525.Az

"Teatrı yer üzünün cənnəti hesab edirəm" - İntiqam Soltan


 

İNTİQAM SOLTAN: "BU TEATR MƏNİM ÖVLADIM, BU KOLLEKTİV MƏNİM AİLƏMDİR"

"Teatrı yer üzünün cənnəti hesab edirəm" -<b style="color:red"> İntiqam Soltan</b>

Bakı Uşaq və Gənclər Teatrının təsisçi-rəhbəri İntiqam Soltanla elə sözügedən teatrda görüşdük. Mədəniyyət evində yerləşən teatrın şəraiti geniş olmasa da, İntiqam Soltanın özü genişürəkli bir insan kimi yaxşı tanınır. Onunla, məncə, səmimi, maraqlı bir söhbətimiz oldu və həmin söhbəti oxuculara təqdim edirəm.

***

- İntiqam müəllim, ilk sualım belədir: niyə məhz teatr?

- Suala sualla cavab verə bilərəmmi? 

- Olar.

- Teatr yox, bəs nə? Bu dünyanın ən gözəl məkanı teatrdır, mən o yerdə olmaq istəmişəm və şükürlər olsun ki, oradayam. Gözəllik etalonu hər kəs üçün fərqlidir. Mənim üçün teatrdan gözəl heç nə yoxdur. Burada azadlıq var, rahatlıq, sərbəstlik, yaradıcılıq var. Görün biz nə gözəl yerdəyik. Həm iş prosesi zamanı, həm də daxilən buranın insanları hər zaman yüksəklərdə uçur. Məişətə, sosial sıxıntılara, problemlərə yuxarıdan aşağı baxa bilir burada çalışan hər kəs. Teatrı yer üzünün cənnəti hesab edirəm. Və mən də özümü dərk edəndən burada olmaq istəmişəm.

- Bakı Uşaq və Gənclər teatrının direktorusunuz, bədii rəhbərisiniz. Maraqlıdır, heyətiniz necə, sırf gənclərdən ibarətdir, yoxsa?

- Bunu da əlavə etmək istəyərdim ki, direktoru olmaqla yanaşı, həm də yaradıcısıyam bu teatrın. Bir neçə müəllif teatrı var ki, onlardan biri də Bakı Uşaq və Gənclər Teatrıdır, bu teatrın müəllifi mənəm. Təbii ki, heyətimizin əksəriyyətini gənclər təşkil edir. Amma mütləq o gənclər öz cığırını düzgün tapmaq üçün əvvəldən bu yolda gediş-gəlişli cığırı olan şəxslər də olmalıdır. İndiki gənclər cığır açmağa tənbəllik edirlər. Ona görə də yaşlı nəslin nümayəndələri mütləq şəkildə olmalıdır. Bu sənətin məsuliyyətli və ciddiliyi bilinməlidir. Həm də adama qəribə gələr ki, hansısa bir məkana düşəsən və özün özünə böyüklük edəsən. İnsan kor-koranə ağsaqqallıq edə bilməz. Axı insan özü də özündən böyük görəndə artıq rahat olur. Çünki bilir ki, o, büdrəyərkən istənilən halda onun əlindən tutmağa, qaldırmağa adamı var.

- Bildiyim qədərilə aktyor sənəti sahəsi üzrə təhsil almısınız. Filmoqrafiyanıza nəzər salsaq, aktyor olaraq da rollarınız bəllidir. Bəs bu gün aktyor olaraq fəaliyyət göstərə bilirsiniz?

