525.Az

"Özümdən başqa heç kim mənə inanmırdı" - Elmir Nəcəbov


 

ƏTTAR VƏ ŞOKOLADÇI ELMİR NƏCƏBOV: "UĞUR QAZANMAĞIN BİR SİRRİ VAR: ÖZÜNÜ TANIMAQ"

"Özümdən başqa heç kim mənə inanmırdı" -<b style="color:red"> Elmir Nəcəbov</b>

Ölkəmizdə çətin şərtlər daxilində oxumuş, ali təhsil almış gənclər çoxdur. Həyatda sıfırdan öz gücünə bir yerə gəlməyi bacaran, karyera qurmağa çalışan gənclərimiz də az deyil. Çox təəssüf ki, bəzən həyat şərtləri, bəzən öz zehnimizdə qoyduğumuz məhdudiyyətlər öz hədəflərimizə çatmağa mane olur. Bunu yalnız müəyyən insanlar bütün çətinliklərə rəğmən bacarırlar. Elmir Nəcəbov həmin o azsaylı insanlardan biridir. Təhsil almaq üçün Bərdə bazarında ayran satan Elmir artıq bu gün iki ölkədə əttar və şokoladçı kimi tanınır. Onun onlarla ətir mağazası və bir neçə şokolad restoranı var. Gənclərə dəstək olur, onlara qol-qanad gərir, yazdığı motivasiya tipli kitabları ilə özlərini reallaşdırmaları üçün gəncləri həvəsləndirir.

"Təhsil almaq mənim üçün mənəvi ehtiyacdır"

- Həm Azərbaycanda, həm də Türkiyədə təhsil almısınız. Aldığınız təhsilin gördüyünüz işlə, biznesinizlə əlaqəsi varmı? 
 

- Düzdür, universitet təhsilinin iş həyatıma elə bir effekti olduğunu düşünmürəm. Amma mənim məktəb həyatım demək olar ki, olmayıb, məktəbə getməmişəm. Düşünürəm ki, ürəyimdə qaldığı üçün öz təhsilimə bu qədər önəm verirəm. Təhsil mənim üçün mənəvi ehtiyacdır. Oxuyub öyrəndiklərimi iş həyatımda istifadə etmirəm. Demək olar ki, təhsil aldığım sahələrin də bir-biri ilə əlaqəsi yoxdur. İndi isə doktorantura təhsili almaq üçün hazırlaşıram. Ali təhsil aldığım sahəni gələcəkdə istifadə edəcəyim iş kimi düşünmürəm, amma əlimdən gəldikcə oxumağa davam edəcəm. 

"Bilirdim ki, universitetə qəbul olunsam, Bakıya gələcəyəm"

- Necə oldu ki, orta təhsiliniz yarımçıq qalsa da, sonra ali təhsil ala bildiniz? Uzun müddət kitab-dəftərdən uzaq qalandan sonra ciddi hazırlıq prosesinə adaptasiya olmaq çətin olmadı ki? 

- Mən Bərdədə 5-ci sinifə qədər məktəbə getmişəm. Ondan sonra adım məktəbdə getsə də, özüm yoxlama gələndən-gələnə məktəb üzü görürdüm. Çünki işləyib atama kömək etməli idim. Həm də o vaxtlar nə bizim ailədə, nə də ətrafımızda ali təhsil alan, universitetə daxil olan adam yox idi. Oxumağa da 9-cu sinifdə qərar verdim. Yəni univesiteti mən elm aşiqi kimi oxumamışam. Universitetin nə olduğunu bilmirdim, təkcə onu bilirdim ki, universitetə qəbul olunsam, Bakıya gələcəyəm. Bu motivasiya ilə oxumuşam. Çünki məqsədlərim var idi. 

İlk başda oxuyanda çox çətinlik çəkdim. Hazırlığa gedəndə riyaziyyat fənnindəki terminləri bilmirdim. Bildiyim tək şey vurma cədvəli idi. O dövrdə başqa uşaqların bazası vardısa, məndə heç nə yox idi. Gecə-gündüz inamla çalışdım. Həmin dönəmdə isə həm də işləməli idim. Atam oxumağımı istəmirdi. Çünki universitetə qəbul olunacağıma inanmırdı. Buna görə də işimə davam etməyimi istəyirdi. Bir yandan maşın ustasının yanına gedir, sənət öyrənirdim, bir yandan da universitetə hazırlaşırdım. Daha sonra həftənin bir günü Bərdənin mal bazarında ayran, tum kimi mövsümi məhsullar satmağa başladım. Ordan əldə etdiyim qazancla öz hazırlıq xərcimi çıxardırdım. Günlərlə gecələr yatmayıb oxuduğum vaxtlar olub. Təkcə təhsilimə fokslanmışdım. Qazanmalıydım, çünki özümdən başqa heç kim mənə inanmırdı. 

