525.Az

Azərbaycan sevgisi - Orxan Aras yazır


 

Azərbaycan sevgisi  -<b style="color:red"> Orxan Aras yazır</b>

1990-cı il yanvarın 20-də Frankfurtda idim. Axşam Bakıdan yeni gəlmiş bir video lentə baxdım. 1989-cu ildə keçirilən mitinqdə Xəlil Rıza şeirlər söyləyir, minlərlə insan onu tərənnüm edib alqışlayırdı. Həmin videokasetlərə baxdıqca Azərbaycanın müstəqilliyinə olan ümidlərimiz daha da artır, gələcək haqqında xəyallar qururduq. Təbii ki, müstəqil Azərbaycanın ilk qonaqları biz olmalıydıq.

Səhər yuxudan duranda bir-birinin ardınca telefonlar zəng çalmağa başladı. Avropanın müxtəlif şəhərlərindən zəng vuran dostlar Bakıda hadisələrin olduğunu, sovet əsgərlərinin xalqı tanklardan, ağır pulemyotlardan atəşə tutduğunu deyirdilər. Dərhal televizoru yandırdım. Alman və ingilis kanallarında heç bir istisna yox idi. Xəbər verən radiolarda Bakıda üsyan hərəkatının yatırıldığı xəbəri cəmi bir cümlə ilə verilirdi. Günortadan sonrakı xəbərlərdə televiziya Bakıdan qısa videoçarx yayımladı və sovet əsgərlərinin Bakıda radikal qruplaşmalara qarşı hərəkətə keçdiyi xəbər verildi. Münhendən yayımlanan Azadlıq Radiosu isə hadisələrin çox ciddi olduğunu davamlı olaraq bildirirdi. Mirze Xezerle telefonla danisdiqdan ve yanvarin 19'u gece baş verən qırğının miqyasını öyrəndikdən sonra Avropada olan dostlara zəng vurub Avropa ictimaiyyətini toplantılar, mitinqlər keçirərək hadisələrdən xəbərdar etmək qərarına gəldik.

Həmin gecə yatmayıb Bakıdan xəbər almağa çalışanlardan biri də hollandiyadan İlhan Aşkındı. Babası Azərbaycandan İğdıra köçmüşdülər və onun Azərbaycana sevgisi hədsiz dərəcədə idi.

 20 Yanvar Sovet İttifaqının dağılmasında böyük rol oynadığı və Azərbaycanın müstəqilliyinə yol açdığı kimi, Avropada da Azərbaycan bayrağının dalğalanmasına, onun adından cəməyyətlərin yaradılmasına səbəb oldu. İlhan Aşkın 1990-cı ildən Hollandiyada açılan Azərbaycan dərnəklərinin ən fəal üzvlərindən biriydi. Hər dəfə ora gedəndə onu ön sıralarda görürdüm. O, bütün tədbirlərdə könüllü iştirak edirdi və yorulmaq bilmirdi. Bir müddət sonra Hollandiya Türk-Azərbaycan Dərnəyinin sədri oldu. Başqan kimi o, Den Haaq bələdiyyəsi ilə əməkdaşlıq edir, idman, dil kursları kimi müxtəlif kurslar təşkil edərək gəncləri dərnəyə cəlb edirdi. Avropada keçirilən mitinqlərin önündə gedirdi. O, Brüsseldən Berlinə qədər hər yerə qaçır, insanları avtobuslarda və qatarlarda mitinqlərə aparır və həyəcanlı çıxışlar edirdi.

Orada da hər yerdə olduğu kimi cahil və paxıl insanlar var idi, lakin İlhan Aşkın bütün bunlara baxmayaraq heç vaxt qorxmur və yorulmurdu.

Onun səyi ilə bütün Avropada ilk dəfə olaraq Den Haagda Xocalı adına abidə açıldı. O, təkcə Den Haaqla deyil, digər şəhərlərdəki dərnəklərlə də koordinasiyada işləyir, xüsusilə gənclərin Azərbaycan davasına sahib çıxmasını istəyirdi. Xüsusən də Novruz bayramlarında böyük məclislər təşkil etməklə çalışırdı ki, insanlar öz dəyərlərinə bağlansınlar, yadlaşmasınlar. O, Hollandiyada mətbuat və siyasi dünya ilə də yaxşı əlaqələr qurmuşdu. Zaman-zaman Hollandiya qəzetləri və televiziyaları dərnəyin fəaliyyəti ilə bağlı xəbərlər verirdilər. Onun çalışqanlığı şübhəsiz ki, ermənilərin diqqətini cəlb edirdi. Neçə dəfə dərnək daşqalaq edilib, pəncərələri sındırıldı. Bir mitinqdə etdiyi çıxışa görə onu məhkəməyə verdilər və həbs olunmasını istədilər. Məhkəmədə iştirak edəndə məhkəmənin mitinqə çevrildiyini görüb sevinmişdim.

Məcnunun leylasına aşiq olduğu kimi Azərbaycanı sevən İlhan Aşkın bu günlərdə daha bir mühüm işə imza atdı. Əvvəlcə yüzlərlə əlil arabasını Türkiyənin İğdır şəhərinə apardı. Minlərlə avroya başa gələn və Avropada iş adamları tərəfindən maliyyələşdirilən bu arabalar yeriyə bilməyən insanlara böyük rahatlıq yaradırdı. İndi həmin arabalar bu dəfə “Qurbətdən Qarabağa” şüarı ilə Azərbaycana göndərildi. Bakı, Masallı, Lənkəran, Ağstafa, Gəncə, Qazax, Bərdə kimi bölgələrdə Qarabağ qazilərinə verilən bu arabalar Avropada yaşayan xalqımızın da hisslərini oralara apardı. İlhan Aşkın, əlil arabalari ilə birqə Nizami ilində yazdığım və Hollandiya Türk-Azərbaycan dərnəyi tərəfindən holland və türk dillərində çap etdirilən kitabımı da hədiyyə olaraq Azərbaycanda paylayırdı.

İlhan Aşkın iyirmi gündür ki, Şuşaya gedən yollarda ürəyindəki bayrağı dalğalandırır veteranlarımızı sevindirir. Onu gülərüz və şad bir veteranın yanında ya da şəhidlər xiyabaninda əlində güllərlə görəndə 1990-cı ildəki təlaş və qorxularımızdan sonra yaranan sevinc, ümid və coşğunu daha yaxından hissedirəm.

Onu və Ferhat Günəşi, Bünyamin Önasyanı Azərbaycanda coşqu ilə qarşılayan veteranlarımız, Adil Əliyev, Həgigət Hacıyeva, Şamil Mustafayəv, Yasin Zeynallı, Feridə Hicran, Mahir Bəşirov, İlham İsmayılov kimi dostlarımız əslində Avropadakı azərbaycanı sevənləri qarşılamış kimi oldular.

 

 

 





19.01.2022    çap et  çap et