525.Az

Milli Qəhrəman Şirin Mirzəyevin 75 illiyi ilə əlaqədar videoslayd hazırlanıb


 

Milli Qəhrəman Şirin Mirzəyevin 75 illiyi ilə əlaqədar videoslayd hazırlanıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin 75 illik yubileyi ilə əlaqədar videoslayd hazırlayıb.

Baş İdarədən 525.az-a bildirilib ki, videoslaydda Milli Qəhrəmanın həyat yolu geniş şəkildə əks olunub. Şirin Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndi şəhərində dünyaya göz açıb. Burada Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb. Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra, 1967-ci ildə Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi Məktəbə daxil olub.

Təhsilini müvəffəqiyyətlə başa çatdıraraq, təyinatla İrəvana göndərilib. Beş il burada xidmət etdikdən sonra işini Bakıya dəyişib. Ş.Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. O, Moskva Ali Siyasi Akademiyasına qəbul olub, 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirib. O, bütün varlığı ilə yurduna bağlı bir insan idi. Gündən-günə bərkiyən, püxtələşən və kamil bir zabitə çevrilən qeyrətli Vətən oğlu, içdiyi hərbi anda ömrü boyu sadiq qalaraq, ən çətin anda ruhdan düşməyib, əqidəsinə arxa çevirməyib. 1991-ci ildə onu Ağdama gətirən də məhz Vətəninə, xalqına hədsiz sevgisi idi. Ş.Mirzəyev əla xidmətlərinə görə dəfələrlə medallar və döş nişanları ilə təltif edilib. Rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlib.

O, Qarabağ hadisələri başlayanda raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş edib və ayrı-ayrılıqda fəaliyyət göstərən silahlı dəstələrin vahid komandanlıq altında birləşməsini istəyib. 1991-ci il oktyabrın 9-da Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edilib. Cəsur komandir qısa müddət ərzində ətrafına güclü döyüşçü kontingenti toplayıb. Polkovnik-leytenant rütbəsinə kimi yüksələn igid komandir torpaqlarımızın hər bir qarışının müdafiəsi üçün əsl qəhrəmanlıq nümunəsi göstərir, şərəfli hərbçi adını ləyaqətlə qoruyub.

1992-ci il iyun ayının əvvəllərində komandanlıq tərəfindən böyük bir hərbi əməliyyat planı hazırlayıb. Qoşun hissələri eyni vaxtda 3 istiqamətdən hücuma keçib, düşməni geri oturtmalı idi. Hücum əməliyyatını uğurla həyata keçirmək üçün güclü hərbi texnika, silah-sursat lazım idi. Taborun ixtiyarında olan döyüş vasitələri tələbatı ödəmirdi. Cəsur komandir bütün çətinliklərə baxmayaraq öz dəstəsilə Xaçınçay boyunca irəliləyib, ilk həmləylə Qazançı kəndini düşməndən azad edib. İgid komandir əlavə plan hazırlayaraq, iyunun 12-də Sırxavənd kəndini nəzarət altına alır.

Polkovnik-leytenant Şirin Mirzəyev orduda baş verən haqsızlıqlara dözə bilmirdi. O, 1992-ci il iyunun 18-də Bakıya gəlib rəhbərliklə danışıq aparır və yenidən öz mövqelərinə – Qaralar kəndinə yollanır. Lakin geri qayıdarkən mindiyi “UAZ” markalı maşın minaya düşür. O, iki yaxın qohumu ilə birlikdə həlak olur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qəhrəmanın Bakı şəhəri Nizami rayonunda adına küçə var. Xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulub.

 





17.01.2022    çap et  çap et