525.Az

Hacı Seraya Şapşal Qacar sarayında - Vilayət Quliyev yazır


 

Hacı Seraya Şapşal Qacar sarayında -<b style="color:red"> Vilayət Quliyev yazır</b>

"Çər şüurum olsa idi dustü 
düşmən bilməyə,
Şapşalı, Fəzlüllahı işdən 
kənar etməzmiydim?"-

Sabirin Qacarlar sülaləsinin bivec hökmdarlarından  Məhəmməd Əli şahın (hakimiyyət illəri 1907-1909) dilindən qələmə aldığı  "Etməzmiydim?" rədifli satirasındakı bu misraları oxuyan hər kəs yəqin ki, istər-istəməz özünə suallar  verir: qəribə soyadın sahibi  Şapşal kim idi? Qacar sarayına necə gəlib düşmüşdü? Dostu ilə düşmənini tanıya bilmədiyindən şikayətlənən Məhəmməd Əli onu "işdən kənar etmədiyinə görə" niyə peşmançılıq hissi keçirirdi? 

Həyat yolunun mürəkkəb və keşməkeşli səciyyəsinə, bəzən xeyrə, təəssüf ki, bir sıra hallarda isə şərə eyni dərəcədə ürəkdən və şövqlə xidmət etməsi baxımından XX əsr Cənubi Azərbaycan tarixi ilə qırılmaz tellərlə bağlı olan Şapşal (1873-1961) ziddiyyətli şəxsiyyət idi. 

Hacı Seraya Şapşal (rus mənbələrində Sergey Markoviç Şapşal) milliyyətcə karaim (karay türkü) idi. 1873-cü ildə Bağçasaray yaxınlığındakı Öysünköy adlı karaim kəndində, bağban ailəsində doğulmuşdu. İlkin təhsilini Bağçasaray və Ağməsciddəki (Simferopol) karaim mirdaşında (mədrəsə) almışdı. 1884-cü ildə atası onu rus dilini öyrənib dünyəvi elmlərə yiyələnmək məqsədi ilə Peterburqa göndərmişdi. Burada Qureviçin dövlət gimnaziyaları ilə eyni statusa malik şəxsi gimnaziyasını bitirmişdi. 1894-cü ildə Peterburq universitetinin Şərq dilləri fakültəsinə daxil olmuş, ərəb, fars və türkcə öyrənmişdi. Həmişə yaxşı mənada seçilən  tələbə kimi tanınmışdı. Təhsil dövründə iki dəfə İstanbula, dil təcrübəsinə   göndərilmişdi. Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinin fəal əməkdaşlarından biri  idi. Adamlarla asan ünsiyyət qurma bacarığı sayəsində Cəmiyyətin sədri, çarın xas alayının zabiti, qazax əsilli polkovnik Sultan Qazi Vəli xana yol tapmışdı. Xan  tez-tez onu özü ilə  paytaxtdakı Osmanlı və İran diplomatik missiyalarına aparırdı. Nəticədə diribaş Şapşal şərqli diplomatlar arasında da məşhurlaşmışdı. 1899-cu ildə universiteti birinci dərəcəli diplomla başa vurub professuraya hazırlanmaq üçün kafedrada saxlanmışdı. "Karaimlər və Cühud Qala" adlı ilk kitabını da tələbəlik illərində Peterburqda çap etdirmişdi. 

Görünür, Qacar diplomatları ilə qurduğu əlaqələr onun 1901-ci ilin yanvarında Təbrizə ezam olunmasına təsirsiz qalmamışdı. Nə üçün paytaxt Tehrana yox, Təbrizə? Çünki həmin dövrdə taxt-tacın varisi, vəliəhd Məhəmməd Əli (1872-1925) Azərbaycan valisi kimi bu şəhərdə yaşayırdı. XX əsrin əvvəllərində Qacar səltənəti bərbad idarəçilik ucbatından Rusiya ilə Böyük Britaniya asılılığı altında yarımmüstəmləkə dövlətə çevrilmişdi. 
Azərbaycan əyalətinin idarəçiliyində Təbrizdəki Rusiya baş konsulunun sözü bir sıra hallarda vəliəhdin  iradəsindən kəsərli olurdu. Amma istənilən halda təkəbbürlü ingilislərlə müqayisədə ruslarla dil tapmaq Qacar xanədanına sanki daha asan görünürdü. Vəliəhd də öz növbəsində rus dilini öyrənmək, Rusiya ilə daha da yaxınlaşmaq fikrinə düşmüşdü. Bu məqsədlə  həmin vaxta qədər ciddi bir  uğur qazanmadığı fransızcanı (Parisdən  biri-birinin ardınca beş müəllim çağırılsa da, Məhəmməd Əli bir şey öyrənə bilməmişdi) rus dili ilə əvəz etmək qərarına gəlmişdi. İranın Rusiyadakı səfiri Mirzə Rza xan Arfauddövlə vəliəhdə rus dili müəllimi tapmaqla bağlı tapşırıq almışdı. 

