525.Az

Azərbaycan elminin mogikanı - Təhsin Mütəllimov


 

Azərbaycan elminin mogikanı - <b style="color:red"> Təhsin Mütəllimov</b>

Görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq, professor, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsinin müxbir üzvü Təhsin Mütəllimov Azərbaycan elminə, ədəbi fikir tarixinə misilsiz töhfələr verən böyük mütəfəkkir və əvəzolunmaz şəxsiyyətdir. Təhsin Mütəllimovun çoxşaxəli yaradıcılığının iki mühüm istiqaməti daha çox nəzərə çarpır. Bunlardan birincisi həyatının ən unudulmaz illərini sərf etdiyi şərəfli müəllimlik peşəsidir. İkinci istiqamət isə ədəbiyyatşünaslığın və ədəbiyyat nəzəriyyəsinin fundamental təhlillərini verən, dərin elmi araşdırmalara malik olan cəfakeş və istedadlı tədqiqatçının səmərəli alimlik fəaliyyəti ilə bağlıdır.

Hələ1951-ci ildən, Bakı Dövlət Universitetinin filologiya fakültəsində tələbə ikən taleyini bu elm məbədinə bağlayan Təhsin Mütəllimov 60 ildən artıqdır ki, həmin təhsil ocağında çalışır. O, 1961-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb, 1965-1978-ci illərdə dosent, 1978- ci ildən isə həmin kafedranın professoru adınadək şərəfli bir ömür yolu keçib. Azərbaycan elminə, ədəbiyyatşünaslığımıza bəxş etdiyi sanballı tədqiqat əsərlərinə və səmərəli fəaliyyətinə görə alim 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Bacarıqlı və istedadlı pedaqoq kimi Təhsin müəllim bu illər ərzində on minlərlə tələbəyə "Ədəbiyyatşünaslığın əsasları" və "Ədəbiyyat nəzəriyyəsi"ndən maraqlı və yaddaqalan mühazirələr deyib, hər bir tələbənin qəlbində silinməz izlər qoyub. Böyük elmi və nəzəri hazırlığa, dərin mütaliəyə, yüksək mədəniyyətə, intellektual səviyyəyə malik olan bu elm fədaisinin mühazirələrini dinləmək, onun elm xəzinəsindən bir qətrə götürmək hər bir tələbə və aspirantın arzusu olub. Öz peşəsinə hədsiz vurğunluğu, tələbkarlığı, məsuliyyəti, tədris etdiyi fənnin bütün sirlərini tələbələrinə öyrətmək bacarığı Təhsin müəllimi həmişə universitet kollektivinə və böyük tələbə auditoriyasına sevdirib. Hətta kənar auditoriyaların tələbələri də onun dərslərini dinləmək və əxz etmək üçün Təhsin müəllimin mühazirələrinə diqqət kəsiliblər. O, sözün əsl mənasında örnək olan, hamının qəlbində özünə dərin hörmət qazanan boyük insandır. Gəncliyindən müdriklik zirvəsinə çatınca Azərbaycan elminə təmənnasız xidmət göstərən alim saf və təmiz əqidəsi, müdrikliyi, təvazökarlığı, insanlara qayğıkeşliyi ilə də böyük nüfuza sahib bir ziyalıdır. Təhsin müəllimi elmin zirvəsində qərarlaşdıran məhz onun unudulmaz müəllimləri olub. Təhsin Mütəllimov öz müəllimlərini, xüsusilə də gələcək həyat yoluna işıq salan, yol göstərən unudulmaz insan, istedadlı yazıçı, görkəmli alim Mir Cəlal Paşayevi həmişə minnətdarlıq duyğusu ilə xatırlayır. O, tələbəlik illərində və 1959- 1961-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alarkən Mir Cəlal Paşayevin dəyərli məsləhətləri, qiymətli tövsiyələri bağlandığı müəllimlik peşəsində ona uğurlar qazandırıb, seçdiyi elm yolunda müstəsna rol oynayıb. Müəllimliklə yanaşı, elmi fəaliyyətlə də məşğul olan Təhsin Mütəllimov XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Əbülhəsən Ələkbərzadənin yaradıcılığını özünün tədqiqat orbitinə daxil edərək 1961-ci ildə "Ə.Əbülhəsənin bədii nəsri" mövzusunda namizədlik işini, 1975-ci ildə isə "Ə.Haqverdiyevin sənətkarlığı" adlı doktorluq dissertasiyasını uğurla müdafiə edib. Təhsin Mütəllimov Azərbaycan ədəbiyyatının, ədəbi-nəzəri fikrin, klassik və çağdaş ədəbiyyatımızın problemlərindən bəhs edən 200-dən artıq məqalənin müəllifidir. Görkəmli alimin zəngin yaradıcılığında XX əsr Azərbaycan ədəbiyyatının və "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələri Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına həsr etdiyi tədqiqatları xüsusi yer tutur. O, Azərbaycan satirik mətbuatının banisi, böyük demokratik ədib Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr etdiyi "Kədərli gülüş" (1967), "Cəlil Məmmədquluzadənin nəsrində inikas üsulları" (1985), "Cəlil Məmmədquluzadənin təhkiyə üslubu" (1986) və başqa tədqiqatlarında tənqidi realizmin qüdrətli nümayəndəsi Cəlil Məmmədquluzadənin zəngin ədəbi irsini ən incə məqamlarına qədər açmış, yazıçının bədii nəsrinin özünəməxsusluğunun mükəmməl və orijinal təhlilini vermiş, Mirzə Cəlil gülüşünün spesifikasını bütün parametrlərdə təhlilə cəlb etmişdir. Eyni zamanda, XX əsr satirik mətbuatımızın və ədəbiyyatımızın etalonuna çevrilən Cəlil Məmmədquluzadə yaradıcılığının bütün spektrlərini təhlil süzgəcindən keçirərək maraqlı və inandırıcı qənaətlərə gəlmişdir.

