525.Az

Həyatımın ilk çiləkəni - Ədalət Tahirzadə yazır


 

ONU BİLQEYİS XANIM DADAŞZADƏ ARADAN QALDIRMIŞDI

Həyatımın ilk çiləkəni -<b style="color:red"> Ədalət Tahirzadə yazır</b>

Allaha həmd olsun ki, həyatımdakı bütün çiləkənləri gözəl insanların sayəsində təmizləyə bilmişəm. 

Bilirsinizmi "çiləkən" nədir? Azərbaycan şivələrində o, adətən, axar suyun qarşısına düşüb hərəkətsiz qalan və ətrafına başqa axıntıları da yığıb suyun qabağında sədd yaradaraq onun axmasına əngəl törədən kötüyə, çör-çöpə və sairə deyilir. Çaylarda, arxlarda suyun rahat axması üçün onların çiləkənini təmizləmək gərəkdir, yoxsa qarşısı kəsilmiş su daşıb yönünü dəyişə bilər.

İnsan həyatı da daim axmaqda olan suya, çaya bənzəyir. Həyatda bəzən qarşımıza elə çiləkənlər çıxır ki, onları aradan qaldıra bilmədikdə ömrümüzün on-on beş ilinin, hətta bəzən hamısının axarı dəyişir - həm də mənfi yönə. Elə çiləkən olur ki, onu özün təmizləyə bilirsən, eləsi də olur ki, qarşısında aciz qalır və hökmən kimdənsə yardım ummalı olursan. Bu yazıda öz həyatımın ilk ciddi çiləkəni və onu aradan qaldıraraq sonrakı yaşamımı normal axara yönəltmiş xeyirxah bir insan haqqında danışacağam. 

***

1969-un avqustu idi. Sənədlərimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə vermişdim. Təxminən yarım ay öncə bu ali məktəbin jurnalistika fakültəsinin qiyabi şöbəsində iki "5", bir "4" və bir "3" alaraq müsabiqədən keçməmişdim (yalnız redaksiya və nəşriyyatlarda işləyənləri götürmüşdülər). "3"ü xarici dildən elə-belə vermişdilər, çünki orta məktəbdə heç bir əcnəbi dil keçməmişdim, attestatımda da bu fəndən qiymət yoxdu.

Filologiya fakültəsində də qəbul imtahanlarım uğurla gedirdi. İlk iki imtahandan "5", üçüncüdən "4" almışdım. Hər imtahandan sonra qəbul komissiyasına yanaşır və komissiyanın katibi işləyən, üzündən nur yağan bir qadından qiymətlərimi öyrənirdim. Görünür, nimdaş üst-başıma və yaxşı qiymətlərimə görə məni yadında saxlamışdı. Üçüncü qiymətimi öyrəndiyimdə məndən soruşdu ki, sonuncu imtahana - xarici dilə də hazırsanmı? Bildirdim ki, yox, çünki orta məktəbdə keçməmişik. Dedi ki, onda sənə mexaniki "3" yazacaqlar və 17 balla universitetə girə bilməyəcəksən. Soruşdu ki, universitetdə heç tanışın-filanın varmı? Dedim ki, ümumən Bakıda kimsəm yoxdur. Atam kasıb kənd müəllimidir, bir aydır, məni Bakıda qoyub gedib, Təzə bazarın alt tərəfindəki yəhudi evlərində günü iki manata qalıram.

