525.Az

Qətərdə Nizami haqda kitabın təqdimatı keçirilib


 

Qətərdə Nizami haqda kitabın təqdimatı keçirilib<b style="color:red"></b>

Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan povilyonunda dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən ərəb dilinə tərcümə olunaraq çap olunmuş nəşrinin təqdimatı olub.

Mədəniyyət Nazirliyindən 525.az-a verilən məlumata görə, mərasimi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi ən qüdrətli dühalardan biri olduğunu vurğulayaraq, böyük şairi 900 ilə yaxın bir müddət ərzində ürəklərdə yaşadan əsas amilin məhz onun öz əsərlərində ümumbəşəri ideyaları, mənəvi dəyərləri, xalqlar arasında dostluğu, insanlar arasında bərabərliyi və digər mənəvi dəyərləri tərənnüm və təbliğ etməsindən ibarət olduğunu bildirib.

Sonra çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli belə möhtəşəm beynəlxalq sərgidə 3 mühüm kitabın eyni zamanda təqdim olunmasını böyük hadisə hesab edərək bunların məhz Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi uğurlu layihələrdən biri olduğunu qeyd edərək, Milli Kitabxananın direktoru K.Tahirova, Türk Mədəniyyəti və irsi Fondunun prezidenti G.Əfəndiyevaya və hər iki kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Əhməd Samiyə və Azərbaycanın Qətərdəki səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.

Sonra tədbirdə Qətər Milli Kitabxanasının direktoru,  səfirliyin nümayəndəsi və Qətərdə yaşayan və işləyən mütəxəssislər çıxış etmişlər. Tədbirin sonunda hər üç kitabın nüsxələri tədbir iştirakçılarına paylanıb və onlar Azərbaycandan gətirilmiş milli mətbəxinəmizin ləziz nümunələrinə qonaq ediblər. Qətər Beynəlxalq Kitab Sərgisi yanvarın 22-dək davam edəcək.

 

 





17.01.2022    çap et  çap et