525.Az

Qarabağ şair gözündə: öz zəfəri, öz bayramı ilə...


 

Qarabağ şair gözündə: <b style="color:red"> öz zəfəri, öz bayramı ilə...</b>

Minaxanım NURİYEVA-TƏKLƏLİ, 
Professor (Azərbaycan Dövlət Pedaqoji Universiteti)

Bu zəfər donu geymiş bir ilin sevinci içində əlbəttə, yada düşən, göz önünə gətirdiyimiz gözəlliklər arasında əsas yeri şeir tutur. O düşüncəmizin, zövqümüzün şeir guşəsində təbii ki, dost şairlərin öz yeri var; şair Əli Mahmud qələm dostumuzdur. Amma onun haqqında düşünərkən nə etsəm də, hayana baş vursam da, öncə baş redaktoru olduğu "Qarabağa aparan yol" qəzeti məni bir ahənrüba kimi çəkir özünə. Nəhayət anlayıram ki, qəzetdən başlamaq lazımdır... bizi tanışdıran, yaxınlaşdıran, sonda bir əqidə, məslək dostuna çevirən qəzetdən. Əvvəllər qəzetin adında bir qəribəlik görür, onun adını redaktə etmək fürsəti arayırdım. Lakin Fariz özünəməxsus təmkinlə: "Əli müəllim bu adı sevir. Bir də, Qarabağsız olmaz, Əli müəllim üçün Qarabağsız heç nə mümkün deyil", - deyəndə, axır ki, fikir tərəddüdlərimə son verdim, adlıq cümlə şəklində olan bu ada öyrəşdim. Qəzetin redaksiya otağı tezliklə mənə də bir oxu zalı, kitabxana, nə bilim, qonaqpərvər dost evi kimi doğma ocağa çevrildi. Gözlərimiz önündə doğulub işıq saçan, böyük azərbaycançılıq ideologiyası yolunda olan bir qəzetdən danışarkən nədənsə həm kədərli səhifələr çevirməli olur, həm də qürurlu duyğular ilə dolursan. Elə o gündən mən də bu yolu tutub düz Qarabağacan getmək, Kirs dağına qalxmaq, "Üç Mıx", "Sarıbaba" yaylalarında yaylamaq, "Ərimgəldi" qayasında intizar çəkmək istədim. Qəzet sırf o mövzuları dilə gətirir ki, sadə dillə desəm: yəni o əziz yurdumuzu nə unudaq, nə də o gözəl ellərimizin getməsilə barışa bilək. İtirilən torpaqlarımızın xatirəsini bir an olsun yaddan çıxmasına dözməyək, necə ki, dözmədik... Necə ki, barışmadıq da, dözmədik də.