Təhsin Mütəllimov Azərbaycan, rus və eləcə də dünya ədəbiyyatının ən mükəmməl nəzəriyyələr sistemini diqqətlə araşdırmış, dərindən mütaliə etmiş, ondan yaradıcılıqla bəhrələnmiş, əldə etdiyi elmi nəticələri həm özünün çoxsaylı tədqiqatlarında tətbiq etmiş, həm də dərs dediyi auditoriyalarda tələbə və aspirantlarına mənimsətməyə müvəffəq olmuşdur. Məhz alimin dərin mühakimələri, elmi-nəzəri mülahizələri əsasında qələmə aldığı dərsliklər, dərs vəsaitləri Azərbaycan ziyalılarının, tələbələrin, tədqiqatçıların daim müraciət etdiyi mötəbər mənbələr kimi həmişə öz əhəmiyyətini və aktuallığını qoruyub saxlayır. Bu baxımdan görkəmli alimin gərgin və səmərəli axtarışlarının nəticəsi kimi yazıb oxucuların ixtiyarına verdiyi "Seçilmiş əsərləri"ndə yer alan "Ustad yadigarı" (ön söz) Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı, "Ziya-Nurlan", (2004), "Dramatik növ". Mir Cəlal, Pənah Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı, "Çaşıoğlu" (2005), "Sənətkar taleyi". BDU. "Dil və ədəbiyyat" jurnalı, Bakı (2005), "İkinci Dünya müharibəsi dövründə bədii nəsr". Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c.1, Bakı, "Bakı Universiteti" nəşriyyatı (2007), "Süleyman Sani Axundov". Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c.1, Bakı, "Bakı Universiteti" nəşriyyatı (2007), "Ə.Əbülhəsən". Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, c.1, "Bakı Universiteti" nəşriyyatı (2007), "Görkəmli nəzəriyyəçi alim". Yazıçı və zaman. Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, "Bakı Universiteti" nəşriyyatı (2008) və s. tədqiqat, məqalə və məruzələri dərin məntiqə, böyük ümumiləşdirmə gücünə və dəqiq faktoloji materiallara söykənən maraqlı araşdırmalardır.

