525.Az

“Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması əlamətdar hadisədir"


 

“Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması əlamətdar hadisədir"<b style="color:red"></b>

“Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması əlamətdar hadisədir. Çünki o, tariximizə çox gözəl, xeyirxah əməllərin sahibi kimi öz adını həkk edib. Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilib. Bu layihələrin arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Eyni zamanda, məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilib, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılıb”.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Hacı Zeynalabdin Tağıyev o dövrdə azərbaycanlıların dünyəvi təhsil almasında da misilsiz xidmətlər göstərib. Belə ki, onun maliyyə dəstəyi ilə yüzlərlə azərbaycanlı gənc Rusiya və Avropada təhsil alıb. Bundan başqa, ilk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən məhz Hacı Zeynalabdin Tağıyev olub. Həmçinin onun maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilib və təmir olunub. 

Millət vəkilinin sözlərinə görə,  tarix və millət qarşısında xidməti olan hər bir şəxsiyyəti Azərbaycan xalqı öz qəlbində yaşadır:

“Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilib. Xüsusi vurğulanmalıdır ki, müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılıb və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlarını uydurub media məkanına atmışlar.

Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst edib. Hazırda isə Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi  Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. 44 günlük Vətən müharibəsindən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu da Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Azərbaycan vətəndaşları, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna ianə edirlər. Bunun nəticəsində doğma Qarabağımızın dirçəlişi, o cümlədən şəhid ailərinə və qazilərə qayğı istiqamətində mühüm addımlar atılır. Bütövlükdə isə, bütün bunlar xalqımızın xeyriyyəçilik ənənələrinə nə qədər böyük önəm verdiyinin göstəricisidir”.

Sevinc Qarayeva

 





21.01.2022    çap et  çap et