525.Az

"Papaqsız baş yetimdir..." - Əlisəfdər Hüseynov yazır


 

"BƏY PAPAĞI" VƏ KƏLAĞAYI HAQQINDA BALLADA

"Papaqsız baş yetimdir..." - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Mən bu silsilə yazılarda  təbii ki, papağı geyim dəstinin sadəcə başı soyuqdan, yağışdan qoruyan bir elementi kimi yox, ruhla, mənəviyyatla, milli yaddaşla bağlı, daha doğrusu yaddaşın bir parçasına çevrilən anlayış, dəyər kimi nəzərdən keçirdim. Doğrudan da özünü ruhən azərbaycanlı bilən bir kəs başqa bir xalqın papağını başına qoysa, özünü naqolay hiss edəcək, ona elə gələcək ki, iç dünyasına, ruhuna, yaddaşına kənardan nə isə bir müdaxilə oldu - papaq sanki onun ruhunu sıxacaq, ruh isə papağı geri itələyəcək...

Bu mənada "papağı itirmək" ifadəsini də 2 mənada başa düşmək olar - onu dəyəri  pulla ölçülən bir əşya kimi itirmək, yaxud ruhun ifadəçisi, ruhun bir parçası kimi unutmaq. Birinci halda zərəri qaytarmaq çox asandır - mağazaya girib istədiyin formada təzə papaq ala bilərsən. Amma vay o gündən ki, itirdiyin papağın yerinə başqa ruhun daşıyıcısı olan papaq qoyasan! 

Öz papağını tapıb onun statusunu bərpa etməyə bəzən 100 illər lazım gəlir!

Kənardan müdaxilə nəticəsində bir dəyər kimi papağı itirmək mənəvi işğalın ən bariz nümunələrindən biridir. Hansısa bir ölkənin ərazisini zəbt edib öz torpaqlarına qatmaq işğalın coğrafi anlamda dərk olunmasıdır. Bu işğalı başa çatdırıb tam "rəsmiləşdirmək" üçün həmin torpağın əsl sahiblərinin ruhunu da işğal etmək lazım gəlir - necə ki, XIX əsrin I yarısında Azərbaycanın şimal ərazilərini qamarlayan çar Rusiyası elə o vaxtdan işə girişdi və zaman-zaman bu missiyanı reallaşdırmaqla məşğul oldu. Milli yaddaşı, davranış etiketini, ən başlıcası isə torpağa sahiblik hissini yaşadan aristokrat təbəqənin - əsl bəylərin hüquqları əvvəlcə məhdudlaşdırıldı və onların əvəzinə bəy elan olunan İbiş ("Atları yəhərləyin" filmi), "naçalnikin" hətta itinə də yaltaqlanan, yadların qarşısında təlxəklik edən Qurbanəli bəy kimi əldəqayırma bəylər necə deyərlər, dövriyyəyə buraxıldı.

Lakin Qafqaz siyasətinin bütün mənfiliklərinə baxmayaraq, çar üsul-idarəsi bolşeviklərdən daha insaflı idi. Çünki bolşevik rejimi xalqın beynini "yumaq", oradan "kişilik", "duz-çörək", "ləyaqət" kimi anlayışları bilmərrə yox edərək milli ruhu iflic vəziyyətə salmaq üçün heç bir rəhm göstərmirdi - başıpapaqlılar əvvəlcə  sinfi düşmən, sonralar isə xalq düşməni kimi sorğu-sualsız ya gedər-gəlməzə göndərilir, ya da güllələnirdi...

Mərhum aktyorumuz Şahmar Ələkbərovun quruluş verdiyi və  bir vaxtlar  böyük ajiotaja səbəb olan "Sahilsiz gecə" filmində maraqlı bir epizod var. Həmin epizodda 30-cu illər repressiyasının günahsız qurbanlarından birinin həbs edilməsi təsvir olunub. Çekistlər gecə "millətçi qüvvələrə işləyən casusu" tələm- tələsik evindən çıxarıb maşına basanda kişinin papağı başından düşür və o,  qaranlıqda papağını tapıb götürə bilmir. Çekistlərdən biri irişə-irişə rişxəndlə deyir: "Narahat olma, onsuz da bundan sonra papaq sənə lazım olmayacaq".

Sonra maşın hərəkətə gəlir və kişinin papağı onun təkərləri altında əzik-üzük olur. 

Mənə elə gəlir ki, bu epizodda çekistin dediyi sözlər və  epizoda nöqtə qoyan  kadrlar təkcə həmin kişiyə yox, bütün azərbaycanlılara ünvanlanmış təhqiramiz bir atmaca idi. Əlbəttə, o mənada yox ki, siz azərbaycanlılar papaq gəzdirməyə layiq deyilsiniz. O mənada ki, sizin daha papaq gəzdirməyə layiq kişiləriniz qalmadı, hamısının kökünü kəsdik.

Sanki bu sözlərlə çar Rusiyası, sonra isə onun varisi olan bolşevik Rusiyası tərəfindən Azərbaycanın mənəvi işğalı bir növ başa çatdırılır, onun coğrafi işğalı mənəvi işğalla möhkəmləndirilir.