Təhsin Mütəllimovun geniş ədəbi yaradıcılığında onunAzərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələlərinin nümayəndələrinə həsr etdiyi kitabları xüsusi yer tutur. XX əsr Azərbaycan şair və yazıçılarının yaradıcılığının geniş elmi təhlilini verən bu sanballı və mükəmməl tədqiqat əsərlərində müxtəlif janr və üslubda yazıb- yaradan sənətkarların yaradıcılıqlarında nəzərə çarpan mühüm məqamlar, əsərlərinin mövzu, ideya və problematika zənginliyi, onları yetirən ictimai və sosial mühitin ədəbi fəaliyyətlərinə təsiri məsələləri dərin təfəkkür işığında araşdırılır. Alimin bu mühüm keyfiyyətləri və mənəvi dəyərləri özündə ehtiva edən "Ə.Əbülhəsənin yaradıcılığı" (1969), "XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər" (1978), "Sənət qayğıları" (1981), "Əbdürrəhim bəy Haqverdiyevin poetikası" (1988) əsərləri hər bir Azərbaycan oxucusunun, müəllim və tələbənin, tədqiqatçılıq fəaliyyəti ilə məşğul olan elm adamının stolüstü kitabına çevrilmişdir. Ədəbiyyatşünaslığımızın elmi-nəzəri və fəlsəfi mahiyyətinin tərcümanına çevrilən bu əsərlər nəinki bugünkü nəslin tədqiqatçılıq kredosunun meyarı kimi böyük dəyərə və önəmə malikdir, eləcə də bu fundamental əsərlər hələ neçə-neçə nəsillərin araşdırmaçılıq fəaliyyətinin proqram və nizamnaməsi funksiyasının daşıyıcısı missiyasını həyata keçirəcək. Bu tədqiqatlar arasında "Əbdürrəhim bəy Haqverdiyevin poetikası" üzərində xüsusi dayanmaq istərdim. Çünki bu tədqiqat əsəri Təhsin Mütəllimovun geniş erudisiyalı, bacarıqlı, təmkinli, zəhmətkeş bir alim kimi şöhrətlənməsində mühüm rol oynamışdır. Zəngin mənbələr, tarixi sənədlər, arxiv materalları əsasında yazılan bu tədqiqat əsəri Təhsin Mütəllimovun elmi potensialını, araşdırıcılıq bacarığını, dərin ağıla və məntiqi təfəkkürə dayanan təhliletmə məharətini, hadisə və əhvalatlara özünəməxsus tərzdə yozum və şərhlər vermək istedadını aşkarlayan böyük sənət əsəri və çəkinmədən deyə bilərəm ki, Təhsin Mütəllimov yaradıcılığının şah əsəridir. Alim, Əbdürrəhim bəy Haqverdiyevin zəngin və çoxşaxəli yaradıcılığının ən dərin qatlarına enərək elə incə məqamlara, maraqlı nüanslara, hadisə və faktlara istinad edir ki, oxucu bu inandırıcı elmi təhlillərin, fikir karvanının arxasınca getməli olur. Yazıçının rəngarəng obrazlar qalareyasının səciyyəvi xüsusiyyətlərini, daxili