- Akyor üçün ən ağır iş inzibati işçi olmaq, idarəçilikdir. Amma inanın ki, iti oynayanlar üçün it geyimi keçirib əynimə dublyor oluram, pişiyi oynamaq gərəkirsə, pişik geyimi keçirib səhnəyə çıxıram. Bu, mənim peşəmdir. Yeni il şənliyində Ayını da, Şaxta babanı da oynadım. Təbii, qar qızı oynasam, uşaqlar məndən qorxardı (gülümsəyir). Aktyor sənəti mənim şah peşəmdir. Direktorluğa isə müvəqqəti iş olaraq yanaşıram. "Bu günün sonunadək direktoram" kimi yanaşıram bu sahəyə. Heç vaxt sabah direktor olaraq bu işi görəcəm kimi də xəyal etmirəm. Bu gün rəhbər mənəm, bu iş olmalıdır. Bu teatrda da ona görə direktor olmağa razı olmuşam ki, bu teatr sözün əsl mənasında mənim övladımdır. Necə deyərlər, bu teatrı mən doğmuşam. Heç bir ana öz körpəsini başqasının qucağında görmək istəmir. Ehtiyat edir ki, o uşağa ögey münasibət göstərərlər. Buranın ideya müəllifi özüməm. Təsəvvür etmək çətindir ki, mən buraya necə həssaslıqla yanaşıram. Adicə bir haşiyə çıxım ki, keçən dəfə gözətçinin diqqətsizliyi ucbatından su açıq qalıb və səhərədək su gedib. Bu suyun ödənişini dövlət edir. Amma dövlət ödəyir deyə bu açıq qalmalıdır?! Düşünürəm, mən onu cəzalandırmasam, bu hal yenidən təkrarlana bilər. Yaxud bu yaxınlarda qəribə bir əmr imzalamışam ki, səhnədə məşq zamanı xarici dildən istifadə edən, kimliyindən asılı olmayaraq, hər bir aktyor 1 manat, tamaşa zamanı isə 5 manat məbləğində cərimə ödəyəcək. Eləcə də xarici dildə tamaşa hazırlanırsa, Azərbaycan dilində kəlmə işlədilməməlidir. Eyni cərimə buna da şamil olunur. Mən idarə mexanizmini tapmışam. Və gələnlərə də ilk sözüm bu olur: mən o kəsləri idarə edirəm ki, onlar özü özünü idarə edə bilmir. Və sual verdikdə ki, özün özünü idarə edə bilirsənmi, artıq "bəli" cavabını eşidirəm. O zaman sənə idarəçi lazım deyil. Get, sakitcə işini gör. Burada kimisə sıxmaq kimi bir niyyətim də yoxdur, çünki bununla mən nəsə qazana da bilmərəm. Düşünürəm, mənim üçün əsas olan işçinin gördüyü işdir. Onun bura səhərdən axşama kimi gəlib oturması vacib deyil. Formal olaraq direktoram, amma heç vaxt o ayrı-seçkiliyi qoymuram. Düşünürəm, bu kollektiv mənim ailəmdir və hər ailənin də bir böyüyü mütləq olur.

- İllər əvvəl müsahibələrinizin birində bəzi şeylərin tərbiyə ilə deyil, genlə ötürüldüyünü qeyd etmişdiniz. Bizim genetik kodumuza irsi tərbiyə də daxil deyil?

- Əslində, onu nəzərdə tutub demişəm. İrsi keçmə təkcə fiziki deyil də, həm də mənəvi-psixoloji yöndən olur. Məncə, bu, düzgün yanaşma deyil ki, çobanın oğlu mütləq çoban olmalıdır. Bu yolla işləmək olmaz. Əksinə, çobanın oğlu əziyyətlə çörək qazanmağın nə olduğunu bilir, bunun şahidi olduğu üçün də daha çox zəka ilə çörək qazanmağa meyl edir. Bu fürsətdən zamanında istifadə etmək lazımdır. Tələbatla təklif üst-üstə düşəcəksə, o zaman uğur qazanıla bilər. Birinin daxili tələbatı buna imkan verirsə, biz ona uyğun vəziyyət təklif edirik ki, gəl bu işi gör. Çalışırıq ki, doğru istiqamətə yönəldək.

- Təklif olunmuş vəziyyət ifadəsilə tez-tez rastlaşırıq. Buna aydınlıq gətirərdiniz.

- Çox gözəl məqama toxundunuz. Mən tez-tez bu ifadəni işlədirəm. Cəfər Cabbarlının "Aydın" pyesindən bir məqamı çatdırmaq istərdim, ilk cümləsi belədir: "Bu yaşadığım mühit və həyat şərtlərinin mənə verdiyi tərbiyədir". Siz övladınızı deyil, özünüzü tərbiyə edin, övladınız da sizə baxıb tərbiyə götürsünlər. Bütün günü döymək, təhqir etmək, uşağın gözü qorxsun deyə onu hədələmək düzgün yanaşma deyil. İnsan özünü tərbiyə etməlidir daima. Aktyor da həmçinin, həyatı hər bucaqdan tamaşaçıya çatdırandır. Bir kəlmə ilə desək, aktyor elə, təklif olunmuş vəziyyət deməkdir. Bu gün mənim təklif olunmuş vəziyyətim direktorluqdur, əgər tamaşaya quruluş verəcəyəmsə, rejissorluqdur. Hansısa tələbəm tamaşa qurursa və mən orada aktyor kimi rol alıramsa, mənə təklif olunan vəziyyət aktyorluqdur. Mən artıq orada nə rejissoram, nə direktor. Əgər mən rolumu düzgün yerinə yetirmirəmsə, tamaşanın taleyi şübhə altına alınır. Ona görə də bunu düzgün dəyərləndirmək lazımdır. Hətta bu vəziyyət üç yerə haçalanır: Nə, niyə, necə sualları. Təklif olunmuş vəziyyət nədir? Niyə təklif olunur? Və o vəziyyəti necə çatdırmalıyıq? Çünki bizim missiyamız tamaşaçını inandırmaqdır. Tamaşaçıları peşman etməməliyik. Düşünməsinlər ki, vaxtımı və pulumu hədər yerə itirdim.

