525.Az

Cəfər Namiq Kamal haqqında kitabın təqdimatı olub


 

Cəfər Namiq Kamal haqqında kitabın təqdimatı olub<b style="color:red"></b>

Yanvarın 17-də Bakı Kitab Mərkəzində Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş "Tale yazısı" kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, "Apostrof-A" nəşriyyatında çap olunan kitabın müəllifi tanınmış teatrşünas və dramaturq Çingiz Ələsgərlidir.

Tədbirdə çıxış edən müəllif kitabda Cəfər Namiq Kamal yaradıcılığını araşdırmağa çalışdığını söyləyib: "O, 25 il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışaraq bənzərsiz obrazlar qalereyası yaradıb. Fəaliyyətini Akademik Milli Dram Teatrında davam etdirən aktyor ilk gündən yaratdığı obrazlarla diqqəti cəlb edib. Tamaşaçılar hər zaman Cəfər Namiq Kamalı səhnədə axtarır, onun obrazlarını gözləyir. Çalışmışam kitabda aktyorun portretini yaradım. Kitab aktyorla söhbətlərim əsasında qurulub və nəticədə səmimi bir mətn yaranıb".

Çingiz Ələsgərli bildirib ki, kitabda, həmçinin, aktyorun televiziya tamaşalarında yaratdığı obrazlar da öz əksini tapıb.

Tədbirdə çıxış edən Xalq artisti İlham Namiq Kamal deyib: "Bu kitab iki il bundan əvvəl nəşr olunmalı idi, təəssüf ki, koronavirus bizim planlarımızı pozdu. Kitabda Çingiz Ələsgərli Cəfərin ən kiçik rollardan tutmuş böyük rollarına qədər bütün yaradıcılığını tədqiq edib. Buna görə ona təşəkkürümü bildirirəm".

Tanınmış teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarov, Xalq artistləri Bəsti Cəfərova,Tariyel Qasımov, Ramiz Həsənoğlu, yazıçı-dramaturq Əli Əmirli də C.N.Kamalın yaradıcılığı, ona həsr olunan bu kitab barədə fikirlərini bölüşüblər. 

Kitabın redaktoru ssenarist və dramaturq Əhməd Orucoğlu, naşiri isə Akif Dənzizadədir. 304 səhifəlik kitabda Xalq artisti Cəfər Namiq Kamalın Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarının hər birində əsrin dörddə biri qədər davam etmiş maraqlı və zəngin yaradıcılığı ətraflı şəkildə araşdırılıb.

Kitabda maraqlı başlıqlar altında aktyorun bu gün də uğurla davam etdirilən zəngin yaradıcılıq təcrübələri, yaratdığı və ya müxtəlif səbəblərdən yaratmadığı obrazlar haqqında düşüncələri, mülahizələri, arzuları, başına gələn məzəli hadisələr, haqqında müxtəlif qəzetlərdə çap olunmuş resenziyalardan parçalar, fotolar və xatirələr toplanıb.

Diqqətə çatdırılıb ki, kitabın sonunda "Cəfər Namiq haqqında deyilənlər" bölümündə sənətkarın sənətkar qardaşı, "Şöhrət" ordenli, Xalq artisti, professor İlham Namiq Kamalın, Xalq yazıçısı, dramaturq Elçinin, Xalq artisti, rejissor Ramiz Həsənoğlunun, Xalq artisti Bəsti Cəfərovanın, ssenarist, rejissor Şərif Qurbanəliyevin, ssenarist, dramaturq Əhməd Orucoğlunun aktyor haqqında fikir və arzuları yer alıb.

İştirakçılara və çıxışçılara minnətdarlığını bildirən Cəfər Namiq Kamal bildirib ki, aktyor ömrü boyu müxtəlif səpgili obrazlara həyat verir. Tamaşaçılar hər zaman aktyorun özü ilə yox, onun obrazları ilə görüşürlər. Rejissor aktyorda itdiyi kimi, aktyor da obrazlarda itir, görünməz olur: "Mənə elə gəlir ki, aktyorun yaradıcılığı ilə bərabər, şəxsi həyatı, sənət haqda düşüncələri, aktyorluq təcrübəsi, iş prosesi, dünya görüşü qələmə alınsa bədii əsər qədər maraqlı və oxunaqlı olar".

 





18.01.2022    çap et  çap et