525.Az

Enerji bazarları uğrunda yeni mübarizə - Xaqani Cəfərlinin şərhi


 

Enerji bazarları uğrunda yeni mübarizə -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Enerji daşıyıcılarının qiymətlərinin kəskin bahalaşması enerji bazarları uğrunda mübarizəni də qızışdırıb. Çin və Avropa bazarları uğrunda Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Avstraliya, Oman, İraq, Anqola və ABŞ-ı təmsil edən şirkətlər arasında mübarizə gedir və iştirakçıların hər biri bu vəziyyətdən yararlanmağa çalışır.

Çin gün ərzində dünyada hasil edilən neftin 10 faizdən çoxunu alır. Buna görə Çin bazarı neft istehsalçısı olan bütün ölkələr üçün cəlbedicidir. Çin bazarı uğrunda əsas mübarizə isə Rusiya ilə Səudiyyə Ərəbistanını təmsil edən şirkətlər arasında gedir. Çin Baş Gömrük İdarəsinin məlumatına görə, ötən il Rusiyadan 79,64 milyon ton neft idxal edilib. Bu isə 2020-ci ildə idxal edilən neftlə müqayisədə 4.5 faiz azdır. Halbuki 2020-ci ildə Çin Rusiydan 83.57 milyon ton neft idxal etmişdi. Çin Baş Gömrük İdarəsinin məlumatı göstərir ki, Rusiya Yaxın Şərq ölkələri, ilk növbədə isə Səudiyyə Ərəbistanı ilə rəqabəti uduzur. Ötən il Çin Səudiyyə Ərəbistanından 87.56 milyon ton neft alıb. Səudiyyə Ərəbistanı ilə yanaşı, Çin İraq, Oman və Anqoladan da neft idxalatını artırıb.

Rusiya dünya neft bazarındakı mövqelərini hələlik Avropadakı alıcıların hesabına qoruya bilir. Avropa ölkələri Rusiya neftinin tən yarısının alıcısıdırlar. Avropa ölkələri arasında isə Rusiya neftinin əsas alıcıları Niderland, Almaniya, Polşa və Finlandiyadır.

Enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi neftlə yanaşı, təbii qaz bazarları uğrunda mübarizəni də gücləndirir. Əgər neft bazarları uğrunda Rusiya Səudiyyə Ərəbistanı ilə kəskin rəqabət aparırsa, qaz bazarları uğrunda mübarizədə Rusiyanın əsas rəqibi Qətər, ABŞ və Avstraliyadır. Son zamanlar bu ölkələrdən Avropa və Çin bazarlarına sıxılmış qaz ixracı kəskin artıb. Bunun nəticəsində Avropanın sıxılmış qazın saxlama çənlərindəki həcmi ötən illə müqayisədə 41 faiz çoxdur. Sıxılmış qaz terminallarından isə Avropa qaz təminatı sisteminə daxil olmalar gündəlik 400 milyon kubmetrə çatıb. Bu da yanvar ayı üçün rekord göstəricidir və son beş ildə yanvar ayı üçün orta göstəricidən 2,5 dəfə çoxdur. Ümumilikdə isə yanvar ayının 18-nə olan məlumata görə, Avropanın qaz təminatı sisteminə 6,4 milyard kubmetr sıxılmış qaz daxil olub ki, bu da əvvəlki illərlə müqayisədə 38,5 faiz çoxdur.

Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının artması enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olmaqla yanaşı, ehtimal edilən hərbi münaqişə zamanı enerji böhranının yarana biləcəyi mümkünlüyünü də ortaya çıxarıb. Rəsmi Vaşinqton buna imkan verməmək üçün tədbirlər görməyə çalışır. Məlumata görə, Vaşinqtonda "Royal Dutch Shell", "ConocoPhillips", "Exxon", "Chevron", "Total", "Equinor" və "Qatar Energy" şirkətlərinin təmsilçiləri ilə danışıqlarda Avropanın enerji daşıyıcıları ilə təminatı müzakirə olunub.  Danışıqlarda ABŞ-ı Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hokstin təmsil edib. Dövlət Departamentinin təmsilçisi şirkət təmsilçiləri ilə görüşdə onların hasilatı artırmaq və ixracı genişləndirmə imkanlarını araşdırıb.

