|
|
|
|
Gələcəyiniz üçün ən yaxşı sərmayə etdiyiniz yaxşılıqlardır.
V.Şekspir
Tələbəlik illərində arzuya çatmaq xoşbəxtliyinin yerə-göyə sığmayan çağlarında çox şey qazanmışıq. Bu günkü varlığımız, insanlara münasibətimiz, dünyaya baxışımız, xeyirxahlığımız və uğurlarımız üçün o günlərə borcluyuq. Tələbənin şansı təkcə aldığı biliklər və diplom deyil, o illərdə rastlaşdığı və heç zaman unutmadığı müəllimlərdir.
Texniki inqilab müəllim zəkasını əvəz edən robot yarada bilməyib. Elə müəllimlərimiz olub ki, onlar taleyimizi, qədərimizi dəyişdirib.
Sonradan doğmalarımla tənləşən, Allahın lütfü kimi qarşıma çıxan ziyalı Tofiq Rüstəmov barədə düşünmək və yazmaq özü bir səadətdir.
...On il idi, (11 yaşımda “Jurnalist olacağam” sərlövhəli yazım rayon qəzetində çap olunmuşdu) jurnalist olmaq xəyalı ilə yaşayırdım. Ancaq bu ixtisasa qəbulun çətinlikləri çox idi.
1981-ci ilin qəbul imtahanlarına az qalmış ayağım ciddi xəsarət aldı, sənədlərimi verə bilmirdim. Son gün universitetə çəliklə gəldim. Adam çox idi. İş vaxtının sonuna yaxın sənədlərin qəbulu masasına yaxınlaşdım, qovluğu Tofiq müəllimə təqdim etdim. Vərəqlədi, baxdı, “keçən ilki sənədlərdir”, - dedi.
-Düzəldə bilmədim.
-Bəsirə xanım, bu qızın adını əlavə et, indi qeydiyyat jurnalını aparacaqlar. Üç gün ərzində sənədləri təzələyib sizə gətirəcəklər, - dedi.
Təəccüblə baxırdım.
-Üç gün bəs edər? Tofiq müəllim bu dəfə mənimlə danışırdı.
-Əlbəttə, düzəldib gətirəcəyəm.
Bu qədər humanist bir insanla qarşılaşacağımı bilmirdim. Oraya sadəcə kiçik bir ümidlə getmişdim, ancaq nəticə inanılmaz idi.
Sənədlərim düzəldi, imtahanların hamısını verdim. Artıq avqustun 26-sıdır. Son imtahan ayın 17-də olsa da, hələ qəbul siyahısı məlum deyildi.
Universitetin həyəti izdihamlı idi. Ürəyi ağzında döyünən abituriyentlər, valideynlər günəşin istisinə dözüb gözləyirdilər. Mən də divara qısılıb həyəcan keçirirdim. Axı, ingilis dilindən “3” almışdım. Birdən Tofiq müəllimin əlində kağızlarla gəldiyini gördüm. Axsayan ayağımla qabağına qaçdım.
-Sən qəbul olunmusan, təbrik edirəm, get, gözləmə, – dedi.
Eşitdiyimə inanmırdım.
-Arxamca gəl, qəbul sənədini verim, ancaq heç kəsə demə.
O gün mənim təhsilim üçün hamıdan çox əziyyət çəkən böyük qardaşım Vaqifin doğum günüydü və onun üçün bundan gözəl hədiyyə ola bilməzdi.
Qiymətli kağızı alıb universitetin həyətində istidən pörtmüş qardaşımın qucağına atıldım: -Buyur, bunu al, ad günün mübarək! - dedim.
İkinci kursda oxuyurdum. Tofiq müəllim dərsdə məni o yumşaq səsi ilə tənqid etdi:
-Sən universitetə girməmişdən əvvəl bundan yaxşı jurnalist idin, niyə yazmırsan? Jurnalistika bir sənətdir, - dedi.
Onun təvazökarlığında, tənqidində elə incəliklər vardı ki, bunu yalnız yüksək erudisiya ilə etmək mümkündür.
Tofiq müəllimin üzündə həmişə bir işıq yanardı. Tam əminəm ki, bu işığı görən bütün tələbələri onu çox sevirdi.
