525.Az

Dul qadının tənhalığı - Telman Orucov yazır


 

Dul qadının tənhalığı -<b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

Dünyaya göstərməliyik ki, xamamızın, ayranımızın, şorumuzun, lap elə həsirimizin əvəzi yoxdur. Qiymətli qida məhsullarının istehlakı hesabına bizdə mədə və ya yoğun bağırsaq xərçənginə rast gəlinmir, niyə biz bunları Qərbə yaymayaq? 

Niyə italyanlar operalarını dünyaya yaymışlar, biz öz muğamımızı dünyanın hər yerinə, ən azı Şərq ölkələrinə yaymayaq? Üstünlüklərimiz olduqca çoxdur. Lakin onların təbliği ilə məşğul olmadığımızdan, bizim sənət okeanımız Xəzər dənizini andırır, onu da başqa dənizlərlə əlaqəsi olmadığından göl adlandırırlar. Belə zənginliyi niyə biz başqalarından gizlədirik, yalnız öz milli mücrümüzdə saxlayırıq. Onun qapısını açıb, hamıya göstərsək, bütün dünyanı bələd və fəth edərik. Gəlin ətaləti kənara ataq, hərəkət edək, onda dünya bizi tanıyacaq, gözləri bərələ qalacaqdır. Görürsünüz, ermənilər Nyu-Yorkda düdük akademiyaları açmaları ilə qürrələnirlər, Ərik bayramları keçirir, onlara rəhbərliyi Şarl Aznavura tapşırırdılar. Bir işçi özünü saxlaya bilməyib, pıçıltı ilə dedi:

- İndi də ermənilərin səfeh icadlarından öyrənək.

Rəhbərlərinin bu sözündən sonra işçilər Koroğlu, Qaçaq Nəbi, Aşıq Qərib dastanlarını daha ciddi-cəhdlə, həmçinin, nehrənin necə çalxanmasını, şorun hazırlanması texnologiyasını, qurut qurudulanda milçəkdən qorunması üsullarını, həsirin hörülməsini öyrənməyə başladılar. Çünki müsəlmanlar öləndə inkir-minkirin sual-cavabından qorxduqları kimi, onlar da idarə başçısının onları mənşər ayağına çəkəcəyindən qorxurdular. 
Qadınların rəhbər vəzifəyə çəkilməsi normaldır və nəinki Qərbdə, hətta bir sıra Şərq ölkələrində də qadınların hökumət başçılığına yüksəlməsi halları olmuşdu, Hindistanda, Pakistanda, Şri-Lankada və Filippində, Türkiyədə qadınlar hökumətə və dövlətə başçılıq etmişdilər. Lakin qadın irəli çəkilərkən onun xasiyyətinə, psixiki durumuna da fikir vermək lazımdır. Bir qadın vəzifədə olarkən hamını daladığından, çoxları ondan qorxurdu. Məşhur həkim danışırdı ki, həmin qadın qızını onun şöbəsinə müalicəyə qoymuşdu və həkimin qızına qayğısını hiss edib, ondan razılıq etmişdi. Bir dəfə bir sərxoş gündüz qapını sındırıb, uşağını görmək istəmiş, bunu şöbə müdirinə xəbər vermişdilər. Həkim qapını açıb ona demişdi ki, axşam saat 5-dən sonra gəlin, indi müalicə vaxtıdır, kənar şəxslərin palatalara girməsinə icazə verilmir. Bu vaxt o, şöbə müdirini itələyib içəri keçmiş və bir yağlı söyüş də söymüşdü. Həkim çox həyəcanlı idi, birdən gördü ki, kimsə həmin sərxoş kişini boğur. O da qışqırır ki, boğuluram, boğazımı burax. Həkim bunun həmin vəzifəli qadın olduğunu gördü. O, boğmağını davam etdirə-etdirə qışqırırdı:

- Əclaf, gör sən kim əl qaldırırsan, kimi söyürsən. Buna görə səni yalnız öldürsəm, hirsim soyuyar.

