525.Az

Rusiyanın tükənən səbri nə vəd edir? - Xaqani Cəfərlinin siyasi şərhi


 

Rusiyanın tükənən səbri nə vəd edir? -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Rusiyanın rəsmi şəxsləri bir-birinin ardınca təmsil etdikləri dövlətin Qərbin hərəkətlərinə münasibətdə səbrinin tükəndiyini dilə gətirirlər. Xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında belə deyib: "Səbrimiz tükəndi. Biz çox səbir etdik. İndi isə hərəkət etmişik və bizə cavab verilməsini gözləyirik". Rusiyalı nazirin bununla NATO və ABŞ-a ultimativ şəkildə təqdim etdikləri "Regional təhlükəsizliyə dair yeni razılaşma" təklifinə işarə vurduğu aydındır. Xarici işlər nazirinin ardınca Rusiya prezidentinin köməkçisi Dmitri Peskov da bəyan edib ki, NATO Ukrayna ərazisinə daxil olub və Rusiya artıq buna dözə bilməz: "Bizim səbrimiz tükənib".

Rusiya rəsmilərinin iddiasına görə, Şimali Atlantika Alyansı Ukrayna ərazisində müdafiə və hücum silahları yerləşdirir, təlimatçıları vasitəsilə ukraynalı hərbçilərə təlim keçir: "NATO-nun bu davranışı Rusiyanın "qırmızı xətt"inin keçilməsi deməkdir".

Öncə onu qeyd edək ki, Rusiya rəsmilərinin "qırmızı xətt" adlandırdıqları məsələ qonşu ölkələrin suverenliyidir. Hər bir dövlət özünün xarici siyasətini və təhlükəsizlik tədbirlərini müstəqil şəkildə müəyyən etmək hüququna malikdir. Lakin Rusiya qonşu dövlətlərin bu suveren hüququnu tanımır və keçmiş Sovet respublikalarının NATO və Avropa Birliyinə inteqrasiyasını Moskvanın mücərrəd "qırmızı xətt"inin keçilməsi kimi qiymətləndirir. Qeyd etmək lazımdır ki, Ukrayna və Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiya siyasəti bu ölkələrdə xalqın iradəsi ilə müəyyən olunub. Hələ 2008-ci ildə Gürcüstanda keçirilən referendumda səsvermədə iştirak edənlərin 77 faizi NATO-ya inteqrasiyanın tərəfdarı kimi çıxış edib. Referendumdan ötən müddət ərzində keçirilən bütün rəy sorğuları Gürcüstan əhalisinin 70 faizindən çoxunun Şimali Atlantika Alyansına interqasiyanın tərəfdarı olduğunu göstərir. Digər tərəfdən, Gürcüstanda keçirilən bütün seçkilərdə seçicilər NATO-ya inteqrasiya tərəfdarı olan partiya və siyasətçiləri dəstəkləyir, əks mövqedə olanları isə rədd edir. Ukraynada isə iqtidar NATO-ya inteqrasiyanın refendum yolu ilə müəyyən olunacağını bildirir. Ukraynada son seçkilərdə də Qərblə yaxınlaşma tərəfdarı partiyaların cəmiyyətin əksəriyyəti tərəfindən dəstəkləndiyini göstərdi. Rusiya isə bütün bunları nəzərə almır, özünün "qırmızı xətt"indən və NATO-nun Şərqə doğru genişlənməsindən danışır.
Səbrinin tükəndiyini bəyan edən Rusiyanın ABŞ və NATO-dan rədd cavabı alacağı halda hansısa addımlar atacağı ilə bağlı yüksək vəzifəli şəxslər tərəfindən ard-arda açıqlamalar verilir. Rusiya Ukrayna ilə sərhədinə cəmləşdirdiyi 100 minlik ordunu gücləndirməkdə davam edir. "Conflict İntelligence Team"ın məlumatına görə, yanvarın 11-də və 13-də Sverdlovsk vilayətində və Uzaq Şərqdə dəmir yolu ilə Şərqə doğru 9K720 İsgəndər-M komplekslərin göndərildiyi müşahidə olunub. Bundan başqa, Ulan-Udedəki 103-cü və 107-ci raket briqadalarının Şərqə doğru hərəkət etdiyi qeydə alınıb. Bu briqadalar da "İskəndər" raketləri ilə silahlanıb.

