525.Az

Dramaturgiyamız tənəzzüldən necə qurtulacaq? - Nadir Yalçın yazır...


 

"DİRİLİN, TEATR NAMİNƏ..." RUBRİKASI OXUCULARIN GÖRÜŞÜNƏ GƏLİR

Dramaturgiyamız tənəzzüldən necə qurtulacaq? -<b style="color:red"> Nadir Yalçın yazır...</b>

Əgər lirik növ ülvi hisslərin, düşüncələrin, duyğuların, dərk olunanların həzin, obrazlı təsviridirsə, o cümlədən, epik növ baş verən müxtəlif hadisələrin cərəyanetmə tempinə, ideya və məzmunun təhkiyəsinə əsaslanırsa, dramatik növ hadisə və hərəkətin, əyani göstərmənin, münasibətlərin qarşılıqlı kombinasiyasının, aşağı, orta, yuxarı hədlərin müəyyənliyinin vəhdətində ortaya çıxır. Əyani göstərmə və bunu şərtləndirən amillər dramatik növü digər ədəbi növlərdən fərqləndirir. Epik əsərdə müəllif öz nəsrində "Allahlıq" edə bilmir, hadisələrin cərəyan etməsi onun öz iradəsindən daha çox, baş verənlərin ab-havasından, gedişatından asılıdır. Olaylar bir-birini şərtləndirir. Fikrimiz daha aydın olsun deyə, epik növün janrı olan hekayəni və dramatik növün janrı olan pyesi müqayisə edək. Hekayədə obrazın daxili təlatümləri, hadisələrin çalarları, baş verənlərdən doğan qənaət birbaşa yazıçının təhkiyəsi ilə (bu təhkiyə obrazın da dilindən ola bilər, müəllifin də) konkretləşir. Hökm hadisədən daha çox, hadisənin fonunda, yaxud fövqündə hasil olan yazıçı qənaətindən asılıdır. Daha dəqiq desək, hekayədə yazıçının imkanları daha genişdir. O, bütün hadisələri obrazların bir-biri ilə münasibətində aşkarlamaq zorundan deyil, bunun üçün daha geniş imkanları var. Nəqletmə müəllifə fikrini aydınlatmaqda bir az da qol qanad verir. 

Pyes janrında isə, nəqletmə göstərmə ilə əvəzlənir. Artıq bayaqkı sözügedən imkanlar müəllifin əlindən alınır. Rejissor tamaşanın ağası olduğu kimi, yazıçı da pyesdə "Allahlıq" etməli olur. Öz bədii təfəkküründən obrazlara ruh üfürür, öz xəyali məkanını qurur. Öz kiçik filminin eskizlərini, xəritəsini hazırlayır. Necə deyərlər, o da öz yazdığının rejissoruna çevrilir. 

Pyesdə müəllif dialoqlar, monoloqlar vasitəsilə demək istədiyin göstərməlidir. Əlavə təhkiyə, izah üçün meydan yoxdur. Süjetin ekspozisiyası mütləqdir. Hansı ki, müəllif hekayə yazanda üzdə olan hadisəyə qədər baş verənləri rahatlıqla nəql etdiyi halda, pyesdə baş verən hadisəni elə qurmalıdır ki, oxucu üçün ekspozisiya, yəni bura qədərki ab-hava müəyyən olsun. Daha sonra zavyazka (düyün) obrazların münasibətlərinin ziddiyyətindən doğur. Bunu bədii tendensiya, yəni qütbləşmə adlandırmaq olar. Bu, birbaşa müəllifin ideyasına, qənaətinə, ötürdüyü mesaja xidmət edir. Ziddiyyətlərin alovlandığı pik hədd kulminasiyadır. Oxucunu, tamaşaçını bu hissə ağuşuna alır, həyəcanlandırır, əsərə marağını artırır. Razvyazka düyünlərin açıldığı və finala aparan mərhələdir. Artıq razvyazkanın necəliyi müəllifin özündən asılıdır. Postmodern hekayələr yeni pyeslərdən öz modernliyi, fərqliliyinə görə bir-iki addım öndədir. Bəlkə də, janrın ab-havası bunu tələb edir. Pyes sonda tamamlanmalı, nəticələnməlidir. Müəllif qənaətini gün kimi aydın üzə də çıxara bilər, böyük bir sual işarəsi ilə yozumu oxucunun öhdəsinə buraxa da bilər. İkinci hissə pyes üçün nə qədər uyğundur, ya yox, bunu zaman, yazılacaq əsərlər göstərəcək. Nəinki müxtəlif tərzdə pyeslər, hətta pyes yazma ənənəsinin, az qala, yoxa çıxdığı dövrdə bu ümidlərlə yaşamaq qəribədir...

