525.Az

Regional əməkdaşlıq üçün mühüm platforma: "3+3" nə vəd edir?


 

Regional əməkdaşlıq üçün mühüm platforma: "3+3" nə vəd edir?<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin yaradılması, onun qorunub-saxlanması, iqtisadi inkişaf, bir sözlə, regional əməkdaşlığın qurulması, gücləndirilməsi üçün "3+3" platformasını irəli sürdülər. Bu platforma 6 dövlətin - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın birgə əməkdaşlığını nəzərdə tutur. Rusiya Prezidenti Vladimir Putin təşəbbüsü ilk dəstəkləyənlər arasında oldu. Həmçinin, İran, Ermənistan da bu əməkdaşlıq formatında iştirak edirlər. Gürcüstan isə Rusiya ilə gərgin münasibətlərinə görə platformaya qoşulmayacağını bəyan edib. Lakin iştirakçı ölkələr rəsmi Tbilisi üçün qapıların açıq olduğunu söyləyirlər.

Əlbəttə ki, 30 il davam edən Ermənistanın işğalı regional sülh və təhlükəsizliyə problem yaratdığı kimi, geniş əməkdaşlığa da maneə idi. Ermənistan regionun iki əsas və aparıcı dövləti - Azərbaycan və Türkiyə ilə heç bir əlaqəyə malik deyildi. Münaqişənin həlli yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar ilk növbədə region dövlətlərinin sıx əməkdaşlığını tələb edir. 

Qeyd edək ki, "altılıq" formatı çərçivəsində ilk görüş dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Bu görüşü bütün tərəflər müsbət qiymətləndirib. Nazir müavinləri səviyyəsində görüş və müzakirələrin azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulub. Danışıqlar Xarici İşlər Nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək. 

Moskvada keçirilən iclasda Gürcüstanın təmsil olunmamasını rəsmi Bakı, həmçinin, Ankara loyal qarşılayır. Çünki Moskva-Tbilisi münasibətlərindəki gərginliyin belə məsələlərə təsiri düzgün anlaşılır. 

Amma ekspertlərə görə, "3+3 formatı Rusiya-Gürcüstan münasibətlərindəki bir sıra mövcud problemlərin, o cümlədən, Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin detallı müzakirəsi və həlli üçün effektiv platforma rolunu oynaya bilər. 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu formata toxunub və bildirib ki, "3+3" formatı çərçivəsində birinci görüş tanışlıq xarakteri daşıyırdı, ancaq əmindir ki, ikinci görüşdə ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı predmetli müzakirələr aparılacaq.

"Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan da təbii olaraq bundan fayda götürə bilər", - Prezident vurğulayıb.

"3+3" formatında növbəti görüşün yaxın gələcəkdə keçirilməsi gözlənilir. Artıq tərəflər bununla bağlı razılığa gəliblər. 

Onu da vurğulayaq ki, artıq Türkiyə və Ermənistan arasında da münasibətlərin normallaşması üzrə dialoq başlayıb. İlk belə müzakirə yanvarın 14-də xüsusi nümayəndələrin iştirakı ilə Moskvada baş tutub. Hər iki ölkənin Xarici İşlər Nazirlikləri görüşün yekunu ilə bağlı verdikləri bəyanatda onun müsbət atmosferdə keçdiyini açıqlayıblar. Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər, regional əməkdaşlıq barədə mövqeyi aydındır. Bakı və Ankara dəfələrlə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər. O da vurğulanıb ki, münasibətlərin normallaşmasından ən çox faydanı məhz Ermənistan götürəcək. 

Məhz "3+3" platforması çərçivəsində atılacaq addımlar bölgəni ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirəcək. Bu mənada, Ermənistan ərazisindən keçən "Zəngəzur dəhlizi"nin açılması, Azərbaycan üzərindən reallaşdırılacaq "Şimal-Cənub" layihəsinin Cənubi Qafqazın qlobal nəqliyyat və logistika sferasında beynəlxalq əhəmiyyətinin möhkəmləndirəcəyinə və regionun hər üç ölkəsinə dividendlər gətirəcəyinə heç bir şübhə yoxdur. İrəli getmək, hədəflərə nail olmaq, "3+3" formatının yaradacağı əlverişli imkanlardan bəhrələnmək üçün Ermənistan sözdən əməli addımlara keçməlidir.

PƏRVANƏ 
 

 





19.01.2022    çap et  çap et