525.Az

Diqqətin metafizikası - Göyərçin Kərimi yazır


 

III HİSSƏ

Diqqətin metafizikası -<b style="color:red"> Göyərçin Kərimi yazır</b>

Göyərçin KƏRİMİ

Nəticəyə nail olmaqdan ötrü səbəbə doğru istiqamətlənmiş ixtiyari diqqət sayəsində əldə olunan nə varsa, başlanğıcını, əsasən, varlığın kor-koranə istəyindən götürür. Bu o səbəbdən kor-koranə istək hesab olunur ki, kor-koranə olmayan, yəni dərk olunmuş diqqət ixtiyari diqqətə deyil, diqqətin metafizikasına aid prosesdir.      

Növlərin əsas çaları olaraq şüurlu məqsəd, iradi səy tələb edən ixtiyari diqqət öyrənmək, təcrübə qazanmaq, cinayət törətmək, təzyiqli-təzyiqsiz nəsə əldə etmək, obyekti mənfəətinə uyğun işə salmaq, yararsızı yararlı vəsiyyətə gətirmək və s. və i.a. xüsusiyyətləri özündə birləşdirir ki, onsuz, nəinki insan, qeyd etdiyimiz kimi, heç heyvan da gündəlik tələbatını ödəyə bilməz. Bu diqqət bütün cəlbedicilərə deyil, ancaq məqsədəuyğun obyektlərə qarşı yönəlir. İxtiyari diqqəti əmələ gətirən şərtlər də müxtəlifdir. Hər hansı hadisəyə diqqət yetirməzdən əvvəl işin səmərəli görülməsi üçün borc və məsuliyyətin aydın dərki, fəaliyyət şəraitinin yetərliliyi nəzərə alınmalıdır. Əməli prosesdə əlavə hadisə və maraqların fəaliyyətə qoşulması da mümkündür. Bütün elmi əsərlər, məqalələr, ixtiralar, yaradıcı fəaliyyətlər və s. - hamısı müəyyən mərhələləri ixtiyari diqqət vasitəsilə adlayır. İxtiyari diqqət qeyri-ixtiyari diqqətin sonrakı hissəsi kimi də inkişaf edə bilər. Məsələn, su içmək istəyi qeyri-ixtiyari baş qaldırır, lakin suyu axtarıb tapmaq ixtiyaridir.    

Bizim işıqlandırmaq istədiyimiz mövzu, girişdə də qeyd etdiyimiz kimi, məhz diqqətin üçüncü növüdür: Postdiqqət və diqqətin metafizikası: anlayışa diqqət.

Postdiqqət deyərkən ixtiyaridən sonrakı, yaxud ikinci qeyri-ixtiyari diqqət nəzərdə tutulur.

Aparılan araşdırmalar belə söyləməyə imkan verir ki, postixtiyari diqqət, bundan sonra postdiqqət, şüurlu məqsədin daşıyıcısı olsa da, onu ixtiyari diqqətlə səhv salmaq, eləcə də, qeyri-ixtiyari diqqətlə eyniləşdirmək olmaz. Postdiqqətdə proses başlayandan sonra iradi cəhdlərə ehtiyac yaranmır: ixtiyari baş verir, qeyri-ixtiyari davam edir və bəzən yenidən əvvələ qayıtmaq ehtiyacı da yaranır. Diqqətin bu növü barədə psixoloqların fikirlərinə nəzər salaq.  

Akademik İ.P.Pavlov adına Sankt-Peterburq Tibb Universtetinin tələbələr üçün nəzərdə tutduğu psixologiya kursu üzrə "Ümumi və tibbi psixologiyanın əsasları" dərs vəsaitinin II hissəsində belə deyilir: "Postdiqqət eynilə ixtiyari diqqət kimi məqsədyönlü xarakter daşıyır və ilk növbədə güclü səy tələb edir ki, insan bundan sonra əmələ keçir; təkcə nəticə yox, fəaliyyət prosesinin özü, tərkib hissəsi də cəlbedici və dəyərli olur. Postdiqqət qeyri-ixtiyari diqqətdən fərqli olaraq şüurlu müşayiət və dərkolunmuş maraqla davam etdirilir. Eyni zamanda onu ixtiyari diqqətlə də səhv salmaq olmaz, çünki prosesdə hər hansı prinsipial səy tələb olunmur. 

