Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri baş tutdu. Səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli münasibətlərin inkişafı üçün mühüm sənədlər imzalanıb. Ümumilikdə, tərəflər beş sənəd və prezidentlərin birgə bəyannaməsini imzaladılar.
Bu sənədlərə "Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" saziş, "İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında" anlaşma memorandumu, "Aqrar sahədə əməkdaşlıq haqqında" anlaşma memorandumu, "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında "Energetika sahəsində əməkdaşlıq haqqında" anlaşma memorandumu, "Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında" anlaşma memorandumu daxildir.
Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatlarla çıxış edən prezidentlər iki ölkənin əməkdaşlığının inkişafı baxımından onların əhəmiyyətini qeyd ediblər.
Azərbaycan Prezidenti bildirib ki, görüşdə müzakirə edilən bütün istiqamətlər üzrə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı bu gün müvafiq göstərişlər verildi. Dövlət başçısı deyib ki, ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var: "Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur".
Ukrayna lideri Volodimir Zelenski isə bildirib ki, imzalanan bəyanat sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz biri-birinə dəstək verəcək, beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacaqlar. O, münasibətlərin gücləndirilməsinə xüsusi diqqət yetiriləcəyini də vurğulayıb.
İki ölkə arasında ticarət dövriyyəsi pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb, tərəflər yaxın gələcəkdə bunu 1 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırırlar. Ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş razılaşmalar isə Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Bu, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün zəmin yaradr.
Deputat Vüqar Bayramov mövzu ilə bağlı deyib ki, Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub. 2019-cu ildə isə bu göstərici 807 milyon 610 min dollar olmuşdu. Pandemiya rəğmən, iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb. Qeyd edək ki, son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2.3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi 331 milyon 215 min dollar olmuşdu.
O bildirib ki, Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib. Belə ki, Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50 faiz artaraq 5 milyard dollara çatıb. İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər.
"Azərbaycan və Ukrayna eyni zamanda Avropa Birliyinin Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edirlər. Hər iki ölkə ərazi bütövlüklərini qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdirlər. Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir".
Deputat Hikmət Babaoğlu isə Ukrayna-Azərbaycan münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, son 30 ilin, yəni hər iki ölkənin müstəqillik tarixinin bütün mərhələlərinə nəzər salsaq görəcəyik ki, bu münasibətlər həm də universal və çoxşaxəli hesab edilə bilər: "Yəni sosial-iqtisadi, hərbi sahədən tutmuş mədəni humanitar sahələrə qədər bütün sferaları əhatə edib. Hazırda isə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi şərtləri formalaşıb və bu, hər iki ölkənin maraqları çərçivəsindədir. Əgər bu perspektivlər bir tərəfdən Azərbaycanın yaratdığı yeni reallıqlar və onun böyüyüən iqtiadiyyatı, idxal-ixrac imkanları ilə bağlıdırsa, başqa bir tərəfdən dünyada baş verən yeni qlobal çağırışlarla bağlıdır ki, buraya da çoxsaylı iqtisadi-siyasi faktorlar daxildir. Elə iki ölkə arasında imzalanan sənədlərə baxdıqda da bunları aydın görmək olur. Rəsmi səsləndirilən rəqəmlərə baxdıqda iki ölkə arasında ticari dövriyyənin təqribən bir milyard dollar ətrafında olduğu dilə gətirildi. Ancaq potensial bu rəqəmdən dəfələrlə çoxdur. Xüsusilə aqrar və aqrar-sənaye sektorunda, neft və digər enerji daşıyıcıları istiqamətində, ağır sənaye, maşınqayırma və nəqliyyat-tranzit sahəsində belə imkanlar olduqca böyük potensiala malikdir. Buna görə də 2024-cü ilə qədər ticari dövriyyənin daha da artırılması məqsəd kimi müəyyənləşdirilib".
Millət vəkili əlavə edib ki, imzalanan sənədlər qida təhlükəsizliyi, ikitərəfli ticarətdə təcili əməkdaşlıq, aqrar və energetika sahələrini nəzərdə tutur ki, hazırkı mərhələdə bu sahələrin hər biri özlüyündə olduqca aktualdır: "Post-pandemiya iqtisadiyyatı yeni keyfiyyət və yeni yanaşmalar tələb edir. Bu mənada qida təhlükəsizliyi və aqrar sektorun inkişafı təhlükəsiz ərzaq təminatı baxımından olduqca əhəmiyyətlidir. Ona görə də səfər real iqtisadi münasibətlərdə öz nəticələrinin qısa müddətdə verməklə gələcək üçün daha yaxşı perspektivlər yaradacaq".
PƏRVANƏ
çap et