525.Az

Avropa milyonlarla işçi qüvvəsi axtarır


 

ASİYA İSƏ MİLYONLARLA İŞÇİ QÜVVƏSİNİ İTİRİR

Avropa milyonlarla işçi qüvvəsi axtarır<b style="color:red"></b>

Avropa Birliyinin mərkəzində yerləşən Almaniya dünyada ən güclü iqtisadiyyata sahib dördüncü ölkədir. İki Dünya müharibəsini başladan, hər ikisindən məğlub çıxan bu ölkə bu gün göz oxşayan mənzərələri, rifah səviyyəsi və iş imkanları ilə Asiyanın ən kasıb ölkələrindən, üçüncü dünya ölkələrindən ucuz işçi qüvvəsi yığaraq iqtisadi böyüməni təmin etməyə çalışır. Bu işi yetərincə planlı və proqramlı aparan Almaniyanın öz məqsədlərinə çatacağına heç şübhə yoxdur. Ötən illərdə də bacarıqlı işçi qüvvəsini ölkəyə toplayan alman hökumətinin bu sahədə apardığı siyasəti yeni qurulmuş hökumət də davam etdirməkdədir. Ölkə iqtisadiyyatını daha da gücləndirmək üçün nəinki bacarıqlı işçi qüvvəsi, həm də yalnız müəyyən səviyyədə alman dilini bilən insanlar da ölkəyə işçi kimi dəvət edilir. İşi isə dövlət öz hesabına öyrədir. Sən, yetər ki çalışmaq istədiyin peşəni seç və peşə təhsili al.

Məsələn, 2022-ci il üçün Almaniya 4 min avro maaş vədi ilə 1,5 milyon işçi qüvvəsi axtarır. Bu qüvvə də yenə inkişaf etməkdə olan, kasıb, əhalisinin işsizliklə mübarizə apardığı ölkələr tərəfindən təmin ediləcək. Heç şübhəsiz, inkişaf etmiş, yaxşı maaş, dolanışıq, haqq-hüquq, rifah səviyyəsi, tibbi və həyat sığortası vəd edən bir Avropa ölkəsində yaşamaq çoxlarının arzusudur.

Qeyd edək ki, kənar ölkələrdən işçi alacaq Avropa ölkəsi təkcə Almaniya deyil. Kanada, Hollandiya, İngiltərə və digər bir çox ölkələr də ofisiant, TIR, kamaz sürücüsü, elektrik, tibb işçisi, yaşlı və uşaq baxıcısı kimi bir sıra sahələrdə bilik və bacarığı olan, həmçinin, dil bilgisinə sahib insanları ölkəyə dəvət edir. Bunlar arasında ən sadə şərtləri Almaniya tətbiq etdiyi üçün diqqət mərkəzində olan da daha çox bu ölkədir.

Bəs necə olur ki, Avropa ölkələrində kənardan işçi qəbul etmək məcburiyyəti yaranır?

İqtisadi inkişaf prosesini başa vurmuş inkişaf etmiş ölkələr artıq iqtisadi artımda maraqlıdırlar. İnkişaf etməkdə olan ölkələrin ilkin iqtisadi hədəfi regionların da metropolislər kimi ölkə iqtisadiyyatına qatqısını təmin etməkdirsə, inkişaf etmiş ölkələr artıq bu mərhələni keçib və ümumi iqtisadi böyüməni təmin etmək üçün ucuz, hər sahədə işləməyi bacaran işçi qüvvəsinə ehtiyac duyur. Regional inkişafı tamamlamış bu ölkələrin məqsədi artıq iqtisadi böyümə uğrunda mübarizəyə başlamaqdır. Bunun üçün də hər bir ölkəyə yetərincə ucuz işçi qüvvəsi lazımdır. Alman xalqı isə öz ölkəsində ucuz işçi qüvvəsi olaraq çalışmaq istəmir.