Göründüyü kimi, psixoloqlar postdiqqət məsələsinin izahında tamamilə haqlıdırlar, hətta prinsipial cəhdin olmamasını qeyd edərkən metafizikaya daha çox yaxınlaşırlar, lakin metafizika güclü iradənin yox, idrakın iradə ilə uyğunluq dərəcəsinin ən yüksək pilləsində formalaşır.

Niko Baumanın "Diqqət fokusunun gücü, nailiyyətin Metafiziki qanunu" kitabının girişində deyilir: "Hörmətli oxucu! İnanıram ki, siz öz istəklərinizə can atır və arzu edirsiniz ki, həyatınızı yaxşılaşdırasınız. Siz heç maddi fikirlər haqqında eşitmisiniz? Baxın, bu o qədər də səsləndiyi kimi deyil. Bizim diqqətimiz həmin anlarda, sadəcə, müşahidə etdiyimiz obyektə cəlb olunur. Bu kitab SİZİN mənimsəmə gücünüz, fikriniz və diqqətiniz haqqındadır. Siz kitabda  effektivliyinizi dəfələrlə yüksəldəcək "ruhi düyməni" tapmağa çalışacaqsınız ki, həmin düymə diqqət adlanır... Məhz diqqətin özündə gizlətdiyi qeyri-iradi Güc hesabına insan möcüzə yarada bilər". 

Baumanın diqqəti möcüzələr yaradan qeyri-iradi Güc hesab etməsi böyük həqiqətdir, lakin diqqət nə qədər güclü, davamlı olsa da, mahiyyətə təsir göstərə bilməz. Ancaq xeyirxahlığa meyilli adamları diqqətli olmağa səsləməklə yaxşı əməllərə sövq etmək olar, ruhən naqisləri, əsla! Bəzi istisnalar xaric, təbiətən bədxah doğulmuş varlıqların islahına cəhd göstərmək öldürmək məqsədilə ağcaqanadı tutub gözünə dərman tökmək qədər absurd və faydasızdır. İslah etmək birbaşa islah olunmaq istəyilə ekvivalentdir.     

Digər tərəfdən, müəllif gerçək dünyanın hadisələrinə istinad edir, nə təəssüf ki, metafizika dünya hadisələrinə cəlb olunmağı deyil, onlara biganə qalmağı öyrədir. Təsadüfi deyil ki, metafizikanın terminoloji müəllifi Aristotel vaxtilə prosesə fiziki hadisələrdən kənarda olan predmetlərin öyrənilməsi tərifini vermişdi.  

Metafiziki baxış daha çox fəlsəfənin mövzusu olsa da, bilik, ixtisas müxtəlifliyi tanımır: bir dəfə əldə olunur və heç vaxt itirilmir.

Metodoloq - "Diqqətin fokusu" kursunun müəllifi Arseni Yakunin diqqətin üç əsas növündən bəhs edərkən postixtiyari diqqət haqqında yazır: "Müəyyən obyektə sarı yönələn və iradənin daimi müşayiətinə ehtiyac duymayan prosesə ixtiyaridən sonrakı diqqət deyilir. Bu zaman orqanizm optimal rejimdə işləməyə başlayır və proses təbii yorğunluq, resursların tükənməsilə başa çatır". 

Dünya şöhrətli psixoloq Mixay Çiksentmixayi müəllifi olduğu "Axın: optimal hissiyyatın  psixologiyası" kitabında öz oxucularını belə bir nəzəriyyə ilə tanış edir ki, əgər insanlar xüsusi "axın" vəziyyətini yaşaya bilsələr, daha çox xoşbəxt olarlar. Onun nəzəriyyəsində Potok - Axın daxili motivasiyanın optimal vəziyyəti - insanın öz işinə bütünlüklə bağlanması kimi tərif olunur. 

Mixay Çiksentmixayi tərəfindən irəli sürülən "Potok - Axın" psixoloji vəziyyətdir, bunu konsentrasiya və diqqətin fokusu olaraq hisslərin pik nöqtəsi də adlandırırlar. Müəllif "axın" vəziyyətini obyektə şüurlu diqqət, onun seçilməsi, ixtiyari diqqətə xas olan gərginliyin yaşanmaması, insanın əvvəlki təcrübələrindən son dərəcə fərqlənən yenilik və fəaliyyətin çoxalan aktuallığı adlandırır.  

Arseninin fikrinə görə, Çiksentmixayi öz kitabında "Axın"dan geniş danışsa da, ora daxil olmağın necəliyindən az bəhs etmiş, postdiqqət haqqında cəmi bir neçə cümlə yazmışdır. 