dünyasını, fikir və düşüncələrinin fəlsəfi mahiyyətini, həyata, cəmiyyətə baxışını və dünyagörüşündəki fərqlilikləri tam təfərrüatı ilə oxucuya tanıtdıran tədqiqatçı insanın gözləri qarşısında dövrün real mənzərələrini canlandırır. Təhsin Mütəllimovun "Əbdürrəhim bəy Haqverdiyevin poetikası" monoqrafiyasını məşhur bir memarın kərpic-kərpic hördüyü, naxış vurduğu, bəzədiyi, cilaladığı möhtəşəm memarlıq abidəsinə, əsrlərə şahidlik etmiş əzəmətli bir saraya bənzətmək olar. Memar öz işindən necə zövq alıb yüksək sənətkarlıq nümunəsi yaratmışdırsa, Təhsin Mütəllimov da bu poetika əsərini yaradarkən dərin məntiqə, elmi təfəkkürə əsaslanaraq sözbəsöz, sətirbəsətir, cümləbəcümlə seçdiyi ədəbi-bədii materialları sərf-nəzər edərək, ağlın, fikrin və sözün qüdrətindən güc alaraq, Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığının sehrinə düşərək monumental bir söz abidəsi ucaltmışdır. Böyük mollanəsrəddinçi yazıçının mövzu və problematikasının zənginliyi, aydın tendensiyası, bənzərsiz obrazlar aləmi, qeyri-adi dil və üslubu, zərif və eyhamlı gülüşü, əsl sənətkarlıq məharəti ustad tədqiqatçını Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığına müraciət etməyə ruhlandırmışdır. Böyük ədibin ölməz ədəbi irsinin mühüm istiqamətlərinin səciyyəvi xüsusiyyətlərinə işıq salan Təhsin Mütəllimov yazır: "Ə.Haqverdiyev gülüşünün əsl gücü onun yüksək xəlqiliyindədir. Bu xəlqilik isə, hər şeydən əvvəl, ədibin böyük ictimai ideallarından yaranır, təzahür edir. Bu ideallar bütünlüklə və tamamilə xalq taleyi və xalq səadəti ilə bağlı olub, onun istək və həyəcanlarının demokratik ifadəsindən ibarətdir. Ədibin tənqidi gülüşünün əsl kəsəri də ondadır ki, o, həmişə xalq mənafeyindən çıxış edir, hadisə və məsələlərə, əlamət və mətləblərə məhz sadə, zəhmətkeş insanların səadəti mövqeyindən münasibət bildirir... Əgər Cəlil Məmmədquluzadə satirasında hüzn və tənə intonasiyaları daha çoxdursa və M.Ə.Sabir satirasında mübariz əhval-ruhiyyə, döyüşkənlik güclüdürsə, Ə.Haqverdiyev satirası üçün nikbinlik, şuxluq, zahiri zarafatyanalıq, tənqid hədəfinə bəzən lap təhqiramiz münasibət daha səciyyəvidir. Onun satirik tendensiyasında tənqid hədəfinin rəzilliyini, məhvə məhkumluğunu aşkar büruzə verən qələbə təntənəsi, ucalığın, qüvvətin, ədalətin fərəhi, sevinci, nəşəsi duyulur..." 

