525.Az

"Qara ictimai nəzarət" - Sosial şəbəkədə yazılanlar


 

"Qara ictimai nəzarət" -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Taleh Yüzbəyov, aktyor: 

- "Zəhər tuluğu" haqda:

Neçə müddətdən sonra keçən ilin sonu "Zəhər tuluğu" filmimizi də böyük ekranlara çıxarda bildik. Şükür, çıxan gündən səs-küyə səbəb oldu. İnsanlar filmə baxdılar, tərifləyənlər də oldu, müzakirə edənlər də, bəyənməyənlər də. Bu, normaldır. Hamı hər şeyi bəyənməyə məcbur deyil. Biz nə çəkdiyimizi, necə çəkdiyimizi və niyə çəkdiyimizi bilirdik. Filmimiz artıq neçə həftədir ki, Azərbaycanda kinoteatrlarda ən çox baxılan filmdir. Əlbəttə, bu, məni çox sevindirir. Filmdən çıxan insanlar mənə xoş sözlər yazırlar. Bu, məni lap çox sevindirir. IMDb reytinqimiz 9,4-dür. Hardasa iki minə yaxın səslə. Gördüyün işin bəhrəsini görmək çox xoş hissdir. Xoş olmayan isə sənlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır. Biri üstüörtülü status yazıb, bizim filmi və filmimizə gələn tamaşaçını aşağılayır ki, niyə onların filminə gedirlər, biri piktoqrafik status paylaşıb, öz aləmində söz soxur, biri haralarasa gizli məktublar yazır, biri orda-burda dalımızca iyrənc-iyrənc sözlər danışır. Bax sizi başa düşə bilmirəm. Tamaşaçı bəyənməyib status yaza bilər. Bu, onun haqqıdır. Siz də bəyənməyə bilərsiniz. Bu, sizin də haqqınızdır. Amma belə yarı-yapalaq nifrət püskürmək sizin işiniz deyil. Siz daha yaxşı olmağınızı sözlə yox, işinizlə bildirməlisiniz. Daha yaxşı filmlər çəkin, deyin bax, film belə çəkilməlidir. Sevinməyən köpəyoğludur. Təki iş görün, belə aşağı hərəkətlər yox. 

Biz bu filmi dövlət hesabına çəkməmişik. Büdcə vətəndaş vergisindən formalaşmayıb. Özümüzün pulları və sponsorların hesabına yaranıb bu film. Heç kəsə də zorla bilet satmırıq. İnsanlar öz xoşları ilə pullarını verib, filmə baxırlar. Heç kəsi də məcbur etmirik ki, bizə xoş sözlər yazın. Vallah özləri yazırlar. Çünki həyatda elə şeylər var ki, onları pulla, nifrətlə, paxıllıqla almaq olmur. Bu, sevgidir. Tamaşaçı sevgisi. Sizə də həmin sevgidən arzulayıram. 

P.S. "Atları yəhərləyin" filmində bir səhnə var. Qaçaq Nəbini tuturlar, qoluna qandal vuranda, onu həbs edən adam atdan düşür və deyir ki: "Haqlısan, Nəbi! Düşmən də olsaq, haqlısan! Kişinin də qoluna qandalı gərək kişi vursun!"

***

Fazil Mustafa, millət vəkili:

- Acınacaqlı odur ki, gənc adı ilə təyin olunanların da xeyli hissəsi köhnələrin yolunu izləyirlər. Sadəcə görünüş olaraq "rüşvət almıram", deyənlər başqa elə yollar icad edirlər ki, vətəndaş rüşvətin aşkar hökmranlıq etdiyi dövrlərin nostalgiyasını yaşamış olur. Hər nə qədər dürlü-dürlü qanunlar qəbul ediriksə, ictimai nəzarəti təmin etmək mümkün olmur. Ölkədə qanunüstü şəxslərin sayı normadan artıqdır. İstər iqtisadi, istər də dövlət qulluğunda imtiyazlı şəxslərin davranışları digər insanların da əxlaqını dəyişir. "Niyə ona olar, mənə olmaz" mühakiməsi ilə davranmağa meyllənənlər çoxalır. Kiminsə həbsi, ölümü başqasına görk olsaydı, o halda bəşəriyyətdə bundan sonra ədalətsizlik yerli-dibli qalmazdı. İdarəetmədə səlahiyyətlər bir-birinə qarışanda kimdənsə konkret məsuliyyət də tələb etmək olmur. İcra orqanları ilə yerli özünüidarəetmə orqanlarının sərhədləri Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyətdən daha dolaşıqdır. Biz dövlət sərhədini delimitasiya ertməzdən öncə, dövlətin içindəki qurumların və şəxslərin sərhədlərinin delimitasiyasını aparmalıyıq.

***

Sahib Məmmədov, siyasətçi:

- "Qara ictimai nəzarət" və ya reketçilik.