Yakunin öz iradında haqlı olduğu kimi, Mixay Çiksentmixayi də baxışlarında haqlıdır. Ona görə ki, insana diqqətli olmağı, möhkəm iradə nümayiş etdirməyi öyrətmək olar, lakin "Axın"a daxil olmaq - səmərəlilik baxımından ən əlverişli, ən optimal vəziyyəti seçmək fərqli və fərdi məsələdir. O, hər kəsin fəaliyyətində özünəməxsus şəkildə baş verir, lakin verməyə də bilər.

Digər tərəfdən, "axın" deyərkən Çiksentmixayi "diqqətin metafizikasına" işarə edirsə, bunun ifadə olunması, ya mümkün deyil, ya da ölülərə nəsib olan son nəfəs anının izah edilməsi qədər mümkündür. Çünki metafizika təcrübəyə əsaslanmayan, heç bir şəxsi mənfəətlə əlaqəsi olmayan məqamın simvolik tərifidir. 

Yakunin onu da qeyd edir ki, postdiqqət haqqında düşüncələrə dalmasına səbəb ekstremal idmançı, saatlarla orkestr lövhəsindən ayrıla bilməyən dirijor və doqquz saat əməliyyatda olmuş neyrocərrahdan eşitdikləri olmuşdur. Bunu neyrocərrahın timsalında belə izah etmək olar.

Əgər həkim yorulmadan 5-6, bəzən 9-10 saatlıq əməliyyat aparırsa, bu, onun öz işinə vasitəsiz bağlılıq əmsalı ilə xarakterizə olunur. İnsana xidmətin mövcud şəraitdə önəmlilik dərəcəsi həmin ölçüdə enerji ehtiyatı deməkdir, yəni cərrahi əməliyyata sərf edilən vaxt və onun səmərəli nəticəsi cəzbetmənin uyğun enerjisinə bərabərdir. Bu isə o deməkdir ki, daxili bağlılığın motivləri əsasında formalaşan istənilən fəaliyyətin mükəmməl yekunu icraedicidə böyük məmnunluq hissi doğurur.  

Cərrahın doqquz saat əməliyyat apara bilməsinin digər səbəbi onun yeni-yeni maraqlı təcrübələr əldə etməsidir ki, əyani qazanılan müsbət yeniliklər ruhi vəziyyətin yüksəlməsinə təkan verərək endorfin ifrazının səviyyəsini artırmaqla insanın yorğunluq üzərindəki qələbəsini təmin edir. Həm də prosesin necə davam etməsindən asılı olmayaraq yaxşı nəticə həmişə xoş əhval-ruhiyyə yaradır. Nəticənin bəxş etdiyi sevinc hissi isə məhz mövcud situasiya üçün keçərlidir, lakin metafiziki xoşbəxtlik idrakın itirilməyən vəcdidir, o, ayrı-ayrı hadisələrdən asılı ola bilməz.       

Tibdən söz düşmüşkən, onu da qeyd etmək lazımdır ki, həkimlər xəstəliyi müalicə etmək üçün, əsasən, nəticəyə - təzahürə - gözlə görünənə istinad edir və əksər hallarda xəstəliyi yaradan səbəblər haqqında düşünməyi unudurlar. Əgər həkim xəstəliyin yaranması, təbiəti haqqında araşdırmalar aparıb bu və ya digər şəkildə müəyyən nəzəriyyə əldə etmiş olsa, bax, o zaman hadisənin metafiziki proses kimi dəyərləndirilməsi məqsədəuyğundur. Bütün aşkar edilən xəstəliklər təzahürdür, onların orqanizmdən kənardakı mövcudiyyəti deyil. Eyni səbəbdən cərrah-pasiyent kontekstində də məsələ fəsadların aradan qaldırılmasıdır, xəstəliyin yaranma səbəbinin öyrənilməsi yox.  

Oxşar misallar çox çəkmək olar. Məsələn, anam dəfələrlə özünü gölməçəyə atıb qışqıran qurbağanı ilanın ağzından xilas etmişdi, yaxud illərlə eyni ağacda yuva quran sarıköynəyin qanadsız balalarını pişiyin hücumundan qorumuşdu. O, bu kimi əməllərdən qeyri-adi mənunluq hissi keçirərdi. Lakin həkim də, anam da, buna bənzər müxtəlif hadisələrin qurucuları da həmin anlarda mənən xoşbəxtlik hissi yaşayırlar və eyni məzmunlu əksər proseslər mütləq mənada deyil, çox vaxt qeyri-ixtiyari baş verir. Lakin qeyri-ixtiyari, eləcə də, ixtiyari baş verən nailiyyət sevincləri mənəviyyat məsələsidir. Bəs metafizika nədir? Metafizika gerçək dünyanın hüdudlarından kənarda olanı - noumenal predmetləri öyrənmək üçün istifadə edilən termindir. Onun obyekti varlıq, təbiət və dünyadır.

