525.Az

Milli Kitabxanada 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib


 

Milli Kitabxanada 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib<b style="color:red"></b>

Yanvarın 19-da Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

525.az xəbər verir ki, tədbiri Milli Kitabxananın Beynəlxalq əlaqələr və Kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova açıb. O, bildirib ki, Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı istər Azərbaycanda, istərsə də xarici ölkələrdə, səfirliklərdə müxtəlif tədbirlər keçirilir. Milli Kitabxana da hər il bu tarixi gündə müxtəlif tədbirlər – kitab təqdimatları, ənənəvi sərgilər təşkil edir. Bu ildə Milli Kitabxana bu mövzuda “20 Yanvar – Qan yaddaşımız” adlı Elektron məlumat bazası və “20 Yanvar” adlı virtual sərgi hazırlayaraq onlayn rejimdə istifadəçilərə təqdim edib.

O, qeyd edib ki, yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdir. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir. Ə.İsmayılova çıxışı zamanı onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələr inkişaf edib. Bu gün isə Ulu Öndərin uğurlu siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqı artıq bütün dünyada Qalib xalq kimi tanınır. 

Çıxışının sonunda direktor müavini vurğulayıb ki, Qanlı Yanvar hadisələrindən 32 il keçməsinə baxmayaraq Azərbaycan xalqı o gecəni heç vaxt unutmayıb və illər keçsə də unutmayacaqdır.

Milli Kitabxananın Elmi işlər və informasiya resurslarının inkişafı üzrə direktor müavini Mələk Xanım Hacıyeva çıxış edərək bildirib ki, biz hər il 20 Yanvar hadisələrinin ildönümünü qeyd edərkən həmin tarixi günləri yaşayırıq. Qanlı Yanvar hadisələri illər keçsə də yaddaşlarımızdan silinməyəcək.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşı Səyyarə Məmmədli çıxış edərək öz müəllifi olduğu Zəfər gününə həsr edilən şeirini iştirakçılara təqdim edib.

Sonda iştirakçılar “20 Yanvar – Hüzn və Milli Qürur Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən kitablar və dövri mətbuat səhilərində dərc olunan məqalələr nümayiş olunub.

 





20.01.2022    çap et  çap et