Fikrə gedib üzümə xeyli baxdı. Dedi ki, belə savadlı uşağın qıraqda qalması heyifdir. Bala, hansı xarici dildən imtahan verə bilərsən? Qayıtdım ki, heç birindən, ancaq fars dilində yazıb-oxumağı cüzi bacarıram. Buna sevindi. Onun da məsləhəti ilə fars dilindən imtahan verməli oldum. Tapşırdı ki, filan gün filan saatda bura gəl. Mənə ürəyi yanan bu xeyirxah insanın adını soruşdum, "nəyinə lazımdır?" deyə gülümsəyib başından etdi. Başqasından öyrəndim ki, adı Bilqeyis xanımdır. Dediyi vaxtda yanına getdim. Gördüm ki, yaşlı bir kişi ilə danışır. Məni ona göstərdi: "Şəfai müəllim, bu uşaqdır. "4" almasa, keçmir". Kişi başı ilə razılıq verdi, üzümə diqqətlə bir qədər baxıb getdi. O aralanandan sonra Bilqeyis xanımdan öyrəndim ki, həmin kişi məndən imtahan götürəcək fars dili müəllimi Əhməd Şəfaidir (1912-1993). Onu sonralar əsla görmədim.

Nə isə, fars dilindən imtahan verdim. Əhməd Şəfai məni vəziyyətdən çıxarıb "4" yazdı. Bu "4" də taleyimi həll etdi - Bilqeyis xanımın sayəsində universitetə girdim! Doğrudur, tələbə bileti alandan sonra 5 il qrup başqanı, əlaçı oldum, universiteti fərqlənmə diplomu ilə bitirdim, ancaq bunların heç biri 1969-cu ildə Bilqeyis xanımın mənə bağışladığı 1 balsız mümkün olmayacaqdı! O 1 bal olmasaydı, bəlkə də həyatım bütünlüklə bəlirsiz, qaranlıq bir məcraya yönələcəkdi, ancaq Bilqeyis xanım o çiləkəni mənim qarşımdan götürdü və həyatımı uğurlu səmtə yönəltdi.

O zaman öz-özümə çox düşündüm - bu qadın məni ilk dəfə görüb, əslimi-nəslimi tanımır, imkansız birisi olduğuma əmindir, bəs niyə mənə bu yaxşılığı edir, niyə məndən ötrü başqasına ağız açır, niyə universitetə hökmən girməyimi istəyir? Axı onu bu yaxşılığa məcbur edəcək heç nə yoxdu! Çox-çox sonralar - özüm də müəllim işləyərkən anladım ki, onu mənə yardıma yönəldən böyük qüvvə varmış - insaf, mürüvvət, ədalət, istedadlı millət balasına qayğı hissləri! Lap qısaca desək - İNSANLIQ!

Oxumağa başlayarkən hökmən onun yaxşılığının əvəzini vermək haqqında düşünürdüm. Ancaq necə? Pullamı? Axı o, mənim kasıblığımı bilirdi və əsla qanadını buna görə üstümə gərməmişdi; pul adı çəksəydim, bəlkə də məni təhqir edərdi, gözündən düşərdim (guya verəcək pulum da vardı ki?). Atamla çox düşündükdən sonra ona Qəbələ sovqatı verməyi qərara aldıq. Alma, şabalıd və başqa meyvələrin ən seçmələrindən bir çamadan yığıb yanına apardım. Çox sərt qarşıladı. Götürməkdən qəti imtina edirdi. Uzun yalvar-yaxarımdan sonra yumşaldı, razılaşdı. Nə qədər gözütox insanmış!

Sonralar öyrəndim ki, akademik Məmməd Arif Dadaşzadənin (1904-1975) doğma bacısı imiş. Ancaq fakültədə ona bu səbəbdən deyil, özünün yüksək insani keyfiyyətləri sayəsində hədsiz hörmətlə yanaşırdılar. Yanılmıramsa, "Azərbaycan dilinin tədrisi metodikası" kafedrasında adi laborant kimi çalışırdı, ancaq nüfuzu dekandan heç də az deyildi. Sözünə hamı ehtiramla qulaq asır, əməl edirdi. Əhməd Şəfainin onun sözündən çıxmaması ona bu sayğının universitet miqyasında olduğunu göstərirdi (Şəfai şərqşünaslıq fakültəsinin müəllimi idi). 

