525.Az

Azərbaycan və Türkiyə ziyalıları şair Almas Yıldırımı anıblar


 

Azərbaycan və Türkiyə ziyalıları şair Almas Yıldırımı anıblar<b style="color:red"></b>

Ömrünü Azərbaycanın istiqlaliyyətinə həsr edən və bu yolda ağır cəfalar çəkərək vətənindən didərgin düşən, Türk dünyasının "boğulmayan səsi"nə çevrilən şair Almas İldırım vəfatının 70-ci ilində anılıb.

Yanvarın 15-də Elazığdakı Manas Mədəniyyət Evində təşkil edilmiş toplantıda həm Türkiyə, həm də Azərbaycandan dəyərli elm adamları, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri, həmçinin, şairin doğmaları iştirak ediblər. 

İki hissədən ibarət tədbirin birinci hissəsi Türk dili Tədris Tətbiq və Araşdırma Mərkəzi müdiri Ərtoğrul Çeçenin Almas İldırımın "Boğulmayan bir səs" şeirini oxuması ilə başlayıb. Sonra Çağdaş Türk ləhcələri və ədəbiyyatı kafedrasının dosenti Süleyman Kaan Yalçın Almas İldırımın həyatı, ədəbi şəxsiyyəti və yaradıcılığı haqqında ətraflı məlumat verib. Yalçın xüsusilə Almas İldırımın çətin sürgün həyatını və Azərbaycan həsrətini dilə gətirərək, şairin böyük vətən və hürriyyət şairi olduğunu vurğulayıb. 

Ölkəmizdən isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidlə telefon əlaqəsi yaradılıb və Almas İldırımla bağlı fikirləri dinlənilib. Görüşdə xüsusi vurğulanan məqam isə həm Türkiyədə, həm də Azərbaycanda Almas İlldırımla bağlı yüksək keyfiyyətli və əhatəli tədbirlərin məhz Elazığda keçirilməsi olub. 

Manas Nəşriyyatının baş redakroru M.Şənər Bulud, jurnalist-yazar Bədrəddin Kələştimur və jurnalist-yazar Günərkan Aydoğmuş, Almas İlldırımın Elazığ gündəminə necə gətirildiyi, yerli mədəniyyət və mətbuat həyatındakı əhəmiyyəti mövzusunda danışıblar. Elazığda Azərbaycan-Türkiyə müştərək universitetinin yaradılmasını təklifi ilə irəli sürərək, bu universitetin adının Azərbaycan-Türkiyə Almas İlldırım Universiteti olmasının önəmini qeyd ediblər. Süleyman Kaan Yalçın bu mövzuda bildirib ki, Türkiyədə belə bir universitet yaradılacaqsa, mütləq Elazığda olmalıdır: "Elazığ mədəni cəhətdən Azərbaycana Türkiyənin digər əyalətlərindən daha sıx bağlıdır. Elazığda Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Almas İldırım kimi Azərbaycan şairləri adına poeziya gecələri keçirilib. Cəfər Cabbarlı kimi Azərbaycan ədəbiyyatının parlaq imzasının əsərləri Elazığda nəşr edilib, Azərbaycan Şəhidləri Parkı və abidəsi də Elazığda yaradılıb". 

Tədbir Ərtoğrul Çeçenin Almas İldırımın "Kutsal İnqilab" şeirini oxuması ilə başa çatıb. Çağdaş türk ləhcələri və ədəbiyyatı bölməsinin 1-ci kurs tələbəsi Növrəstə Rüstəmliyə Manas Nəşriyyatının baş redaktoru M.Şənər Bulud tərəfindən "Cəfər Cabbarlının həyatı, sənəti və mübarizəsi" və "Xəzərdən Xəzərə Almas İldırım" kitabları hədiyyə edilib.

El ROMAN
 

 





20.01.2022    çap et  çap et