Sovet hakimiyyəti qurulandan sonra Azərbaycan kişilərinə - Gəray bəylərə, Cahandar ağalara, Kərbəlayı İsmayıllara, Böyük bəylərə... qarşı başlayan səlib yürüşü əslində milli yaddaşa, torpağa yiyəlik hissinə, milli iradəyə qəsd idi və  30 - cu illərin repressiyaları ilə başa çatdırılan bu kampaniya  sonralar tarix dərsliklərinə  "sosializmin tam və qəti qələbəsi"  kimi daxil edildi.

Vaxtilə başında gəzdirdiyi papağın ucalığına layiq olmayan kişilər haqqında deyirdilər : "Filankəs nəslin papağını yerə soxdu", yaxud "Filankəs başına papaq qoymaq əvəzinə ləçək bağlasa daha yaxşı olar". Bu ifadələr papaq və kişilik anlayışlarının mənəvi ilişkilərini çox parlaq şəkildə ortaya qoyur.

"Evlənmək istəyirəm" filmində Mirzə Səfər Həsən ağanın qohumuna hörmətsizlik edəndə dəftərxana rəisi "Həsən ağanın qohumu burada növbə gözləməməlidir" hay-həşiri ilə ona hücum edir və sonda deyir: "Mirzə Səfər, papağını da götür, get burdan!" Və cavab da özünü çox gözlətmir :"Cənab rəis, narahat olna. Gedəsi olsam, yəqin ki, papağımı burda qoymayacam". Bu kiçik dialoqun alt qatında maraqlı bir məqam var: rəhbərlik etdiyi dəftərxanada özünün yaltaqlığa, qorxaqlığa əsaslanan qayda-qanunlarını tətbiq etmək istəyən rəis məğrur, qürurlu Mirzə Səfərin nəinki özündən, hətta papağından da qorxur, Qorxur ki bu papaq yaddan çıxıb dəftərxanada qalar və sahibinin xarakterinin daşıyıcısı kimi digər çinovnikləri də öz yolundan sapdırar.

Yeri gəlmişkən, deyim ki, bu film "Papaq" adı ilə çəkilirdi və Azərbaycan kinosunda ilk dəfə məhz bu filmdə papaq əsas obraz səviyyəsinə qaldırılmış, mənliyini, ləyaqətini pula satan və dostuna xəyanət edən bəy obrazı yaradılmışdı. Şair Ramiz Rövşənin  papaq mövzusunda yazdığı və sətiraltı mənalarla zəngin olan  şeir parçaları da  ilk dəfə məhz bu  filmdə səslənib.

Bir haşiyə çıxım.

Ötən əsrin 70-ci illərinin ortalarında Bakıda heç kimin gözləmədiyi halda inqilabdan əvvəlki bəy papaqları  dizaynında tikilmiş kişi baş geyimləri peyda oldu. Bu papaqlar xüsusilə gənclər, tələbələr arasında geniş yayılmışdı və onlara çox yaraşırdı.  Amma milli  papaq bumunun ömrü çox az çəkdi - hansısa məkrli əl bu papaqların  yenidən dəbə oturuşmasına imkan vetmədi, onlar qəfil peyda olduqları kimi qəfil də yoxa çıxdılar...

Bundan təxminən 10 il sonra bir vaxtlar Azərbaycan xanımlarının bəzəyi olan kəlağayı "dirildi", Bakı qısa vaxt ərzində kəlağayı həyəcanı yaşadı...çalma, türbən  formalarında qız-gəlinlərin başına, boynuna dolanan rəngbərəng kəlağayı selinə qərq oldu. Həmin o rəngbərəng kəlağayılar qızların, gəlinlərin gözəlliklərini ikiqat artırır, zənənlərə əlavə bir incəlik gətirirdi. Amma çifayda!  Məşhur filmdə deyildiyi kimi, "yenə həmin ünvan, həmin koordinatlar"...

Bu faktlar milli elementlərin, koloritin geyim dəbinə nüfuz etməsi şansının hələ də gündəlikdə qalmasının bəzi dairələrin nəzərində nə qədər təhlükəli hal kimi qiymətləndirilməsinə parlaq misaldır.

Biz mənəvi təzyiqdən, həm coğrafi, həm də mənəvi işğaldan qurtulandan sonra milli yaddaşın, milli şüurun yenidən ruhumuza hakim kəsiləcəyinə sadəlövhcəsinə inanırdıq. Elə bilirdik ki, daha çox azərbaycanlılaşacağıq,  itirilmiş dəyərləri tez bir zamanda geri qaytaracağıq.
Amma əvəzində nə gördük?

Cırıq-cırıq, dar-düttək,  Habil Əliyevin sözü olmasın, rajokla geyinilən şalvarlar..,  göbəkdən yuxarı koftalar.., əcaib beysbolkalar...

Xalq yazıçısı Anar müsahibələrinin birində deyir: "Mənim yaratdığım Təhminə indiki bir çox qızlarla, qadınlarla müqayisədə rahibə həyatı yaşayan  bir qadındır". 

Müdrik yazıçının bu narahatlığı çox şeydən xəbər verir.

Məgər bütün bunlar yeni - daha amansız mənəvi işğaldan xəbər vermirmi?

...Çoxlarının nəzərində mühafizəkar, köhnəpərəst imici qazanan mən  isə burada silsiləni bitirir, şair Ramiz Rövşənin "Papaq" şeirinin bir bəndi ilə son nöqtəni qoyuram:

Fələyin qapazından
Papaq keçsə xirtdəyə,
Vay o gündən papağı
Dikəltməyə başımız.

 





21.01.2022    çap et  çap et