- Rejissorlarla aktyorlar arasında anlaşılmazlıqlar olurmu?

- Mənim xüsusi bir üçbucaq düsturum var: iş görən, iş gördürən və iş. İş görən aktyor, işi gördürən rejissor və iş roldur. Daha da sadələşdirsək, həkim, xəstə və xəstəlik. Əgər xəstə xəstəliklə birləşərsə, həkim qalacaq kənarda. Əgər xəstə həkimin dediyinə əməl etməsə, həkim xəstəliklə birləşəcək və analizini dəqiqləşdirib süni yolla müalicə edəcək və onda da gec və müvəqqəti nəticə əldə olunacaq. Amma əgər xəstə həkimlə birləşəcəksə, xəstəliyə qalib gələcəklər. Başqa yerə yozmağa ehtiyac yoxdur, bunlar primitiv misallardır, amma həm də gerçəkdir. Burada rejissor da tamaşanın taleyini düşünən əsas insandır. Ona görə də aktyorla rejissorun işi birlikdə olmalıdır. Əgər aktyor hər gün rolunu qucaqlayıb yatacaqsa ki, mənimdir bu. Rejissorun dediyini anlamayacaqsa, rolunu nə qədər gözəl oynasa belə, tamaşaya girməyəcək. Teatrda da muxtariyyət yaratmaq doğru düşüncə deyil. Bu halda rejissor obrazı təhlil edib, diktatorluq edəcək. Bu zaman da aktyor müqəvva olacaq. Yaxşı olar ki, həmişə sözümün əvvəlində dediyim düstura hər kəs əməl etsin, çünki o halda uğur qazanmaq mümkündür.

- Rollardan söz düşmüşkən, yaşatma, yoxsa göstərmə?

- Baxır məqamına. Milli teatr ənənəsi oyun üzərində qurulub. Hətta Türkiyədə buna "oyunculuk" deyirlər. Oyun yaşanmır. Bu, göstərmə sənətidir. Səhnədə yaşama məktəbi dediyimiz odur ki, aktyor rolu o qədər gözəl yaşasın, tamaşaçı buna inansın. Və o zaman hər kəs tamaşadan zövq alır. Amma bütövlükdə bu göstərmədir. Biz xalq olaraq oyuna meyilliyik. Əslinə qalanda bütün millətlərdə dəbdəbəli geyinib teatra üz tutarlar. Biz isə daha çox meydan tamaşalarına üstünlük verərik. Çünki insan küçəyə adətən eyni açılsın deyə, stress atsın deyə çıxar. Müəyyən iş adamlarını nəzərdə tutmuram. Yəni insanlar küçədə gördüklərinə diqqət edərlər. Adicə Novruz şənliyində keçəl, kosa, təkə olur. Təsəvvür edin, təkə vurur, kosa ölür və orada yas qururlar. Keçəl deyir ki, ay təkə, sən neylədin? Kosa bu yerdə qalxır, deyir ki, ölməmişəm, yalandı, çırtma vurun amandı və sair. Hər kəs də bilir ki, bu, oyundu və hər dəfə də buna maraqla baxırıq. Biz əslində, millət olaraq bunlara daha çox meyilliyik. Təbii, klassik ənənələri də var ki, bu yaşama məktəbinə daxildir və yetərincə inkişaf edib. Amma çox təəssüf ki, hazırda teatrlara diqqət dayaz səviyyədədir.