Bu qəzetdə mənim həmfikirlərim, eləcə də düşüncəmə, zövqümə hörmət edən, öz növbəsində mənim də yürütdükləri xəttinə, üslubuna sayğı bəslədiyim insanlar çalışmaqdadır. "Qarabağa aparan yol" gözlərim önündə yarandı, işığını saçdı. Redaksiya özü mənə elə o vaxtdan balaca bir Qarabağ guşəsini xatırlatmağa başladı. Burada el-oba həsrətliləri görüşür. Çox keçmədən söhbət gəlib şirin anların üstünə çıxırdı. Buradakı görüşlər mənə bu redaksiyanı doğma yerim-yurdum, obam qədər məhrəm edirdi. Var olsun bu sadə güzəran içində "ev" adlı böyük məsələlərin ağırlığına umuzunu dayayanlar. Tək bir guşəsinin deyil, Vətənin hər tərəfinin, hər bir bucağının kişi qeyrətini çəkənlər... Var olsun Qarabağ yoluna sədaqət, vəfa göstərən qələm sahibləri, ağrıların, acıların, məhrumiyyətlərin verdiyi çətinlikləri eyninə almayan belə fədakar qələm dostlarım. Əziz dostumuz Əli Mahmud da ətrafına məhz belə qələmdaşları toplayıb məsləkinə, yoluna tən gələn gəncləri. Qəzet 30 ilə yaxın bir müddətdə ağır həsrət yükünü çəkə-çəkə yol gəlib, "Xarıbülbül" festivalı, "Vaqif Poeziya Günləri", Şuşa zəfərinə qədər... Şuşadakı zəfər təntənəsində, hərbi qüdrətimizin davamı olan 30 illik sükutu öz bayram hay-harayı ilə qovub dağıdan "Vaqif Poeziya Günləri"nə dostumuz Əli Mahmud da dəvətli idi, o möhtəşəm tədbirdə iştirak edirdi. Sanki biz də onunla dəvətli, onunla iştirakçı idik.  Əyilib payızı baharı ilə qovuşan Cıdır düzü çəmənliklərindən inci toplayırmış kimi fərəh içində çiçəklər döşürürdük. Sevinci sevincə qatarkən o, artıb sel olarmış; gəldi bizi başına yığdı, Qarabağ eşqinə Bayandır xanın bayram süfrəsindən açdı, yedirtdi-içirtdi. Qədim-qayım yurd yerlərini ziyarət edərkən gözləri dolmuşdusa da, o gün par-par parlayan səmanın, öz isti təbəssümünü səxavətlə bəxş edən günəşin sevinci qəlbinə nəğmə sevinci doldurmuşdu amma. Gözləri dolmuşdusa da, ruhunda bir zəfər çırağı yandırmışdı bu toy-büsat fərəhi. Bu çıraq Şuşada, Şuşanın dağlarında, Cıdır düzündən üzü Topxana meşələrinə baxarkən daha da gur bir işıqla şölələndi, yandı; həyata həyat qatıldı. Bu ruhumuzun, ruhumuzla birgə bədənimizin də dincəlib aram olduğu gün idi. Səmadakı qatarlaşıb uçan quşların bəxtəvər-bəxtəvər süzməsi, payıza açan çiçəklərin rənglərinin bir daha əlvanlaşması... hamısı təbiətlə insanın burada sevinclərinin bir-birinə qarışdığından xəbər verirdi. Bir qanadlı ifadə düşür yadıma, amma onu azca dəyişdirirəm: "Şuşanı, dağları görməmisənsə, demə ki, görmüşəm Azərbaycanı".

Amma sözün gerçək mənasında hicranın, həsrətin od vurub yandırdığı illər də vardı, olmuşdu, yaddaşda idi. Bilirəm ki, həssas, həm də kövrək bir insan olaraq tanıdığım Əli müəllim xəyallarında yaşatdığı yaralı, nisgilli xatirələrin cana gəlməsi, o ağır ayrılıq illərinin şairin qəlbində açdığı şırımların sağalması isə xeyli vaxt istəyəcək.

Az qala 30 ilə gəlib çatan yaxıcı, üzücü həsrət, doğma torpaqlar, bir vaxt qədəm-qədəm gəzdiyi-gördüyü yurdundan ayrı düşmək  də ona sözsüz ki, ayrılıq  nəğmələri yazdıracaqdı:

Şuşa şəhərlərin baş şəhəriydi,
Yaddaş şəhəriydi, daş şəhəriydi.
Günəş güllərini öpə bilirdi,
Ulduzlar göz yaşı səpə bilirdi.
O Qızıl qayası səs qülləsiydi,
Allahın sonuncu möcüzəsiydi.

Əli Mahmud Vətən sevdalı, Vətən ünvanlı bir şairdir. Ürək adamdır; hər sətrində, hər misrasında mənhus düşmənin yaraladığı, tapdaq-tapdaq əzdiyi doğma yurd yerinin ağrısı dilə gəlib danışır. Deyir ki, böyük zəfərimizə, qələbəmizə yetməyimizdə ilk növbədə Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna, Ali Baş Komandana və onun yürütdüyü beynəlxalq əhəmiyyətli siyasətə borcluyuq. Şairin sözünə qüvvət olaraq deyim ki, həm də biz bütövlükdə xalq olaraq bir yumruq kimi birləşib bir olduq o hərb meydanında. Ədəbiyyatımızla, mədəniyyətimizlə, elmimizlə bütövlükdə səfərbər olduq o açıq savaşa. Televiziyamız, radiomuz, mətbuatın bütün sahələri, əli qələm tutan hər kəsimiz, hər kəs bu savaşda döyüşdü. 30 il dünyanın ədalətinə bel bağladıq, Vətən savaşında da, qələbəmizdə də kimsənin payını kəsib kiçildə bilmərik. Döyüşənlərin sırasında, zəfərə imza atanların sırasında Əli müəllimin də şeirlərində ruh verib, can verib yaratdığı əsgəri vardı. Onu dinləyək: 

Vətəndə bir gülə güllə dəyərsə,
Bütün ömrüm boyu günahkaram mən.
Bu torpaq mənə də oğul deyibsə,
Oğulun gözündə yaşayır Vətən.

