525.Az

Onuncu uşaq və yaxud "Persona non qrata" - Kamran Nəzirli yazır


 

DOKTOR RƏŞAD MAHMUDOVA DOĞUM GÜNÜ TƏBRİKİ

Onuncu uşaq və yaxud  "Persona non qrata" -<b style="color:red"> Kamran Nəzirli yazır</b>

Düz 48 il bundan öncə Şərqiyə Ana ONUNCU uşağın gələcəyini bildirəndə həddi-büluğa çatmış qızıldan ağır qızları buna qəti etiraz etdilər. Bacılar uşağın dünyaya gəlməsini istəmirdilər. "Ana, ayıbdı, nə deyərlər? Tələbə yoldaşlarımız bizi lağa qoyacaq..." Ana bir qulağını yel elədi, bir qulağını yağış, yolda gələni bütün varlığıyla arzuladı, kəsə və qətiyyətlə dedi:

- Yox! Mən onu dünyaya gətirəcəm! O, dünyanın ən gözəl, ən xeyirxah və ən ağıllı UŞAĞı olacaq!

Beləcə, ana-atadan başqa evdə əvvəlcə heç kimin arzulamadığı "Persona non qrata" dünyaya gəldi... və xoş gəldi, adına Rəşad dedilər. Rəşad Mahmudov... Ana duası, ata alqışı Göyə də, Yerə də tez çatır. Və çox keçmədi ki, uşağın gözlərindəki işıq, üzündəki nurlu, məsum təbəssümü hamını sehirlədi; yerişi, duruşu, gülüşü, dil açması, israrla erkən yaşlarında məktəbə getməsi, qeyri-adi maraqları və zəkası bacı-qardaşlarını, doğmalarını, yaxınlarını, məhəllə uşaqlarını, məktəbini heyrətə gətirdi, onu sevimli seçilmişlərdən etdi.

Şərqiyə ananın fəhmi və ONUNCU uşağının gələcəyi haqqında pak niyyətlə söylədikləri düz çıxdı; Allahdan övlad üçün ana qəlbinin dilədiklərini ONDAN başqa heç kim yaxşı duya bilməz! Və O da duydu, eşitdi, gördü...

İndi həmin Onuncu Uşağın 48 yaşı var, ona hər yerdə "Doktor Rəşad" deyə müraciət edirlər; heç kimə bənzəmir, bənzərsizdir Rəşad Mahmudov... Onun xeyirxah əməlləri sayəsində dünyanın işığı bir az da artır; ağlının, zəkasının, insanlığının, mərhəmətinin, zəhmətinin, iradəsinin, gücünün dəyəri ölçülməzdir. Xalqlar, millətlər, ümumiyyətlə, bəşəriyyət belə nadir insanların şöhrətli əməyi və əməli üstündə dayanır. Belə adamların həyatı başdan-ayağa döyüşdür, çarpışmadır, mübarizədir, insanlığın sağlam yaşaması uğrunda mücadilədir. Bu gün onun şəfa verdiyi adamların sayı-hesabı bilinmir, həyata qaytardığı uşaqlar, cavanlar, yaşlılar... minlərlədir. Təmizliyini, həlim xasiyyətini, verdiyi sözə sədaqətini, dürüstlüyünü, ən əsası isə Vətənə, xalqa, dövlətə vicdanla və fədakarlıqla xidmət etdiyini demək artıqdır. Onunla yalnız qürur duymaq olar! 

Mən bu qısa "təbrik mətni"ndə fəxarət hissiylə söz açdığım dostum, qardaşım, əzizim Rəşad Mahmudova yalnız cansağlığı arzulayıram. Onun sağ-salamat olması ailəsi, əzizləri, el-obası və bütün xalqımız üçün çox vacibdir. Qoy yeni başlanan 2022-ci il ona həm də daha böyük güc, enerji, səbir, iradə və ilham gətirsin!

Doğum günün mübarək olsun, Allahın və bəndənin istədiyi doğma Adam!

Bakı, 18 yanvar 2022-ci il  
 

 





19.01.2022    çap et  çap et