525.Az

Tağıyevin zehnimizdəki və Bakıdakı heykəli - Şahanə Müşfiq yazır


 

Tağıyevin zehnimizdəki və Bakıdakı heykəli -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Heykəltəraşlıq haqda ən kiçik bilgiyə belə sahib deyiləm. Bu sənətlə yaxından-uzaqdan münasibətim ancaq Bakının və səfərdə olduğum şəhərlərin gözoxşayan mənzərəsinə ayrı bir füsunkarlıq və əzəmət qatan heykəllərinə tamaşa etmək qədərdir. Ancaq gözlərimin zövqünə də inanıram. Elə buna görə də iki gündür müzakirəsi bitməyən, məşhur Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin Bakıda yenicə açılmış heykəli haqqında bir-iki kəlmə də mən demək istəyirəm. 

Öncə qeyd edim ki, Azərbaycan tarixində önəmli rola və yerə sahib şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Şəhərini gəzməyə çıxarkən, işə və ya evə gedərkən ancaq kitablardan və bizə miras qoyduqları 3-5 nümunədən tanıdığımız, bununla belə qəlbimizdə silinməz izə sahib insanların rəsmləri və ya heykəlləriylə qarşılaşmaq insana gözəl hisslər yaşadır. Ya da ən azından mənimçün bu, belədir. 

Hacı Zeynalabdin Tağıyev də tarix kitablarından bizə çox yaxşı tanış olan simadır. Onun Azərbaycan xalqının övladları üçün gördüyü xeyriyyə işləri bugünkü nəslin belə formalaşmasına təsir göstərib. Azərbaycanda ilk Qızlar məktəbini yaradan, xalqının oxumaq istəkli kasıb balalarını başqa-başqa ölkələrdə oxudan gözəl əməllər sahibini niyə bir zamanlar küçələrində dolaşdığı, binalar tikdirdiyi, su çəkdirdiyi şəhərinin-Bakının mərkəzində görməyək?! 

Sevindirici haldır ki, 2019-cu ilin martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Əməkdar artist Bəhram Bağırzadənin Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklifi ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandı və dərhal bu haqda göstəriş verildi. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu tərəfindən heykəlin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirildi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, Xalq rəssamı Xanlar Əhmədovun işi 26 əsər içərisində qalib seçildi. Uzun və gərgin əməkdən sonra nəhayət, yanvarın 18-də metronun  İçərişəhər stansiyasının qarşısında böyük xeyriyyəçinin heykəli açıldı. 

Elə söz-söhbət də bundan sonra başladı. Bir qrup insan heykəlin ölçüsündən, bəziləri yerindən, bəziləri isə formasından narazılığını bildirdi. Əlbəttə, nə qədər insan varsa, o qədər fikir də olacaq, bu fikirlərin içərisində narazılıqlar da. Ancaq hər şeyə vicdanla yanaşmaq gərəkməzmi?
Deyirlər ki, heykəlin hündürlüyü azdır, elə adam boyundadır. Halbuki Tağıyevin heykəli 2,5 metr hündürlüyündədir. Bu hündürlükdə adam tanıyırsınızmı? Yazını yazmazdan öncə kiçik bir araşdırma apardım və gördüm ki, Avropanın və dünyanın ən məşhur heykəlləri də aşağı-yuxarı 2.7-3 metr hündürlüyündədir. Çox da ciddi fərq yoxdur, elə deyilmi?! 

Həm də öz fikrimi deməliyəmsə, heykəllərə aşağıdan yuxarı baxmaq çox zaman məni narahat edib, elə də sevməmişəm nəhəng heykəlləri. Əgər başımı qaldıranda yalnız heykəlin ayağının altındakı o iri daşı görəcəyəmsə, özünə baxmaq üçün az qala arxaya doğru yıxılana qədər əyiləcəmsə, bununla belə onun üzünü görmək mənə heç vaxt qismət olmayacaqsa, o əsərdən nəyi əxz edə bilərəm? Deyəcəksiniz, gərək əxz edəsən? Sözsüz ki! Sənət əsəri tamaşaçısına nələrisə aşılamalıdır, fikrimcə.

Bəs buxara papaq, ənənəvi libas, təsbeh, əsa, orden və medallarla süslənmiş, ən xırda detalına qədər incəliklə hazırlanmış Tağıyevin heykəli bizə nələri aşıladı? Məşhur milyonçunun sadə, mütəvazi heykəli, məncə, onun əsl xarakterini ən yaxşı şəkildə əks etdirə bilib. Millətinin kasıb balalarının gələcəyinin qeydinə qalan, onların bircə məktubuna reaksiya verən, vətəni, xalqı üçün bu qədər çalışan, sərvətini həmvətənlərinə xərcləyərkən sonda isə öz qızı acından dünyasını dəyişən bir milyonçu elə olduğu kimi, yəni xalqın içində təsvir olunmalı deyildimi? Mən, sən, o, biz-Tağıyevi görmək istəyən hər kəs o heykələ daha yaxın olmalı deyilikmi?! Necə ki, o, sağlığında xalqına bu dərəcədə yaxın idi. 

Bu böyük hadisənin ən təəssüfləndirici anı isə elə həmin axşam əsərə qarşı edilən vandallıq aktı oldu. Bir qrup özünübilməz şəxs məhz özünü bilməmənin heyfini daşdan, cansız heykəldən, sənət əsərindən çıxmaq istədi və Tağıyevin təsbehini sındırdılar. Sözsüz, o təsbeh yerinə bərpa olunacaq, ancaq Qarabağda tarixi-mədəni abidələrimizi dağıdan erməni vandallardan heç nəyi ilə fərqlənməyən o yaramazların vicdanı, insanlığı bərpa olunacaqmı, bilmirəm. 

P.S. Bu xoşagəlməz xəbəri alar-almaz yadıma Xanlar Əhmədovun həmmüəllifi olduğu "Güllələnmiş heykəllər" düşdü. Görünür, böyük sənətkarın əsərlərinin taleyidir xarici və daxili vandalizmə məruz qalmaq. Heyif!
 

 





21.01.2022    çap et  çap et