- Bu uğurun əsas təşviqedici qüvvəsinin yaşadığınız o çətinliklər olduğunu düşünürsünüzmü? 

- Bəlkə də, ailə təhsil üçün dəstək olsaydı, mən tam tərsini edərdim. Kim bilir... Atamın pulu, işi olsaydı, o rahatlığı görsəydim, bəlkə başqa cür formalaşardım. Amma o rahatlığı görmədiyimə görə, öz rahatlığımı özüm axtardığım üçün bu yola girdim.

- Amma iş, karyera üçün şans verdiyiniz təhsilsiz gənclər var. Onları necə seçirsiz, nə üçün təhsilli olmaqları sizin üçün önəm daşımır?

- Mənim təhsillə bağlı düşüncəm belədir ki, əgər məhz oxuduğun sahə üzrə çalışmayacaqsansa, yaxud elmlə məşğul olmaq fikrin yoxdursa, təsadüfi bir təhsil, ali təhsil almaq xatirinə oxumaq vaxt itkisidir. İndiki dövr bizim yeniyetməlik vaxtımızdakı kimi deyil. Gənclər üçün böyük şanslar, özünü ifadə etmək üçün geniş seçimlər var. Özünü inkişaf etdirmək üçün kurslar, təlimlər var. Bütün bunlar hər bir gənc üçün əlçatandır, yetər ki, o, özünü inkişaf etdirmək istəsin. Məsələn, universitetdə dörd il marketinq təhsili alırsan, amma o sahəni bir neçə aya bir kursda öyrənib iş həyatına atıla bilirsən. Xüsusilə Azərbaycanda təhsil və imtahan sistemi mənə görə, tamamilə stresdən, psixoloji gərginlikdən ibarətdir. Məhz belə düşündüyümə görə, bizimlə işləyəcək əməkdaşları da diplomuna görə yox, fərdi xüsusiyyətlərinə, şəxsi keyfiyyətlərinə və bacarıqlarına görə seçirəm. Birinci kursda oxuyan tələbə zənglərə cavab vermək kimi kiçik bir işlə yanımızda işə başlamışdı, hazırda restoran müdiridir. Amma ən yaxşı universitetlərin birində idarəçiliyi bitirmiş bir məzun gəlsə, məhz bu sahədə təhsil alıb deyə onu restoran müdiri qoymaram. Amma bu gənc qısa bir vaxtda bizim yanımızda işlədi, mən onu təlimlərə göndərdim, özüm yetişdirdim və indi restoran müdiri işləyir. Günümüzdə universitetə qəbul olunmaq da, onu bitirmək də yetərincə asandır. Çətin və vacib olan özünü inkişaf etdirməkdir. Əmək vərdişləri, bilik və bacarıqları lazımi yaşdan inkişaf etdirilmədiyinə görə, gənclərin özünə olan güvən hissi itir. Qızlarımız özünə güvənmir deyə, istəmədiyi evliliyə məcbur olub dözür, oğlanlar onları əzən, təhqir edən insanların əlinin altında qalıb işləməli olur. Bu insanlardakı gərginliklər də cəmiyyətdə öz əksini tapır.

- Sizin kimi həyatda sıfırdan gəlib biznes sahibi olmaq üçün hansı xüsusiyyətlər önəmlidir? Uğurun mənəvi meyarı nədir sizin üçün?

- Məncə, hər şeydən əvvəl insan iradəli olmalıdır. Əgər içində öz bacaracağına inamın olsa da, kənardan gələn o "bacarmazsan" kimi sözlər zamanla bu inamı qırır. Gərək iradən güclü olsun ki, qorxuya düşüb özünə inamı itirməyəsən. Atdığın addımda uğursuz da olsan, bu, bir təcrübədir. Bunu təcrübə kimi dəyərləndirsən, daha çox irəliyə gedəcəksən. Uğur qazanmaq üçün bir neçə addım ola bilər. Bu, insana görə dəyişir. Amma mənə görə uğur qazanmağın bir sirri var: özünü tanımaq.