Beş illik tələbə həyatımda uğurlarım çox oldu. Onları himayəsiz bir tələbə olaraq yalnız öz gücümə qazandığımı, hətta ona da yardım üçün ağız açacaq birisi olmadığımı gördüyü üçün mənə rəğbət bəsləyir, məni bəzən yanındakılara qürurla "oğlum" deyə təqdim edirdi. Əlbəttə, mənim də ona ehtiramım böyükdü.

1974-cü ildə universiteti bitirdim. Sonralar haradasa qarşılaşıb-qarşılaşmadığımızı indi xatırlaya bilmirəm. Ancaq yaxşılığı buçağatan əsla yadımdan çıxmayıb. Və həyatımın aradan keçən bu 48 ilində yalnız iki nəfərə bənzəməyə çalışmışam - Bilqeyis xanım Dadaşzadəyə və sevimli müəllimim Məmməd Cəfər Cəfərova (1909-1992). Bilqeyis xanıma mənim üçün xeyirxahlıq mücəssəməsi olduğuna, Məmməd Cəfər müəllimə isə təsvirəgəlməz alicənablığı, insan şəxsiyyətinə sonsuz hörməti və hədsiz sadəliyinə, təvazökarlığına görə. Bir insan və müəllim olaraq indiyədək onları özümə etalon götürmüş, tələbələrimlə onlar kimi davranmağa çalışmışam.

***

Bilqeyis xanım haqqında yazmağı, neçə illərdir, düşünür, ancaq ən müxtəlif səbəblər üzündən günü günə satırdım. İş burasındadır ki, onun haqqında bilgim yox dərəcəsində idi. BDU-nun filologiya fakültəsinin bir çox müəllimlərindən məlumat toplamağa çalışmış, yalnız hörmətli professor İfrat xanım Əliyevadan yardım ala bilmişdim. İfrat xanım Bilqeyis xanımın yaxınlarından aşağıdakı bilgini əldə edərək lütfkarlıqla mənə göndərmişdi:

"Bilqeyis Məhərrəm qızı Dadaşzadə 1906-cı ilin iyun ayında Bakı şəhərində qulluqçu ailəsində doğulub. Ailədə 4 qardaş, 2 bacı olublar. Anasını 1918-ci ildə erməni-müsəlman davasında itirəndə onun 11 yaş vardı və ev işlərində ailənin yükü balaca Bilqeyisin çiyinlərinə düşüb. Qardaşlarının böyüyü, akademik Məmməd Arif Dadaşzadə şərqşünas, tərcüməçi, tənqidçi idi. İkinci qardaşı Cəfər incəsənət sahəsində fəaliyyət göstərib. Üçüncü qardaşı Əbdüləli Tibb İnstitutunda fizikadan dərs deyib. Kiçik bacısı Səyyarə Maliyyə Nazirliyində iqtisadçı işləyib. Kiçik qardaşı Ağarəhim Tibb İnstitutunu 1941-ci ildə bitirib və buraxılış imtahanından sonra cəbhəyə yollanıb. Müharibədən sonra Leninqrad şəhərində Hərbi-Tibb Akademiyasını bitirib və 25 il hərbi həkim kimi çalışıb. 1960-cı illərin əvvəllərində ordu sıralarından tərxis olunub və Bakı şəhərində öncə Qanköçürmə İnstitutunda, sonra Xalq Nəzarəti Komitəsində fəaliyyət göstərib.

Bilqeyis xanım əvvəlcə Pedaqoji İnstitutu, sonra isə 1940-1945-ci illərdə Azərbaycan Dövlət Universitetini bitirib və təqaüdə çıxana kimi orada işləyib. 27 iyul 1991-ci ildə dünyasını dəyişib".

Əlbəttə, bu tərcümeyi-halla adamı ensiklopediyalara salmazlar, ancaq cənnətməkan Bilqeyis xanım Dadaşzadənin adı mənim ömür kitabıma qızıl hərflərlə və həmişəlik yazılıb. Uca Tanrıdan ona rəhmət diləyirəm. Bu yazımla onun ruhunu şad edə bildimsə, nə xoş mənə!

15.01.2022

 





19.01.2022    çap et  çap et