Həkim özü qadına xahiş etməyə başladı ki, onu buraxsın, ürəyi gedib, yıxıla bilər, şöbənin, xəstəxananın adı biabır olar. Onun xahişinə görə qadın kişini boğmağını dayandırdı və sərxoş bir andaca aradan çıxdı. Qadına minnətdarlıq etməyə başlayan həkim dedi ki, mən istəməzdim ki, eləsinə siz baş qoşasınız. Mənə görə təşviş keçirdiyinizə görə sizə minnətdaram. Həkim sonra bu qadının uşağını müalicə etməyi xahiş edən dostuna minnətdarlıq elədi ki, yaxşı ki, onun barəsində ehtiyatlı olmağı mənə məsləhət görmüşdün. Səhv hərəkət etsəm, məni də sərxoş kişinin gününə sala bilərdi. 

Amazonkalar qədim yunanların yaratdığı mif olsa da, deməli, təkcə skiflərdə deyil, bütün xalqların içərisində onların nümayəndələri mövcuddur və onlardan çəkinmək lazımdır. Axı onlar əsirlərini ya arabanın təkəri altında qoyur, ya da qayadan atırdılar ki, əzilsinlər, əti yeyilmək üçün yumşalsın, farşa çevrilsin. Həkim bu qadının şəxsində müasir əcaib amazonka ilə üzləşmişdi, arzu edirdi ki, bir də onunla üz-üzə gəlməsin, çünki istənilən an o, təhlükə mənbəyi ola bilərdi. Onun bir iş yoldaşı həkimə danışmışdı ki, bir dəfə idarə rəisi müavinin kabinetində Ali Partiya məktəbinin professoru onlara mühazirə oxumağa gəlibmiş, savadsız olduğundan mühazirə də olduqca səviyyəsiz imiş. O, danışıb qurtarandan sonra həmin qadın ayağa qalxıb idarə rəhbərinə müraciət edərək deyibmiş: 

- Hacıməmməd müəllim, biz sizdən gözləmirdik, belə adamı bizə mühazirə oxumağa dəvət etmisiniz, bilmirəm bu adam bizi qanmaz sayır, yoxsa özü qanmazdır. 

İdarə rəisinin müavini çox pərt oldu, ancaq professor bu qadının həyasızlığını davam etdirməsindən qorxub, aradan çıxmışdı. Bu qadınla ehtiyatlı olmaq lazım idi, yoxsa iti bıçaq kimi xəta toxundura bilərdi.

Elə təsəvvür yaranmasın ki, azərbaycanlı qadınlar özündən razılıq, savadsızlıq, ədəbsizlik nümunələridir. Xoşbəxtlikdən, belələri ümumi kütlə içərisində azlığı təşkil edirlər. Əksəriyyət isə nəciblik, ləyaqət, fədakarlıq nümunəsi ola bilər. Ruhiyyənin bir rəfiqəsi filoloq olmaqla, məşhur cərrahın arvadı idi. Onlar bu xoş günə heç də asanlıqla çatmamışdılar. Özündən xeyli yaşlı və həmkəndlisi olan əri əvvəlcə Moskvada aspirant təhsili almış, sonra isə doktoranturada oxumuşdu. Namizədlik və doktorluq dissertasiyasını da orada müdafiə etmiş, uzun müddət Tibb Universitetində kafedra müdiri işləmişdi. 

