|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan "Azərbaycan" jurnalının 2022-ci il üçün ilk sayı işıq üzü görüb. Bu say Azərbaycanın ümumxalq hüznü olan 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "20 Yanvar... 32 il keçdi" rubrikasıyla açılır. Rubrikada şair Ağasəfa "Qanı yerdə qalanlar" şeiriylə faciə qurbanlarını anıb.
"Azərbaycan-99" rubrikasında jurnalın baş redaktoru İntiqam Qasımzadə "100-ə nə qaldı" deyərək jurnalın tarixinə nəzər salıb.
Vaqif Bəhmənlinin "Bu qala bizim qala" essesi jurnalın "2022 - Şuşa ili" rubrikasındadır.
"Poeziya"da Barat Vüsal, El Roman, Mahcamal, İsmayıl Mərcanlı İmanzadə, Hafiz Əmirxanov, Aida Adıgözəl və Həsən Xasıyevin yaradıcılığından poetik nümunələr yer alıb.
Oxucular "Nəsr"də Güllü Məmmədovanın "Oğurlanmış Zəngəzur" romanından parça, Narıngül Nadirin "Qaraşın oğlan" hekayəsi, "Publisistika"da Nizaməddin Şəmsizadənin "İşğal. Mənşəyi və genelogiyası" yazısını oxuya bilərlər.
"Tənqid və ədəbiyyatşünaslıq" rubrikasında Hacı Firudin Qurbansoy "Kəlilə və Dimnə"ni kim yazıb?", Zahid Xəlil "Qılıncdan iti, çiçəkdən zərif şeirlər", Vaqif Yusifli "Hisslərin fəsilləri, duyğuların rəsmləri və ya ruh şairi", Ay Bəniz Əliyar "Üç yarpaq duyğu", Ağahüseyn Şükürov "XX əsr qazax ədəbiyyatının inkişaf meylləri haqqında" kimi məqalələriylə çıxış ediblər.
Bu sayın "Əzizə Cəfərzadə-100" adlı növbəti xüsusi rubrikasında Flora Xəlilzadə mərhum yazıçını "Ömür boyu borclu qaldım" essesiylə yad edib.
Lalə Əlizadə "Nizaminin türklüyü və türklüyə münasibətini ortaya qoyan bələdçi" yazısıyla "Kitablar, rəylər" rubrikasındadır.
Jurnalın ənənəvi "Kitab rəfi" bölməsində oxucular son zamanlar çap olunan nəşrlərlə tanış ola biləcəklər.
ŞAHANƏ