- Bir az əvvəl sözünüzdən belə başa düşdüm ki, tamaşaların açıq havada olmasının tərəfdarısınız. Hava şəraiti uyğun olmadıqda necə? Həm axı bilet satışı da olmalıdır.

- Mən nidalı şəkildə demədim. Sadəcə meydan tamaşalarına meyilli olduğumuzu daha çox diqqətə çatdırmaq istədim. Pis hava şəraitində əlbəttə ki, kimsə stress atmağa çıxmaz (gülür). Nadirən bir-iki nəfər nəfəs almaq üçün çıxar. Amma istənilən halda zamanı dəyişmək də mümkündür. Olmaz bu gün, olar sabah. Əgər kiminsə istirahətinə yardım edirəmsə, nə xoş mənə. Və təsəvvür edin ki, meydan tamaşalarının psixoloji yükü az olur. Mən tamaşaya gələn adamların eynini açmalıyam. Onu gərgin edəcəmsə, day nə oldu?.. Son zamanlar tam mütəşəkkil formada çiçəklənməyən teatr var ki, form teatrıdır. Bu teatr problemi tamaşaçıya göstərməklə bərabər, həlli yolunu da göstərə bilir. Müəyyən problemi olan insan teatra stress atmaq üçün gedirsə, orada yüklənməməlidir. Hətta belə bir metafora edim ki, vaksin səbəbi xəstəliyin özündə axtarmaq deməkdir. Baxın, bu gün dünyanı ağuşuna alan pandemiyada belə, vaksin xəstəliyin özündən yaradılıb.

- Güzgü effekti... Yəni travmanın səbəbi əslində özündədir.

- Bəli, eynilə. Bizim oyun üslubumuz da başqadır. Hətta görünməz teatr növü də var. Mən ideyanı həyata keçirirəm və tamaşaçı bunu hiss etmir, aktyor olduğumu anlamır.

- Bir az öncə pandemiyadan söz açdıq, pandemiya teatrlara yetərincə zərbə vurdu, bu dönəmlərdə nə etdiniz?

- Onlayn çalışdıq. Amma prinsiplərimizə ziddir bu. Çünki biz uşaqları, gəncləri canlı ünsiyyətə dəvət edirik. Kino ekranın o bir üzüdür. Və kinoya müdaxilə edə bilmərsən. Amma biz tamaşaçının gözlərinə baxıb oynayırıq. Onlara heç kimin deyə bilməyəcəyi sözləri deyə bilirik, səhnədən birbaşa onlarla təmas yaradırıq. Kinolar qəddardır bir az. Psixoloji durumun yerində olmayıb televizoru açarsan və qorxu filmi ilə rastlaşarsan. Səni daha da gərgin edər. Amma teatr belə deyil. Məsələn, uşaq tamaşasıdır və uşaq evlərindən kimsəsiz uşaqlar gəlib. Tamaşada elə hissələr olur ki, onlar üçün nəzərdə tutulmur, məsələn, valideyin qayğısı. Mən çalışıram yerindəcə müdaxilə edib onları mətndən kənarlaşdırıram. Uşaqları mənən sındırıb geri yola sala bilmərəm. Ömür boyu onlara travma yaşatmış olaram, həmçinin, onlar teatra ömür boyu nifrət etmiş olar. 

- Əbəs yerə deyilməyib ki, teatr canlı sənətdir.

- Təbii ki, televiziya yerindəcə hansısa filmə, seriala müdaxilə edə bilmir və tamaşaçı qismini nəzərə almır tam olaraq. Amma biz birbaşa tamaşaçı ilə təmas yaradıb, onlarla bağ qururuq. Burada nitq mədəniyyəti, rəssamlıq, musiqi və s. var. Burada incəsənətin bütün bucaqları bir arada toplanıb.

- Son olaraq oxucularımıza, gənclərimizə nə demək istəyərdiniz?

- Azad böyüsünlər, ikiüzlü olmasınlar. Sözlərində hər zaman bütöv olsunlar. Hesabatları ən birinci öz vicdanlarına versinlər. Hər kəs ki, özünə nəzarət edə bilmir, mütləq başqaları onlara nəzarətçi olacaqlar. Mən öz hərəkətlərimə sərhəd qoymasam, başqası mənim hərəkətlərimə sərhəd qoyacaq. Öz çərçivələrini müəyyən edib, o çərçivə daxilində sərbəst və azad yaşasınlar.

Şəlalə CAMAL
 

 





18.01.2022    çap et  çap et