Yadıma düşür ki, ali məktəbdə təhsil aldığım vaxtlar şeirlərim bütün dövrü mətbuatda, o cümlədən, nüfuzlu "Azərbaycan" jurnalı, "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunurdu. Bunu görən ali məktəb müəllimlərim riyaziyyat fakültəsindən ədəbiyyata keçməyimi təklif etdilər. Razı olmadım. Onlara dedim ki, hər hansı ədəbi nailiyyətim çətin bir məsələnin həllindən duyduğum zövqü əvəz edə bilməz. Bu, o vaxtların gənc tələbəsi üçün əsl həqiqət idi. Məhz metafizikanın bəxş etdiyi xoşbəxtlik də belədir, heç bir dünyəvi, mənəvi sevinc hissilə  müqayisə gəlməz. Metafizika təcrübənin hökmünə tabe olmayan, yaradılışı, mahiyyəti təmsil edən transendent göstəricidir.  

Bu məsələyə "görünənlər, görünməyənlər" adı altında Platon da eyni münasibət bildirmişdi. O,  gerçək dünyanın hadisələrindən zövq almağı fəlsəfi hadisə hesab etmirdi.  

Mən "Diqqətə diqqət" sərlövhəli yazımda "Diqqətin metafizikası" haqqında düşüncələrimin yaranma səbəbini işıqlandırmağa çalışarkən qeyd etmişəm ki, həkim üçün diqqət obyekti mənim əlimin ağrıması yox, ağrının təbiəti idi: "Əlbəttə, özünün mahiyyətinə yönəlmiş diqqət nadir hadisədir. Ələlxüsus da, gerçək dünya ilə sıx əlaqədə olan zəka sahiblərinin misalında, yəni insan öz ömrünü bilavasitə qavrayışlararası münasibətlərə xərcləyərsə, gerçəküstü düşüncələrə vaxt ayıra bilməsi çətindir. Metafizika görünənlərin mücərrəd - zəkaüstü görünüşünə deyilir. Məlum şəraitdə bunu belə izah etmək olar. "Əlin ağrıyır?" sualının müəllifini düşündürən qarşısında əyləşənin kimiyi, əlinin ağrıması yox, ağrı anlayışının özü və onun varlığın mahiyyətində labüd proses kimi dağıdıcı xüsusiyyətə malik olması idi".    

Beləliklə, biz diqqəti şüurun müəyyən bir obyekt üzərinə yönəlib mərkəzləşməsini təmin edən psixoloji fəaliyyət kimi tanıdıq. Lakin bu o demək deyildir ki, diqqət həmişə pozitiv hadisələr, yaxud xeyirxah əməllər üçün prosesə qoşulur, xeyr, bütün şər əməllərin həyata keçirilməsi də onunla başlayır. Bu mənada vasitəçi amil kimi diqqəti həmişə yaxşı əməllərin fonunda təsəvvür etmək yanlışdır.

Məsələnin əsas çətinliyi ondadır ki, ixtiyari, qeyri-ixtiyari diqqətlə yanaşı, postixtiyari diqqətin də şər əməllərdə vasitəçiliyi mümkündür. Əgər tibbi məqsəd canlı insan üzərində təcrübəyə ehtiyac duyar və cərrah bu əməliyyatdan "postixtiyari zövq" alarsa, hadisəni necə xeyirxah əməl hesab etmək olar? Əlbəttə, tibbi inkişafın qurban tələb etdiyini unutsaq. Lakin diqqətin metafizikası əməl müxtəlifliyi tanımır; növə, funksiyaya ayrılmır; bütövü, bölünməyəni, ancaq özlüyündə var olanı - "özündə şey"i ifadə edir ki, mutasiyaya məruzqalma, yaxud tükənmə ehtimalı sıfıra bərabər olur. Yəni istənilən münasibətin başlanma, davametmə, yekunlaşma prosesi diqqətin müşayiətilə təmin olunursa, diqqətin metafizikası ixtiyari, qeyri-ixtiyari, postixtiyari diqqətin nüfuz edə bilmədiyi hadisələri işıqlandırır.  

 





18.01.2022    çap et  çap et