Görkəmli tədqiqatçı yüksək elmi dəyərlərin təmərküzləşdiyi monoqrafiyada Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı fonunda nəzəriyyələr sistemində qərarlaşan bir sıra məsələləri ardıcıl və sistemli şəkildə qruplaşdırır, tədqiqatın "tragizmin zaman şərti", "tarixi fakt-bədii həqiqət", "ideya və struktur əlamətləri", "personajlar dünyası", "lirik intonasiyalı satira", "komik süjetlər-tragik nəticələr", "tipiklik və xarakterin təşəkkülü", "psixologizm", "bədii portret", "gülüşün səciyyəsi", "şəfqətli gülüş", "satirik ittiham", "məcazilik effekti" və başqa yarımfəsillərində bu önəmli problemləri tədqiqat boyunca bütün parametrlərdə təhlilə cəlb edir. 

Təhsin Mütəllimovun çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də onun elmi rəhbərliyi altında tədqiqatların yerinə yetirilməsi, Azərbaycan elminə yeni gələn böyük ədəbi qüvvələrin doğru-düzgün yönləndirilməsi kimi mühüm məsələlər təşkil edir. Bugünədək 20-yə qədər filologiya üzrə fəlsəfə doktoru və elmlər doktoru Təhsin Mütəllimovun rəhbərliyi altında müdafiə edərək alim adına layiq görülmüşdür. Onlardan biri də mənəm. Onu da qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinə ilk gəlişim mənim yaddaşıma əbədi həkk olunmuş, qəlbimdə xoş təəssüratlar oyatmış, qarşımda geniş imkanlar açmışdır. Ali məktəbdə oxuyarkən dərslik kitablarından tanıdığımız, əsərlərindən bəhrələndiyimiz böyük alimlərimizi -Abbas Zamanov, Ağamusa Axundov, Əlövsət Abdullayev, Tofiq Hacıyev, Samət Əlizadə, Firudin Hüseynov, İnayət Bəktaşi, Qulu Xəlilov, Əlyar Səfərli, Cəlal Abdullayev, Abdulla Abasov, Qara Namazov, Xalid Əlimirzəyev, Camal Əhmədov, Firuz Sadıqzadə, Yolçu Piriyev və başqalarını bu gün böyük minnətdarlıq duyğusu və hörmətlə yad edirik. Bu elm fədailərinin auditoriyada, kafedrada, hətta tənəffüs zamanı dəhlizlərdəki elmi söhbətlərini, məsləhət və tövsiyələrini heç vaxt unutmaq olmaz. Onların hər birisi bizim üçün bir ədəbi məktəb idi. Mən aspiranturaya daxil olmaq məqsədilə universitetə gələrkən ilk elmi məsləhəti böyük mollanəsrəddinçi alim, unudulmaz insan, professor Firudin Hüseynovdan almışam. Firudin müəllimin dəyərli məsləhətləri ilə mən 5-6 məqalə yazıb çap etdirdim. Çünki gənclərin yazı qabiliyyətini, tədqiqatçılıq bacarığını yoxlamaq üçün bu, çox önəmli məsələ idi. 

Təhsin Mütəllimovla lk qiyabi tanışlığım isə "Sənət qayğıları" kitabı ilə başlanıb. Zəngin kitabxanamda, 2000 minədək kitabımın arasında bu əsərin də özəl yeri var idi. 1988-ci ildə isə Bakı Dövlət Universitetinin Elmi Şurasında Təhsin Mütəllimov mənim elmi rəhbərim təyin olundu. Onun rəhbərliyi ilə "Fərman Kərimzadənin yaradıcılıq yolu" adlı dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşəm. Dissertasiya üzərində işləyərkən Təhsin müəllimin sözə necə ehtiyatla yanaşdığının, hər cümləni necə səbir və təmkinlə təhlil etdiyinin şahidi olmuşam. O, tədqiqatda pafoslu və emosional fikirlərdən uzaq durmağın zəruriliyini göstərir, dissertasiyanın sırf elmi üslubda yazılmasının önəmliyini diqqət mərkəzində saxlayır, dəyərli tövsiyələri ilə tədqiqatın faktoloji materiallara, sənədliliyə əsaslanmasının vacibliyini vurğulayır, dissertasiyanın sanballı və mükəmməl şəkildə ərsəyə gəlməsi üçün lazımi tapşırıqlar verirdi. Həmin tələbkarlıq eynilə digər aspirant, dissertant və diplom işi yazan tələbələr qarşısında da qoyulurdu. Bütün bunlar elm aləminə yenicə qədəm qoymuş gənclərə böyük stimul verir, onların gələcək həyat yolunun müəyyənləşməsində və alim kimi yetişib xalqına fayda verməsində müstəsna rol oynayırdı. 

Təhsin Mütəllimovun uzun illər səmərəli, fasiləsiz müəllimlik və alimlik fəaliyyəti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. 1991-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Azərbaycan elminə misilsiz töhfələr verən alimin əməyi 2001-ci ildə "Qızıl qələm" mükafatı ilə qiymətləndirilib. Ömrünün çoxunu xalqının maariflənməsinə, elm və təhsilə, ölkəmizdə yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına sərf edən və ədəbiyyatşünaslıq sahəsində müstəsna xidmətlər göstərən Təhsin Mütəllimov"Əməkdar elm xadimi" kimi yüksək fəxri ada layiq görülüb. 2022-ci il yanvarın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunub. Bütün bu mükafatlarla yanaşı, alimin ən böyük mükafatlarından biri də onun minlərlə, milyonlarla oxucudan aldığı minnətdarlıq duyğusu və çoxsaylı tələbə və aspirantlarının uğurlarından yaranan hədsiz sevinc və qürur hissidir.

Bu gün əsl elm fədaisi kimi zirvələrə ucalan ustadımız, təvazökar və xeyirxah insan Təhsin Mütəllimovla qürur duyur və ömrünün müdriklik zirvəsinə yüksələn alimi yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və gələcək işlərində uğurlar arzulayırıq!
 

 





19.01.2022    çap et  çap et