Azərbaycan dramaturgiyasının əsası lapdan qoyulmayıb, heç təsadüfi hadisə də deyil. Mirzə Fətəli Axundzadə dramatik növün Azərbaycanda ilk nümunəsi kimi "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyasını qələmə alanda artıq dünya dramaturgiyası özünün ən yaxşı əsərlərini ədəbiyyata töhfə vermişdi. Onlar konseptuallıq, nəzəriyyə, sistemləşmə baxımından daha üstün idilər deyə, tarixi cəhətdən də bizi qabaqlamışdılar. Məgər, Füzulinin "Leyli və Məcnun"  poeması, Şah İsmayıl Xətainin "Dəhnamə" poeması pyes janrının xüsusiyyətlərinə uyğun gəlmirdimi?! M.F.Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər dramaturqlarımız dünya ədəbiyyatını və klassik Azərbaycan ədəbiyyatını yaxşı əxz etdiklərindən pyes janrında uğurlu əsərlər qələmə aldılar. Onlar pyes yazmaqla novatorluq sərgiləmədilər, qətiyyən! Onlar Azərbaycan həyatını, Azərbaycan insanının ruh və psixikasını dramaturgiyaya uyğunlaşdırmaqla novator sənətkara çevrildilər. Məsələ "hansı" janrda yox, o janrda "nə" və "necə" yazmaq idi. Çünki dünyada pyes yazmaq ənənə artıq kifayət qədər yayılıb-möhkəmlənmişdi.

Uzun sözün qısası, həm komediya, həm faciə, həm dram janrlarında müxtəlif pyeslər yazıldı. Bu pyeslər teatr səhnəsində sərgiləndi, xalqın yaddaşına hopdu. Estetik zövqün formalaşmasında həmin tamaşaların rolu böyük oldu.

Bəs XXI əsrin bu günündə niyə o novatorlar yetişmədi? Bəlkə, o novatorların yetişməsinə şərait yaranmadı, yaxud müəllifləri görməzdən gəldilər? Teatr və yazıçılar arasında əlaqəmi itdi? Teatrlar dəfələrlə səhnələşdirilmiş pyeslərlə kifayətlənməyi üstün bildilərmi? Yoxsa klassiklərin problemləri aktuallığını itirmədi deyə tamaşalar da repertuardan düşmədi? Məşhur sualı təkrarlasaq, kimdir müqəssir?

Hamımız müqəssirik, məmə yeyəndən pəpə deyənəcən, hamımız. Bağçadakı tərbiyəçidən tutmuş evdəki ağsaqqalımıza qədər, televiziyadakı müxbirimizdən tutmuş bazarda alma satanımıza qədər, hamımız bunda müqəssirik. Amma hamımızdan daha müqəssir teatrlar və yazıçılardır. 
Teatrların repertuarı işlənmiş mövzularla, keçmiş pyeslərlə doludur. Təbii ki, onlar da olmalıdır. Amma bu gün böyük bəstəkarımız Üzeyir Hacıbəylinin, nə az-nə çox, üç səhnə əsəri bir teatrın repertuarındadırsa, vay bizim qələm əhlinin, vay bizim teatrların halına! Əgər hər il bir teatrın mövsümü eyni tamaşa ilə açılıb, eyni tamaşa ilə bağlanırsa, yenə vay! Səhnədə məişət söhbətləri hakim mövqedərdirsə, yenə vay! Yeni nəsə eləmək istəyən növcavanlara ağız büzürüksə, yenə vay! Müasir müəlliflər dramatik növdə yazmağa meyilli deyillərsə, yenə vay!