Rusiya Müdafiə Nazirliyi isə Hava Hücumundan Müdafiə Qoşunlarının ölkənin Qərb sərhədlərinə doğru göndərilməsini "Şərq-2022" hərbi təlimləri ilə izah edir. Baxmayaraq ki, həmin təlimlərin başlanmasına hələ çox var.

Lakin Rusiyanın bununla kifayətlənməyəcəyi də hər kəsə aydındır. Son günlər isə Rusiya rəsmiləri Latın Amerikasında, Venesuela və Kubada ballistik raketlər yerləşdirəcəyinə işarə etməyə başlayıb. Bununla Rusiya rəsmilərinin "Karib böhranı"na işarə etdikləri aydındır. Tarixdən məlum olduğu kimi, ABŞ-ın İtaliya və Türkiyədə ballistik raketlərin yerləşdirilməsinə cavab olaraq Sovet İttifaqı da Kubada eyni raketlərdən yerləşdirməyə başlamışdı. Bu isə bəşəriyyəti Üçüncü Dünya müharibəsinin astanasına kimi gətirmişdi. Rusiya rəsmiləri indi Venesuela və Kubada ballistik raketlər yerləşdirə biləcəklərinə işarə etməklə "Karib böhranı"nı yada salırlar.

Rusiyanın Venesuela və Kubada ballistik raketlər yerləşdirilməsi hələlik iddia olsa da, Ukrayna sərhədində vəziyyət hər ötən gün daha da pisləşir. Son məlumatlara görə, Rusiya Ukraynada diplomatlarının bu ölkədən çıxarılmasına başlayıb. "New York Times" qəzeti Ukrayna hökumətindəki mənbəsinə istinad edərək yanvar 5-də Rusiya diplomatlarının ailə üzvlərinin öz ölkələrinə qayıtdığını yazıb. Qəzetin məlumatına görə, Rusiya qarşıdakı günlərdə Kiyev və Lvovdakı konsulluqlarının əməkdaşlarını tam tərkibdə Ukraynadan çıxaracaq.

Bununla yanaşı, Rusiyanın 400 minlik ordunu döyüşə hazır vəziyyətə gətirməsi haqqında məlumatlar da yayılır. Çox maraqlıdır ki, Rusiya hakimiyyətinin təbliğat maşınının təmsilçiləri nüvə müharibəsində Rusiyanın qalib gələ biləcəyi ilə bağlı məlumatlar səsləndirməyə başlayıblar. Vladimir Solovyov nüvə müharibəsinin qalibi olmayacağı haqqında geniş yayılmış fikirləri şübhə altına alıb və Rusiyanın qalib olacağını bəyan edib.

Rusiyanın siyasətində müşahidə olunan hərəkətlilik Qərb ölkələrində də müşahidə edilir. Kanadaın xüsusi təyinatlılarını Ukraynaya göndərdiyi barədə "Global News" televiziyası məlumat yayıb. Məlumata görə, Kanada xüsusi təyinatlılarının Ukraynaya göndərilməsi "Rusiyanın təcavüzünü" cilovlamaq cəhdidir. Bundan əlavə, xüsusi təyinatlılar hərbi əməliyyatların başlayacağı halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidirlər.

Belə görünür ki, Rusiyanın səbrinin tükənməsi haqqında rəsmi şəxslərin açıqlamaları Qərb tərəfindən ciddi qəbul olunur və müharibə ehtimalı yüksək qiymətləndirilir.
 

 





19.01.2022    çap et  çap et