İşlədiyim universitetdə jurnalistikaya aid tərtib etdiyim bir proqramla əlaqədar məsləhət üçün BDU-nun professoru Cahangir Məmmədlinin yanına getmişdim. Koridorda o zamankı laborantımız Xalidə xanımla rastlaşdım:
-Cahangir müəllim dərsdədi, gəl içəridə gözləyərsən, - dedi.
Kafedranın otağında Xalidə xanımdan başqa bir xanım da vardı.
-Düzünü de görüm, hansı müəllimi daha çox xatırlayırsan? - Xalidə xanım 30 il əvvəlki səmimiyyətlə məni dilləndirdi.
-Tofiq müəllimi hər gün xatırlayıram. O, həmişə yadımdadır, deyib kövrəldim. Bu anda yanımızdakı tanımadığım xanımın da gözlərindən yaş axdı.
-Sevinc, bu sualın cavabını bilirdim, qəsdən soruşurdum ki, sən də eşidəsən. Otaqdakı Xalidə xanımın iş yoldaşı Tofiq müəllimin qızı imiş.
O hamımızın mənəvi atası idi, - dedim.
Keçən il sosial şəbəkədə şəkil paylaşmışdım: “1979-1988-ci illərin jurnalistika fakultəsini bitirmiş tələbələrin mənəvi atası Tofiq Rüstəmov.”
Uşaqlıq illərindən ata dəstəyi görməyən tələbə dostlarımdan biri şəklin altında “O mənim də mənəvi atam idi” cümləsini yazmışdı.
...Bir dəfə qrup yoldaşım Elmira icazə almaq üçün utana-utana yaxınlaşanda Tofiq müəllim səbəbini soruşmuşdu:
-Anamı yuxuda görmüşəm, - deyən tələbə qız “get, anana baş çək, icazəlisən” cavabını almışdı.
“Allahın sevgisinə tuş gəlmiş, insanlar var ki, Allah onlara həm də şəxsiyyət əta edir.”
Belələri var və onlar dünyada çoxdur. Şəxsiyyət üçün ən mühüm meyar, fikrimcə, genetik olaraq ötürülmüş xeyirxahlıqdır (dünya şöhrətli alim Rafiq Əliyev).
Tofiq müəllim həyatda rast gəldiyim nadir insanlardan biridir. Bilik, təvazökarlıq, sadəlik, halallıq, xeyirxahlıq, fundamental əxlaqlı şəxsiyyət kimi onu böyük nüfuz sahibi etmişdir. O, təhsil üçün, tələbələri üçün böyük bir məktəb yaratmışdı. Bu məktəbdə demokratiya, humanist idarəçilik, könüllü elm, sənət öyrənmək metodları və seçilmiş müəllimlər vardı. Hər şey möhtəşəm idi.
Professorumuz bizə mənəvi dəyərləri unutmamağı öyrətmişdi. 1981-ci il sentyabrın birində, ilk dərs günü o, bizi H.Zərdabinin ziyarətinə aparmış, Fəxri xiyabanı gəzdirmişdi.
Tofiq müəllimin son mənzilini görmək üçün Qubaya getdim. Yenə o saf təbəssüm fani dünyaya meydan oxuyurdu.
İnsanı əbədiləşdirən əməllərinin işığıdır. İnsanlıq fəlsəfəsi məhz müdrüklükdən, ömrünü paylaşmaqdan ibarətdir.
P.S. Bu yazını oxuyanlar arasında Tofiq Rüstəmovu tanıyanlar çox olacaqdır və əminliklə deyirəm, onlar da bu böyük şəxsiyyət haqqında xatirələrini yazmaq istəyəcəklər.
Tofiq müəllimə həsr olunmuş yazıları toplayıb bir kitab çap etdirmək istəyirəm.
Artıq təxminən müəllif olacaq həmkarlarımın siyahısını tutmuşam. Bizim taleyimizə, iş həyatımıza və uğurlarımıza imzasını atmış, naxış salmış bir doğma insan haqqında düşüncələrinizi paylaşmaq istəyirsinizsə, buyurun, sizin yadınızda qalanları biz də oxuyaq. Tamella Həmidqızı