Odur ki, adında Qarabağ adı daşıyan qəzetimiz "Qarabağa aparan yol"un yükü də daha ağır idi. Bütünlüklə Qarabağa, onun qayğılarına, habelə mədəniyyətinə, tarixinə aid mövzuları işıqlandıran qəzet haqqında həmişə arzulamışam ki, Qarabağ zəfərlərini işıqlandırdığı günün də səadətini yaşamaq ona qismət olsun. Budur, indi həmin günlər gəlib çatıb. Lakin yenə durub demək olmaz ki, qəzet öz missiyasını yerinə yetirib, gəlib mənzil başına yetişib. Çünki "Qarabağa aparan yol"un missiyası daha böyükdür. Şah babamızın qılıncının su içdiyi ərazilərimiz xəritəmizdə bütövləşməyənə qədər "Qarabağa aparan yol" da mənzil başına yetdim deyə bilməz. Belə bilirəm ki, qələm dostum Əli Mahmudun illərin ağrı-acısına qatlaşaraq mütəmadi nəşr etdirdiyi qəzet dövlətçilik prinsiplərinə, milli mentalitetimizə, milli varlığımıza, milli əxlaqımıza bundan sonra da sədaqətlə xidmət etmək əzmindədir. O da həqiqətdir ki, torpaqlarımızın işğal edildiyi 30 ilə yaxın bir müddət ərzində qəzetin problemi təkcə Qarabağ problemi deyildi, çünki Azərbaycansız Qarabağ, Qarabağsız da Azərbaycan ola bilməzdi. Bu üzdən daima harda olmasından asılı olmayaraq Azərbaycan insanının taleyi, gələcəyi məsələsi "Qarabağa aparan yol"un gündəlik səhifələrində işıqlandırılırdı. Qəzetdə mənəviyyat məsələri, yeni insan tərbiyəsi ən müxtəlif mövzuların ana xətti kimi görünürdü. Görünürdü, amma Qarabağ baş mövzu idi: 

Sarıbaba bu dağların ulusu,
Çarıqbulaq bulaqların sulusu,
Bu yerlərdə gülsən ürəkdolusu,
Qayalarda səsin qalar əbədi
Mənim Şuşam qədim sənət məbədi.

Yadımdadır, tədbirlərin birində xəfifcə bir təbəssümlə cibindən Şuşadakı mənzilinin açarlarını çıxarıb göstərmişdi. Ümidlə qorunan o açarlar bir gün geri dönəcəyimizə işarə idi, o çağlara böyük inam tərbiyə edir, qəlblərimizdəki şübhəni vurub çıxarırdı. Şair hər zaman çalışıb ki, qəzetdə dərc olunan yazılar ruhnəvaz, nikbin ovqata köklənsin. Ümidsizliyi, bədbinliyi, nə də küskünlüyü heç vaxt yaxına qoymayıb - nə özünün, nə də naşiri olduğu qəzetin.

Amma xatırlatdığım o görüşdəki çıxışı dinləyiciləri yaman kövrəltmişdi. Sanki bu anda dərd ilə diz-dizə oturub qalmışdılar... Şairin iztirablı halı hamının yadına bülbülləri tərk edib getmiş viranə bağları salmışdı. Daha necə olmalıydı; həm şair olasan, həm də bir ev böyüyü kimi öz evinin açarını gözdağı kimi saxlayıb özünlə gəzdirəsən, buna dözmək varsa,dözən varsa... daha sözüm yox.

Şeirlərində, yaradıcılığında Qarabağın poetik izharı, dəqiq salnaməsi, əzbərə bildiyi tarixi var. Bu səbəbdən həqiqətlərə, gerçəkliklərə daha bir qədəm də yaxın olan həssas bir şairin könül ahları hopan şeirlərinə kədər, ağrı qonmazmı? Axı ayrılıq müddəti uzandıqca ümidlər, təsəlilər də kəsilər, azalarmış. Bunlar şeirə çevrilərkən  bilirsən yara nədir,  yaralanmaq nədir:

Bir körpə görmüşəm
gözlərində
yaş gilələnmişdi,
elə bil körpənin
gülüşü güllələnmişdi.

Şairin belə beşik başındakı laylalar misalı təsirli, yanqılı şeirləri çoxdur. Təkcə şeirlərində deyil, bədii-publisistik yazılarının özündə də el-oba dərdinin təsirli, acı həqiqətləri var. Erməni vəhşiliyi, onların törətdiyi Xocalı dəhşətləri şairin misralarına da vəhşət rəngi qatıb.