Yəqindir ki, bu problemlərin də çıxış yolu var. Az da olsa, pyes yazan gənc yazıçılar var. Amma bu say teatra yeni nəfəs gətirmək üçün kifayət eləmir. 

Əli Əmirlinin dramaturgiya ilə bağlı ustad dərsləri "Ulduz" jurnalında və "525-ci qəzet"də yayımlanır. Nə fayda? Bu məqalələr nə qədər kütləyə xitab edə bilir? Mən mütəmadi gənc yazarlarla ünsiyyətdə oluram. Onların bu yazılardan xəbərləri yoxdur və buna görə təkcə onları günahlandırmaq olmaz. Həm də bu, işin bir tərəfidir, əsas şərt isə budur ki, dramaturgiyanın inkişafı üçün uyğun mühit, sağlam rəqabət lazımdır.
Xalq yazıçıları Elçin, Kamal Abdulla, usta dramaturq Əli Əmirli, digər pyes yazanlar, ədəbiyyata yaxşı bələd olan rejissorlar - Cənnət Səlimova, Əsgər Əsgərov, Azərpaşa Nemətov, Bəhram Osmanov, Mərahim Fərzəlibəyev və adını çəkmədiyim başqa bilicilər tərəfindən dram kursları təşkil olunmalı, gənc qələm əhlinə "Pyes necə yazılır?", "Pyesin əsas komponentləri nələrdir?" mövzularında mühazirələr oxunmalıdır. Kursun nəticəsi kimi gənclər pyeslər yazmalı, müsabiqələr təşkil olunmalı, rəqabət mühiti yaranmalıdır. Yazılan pyeslərə teatr səhnələrində yaşıl işıq yandırılmalıdır. Elə olsa, gənc qələm əhli pyesinin səhnələşdirilməsi üçün öz üzərində daha çox işləyər, daha çox axtarışda olar.

Yalnız bu yolla teatr yeni fikir, yeni ab-hava, yeni tamaşaçı qazana bilər. Bu günün mövzusu, bu günün problemi incəsənətlə vəhdətdə olmalıdır. Bəşəri problemlərə toxunmaq, sətiraltı mənalara varmaq lazımdır. Teatr bu gün suyun üzündədir, dərinliyə baş vurmağın çıxış yolu yeni ideyalarla dolub daşan beyinləri dramaturgiyaya cəlb etməkdir.

Eynilə, söylədiklərim məsələlər gənc bəstəkarlara da aiddir. Pyesə musiqi bəstələmək ənənəsi, az qala, sıradan çıxıb, unudulub. Halbuki ölkəmizdə bu işin texnikasına bələd olan adamlar var. Ümumiyyətlə, bu sahədə "xammal"ımız həddindən çoxdur, istifadə edilmir deyə məhv olur.
Teatr Xadimləri İttifaqı, AMEA-nın Ədəbiyyat İnstitutu, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdində yeni yaranan Yaradıcılıq fakültəsi... Bu işi öhdəsinə götürməyi bacaracaq çox qurum var. Mən inanıram ki, bu yazıdan sonra nələrsə etməyə çalışacaqlar.

Hələ qeyd etmədiyim bir çox məsələ var. O məsələlərin də üzə çıxması üçün bu gündən etibarən "525-ci qəzet"də "Dirilin, teatr naminə..." adlı rubrika oxucuların görüşünə gələcək. Rubrika çərçivəsində pyes yazan azsaylı müəlliflərlə söhbətlər, bu məsələ ilə bağlı məqalələr, müxtəlif fikirlər sizlərə təqdim olunacaq. Bu yazımın həmin rubrikanın müqəddiməsi kimi qəbul edilməsini istərdim.

P.S. Mövzu polemikaya açıqdır, bununla bağlı əks fikirləri də dərc etməyə hazırıq. Əsas odur, sadalanan problemlərin aradan qalxmasına bir köməyimiz dəysin: "Dirilin, teatr naminə..."
 

 





19.01.2022    çap et  çap et