525.Az

Ramiz Əhmədovun dünyası - Asif Quliyev yazır


 

Ramiz Əhmədovun dünyası -<b style="color:red"> Asif Quliyev yazır</b>

Görkəmli ictimai-siyasi xadim, dövrünün tanınmış jurnalisti Ramiz Əhmədov haqqında bu günlərdə çapdan çıxmış, hələ mətbəə qoxusu gələn "Xatirələrə sığmayan ömür" kitabını əlimə alanda onun xəstəliyinin ilk aylarında mənə yazdığı məktubu xatırladım: "...Əzizim Asif! Biz səninlə arzularımızı qoşalaşdıraraq, qayğılarımızı bölüşərək qardaş kimi yaşadıq... Aramızdakı sadə, səmimi münasibətlər ürəyimə qüvvət verir... Ramiz".

...Tanışlığımızın ilk günündən ömrünün sonuna qədər qardaş kimi mehriban yaşadığımız, səmimi dostluq etdiyimiz Ramiz Əhmədovla ilk görüşümüzü də, son görüşümüzü də indiki kimi xatırlayıram. ...Bakı Dövlət Universitetində oxuyurdum. Xeyirxah insanların qayğısı sayəsində "Kommunist" qəzetində korrektor köməkçisi vəzifəsinə işə düzəldim. Qəzetin korrektura otağında ilk tanış olub, əl tutduğum Ramiz Əhmədov oldu. Elə ilk görüşümüzdən aramızda xoş münasibət yarandı. O, məni sexlərə apardı, mürəttiblərlə, metranpajlarla tanış etdi. Qəzetin ərsəyə gəlməsi üçün keçdiyi, qəzetçilər arasında "cəhənnəm əzabı" adlandırılan yolun bir hissəsi ilə tanış etdi. Ramiz müəllim "cəhənnəm əzabı" adlandırılan bu işi elə həvəslə tərifləyib göylərə qaldırırdı ki, sanki linotip maşınlarında əridilib həriflərə çevrilən, insanın nəfəsini tıncıxdıran qurğuşun qoxusu deyil, cənnətdən gələn gülab ətri idi. 

İlk gündən aramızda yaranan xoş münasibət özümüz də hiss etmədən dostluğa çevrildi. Ramiz addım-addım irəlilədi. Bir müddət Azərnəşrdə redaktor işlədi, daha sonra "Təsviqatçı"da, "Azərbaycan kommunisti" jurnalında məsul vəzifələrdə çalışdı. Moskvada Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib namizədlik dissertasiyası müdafiə etdikdən sonra Azərbaycan KP MK-da məsul vəzifəyə təyin olundu, yeni yaradılan Gəncə rayon Partiya Komitəsinin birinci katibi seçildi. Vəzifə pillələrində addım-addım irəliləyən Ramiz Əhmədov yenidən Mərkəzi Komitəyə şöbə müdirinin birinci müavini vəzifəsinə qaytarıldı, "Kommunist" qəzetinin baş redaktoru oldu, Qutqaşen (indiki Qəbələ) rayon Partiya Komitəsinin birinci katibi seçildi. Partiyanın qurultayında Azərbaycan Kommunist Partiyası Nəzarət Təftiş Komissiyasının sədri seçildi. Kommunist partiyası fəaliyyətini dayandıranda, bir müddət Yevlax şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışdı...

İşləyib fəaliyyət göstərdiyi bütün bu vəzifələrdə vətəninə, xalqına layiqincə xidmət etdi, istedadlı insanların inkişafına yaşıl işıq yandırdı, bacarıqlı gənclərin irəliləməsinə şərait yaratdı...

Filologiya Elmləri doktoru İmaməddin Zəkiyevin redaktorluğu və böyük təşkilatçılığı ilə ərsəyə gələn "Xatirələrə sığmayan ömür" kitabında Ramiz Əhmədovun keçdiyi mənalı ömür yolu haqqında dostlarının, iş yoldaşlarının, qohumlarının və yaxınlarının maraqlı xatirələri toplanmışdır. Bu xatirələrin hər biri böyük ürəklə, canıyananlıqla yazılıb hazırlanmışdır. Bu yazılarda Ramiz Əhmədovun işgüzarlığı, insanlara münasibəti, yaxşıya yaxşı, pisə pis deməsi ustalıqla qələmə alınmışdır.

Professor Qəzənfər Paşayev məqalələrinin birində yazır ki, kitabı əvvəllər oxuyardılar ki, düşünsünlər, dövranın gərdişini anlasınlar, indi isə kitabı düşünməmək, vaxt ötürmək naminə oxuyurlar. Şəxsiyyətinə böyük hörmət bəslədiyim böyük alimlə razıyam. Amma mən bu kitabı keçmişimizi yada salmaq, ötən o illəri bir daha xatırlamaq naminə bir nəfəsə oxudum. O dövrün onlarla tanınmış ziyalısı, elm adamları, əsasən də jurnalistlər Ramiz Əhmədov kimi maraqlı ömür yaşamış bir şəxsiyyətin timsalında həm kommunist rejimi dövründə, həm də müstəqillik illərində zəmanənin gərdişinə, çoxlarının görüb eşitmədiyi hadisələrə Ramiz Əhmədovun dili ilə qiymət verirlər.