Bunun səbəblərindən biri də həmin ölkələrdə əhalinin həm sağlamlığının, həm maddi rifahının, bütün hüquq və azadlıqlarının dövlət tərəfindən tam təmin olunması ilə bağlıdır. Demək olar ki, artıq alman xalqı ofisiantlığı, uşaqlar və yaşlı adamlara baxıcılığı, tibb bacılığını özlərinə uyğun peşə olaraq görmür. Çünki bu sahələrin maaşı bu insanların həyat səviyyəsinə uyğun deyil, yaxud aldıqları işsizlik müavinətləri ilə bu peşələrin qazancları demək olar ki, başa-baş gəldiyi üçün bu işlərdə çalışmağa maraq göstərmirlər. Həmçinin, əhalinin böyük bir hissəsini yaşlı nəslin təşkil etməsi də bu məsələdə böyük rol oynayır. Son illər bütün xırda işləri başqa ölkələrdən gəlmiş insanlar icra edir.

Nəticə olaraq milyonlarla insan bu ölkədə minimumun altında maaş alsalar da, yenə bu qazancla gündəlik həyatlarını təmin edə, daha yaxşı tibb, təhsil və həyat səviyyəsinə sahib ola bilirlər. Məhz bu səbəbdən də ətraf ölkələrdən, həmçinin, ölkəmizdən də yüzlərlə, minlərlə bacarıqlı insan bu ölkələrə işçi qüvvəsi kimi axın etməkdədir.

Hazırda ölkəmizdəki gənclər arasında da qoyduğu iş və təhsil şərtlərinə görə Almaniyaya üz tutmaq düşüncəsi böyüməkdədir. Şübhəsiz ki, biz Almaniya kimi böyük iqtisadiyyata sahib olsaydıq, universiteti bitirən gənclərimiz regionlarda iş tapa bilsəydi və sair səbəblər müəyyən standartlarda olsaydı, bu gün başda tibb təhsili alan gənclər olmaqla, bir çox sahədə çalışan işçi qüvvəsini itirməzdik.

Bu hadisənin gələcəkdə ölkəmizin iqtisadiyyatına fəsadsız ötüşəcəyini iddia edə bilmərik. Bəlkə Avropada yaşamaq, təhsil almaq və çalışmaq şansı qazanmış bu gənclər gələcəkdə vətənə qayıdaraq burada da bir çox işlərə imza atacaqlar. Amma bu, bir ehtimaldır. Reallıq isə ölkəmizin əsas işçi qüvvəsi olan gənc və savadlı kadrların böyük əksəriyyətinin ilk şansda Avropaya üz tutmasıdır. Nəticədə ölkəmizdə onsuz da regionlardan mərkəzə axın edən işçi qüvvəsi indi də xaricə üz tutur. Bu da gələcəkdə istər kənd təsərrüfatı, istər kiçik və orta sahibkarlıq subyektlərində çalışanlara tələbatı artıracaq. Amma biz bütün bunları təhlil edib nəticə çıxarmaqda, nədənsə gecikirik.

Regional inkişafdan, ölkəmizdə çatışmayan bir çox məsələdən danışanda çoxlu bəhanələr tapırıq: "Hələ gənc, kövrək ölkəyik", "Əhalisi az olduğuna görə tələbat da aşağıdır və buna görə ölkədə iş qurmaq elə də böyük qazanc gətirmir" və s.

Bəs necə oldu ki, iki Dünya müharibəsindən məğlub çıxmış, bütün şəhərləri, abidələri dağılmış, zəifləmiş Almaniya 1945-ci ildən bu yana, bir əsrdən də az bir vaxtda dünyanın ən güclü dövlətlərindən birinə çevrildi? Əgər bu sualın cavabını siyasi və coğrafi mövqe müstəvisindən yox, məhz daxili iqtisadi siyasət modeli səviyyəsində izah edə bilsək, yəqin ki, regional inkişafın təmin olunması ilə bağlı bir sıra məsələlərdə müəyyən nəticələr əldə edə bilərik.