Balacaboy bu qadın çoxlu əziyyətlərə qatlaşmalı olmuşdu. Onu Ruhiyyəgil əcnəbi dildəki adının tərcümədə mənasını verən Şehin adlandırırdılar. Əri Moskvada təhsil alanda o qədər böyük məbləğdən ibarət olmayan stipendiyayla dolanırdılar və kirayə pulunun aşağı olması üzündən vilayətin kiçik bir şəhərində yaşayırdılar. Tezliklə onların uşaqlarının sayı dördə çatdı. Altı nəfərlik ailəni dolandırmaq maddi cəhətdən çətin idi. Həm də rus dilini yaxşı bilməyən Şehini orta məktəbə müəllim götürmürdülər. Ona görə də uşaq bağçasında tərbiyəçi düzəlməyə çalışdı, çox yerə müraciət etsə də, xeyri olmadı. Əlacsız qalıb RSFSR Maarif nazirinin müavininin qəbuluna yazıldı. Nazir müavini onu qəbul etdi və bu balacaboy, uşağa oxşayan qızı bağçaya tərbiyəçi götürə bilməyəcəkləritni dedi və əlavə etdi ki, bağçada ana kimi təcrübəsi olan qadınlar işləməlidir, təcrübəsiz qız isə uşaq dünyasını anlamaqda çətinlik çəkir. 

Şehin cavabında dedi ki, mən anayam, özü də dörd uşaq anası. Məgər mən tərbiyəçi işləyə bilmərəm, özü də ali pedaqoji təhsilim vardır. 
Nazir müavini bu bəstəboy qızın sözlərinə inanmayıb, yalan danışdığına görə narazılıq əlaməti kimi başını buladı. Şehin özü ilə gətirdiyi sənədləri, uşaqlarının yaş kağızlarını onun qabağına tökdü. Nazir müavini səhv etdiyini anlayıb üzr istədi, qadının fiziki ölçülərinin onu çaşdırdığını dedi. Özü həmin şəhərin maarif şöbəsinin müdiri ilə əlaqə saxlayıb, ona tapşırdı ki, Xəlilovanı ən yüksək maaşla böyük tərbiyəçi təyin etsin. 

Beləliklə, Şehin bağçada işləməklə, ailəni yarıac yaşamaqdan xilas etdi. Hər səhər o, dörd xizəkli arabanı kəndirlə bir-birinə bağlayıb, özü də kəndirin ucunu sırıqlısının üstündən belinə kəmər kimi keçirdib, uşaqlarını özü işlədiyi bağçaya aparırdı. Ruslar bu arıq, çəlimsiz qızın fərasətinə təəccüb qalırdılar. 

Sonralar Şehin filologiya elmləri namizədi oldu, ictimai xadim və bloger kimi ad çıxardı. 

Digər bir azərbaycanlı qız valideynləri ilə birgə yaşadığı Mançesterdə orta təhsil alarkən öz vətənpərvərliyini göstərə bilmişdi. 8-ci sinifdə oxuyarkən o, əlaçı idi, tədris ilini çox yaxşı qiymətlərlə başa vurmuşdu. Direktor onu mükafatlandırmaq qərarına gəldi və sinif rəhbərinə qızın seçim barədə rəyini öyrənməyi tapşırdı. Həlimə, onun adı belə idi, bildirdi ki, ona heç bir hədiyyə lazım deyildir, mümkünsə, Azərbaycanın dövlət bayrağı məktəbin üstündən asılsın. Onun məktəbli dostları - ingilislər və pakistanlılar bu qızın vətənini o qədər də yaxşı tanımırdılar. Sinif rəhbəri bunu direktora çatdırdı və direktor bu məğrur qızı qəbul etdi. Direktor bildirdi ki, bizdə belə qayda yoxdur, Həlimə isə dedi ki, onda mənə heç nə lazım deyildir, mənim dövlətimin simvolu məktəbə yalnız şərəf gətirə bilər. Qızın öz təklifi barədə təkidlə danışması direktor qadının xoşuna gəldi və üçmərtəbəli məktəb binasının üstündən Azərbaycanın üçrəngli dövlət bayrağı asıldı. Kanikul vaxtı olduğundan iki ay ərzində bayraq binaya əlavə yaraşıq verərək, onun üstündə dalğalanırdı.

