedaqoji kollektivin rəhbəriyəm, işimdən-gücümdən də çox məmnunam.

Onu da deyim ki, bu yerdəyişmə müsabiqəsinə qatılmağım pedaqoj kollektivimiz və ailə üzvlərim tərəfindən iş yerini dəyişmək anlamında onların ürəyincə deyildir. Xeyir, Allahdan! Allah önəm verib, sevgi göstərən insanlardan öz mərhəmət və qayğısını əsirgəməsin!

- Bu gün ümumi təhsilin hansı aktual problemləri var və onun həlli mütləq kimi qarşılanır?

- Əvvəlcə onu deyim ki, uzun illər təhsilimizin problemlərini demək, dilə gətirmək qəbahət idi. Hətta tapşırırdılar ki, toplantı, konfrans və müzakirələrə “çılpaq fikirli” müəllimləri gətirməyin. Bəs indi vəziyyət necədir? Pandemiya şəraiti olsa belə, Təhsil Nazirliyinin və şəxsən nazir cənab Emin Əmrullayevin açıq müzakirə, debat və görüşləri, ərazi insanlarını qəbul edib dinləməsi hamımızın gözləri önündədir. Yəni problemi çözmək, onun həllini tapmaq üçün geniş imkanlar vardır.

Bir ümumi təhsil müəssisəsinin rəhbəri kimi deyim ki, aktual problemlərimiz çoxdur. Bunları qruplaşdıranda problemlər kadr işində, maddi-texniki bazada, dərslik və dərs vəsaitlərində, məktəb-ailə və ətraf mühit birliyinin formalaşmasında öz əksini tapır. Biz problemsiz cəmiyyət və təhsilin olması anlamını düşünmürük. Aktual problemlər özü inkişaf və yeniləşmənin təzahürüdür. Səslənən, aşkar olan ən xırda problemlərin həlli belə mütləqdir.

- Nifrət hissi keçirib, tənhalığa can atdığınız anlar olurmu?

- Həyat, yaşam və iş prosesində elə olur ki, gözləmədiyim vəziyyətlə qarşılaşıram. Bunu təbii bilib ötürəm. Ancaq etibar etdiyim, sədaqətli bildiyim, qəlbbir olduğum bir insanın qeyri-münasib, sağlam olmayan hərəkət və davranışlarından üzülürəm. Hətta o zaman belə, sevgimi, dəyərimi nifrətə çevirə bilmirəm. Nə edim, qəlbimdə heç vaxt nifrət və pis əməllərə yer olmayıb. Ancaq bir az narahat olanda, özümü tükənmiş hiss edəndə tənha olub iç dünyamla baş-başa qalmaq istəyirəm.
 
- Ən böyük arzunuz nədir?

- Yaxın günlərdə Şuşada olmaq.

- Sağ olun, maraqlı söhbət üçün təşəkkür edirik.

- Siz də sağ olun. 

Həmsöhbət oldu: Asim Hüseynli

 





17.01.2022    çap et  çap et