Hələlik isə Avstraliyanın qaz ixracını artırdığı və Qətəri də ötüb-keçdiyi müşahidə olunur. Avstraliya 2020-ci ildə 77,63 milyon ton sıxılmış qaz ixrac etdiyi halda, ötən il bu rəqəmi 80,23 milyon tona çatdırıb. Qətər isə ötən il 77,88 milyon ton sıxılmış qaz ixrac edib ki, bu da Avstraliyadan sonra ikincilik deməkdir. Sıxılmış qaza tələbatın artması ABŞ hasilatçılarını da istehsalatı artırmağa sövq edib. Buna görə də ABŞ ötən il hasilatını və ixracatını kəskin artırıb. Əgər 2020-ci ildə ABŞ 47.35 milyon ton sıxılmış qaz ixrac etmişdisə, ötən il bu rəqəm 70,43 milyon tona çatıb. Göründüyü kimi, ABŞ qaz ixracını təxminən 40 faiz artırıb. Avstraliya, Qətər və ABŞ üçlüyü ötən il sıxılmış qaz bazarlarında əsas oyunçular olmaqla 60 faizə nəzarət ediblər. Çox maraqlıdır ki, bu üç ölkə ixracın 76 faizini Asiyaya edib ki, onların da əsas alıcıları Çin, Hindistan, Yaponiya və Cənubi Koreyadır. Çin ABŞ-dan qaz idxalatını artırmağa çalışır və bununla bağlı uzun müddətli müqavilələr də bağlanıb.  

Ekspertlərə görə, dünya enerji bazarlarında qiymətin kəskin yüksəlməsi Rusiya ilə yanaşı, ABŞ-ın da maraqlarına uyğundur. Qiymətlərin yüksək olması Rusiyanın gəlirlərini artdırdığı kimi, ABŞ-ın enerji şirkətləri üçün "ikinci nəfəs"ə çevrilib. Fəaliyyətini dayandırmaq ərəfəsində olan şirkətlər hasilatı artırmağa və yeni hasilat quyuları qazmağa başlayıblar.

Dünya bazarlarında neftin və qazın bahalaşacağı istisna olunmadığı kimi, müəyyən proqnozlar da səslənir. Ən uğurlu əmtəə fondu menecerlərindən biri hesab olunan Dok Kinq bildirib ki, neftin bir barelinin qiyməti 100 dollara, yaxın beş ildə isə 200 dollara qədər yüksələ bilər. Artıq brent markalı neftin bir barelinin qiyməti 87 dolları ötüb. Bu vəziyyət isə Çini hərəkətə keçirib. Çin neftin bir barelinin qiymətinin 85 dolları keçəcəyi halda strateji neft ehtiyatlarının bir hissəsini satacağını vəd etmişdi. Pekindən yayılan məlumata görə, Çin yaxın günlərdə neft ehtiyatlarının bir hissəsini satmağa başlayacaq. Ekspertlər hesab edir ki, Çinin bu addımı dünya neft bazarında qiymətlərin qısa müddətli sabitləşməsinə imkan yarada bilər. Bütövlükdə isə yaşıl enerjiyə keçid prosesinin gözlənildiyindən zəif getməsi, son illər qışın əvvəlki illərə nisbətən soyuq keçməsi və koronavirus pandemiyasının zəifləməsi nəticəsində istehsalatın yüksəlməsi enerji daşıyıcılarına tələbatı kəskin artırıb. Tələb yüksək olduğu müddətdə isə qiymətlər də yüksəlməkdə davam edəcək. 
 

 





22.01.2022    çap et  çap et