Bax, iki müxtəlif və sadə azərbaycanlı qızı yad yerlərdə də özlərini ləyaqətlə aparmaqla yanaşı, Vətənlərinin şərəfini yüksəltmək şansını da unutmamışdılar. 

Ruhiyyə iki nümunədən fərqli olan bəzi özündən razı qadınlar barədə düşündüklərindən nəticə çıxarmağa başlamışdı. O, belə qənaətə gəlmişdi ki, savadsızlığı, primitivliyi hətta ən yüksək vəzifə də ört-basdır edə bilmir, əksinə, bəlkə də, onun üstünü daha tez açır. İctimai şəxs öz qüsurlarını nə qədər malalamağa çalışsa da, onu bütünlüklə pərdə arxasında gizlətməyə müyəssər olmur. Ona görə də, o, öz təhsilinə, biliklərinin artırılmasına daha ciddi yanaşmış, mütaliəsini xarici yazıçıların əsərləri hesabına xeyli zənginləşdirmişdi. Əvvəllər də onu bisavad saymaq olmazdı, Yusif müəllim də, Südabə xanım da, öz əri də onun ağlının lif kimi hər şeyi özünə çəkməsinə təəccüb qalmışdılar. Lakin o, heç də beş il əvvəlki Ruhiyyə deyildi, biliklərini xeyli artırmış, dünyagörüşünü əsaslı qaydada genişləndirmişdi. Onunla söhbət edənlərin hamısı ona böyük intellektə malik olan bir şəxs kimi baxırdılar. Bu, onun haqqında yaxşı təəssürat yaratmaqla yanaşı, onunla əməkdaşlığın qəbul edilməsini də asanlaşdırırdı.

Ruhiyyəni ən çox narahat edən digər qadınların ona qarşı paxıllığı, qısqanclıqla yanaşması idi. Kişilər onun gözəlliyinə valeh olduğu kimi, qadınlar bir əsas oldu, olmadı, onu özlərinə rəqib hesab edirdilər. Bəziləri hətta onun haqqında qeybət edir, şayiələr uydururdular və o, istənilən məclisə daxil olan kimi pıçıltılar başlayırdı. Bələd olanlar onun keçmişini çözür, həqiqi olanlara uydurduqlarını da əlavə edib, onu əxlaqsızlıq simvolu səviyyəsinə qaldırırdılar. Digərləri isə onun özünə ər axtardığını qeyd etməklə yanaşı, iri bir yalanı dillərinə gətirirdilər ki, bədbəxt ərini də tez-tez gecələr evə gəlmədiyinə görə çərləyib öldürmüşdü. O, özü barədəki böhtanlara, iftiralara çox pis olurdu, sevimli ərinin guya onun əxlaqsızlığının qurbanı olması barədə söhbətlər isə onu daha da hiddətləndirirdi. Bəlkə də, özlərinə iyrənc bir məqsəd qoymuşdular ki, bu dul qadın müasir Anna Kareninaya çevrilib, qatarın altına olmasa da, özünü avtobusun və ya minik maşınının altına atsın. 

Əgər Ruhiyyə keçmişdəki ağır həyata dözmüşdüsə, buna da dözməli idi. Qeybəti, söz-söhbəti kəsmək mümkün deyildir, ona görə də onlara əhəmiyyət verməmək lazım gəlir. O, yaşamalı idi, Hüseynin xatirəsini yaşatmaq üçün, ondan qalan qiymətli irsi - oğlu Hamneti boya-başa çatdırmaq üçün. 

Ən ağır vaxtlarında ona Yusif müəllim və Südabə xanım köməklik göstərmiş, fərqli yaşamaq yolunu göstərmişdilər. Hüseynlə nikah isə onun bütün təbiətini, həyata baxışlarını tamamilə dəyişdirmişdi, xoşbəxt həyat isə onu ciyərləri dolusu nəfəs almağa, həyatdan həzz almağa yönəltmişdi. 

(Ardı var)
 

 





17.01.2022    çap et  çap et