Bu misralar Ana tariximizi qana boyayan fəlakətlərin əbədiyyata çevrilən üzü, silinməz yaddaşıdır. Şairin məqsədi də yaddaşı ölməyə, itməyə qoymamaqdır. Yaddaş kirşəlsə, bundan qarı düşmən qazanacaqdır, şair bundan əmindir.  Əli Mahmud əqidəsində də,  düşüncəsində də, qələminin yaddaş gücündə də dönməz üzlü, ötkəm, barışmaz bir şairdir.

Əli Mahmud heç də təqvim şairi deyil, yəni vətən, yurd sevgisi bu 30 illik tarixə sığmayır heç də.  Gənclik illərində yazdığı misraları xatırlayıram. Şeir 1977-ci ildə qələmə alınıb. Bu, o dövrlər idi ki, sən tarixi torpaqlarının əzəli ərazilərə malik xəritəsi haqqında danışa bilməzdin. Amma qorxulara, qadağalara baxmayaraq, tarixçilərin demədiyini Əli Mahmud deyib:

Deyirlər ki,
Vətənimiz böyük olmuş.
Hanı Vətən?
Xəritədə parası var.
...Mən bilirəm kimliyimi,
Məni məndən gizlətməyin,
Məni belə inlətməyin.

Şairin belə bəndləri, belə misraları ara-sıra deyil, şeirlərinin mövzu, mahiyyət dərinliyini ifadə edən belə misraları çoxdur. "Vətəndaş şair"imiz deyə biləcəyim şairimizin əsgəri ruhda, qələbə inamlı bir şeirini oxuyum sizə:

Mən əsgər gedirəm, darıxma, ana,
Mənə tapşırırsan axı Vətəni.
Südünə and olsun, inan oğluna,
Gözümün içində gizlərəm səni.

Şair o məsuliyyətə işarə edir ki, əgər yağı düşmən evimizə güllə atacaq qədər həyasızlaşıbsa, o, hamının, hər kəsin yerinə fədakar əsgəri ilə birgə özünü günahkar hesab edəcəkdir. Şairin çiyinlərinə qoyulan vətəndaşlıq yükü, onun poeziyasının səciyyəsi də, mahiyyəti də məhz bu məqamlarda üzə çıxır. 

Ümumiyyətlə, yaradıcılığının bütün məzmununda Qarabağın zəngin mənəvi həyatı, irsi, mədəniyyəti, onun coğrafiyası, təbiəti canlanır. Şair əksər şeirlərində, bədii yaradıcılığının bir çox məqamlarında keçmişin ən yaxşı keyfiyyətlərini gələcəyə daşıya bilib. "Daşıya bilib" ifadə qəribə görünməsin. Keçmişi gələcəyə daşımaq, tanıtmaq üçün irsi, mənəvi yaddaşı qorumaq üçün şairin özünün körpüyə çevrilməsi gərəkdir. Əli Mahmud Qarabağın köhnə, "ağırtaxta" kişilərindəndir. Özü də, poeziyası da bu mənada etibarlı, sədaqətli bir zaman körpüsüdür. 

Köhnə söz xiridarları ifadəsincə "hüsnü-xitam" üçün Əli Mahmud dostumuzun çoxdankı - "başına daş düşmüş" ayrılıq çağlarında Şuşanın, Cıdır düzününhəsrətilə yazılmış şeirindən (belə şeiri çoxdur şairin) misal gətirmək istəyirəm:

Cıdır düzü igidlərin oylağı,
Maral yalı gözəllərin yaylağı,
Ceyranqaçan ovçuların ovlağı,
Hər qayanın, hər cığırın adı var,
Çiçəklənmir, ləçəklənir arzular.

O gözlər indi xoşbəxt, nurlu baxışları ilə o ucalıqdan qoruqsuz-qaytaqsız hər yanı seyr edə bilir. "Tanrı qonşuluğundakı şəhərim" dediyi zirvədəki qartal yuvasını andıran, qoynunda Xan taxtı qurduran Şuşası da azaddır, mutludur şairin. Və bu yazıda məqsəd əslində, şairin yaradıcılığını təhlil etmək deyil, şairə doğma diyarının, Şuşasının azadlığı üçün gözaydınlığı verməkdir. "Gözün aydın, şair! - demək üçündür.
 

 





20.01.2022    çap et  çap et