...Kommunist rejimi dövründə partiya rəhbərliyində yüksək vəzifə tutan jurnalist Ramiz Əhmədov müstəqillik illərində də adına və şəxsiyyətinə layiq pillədə dayandı, Milli Məclisin deputatı seçildi.  Ramizin qardaşı, professor Xanmurad Əhmədovun kitab üçün bir növ bələdçi rolunu oynayan məqaləsində Ramizin uşaqlıq və gənclik illərindəki yadda qalan fəaliyyəti, zamanın keçid dövründəki gərginlikləri, kommunist partiyasının bərpası və tanınması üçün gördüyü işlər, aydınlığı ilə şərh olunur.

Ramiz haqqında maraqlı xatirələrini ümumiləşdirən Xalq yazıçısı Çingiz Abdullayev "Hamıya örnək olan insan" məqaləsində onun prinsipiallığına xüsusi qiymət yetirib yazır ki, "o, çalışdığı bütün vəzifələrdə özünü prinsipial insan kimi göstərib, doxsanıncı illərdə bəziləri kimi təzə rəhbərliyin xoşuna gəlmək üçün əqidəsini dəyişməyib".

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Ramiz Əhmədovu özünün xeyirxahı adlandırır. "Həyatda nəyə nail olmuşamsa, buna görə Allahıma, dostlarıma və bir də ömrümün müxtəlif dönəmlərində rast gəldiyim xeyirxah insanlara borcluyam... Onlardan biri də Ramiz Əhmədovdur".

"Xatirələrə sığmayan ömür" kitabı bir insanın taleyinə həsr olunub, onun ömür yolundan bəhs etsə də, nəticədə o dövrün tarixi, problemləri, böyük çətinliklərlə ərsəyə gələn müstəqilliyimizin keçdiyi yol da vərəq-vərəq vərəqlənir. "Dostluğun ləyaqət simvolu" məqaləsində oxuyuruq "...O günlər çətin günlər idi. Respublikada iki hakimiyyətlik hökm sürürdü. Bir tərəfdə ...hakim kommunist partiyası dayanırdı, o biri tərəfdə yaranmaqda olan xalq cəbhəsi. Hər cür fitnəyə əl atan bir qrup dəliqanlı, rayonda yaşayan, soyadı erməni soyadı kimi səslənən udinləri (Qəbələ rayonu) erməni adlandırıb, onları hücum obyekti seçmişdilər... Əslində, ölüm, ya qalım addımı atan Rayon Partiya Komitəsinin Birinci katibi Ramiz Əhmədov hədəqəsindən çıxmış insanların qabağına getdi.

"...Udinlər erməni deyil, onlar bizim qardaşlarımızdır. Qardaş qardaşa əl qaldırmaz" dedi. Bununla da böyük bir fəlakətin qarşısını aldı.

ADU-nun professoru Xalid Əlimirzəyevin "Siyasət və əxlaq" kitabından misal çəkən müəllif yazır ki, "...udin probleminin müsbət həllində, qansız-qadasız qurtarmasında Ramiz Əhmədovun xüsusi xidməti olmuşdur".  

Kitabdakı digər xatirə məqalələrdə də bu cür tarixi faktlar çoxdur.

Akademik Ziyad Səmədzadənin, görkəmli partiya və dövlət xadimi Arif  Rəhimzadənin, Milli Məclisin deputatı Vahid Əhmədovun, şair, publisist Ramiz Məmmədzadənin, jurnalist Flora Sadıqovanın, yazıçı, jurnalist Oqtay Əliyevin Aqil Rəhimovun, Rafiq Hacıyevin, Seyidağa Muradovun, Əzizbala Mustafayevin və onlarla digərlərinin yazılarında Ramizin işdəki tələbkarlığından, dostluqda sədaqətindən, vətənpərvərliyindən bəhs edən biri-birindən maraqlı xatirələr var.

Kitabdakı xatirələri, xüsusilə ömür gün yoldaşı Zemfira xanımın "Ramizli günlərimə ...səyahət" məqaləsini oxuyanda Ramiz Əhmədovun bir parça ömrünün min yerə səpələndiyi, dosta da, qohuma da əl tutduğu, harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq bir jurnalist kimi daim yazıb yaratdığı aydınca görünür. 

Həm sovetlər dövründə, həm də müstəqillik illərində Ramizlə birlikdə çalışıb işləmiş insanların kitabda dərc olunmuş xatirə məqalələrinin ümumilikdə məzmunu sözü ilə əməli, dili ilə ürəyi bir olan, dönməz əqidə sahibi, xalqını, vətənini ürəkdən sevən Ramiz Əhmədovun dünyasını oxucuya dolğunluğu ilə çatdırır.

Kitabın olduqca gözəgəlimli, nəfis şəkildə nəşrində, təkcə nəşrində deyil, həm də hazırlanıb ərsəyə gəlməsində yazıçı, jurnalist Oqtay Əliyevin və onun rəhbərlik etdiyi "Ərgünəş" nəşriyyatı kollektivinin xidməti təqdirəlayiqdir.

 





17.01.2022    çap et  çap et