Almaniyanın cəmi beş min əhalisi olan sahil qəsəbələri, kəndlərində belə insanlar üçün xəstəxana, restoran, kinoteatrlar, əyləncə mərkəzləri, ələlxüsus "Made in German" məhsulları istehsal edən qlobal markaların istehsal müəssisələri var. Bunların da regional inkişafın birinci şərti olduğunu deyə bilərik. Hər bir əyalət fərqli sahələrdə sənaye və texnologiya mərkəzinə çevrilib və əhalinin rifah içində yaşaması üçün bütün mədəni addımlar tamamlanıb. Bizə tanış olan "Adidas"dan BMW-yə qədər, hələ adını bilmədiyimiz yüzlərlə böyük marka sahibi olan Almaniyanın bugünkü rifahının səbəbi bu markaların keyfiyyət səviyyəsini qoruyaraq dünya bazarında tanıtması oldu.

Bu gün ixracat partlayışı yaşayan Almaniyada işsizlik səviyyəsi cəmi üç faizdir.

Nə yeraltı təbii sərvəti, nə transport limanları olan Almaniyanın təkcə 2020-ci il büdcəsində 50 milyard avro artıq gəlib.

Bu uğurun əsas səbəblərindən biri iqtisadi siyasətin ölkəni sənaye və texnologiyanın mərkəzinə çevirmək üçün qurulmasıdır. Heç təsadüfi deyil ki, Almaniya sənaye inqilablarının mərkəzlərindən biri olub. Bu gün Dördüncü Sənaye İnqilabının başlanğıcındayıq və Almaniya həm öz əhalisi arasında güclü kompüter mühəndisləri yetişdirir, həm də dünyanın hər yerindən diplomunun olub/olmamasına baxmadan, bu sahədə bacarığı olan insanları yüksək maaşla ölkəyə dəvət edir.

Digər tərəfdən, əhalinin ümumi psixologiyası, illərlə insanların gündəlik rutin həyatlarına hopmuş vərdişlərin də ümumi rifahın yüksəlməsində rol oynadığı bir reallıqdır. "Alman dəqiqliyi" anlayışı bütün dünyada yayılmış bir deyimdir. Öz həyat rutinlərini dəqiqlik üzərinə qurmuş bir mədəniyyətə sahib xalqın istər elmdə, istər kimya sənayesində, istərsə də texnologiyada yüksəlməsi təsadüfi ola bilməz. Çünki uğurun açarı çalışqanlıqdır.
Ümumi ölkə səviyyəsində baxsaq, dövlətin öz insanına güvənməsi, vergi sisteminin güclü və sərt olması, bununla paralel insanların minimum ehtiyaclarının düzgün hesablanıb minimum əməkhaqqının buna görə təyin edilməsi, hərbi mərkəzlərə, silahlanmaya böyük məbləğlərin ayrılmaması və sair bir sıra faktorlar bu gün bu Avropa ölkəsinin iyirmi il arayla iki Dünya müharibəsindən məğlub çıxmasına baxmayaraq, sürətlə yüksəlməsinin səbəbləridir.

İqtisadiyyatda və inkişafda heç bir şey təsadüfi deyil. İqtisadi inkişaf milli gəlirin artması ilə yanaşı, sosial, mədəni, institusional və sair kimi inkişafı özündə birləşdirən çoxşaxəli prosesi ifadə edir. Ölkə vətəndaşlarının daha yaxşı həyata, rifah səviyyəsinə yüksəlməsi iqtisadi inkişafın nəticəsidir.
Coğrafi zənginlik bəzən bir xalqın ən böyük bəlasına çevrilə bilir. Amma yürüdülən iqtisadi inkişaf planının dəqiqliklə icra olunması və əhalinin təhsil, rifah səviyyəsinin yüksəlməsinə önəm verməyin ən kasıb torpaqlara sahib olan ölkələri necə güclü və zəngin etdiyini də görürük.
 

 





19.01.2022    çap et  çap et