İnsanlar məni əttar kimi tanıyır, amma mən parfümeriya hazırlamağı bilmirəm. Şokolad sevmirəm, amma şokolad restoranım var. Bu işlərin tutmasının səbəbi mənim əttarlığı, ya da şokolad işini yaxşı bilməyimdə deyil. Mən bilirəm ki, mənim marketiq sahəsində bacarığım var, işi qurmaq və sistemi idarə etməyi bacarıram. 

Əvvəllər uğursuz olduğum işlərə nəzər salanda görürəm ki, onların hamısı başqalarından təqlid etdiyim, təkrarını yaratmağa çalışdığım işlər olub. Əgər uğur qazanmaq istəyirsənsə, fərqini ortaya qoymalısan. Başqasının etdiyinin eynisini edib uğur qazanacağını düşünürsənsə, yanılırsan. 

- Bəs bu qədər işlərin arasında kitab yazmaq istəyi necə yarandı? 

- Çox insanlar mənə yazıb necə uğur qazandığımı, necə biznesmen olduğumu soruşurdular. Başqa bir səbəb də qara düşüncəli insanlardır. Onlar düşünürlər ki, çox pul haramsız olmaz, əgər sənin çox pulun varsa, deməli, burada bir əmma da var. Mənim iradəli olmağımda, özümü reallaşdırmağımda, özümü tanımağımda ən çox rol oynayan kitablar idi. Motivasiya xarakterli kitablar çox oxumuşam. Həyatda sıfırdan başlayaraq milyoner olan insanların, demək olar ki, hamısının kitablarını oxumuşam. Uğur hekayəsi olan insanların kitablarını oxuduqca əgər sənin də daxilində həmin xüsusiyyətlər varsa və bundan xəbərdar deyilsənsə, özünü kəşf edirsən, özünü bu kitablar vasitəsiylə tanımağa başlayırsan. Mən, necə ki həmin kitabları oxuya-oxuya özümü tapmışam, düşündüm ki, mən də gənclərə bu cür dəstək ola bilərəm. 

Mən necə uğurlu olduğumu yazmaq istədim, həyatda hardan hara gəldiyimi insanlara çatdırmaq istədim. Həm də insanlara motivasiya olması üçün yazdım. Beləcə, birinci kitabımı yazdım, sevildi və çoxlu mesajlar aldım. Pandemiya vaxtında yazmaq üçün fürsətim oldu, ikinci kitabım da işıq üzü gördü. Gənclərə özlərini tapmaqda hardasa faydalı olduğunu düşünürəm. Buna görə də məktəblərə də paylamaq istəyirəm. Mən qeyri-adi insan deyiləm və vaxtilə mənə ilham verən hekayələri indi öz kitabımda birləşdirib mən də gənclərə təqdim edirəm. Düşünürəm ki, bu kitablar yüz nəfərdən ən azından on-on beşinə faydalı olacaq və həyatını formalaşdırmağa kömək edəcək. 

- Hələ də reallaşdırmaq istədiyiniz arzularınız, hədəfləriniz varmı?

- Əlbəttə, var. Xüsusilə, cəmiyyətimizdə həssas mövzulara diqqət çəkəcək addımlar atmaq istəyirəm. Bəzi kənd məktəblərində, xüsusilə öz oxuduğum məktəbin şagirdlərinə Boloniya sistemi ilə tətbiq edəcəyimiz təqaüd vermək istəyirəm. Reallaşdırmaq istədiyim ən böyük arzum budur. Gələcəkdə də onlar arasında ali təhsil almaq istəyənlər üçün hər bir şəraiti yaratmağa çalışacağıq: hazırlıq, iş, karyera.

Başqa bir planım insanlarda küçə heyvanlarına qayğı və diqqəti artırmaq üçün hər sifarişdə müştərilərimizə küçə heyvanları üçün pay göndərməkdir. Bunu artıq Türkiyədə edirik, yaxın günlərdə ölkəmizdə də tətbiq edəcəyik. Bu addımların başqa insanlar üçün də təşviq xarakteri daşıyacağına inanıram.

Natəvan ABDULLA
 

 





18.01.2022    çap et  çap et