525.Az

UNEC-də qış imtahan sessiyası: şəffaflıq və obyektivlik yenə də ön planda


 

UNEC-də qış imtahan sessiyası: <b style="color:red"> şəffaflıq və obyektivlik yenə də ön planda</b>

Yanvarın 5-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasına start verilib. Fevral ayının 2-dək davam edəcək imtahanlarda ümumilikdə bakalavr səviyyəsi üzrə 14483 tələbənin iştirakı nəzərdə tutulub. Onlardan 12462 nəfəri əyani, 2021 nəfər isə qiyabi təhsil alan tələbələrdir. Qış imtahan sessiyasında magistratura səviyyəsində təhsil alan ümumilikdə 3881 magistrın imtahanlarda iştirakı planlaşdırılır. Onlardan 430 nəfəri Magistratura Mərkəzi üzrə, 2161 nəfəri MBA proqramı üzrə, 1290 nəfəri isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində təhsil alan magistrlardır.    

UNEC-in Zaqatala filialı üzrə isə ümumilikdə 1268 tələbənin imtahanda iştirakı nəzərdə tutulub. Onlardan 760 nəfəri əyani, 508 nəfəri isə qiyabi təhsil alanlardır. 

UNEC rektoru, professor Ədalət Muradov deyir ki, əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir: "Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir. Mən əminəm ki, UNEC tələbələri tədris müddətində qazandıqları biliklərlə daha da əzmlə çalışacaq və imtahanlarda ən yüksək nəticəni göstərəcəklər. Tələbələrin uğurları əzizlərinə və müəllimlərinizə bəxş etdiyi ən gözəl hədiyyə olacaqdır. UNEC tələbəsinin hər zaman olduğu kimi, bu dəfə də öz bilik və savadı ilə üstünlüyünü nümayiş etdirəcəyinə inanıram. Hər bir tələbənin biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimizi yenə də qoruyacağıq".

UNEC İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayevin sözlərinə görə, 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasında bakalavriat səviyyəsində qabiliyyət tələb edən fənlər istisna olmaqla, digər fənlər üzrə bütün imtahanlar test üsulu ilə keçirilir. İmtahanlarda tələbələrə 50 sualı cavablandırmaq üçün riyazi fənlər üzrə 80 dəqiqə, xarici dildə işgüzar və akademik kommunikasiya fənləri üzrə 100 dəqiqə (qiyabidə 60 dəqiqə), qalan fənlər üzrə isə 60 dəqiqə vaxt verilir. Test sualları tələbələrə təqdim edilən fənlərin siyahısı gələn həftə ərzində şəxsi kabinetlərə göndərilir. Magistratura səviyyəsində isə bütün fənlər üzrə imtahanlar yazılı üsulla keçirilir.

Hər sessiya dövründə olduğu kimi, bu il də imtahan prosesində tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə qərargahlar fəaliyyət göstərir. Yarana biləcək məsələlərlə əlaqədar tələbələrin onlayn qaydada apellyasiya komissiyasına müraciət etmələri üçün müvafiq şərait yaradılıb. Həmçinin, imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbələrin onlayn qaydada apellyasiya komissiyasına müraciət etmələri üçün müvafiq şərait yaradılıb. 

Sessiya müddətində, ikinci imtahan həftəsindən başlayaraq, hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin  iştirakı ilə rektorun "Açıq qapı" günləri keçirilir. "Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin müraciətləri dinləniləcək.

Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və rəsmi feysbuk səhifəsi tərəfindən müraciətlər operativ şəkildə cavablandırılacaq.

Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları axşam saat 22:00-dək işləyir. Həmçinin, tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb. 

Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. UNEC-in İctimai Nəzarət Şurasında millət vəkilləri Etibar Əliyev, Hikmət Babaoğlu, Arzu Nağıyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "Təhsil Şurası" İctimai Birliyinin sədri, professor Hikmət Əlizadə, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva təmsil olunurlar.

Bu günlərdə UNEC İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişini müşahidə ediblər. Şura üzvləri UNEC-in əsas tədris binasında, həmçinin, texniki və texnoloji ixtisasların tədris olunduğu 3 saylı tədris binasında imtahan prosesinin monitorinqini aparıblar. Tələbələrin imtahan suallarını elektron qaydada sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu müşahidə ediblər. 

Millət vəkili Etibar Əliyevin sözlərinə görə, UNEC-də tətbiq olunan imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir: "Müşahidələr göstərdi ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür və biz əminliklə söyləyə bilərik ki, bu nümunə universitetdə təhsilin keyfiyyətinə də öz təsirini göstərir. Mən imtahanlarda obyektivlik və şəffaflığın təmin edilməsini yüksək qiymətləndirirəm. Müşahidələrimizi təhlil edəndə görürük ki, UNEC hər dəfə ötən illə müqayisədə qarşıya qoyduğu hədəfə doğru daha da inamla irəliləyir. Tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, bu ali məktəbdəki elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhfəsini verəcəkdir".

Millət vəkili bildirib ki, UNEC-də tələbələrin ixtiyarına verilmiş ənənəvi kitabxana ilə yanaşı, həm də elektron kitabxana özünəməxsusluğu ilə seçilir və tələbələrin mütaliəsi üçün yetərli kitab fonduna malikdir: "Tələbələr üçün yaradılmış yüksək şəraitə görə UNEC rəhbərliyinə təşəkkür edirəm.  Əsas məqamlardan biri kimi qeyd etmək istəyirəm ki, tələbələrlə universitet rəhbərliyi arasındakı səmimi münasibət təqdirəlayiqdir. Gəldiyimiz qənaət budur - UNEC rəhbərliyi təhsilin keyfiyyətinin yaxşılaşdırılması, mütəxəssis hazırlığı üçün zəruri olan bütün tələbləri əzmkarlıqla yerinə yetirməyə çalışır".

"Təhsil Şurası" İctimai Birliyinin sədri, professor Hikmət Əlizadə bildirib ki, UNEC-də imtahan sessiyası obyektiv və şəffaf təşkil edilir: "Universitetlər cəmiyyətin aparıcı qüvvəsidir. Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. Mən dəfələrlə imtahanlarda iştirak edib prosesi izləmişəm. İmtahanlarda tətbiq edilən proqram təminatından çox razı qalmışam. Bu sistem neqativ halların qarşısının alınmasına imkan yaradır. Tələbə imtahanın sonunda öz nəticələrini kompüterdə görə bilir. Sistemə heç bir kənar müdaxilə mümkün deyil. UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır. Sessiya dövründə keçirilən "Açıq qapı" günlərində şura üzvlərinin iştirakı çox mühüm amildir. İmtahan prosesinin ictimaiyyətə açıq keçirilməsini müsbət hal kimi dəyərləndirirəm. Bu, tələbə biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsində çox önəmli amildir. Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə qeyd edib ki, sessiya müddətində hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən rektorun "Açıq qapı" günlərində tələbələrin müraciətləri dinlənilir və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı göstərişlər verilir.  Bəzi məsələlər isə yerindəcə həll olunur: "Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir". 

Sevinc QARAYEVA

 





19.01.2022    çap et  çap et