525.Az

Qırğızıstanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub


 

Qırğızıstanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub<b style="color:red"></b>

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
 

Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyindən 525.az-a verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri və ölkənin KİV təmsilçiləri iştirak ediblər. İştirakçılar əvvəlcə səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən fotostendlərlə və Qarabağ münaqişəsinə dair kitablarla tanış olublar. Onlara 20 Yanvar hadisələri ilə bağlı məlumatlar toplusu təqdim edilib. Tədbir iştirakçıları həmin guşənin qarşısına qərənfillər düzüblər.

Tədbirdə səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri və ölkənin KİV təmsilçiləri iştirak etmişlər. Tədbir faciə zamanı həlak olanların xarirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. 

Səfir Lətif Qəndilov tədbiri açaraq 20 Yanvar faciəsi səbəblərini və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə əlaqədar geniş məlumat vermişdir. Bildirmişdir ki, 1987-ci ildə ümummilli lider Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Qeyd etmişdir ki, faciənin səbəbi Ermənistan tərəfindən əsassız torpaq iddialarına görə etiraz edən Azərbaycan xalqını cəzalandırmaq olub. Lakin yüzlərlə mülki şəxsin öldürülməsi, yaralanması və həbs olunması xalqımızı qorxutmamış əksinə daha da çox birləşdirmişdir. Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda sonacan mübarizə aparmağa qərar vermişdir. Bütün xalq anlamışdır ki, azadlığa və ərazi bütövlüyünə gedən yol yalnız müstəqillikdən keçir. Heydər Əliyevin milli dövlət strategiyası və bu strategiyanın Azərbaycan Respublikasını Prezidenti Zati-Aliləri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlət və xalqımız müstəqilliyin qoruyub saxlaya bilmişdir. Həmin strategiya 8 Noyabr – Zəfər Günü ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə məntiqi nəticəsini tapmışdır.

Səfir L.Qəndilov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükədə qoyaraq 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə getmiş, qətliamı törədənləri qətiyyətlə ifşa etmiş, faciəyə siyasi qiymət verilməsini və cinayətkarların cəzalandırılmasını tələb etmişdir. Əlavə etmişdir ki, o zaman tam informasiya blokadasında olan ölkəmiz və 20 yanvar hadisələri barədə həqiqətləri dünya Heydər Əliyevin dilindən eşitmişdir.

L.Qəndilov qeyd etmişdir ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

“Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev və diasporun üzvləri 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşmüşlər, diasporun hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini ifadə etmişlər.
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin müxbiri Ramiz Məşədihəsənli hadisələr zamanı AzTV-də çalışdığını, həmin faciənin canlı şahidi olduğunu söyləmiş və sovet əsgərləri mərkəzi televiziyanın enerji blokunu partladaraq respublikada informasiya blokadasını yaratdıqları barədə məlumat vermişdir. Səfir tədbiri yekunlaşdıraraq iştirakçılara və çıxış edənlərə təşəkkür etmiş və şəhidlərin xatirəsinin xalqımızın yaddaşında daima yaşayacağını bildirmişdir. Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş film göstərilmişdir.

Qeyd edək ki, AR XİN-nin bəyanatı və Səfirliyin hazırladığı material KİV-lərdə geniş işıqlandırılmışdır. Eyni zamanda keçirilən tədbir haqqında material Qırğız Respublikasının İctimai Televiziya və Radio Yayım Korporasiyası (KTRK) və STV televiziya kanallarında nümayiş olunmuşdur.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Səfirliyin bayrağı yarıya qədər endirilmişdir. 20 yanvar 2022-ci ildə Bakı vaxtı ilə saat 12:00-da Səfirlik əməkdaşları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 

 





21.01.2022    çap et  çap et