Təəssüf ki, dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarəti təmin edən təsisatları arzuolunan səviyyəyə çatdırmaq obyektiv və subyektiv səbəblərdən mümkün olmadı. Əvəzində bütün ölkədə "qara ictimai nəzarət" və ya "reket nəzarətçilər" yağışdan sonra göbələk kimi çoxalırlar. Koalisiyalar yaradırlar. Bəziləri reket holdinqlər yaradıb, bütün infrastrukturu da öz yerində. Koalisiyaları, mediaları, İnternet TV-ləri, xidməti avtomobilləri və s. Himayəçiləri də öz yerində. Çirkaba batmış vəzifəlilər onların qarşısında acız durumdadırlar. Aylıq ödənilməsə, kitabını bağlayırlar. Son bir neçə ildə isə transmilli reket qrupları təşəkkül tapıb. Avropada olan qanad, yerli qanad və s. Bizim gözükölgəlilər də hətta mexanizm tapıb Avropadakı reketlərin haqqını göndərir. Diqqətdən kənarda qalanlara diqqət etsəniz, identifikasiya edə biləcəksiz.

***

Elxan Şahinoğlu, politoloq:

- Rusiya mətbuatı yeni sual ətrafında müzakirələr açıb: "Qazaxıstandakı rusların taleyi necə olacaq?" Qazaxıstanda etirazlar başladıqda Moskva metrosunda hərəkət edən qatarlara çap hərfləri ilə "Şimali Qazaxıstana doğru" şüarları yazılmışdı. Moskva Qazaxıstan prezidenti Tokayevə dəstək versə də, bu ölkədə yaşayan ruslar mövzusunu bundan sonra da gündəmdə saxlayacaq. Rusiyanın bəzi nərşlərində Qazaxıstanın müxtəlif şəhərlərində yaşayan rusların sayını hesablamağa başlayıblar. Rus millətçiləri hesab edirlər ki, Qazaxıstan rəsmiləri 1989-cu ildən bu yana ölkədə rusların sayının azalmasına çalışırlar. Paytaxtın Astanaya köçürülməsini də bu siyasətin tərkib hissəsi hesab edirlər. Rus millətçiləri hesab edirlər ki, Nazarbayevin yerinə Tokayev gəlsə də, Astananın milli siyasəti dəyişməyəcək. Ona görə də rus millətçiləri açıq yazırlar ki, "Krım ssenarisini" Qazaxıstanda təkrarlamağa hazırlaşmaq lazımdır. Qazaxıstanın başı üzərində "demokl qılıncı" əskik deyil.

***

İbrahim Nəbioğlu, jurnalist:

- 65 il əvvəl - 17 yanvar 1957-ci ildə Liverpulda "Mağara" adlı bir klub açılır (Cavern Club). Bu klub qısa müddət ərzində Liverpulu nəinki İngiltərənin, hətta Avropanın musiqi mərkəzinə çevirir. Çünki əfsanəvi "The Beatles" uzun illər səhnəyə məhz bu klubda çıxıb. Elə buna görə də 17 yanvar günü bütün dünyada "The Beatles" günü kimi qeyd olunur...

***

Etibar Əliyev, millət vəkili:

- "Qazaxıstan müstəqillik əldə etdiyi 30 il ərzidə xarici ölkələrdən 376 milyard dollar investisiya cəlb edib. 2020-ci ildə ölkəyə ən çox pul Niderlanddan gəlib - 30,1faiz, ABŞ - 13,1 faiz, İsveçrə - 10,4 faiz, Rusiya - 7,1 faiz, Çin - 5,6 faiz.  Ölkənin ən böyük neft yataqlarının yerləşdiyi Tengizdə hasilatın 75 faizinə amerikanlar nəzarət edir" - "Arqumentı i faktı" qəzeti.

P.S. Biz deyirik ki, qəzet ölüb. Bunu deyənlərə çox sadə bir cavab. "Arqumentı i faktı" qəzeti 1.263.945 tirajla çap olunur.

***

Ülkər Qasımova, jurnalist:

- Deyirlər, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov xanımına ad günü keçirib. Videoya baxdım görmədim, görən ad günü tədbirində ayı ətindən kabab verilibmi qonaqlara? 

***

Xaqani Səfəroğlu, jurnalist:

- Türkmənistanda qiymət artımına etiraz edən 300 nəfər etiraz aksiyası keçirib.  İcra hakimiyyətinin qarşısına yığışan aksiya iştirakçılarını mühasirəyə alan polis xəbərdarlıq edib ki, bir də yığışsalar, onları güllələyəcəklər. 

1 yanvardan Türkmənistanda bir sıra ərzaq məhsulları bahalaşıb. 

Xüsusən mağazalarda növbələr ciddi narazılıq yaradır. 

Növbə deyəsən, Türkmənistandadır. 
 

 





18.01.2022    çap et  çap et