525.Az

Fransanın XİN rəhbəri qanunsuzluğa və təxribata necə haqq qazandırdı?


 

Fransanın XİN rəhbəri qanunsuzluğa və təxribata necə haqq qazandırdı?<b style="color:red"></b>

Fransa hər zaman Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqe nümayiş etdirib. İllərlə işğalçı Ermənistana dəstək verən Paris bu yanaşmasını 44 günlük Vətən müharibəsində açıq şəkildə büruzə verdi. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi neytral mövqe tutmalı olan Fransa müharibə günlərində işğalçını, illərlə beynəlxalq hüquq və onun prinsiplərini pozan tərəfi müdafiə etdi, Ermənistanın işğalına haqq qazandırdı. Təəssüf ki, Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra da biz Fransanın ədalətsiz münasibəti ilə qarşılaşırıq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirərək bu münaqişəni həll etməsindən sonra gözlənilirdi ki, Fransa, eləcə də digər dövlətlər regionda daha çox sülh çağırışları edəcək, Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasına töhfə verəcəklər, amma bunun əksini görməkdəyik. 

İşğal dövründə daim fransız deputatlar, merlər, siyasətçilər Qarabağa qanunsuz səfərlər ediblər. Təəssüf doğuran hal budur ki, qarşı tərəf eyni pozucu fəaliyyətindən əl çəkmək istəmir. Bir müddət əvvəl Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycanın  dünya birliyi, o cümlədən, Fransanın tanıdığı beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçərək Xankəndi şəhərinə səfər edib. Bu, eyni zamanda siyasi təxribat kimi qiymətləndirilməlidir. 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Pekresin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib və bunun ilk növbədə, prezident Makrona qarşı edilən səfər olduğunu deyib: "Mən, sadəcə olaraq, təəccüb edirəm ki, prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək".

Dövlət başçısı əlavə edib ki, Fransa da müharibənin nəticələrini qəbul edib və prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirilib. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünki bir çox məsələlərə aydınlıq gətirildi. 

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian isə parlamentdə çıxışı zamanı həddini aşaraq Azərbaycan Prezidentinin Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu" deyib. Həmçinin o, Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottinin təhqiramiz ifadələrinə heç bir reaksiya verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Fransa parlamentində diplomata yaraşmayan tərzdə açıqlama edildiyi vurğulanıb.

"Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır. Pekresin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir... Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma "Dağlıq Qarbağ Respublikasını" tanımağa çağıran sənədlər qəbul edib", - XİN bəyan edib. 

Xatırladaq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Əgər Azərbaycan Respublikası vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı, ona münasibətdə də adekvat ölçü götürülərdi.

Deputat Hikmət Babaoğlu hesab edir ki, bu təxribat təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Fransanın hazırki prezidenti Emmanuel Makrona qarşıdır: "Məsələ ondadır ki, regionumuzda yaranmış yeni reallıqlar hər şeydən öncə uzunmüddətli sülhə və inkişafa xidmət etməlidir və Azərbaycan bunun üçün ciddi siyasi-diplomatik səylər göstərir. Bu səylər isə istər qonşu ölkələr, istərsə də Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən olduqca təqdir edilir. Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdə də bu məsələ xüsusi vurğulandı. Belə olan halda V.Pekres ölkəsinin də üzv olduğu Avropa İttifaqının ümumu mövqeyini nəzərə almalı və ona uyğun siyasi davranışlar nümayiş etdirməli idi".

Deputat deyib ki, Makron son Brüssel görüşündə Prezident İlham Əliyevə işğaldan azad olunmuş ərazilərin bərpası və minalardan təmizlənməsi ilə bağlı əməkdaşlıqla bağlı müraciət etdi: "Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfəri həm də vətəndaşı olduğu ölkənin prezidentinin yəni Makronun və onun təkliflərinin bir növ etibarsızlaşdırılması kimi qiymətləndirilə bilər. Belə olan halda isə şübhəsiz ki, Azərbaycan-Fransa münasibətləri get-gedə daha çox ziyan görə bilər. Bu isə nəticə etibarilə ikitərəfli münasibətlərdə mövcud olan əməkdaşlığa və onun inkişaf perspektivlərinə ciddi ziyan vura bilər. Ona görə də Pekres etdiyi qanunsuzluq və təxribat üçün həm hüquqi, həm də siyasi məsuliyyət daşıyır".

PƏRVANƏ

 





21.01.2022    çap et  çap et