525.Az

Gəncədə Cavad xan günü


 

Gəncədə Cavad xan günü<b style="color:red"></b>

Azərbaycanın xanlıqlar dövrünün xətm simvoluna çevrilmiş, ərazisini genişləndirməkdə olan böyük bir imperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız döyüşlə cavab verərək, qala divarı üzərində əlində qanlı qılıncı ilə şəhd olmuş, Gəncənin sonuncu feodal hakimi Cavad xan Ziyadoğlu-Qacarın ürəklərdə cəsurluq nümunəsi kimi qalan xatirəsi hər ilin yanvar ayında onun şəhərin mərkəzi hissəsindəki türbəsini ziyarət etməklə yad edilir.

Amma ötən illərdən fərqli olaraq, bu dəfə ictimaiyyət təqvim dəqiqləşdirmələri hesablamaları məsələsini nəzərə alaraq, Cavad xanın anım gününü yanvarın 4-də deyil, 15-də qeyd etdi. Çar Rusiyası salnamələrində Gəncənin alınması kimi Yuli təqvimi ilə 3 yanvar tarixi kimi göstərilən gün hazırda işlənən Qriqori təqvimi ilə məhz yanvarın 15-nə düşür.

Anım mərasiminə qatılan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Cavad xan Tarix və Mədəniyyət Fondunun üzvləri, ədəbiyyat və incəsənət xadimləri, ziyalılar, gənclər, sadə vətəndaşlar əyilməz qəhrəmanın ruhuna dualar oxuyub, onun qəbrinin üzərini gül-çiçəyə tutdular.

Anım gününün daha bir əlamətdar hadisəsi isə Gəncə Dövlət Dram Teatrında baş verdi. Tanınmış yazıçı Nüşabə Məmmədlinin "Cavad xan" pyesi üç onillikdən sonra səhnəyə qayıdırdı. Yeni quruluşda, artıq cəmiyyətimizin qələbə ovqatının da hopduğu tərzdə təqdim olunan tamaşa alqışlarla qarşılandı.

Bu xüsusda, "Cavad xan"ın 32 il əvvəlki premyerasında yaşanan qürurlu anları yada salmamaq olmur. 20 yanvar işğalının təzəcə yaşandığı dövrlərdə, 1990-cı ilin aprelin 29-da (! - ilk tamaşaya gəlmiş alim və ictimai xadim Rafael Hüseynov tamaşadan sonrakı çıxışında həmin günü, daha doğrusu, aprelin 28-ni nəzərdə tutaraq "azadsızlığımızın 70 ilində..." ifadəsi işlətmişdi) Gəncə Dövlət Dram Teatrında, hələ 80-ci illərdən Gəncənin adının bərpası və qəhrəmanlarımızın tariximizdəki yerinin müəyyənləşdirilməsi üçün sözün həqiqi mənasında mübarizə aparan dəyərli yazıçı-jurnalist Nüşabə xanımın "Cavad xan" pyesinin ilk tamaşası göstərilirdi. Salonu ağzınacan doldurmuş tamaşaçılar səhnədə cərəyan edən hadisələrlə müasir dövrdə yaşanan proseslər arasında bir eyniyyət görərək (işğal həmişə işğaldır) vətənpərvər şüarlar qışqırmaqdan, Cavad xanın cəsarətini şövqlə alqışlamaqdan çəkinmirdilər.

"Cavad xan"ın yeni quruluşlu  premyerası zamanı istər müəllif, istər də qonaqlar tərəfindən söylənilən fikirlər də Vətən, qəhrəmanləq, işıqlı gələcəyə inam mövzusunda idi.

Zakir MURADOV, 
Gəncə 

 

 





18.01.2022    çap et  çap et