Təbii ki, səfirin ilk seçimi Şapşal olmuşdu. Rəyini öyrənmək üçün müraciət etdiyi şəxslər onun namizədliyi üzərində dayanmışdılar. Peterburq universitetinə göndərilən rəsmi sorğuya da rektor A.Qolmsteynin imzası ilə Şapşalı  hazırlıqlı mütəxəssis, yüksək mədəni-mənəvi keyfiyyətlərə malik  insan, İranın dostu kimi dəyərləndirən müsbət xarakteristika alınmışdı. Artıq karaim gəncin vəzifəsinin icrasına başlamaq  üçün Təbrizə yola düşməsinə heç bir maneə qalmamışdı.

Onun rus dili öyrətmək üçün getdiyi Məhəmməd Əli müasirlərinin xatirələrindən də göründüyü kimi, xəsis, hər işdə öz mənfəətini güdən, ikiüzlü və məkrli adam idi. İlk günlər vəliəhd və saray adamları Şapşala da çox ehtiyatla yanaşır, bütün hərəkətlərini yoxlayırdılar. Onunla yalnız bir illiyə, həm də nisbətən aşağı  maaşla müqavilə bağlanmışdı. Bayram və bazar günləri də daxil olmaqla vəliəhdə hər gün iki saat dərs keçməli idi.  Eyni zamanda Təbrizdə yeni açılmış müasir tipli "Loğmaniyyə" məktəbində də çalışırdı. 

Hacı Seraya Şapşal - Məhəmməd Əli şahın saray naziri

Şapşal biliyi, rəftar qabiliyyəti və səmimiliyi sayəsində tezliklə vəliəhdlə dostlaşa bilmişdi. Nəticədə bir il başa çatmamış onunla üç illik, üç il tamam olmamış isə on illik yeni müqavilə imzalanmışdı. 1901-ci ilin oktyabrında  Məhəmməd Əli "müəlliminin" 2-ci dərəcəli "Şiri-Xurşid" ordeni ilə təltif edilməsi haqda atası  Müzəffərəddin şah qarşısında məsələ qaldırmışdı. Yüksək maaşla on illik müqavilə isə Rusiyanın Təbrizdəki yeni baş konsulu İ.F.Poxitonovun təkidli xahişləri sayəsində mümkün olmuşdu. Yeri gəlmişkən fəaliyyətinin İran dövrü ərzində Şapşal tək İranın deyil, Rusiyanın da bir sıra yüksək ordenləri ilə təltif edilmişdi. Çünki onun Qacar elitası ilə yaxınlığı çar üsuli-idarəsinin də işinə yarayırdı. Qısa müddətdə Şapşalı yaxın çevrəsinə daxil edən Məhəmməd Əlinin  lütfkarlığı isə sərhəd tanımırdı. "Şiri-Xurşid" təltifinin ardınca  Şapşal İran zadəganları silkinə daxil edilmiş,  xan tituluna layiq görülmüşdü. Artıq Məhəmməd Əli onu ən yaxın adamı, etibarlı məsləhətçisi sayırdı.  Razılığı olmadan heç bir addım atmır, ciddi bir qərar qəbul etmirdi.

1907-ci ildə Müzəffəddin şahın ölümü və hakimiyyətin Məhəmməd Əliyə keçməsi Şapşalın mövqeyini daha da möhkəmləndirdi. Vəliəhdlə birlikdə Təbrizdən paytaxt Tehrana gələn Şapşal burada dərhal general-adyudant rütbəsi ilə saray naziri təyin olundu. Köhnə şahın dəfni, yeni şahın  tacqoyma mərasimi də onun ssenarisi və rəhbərliyi altında böyük ehtişam və təntənə ilə həyata keçirildi. Məhəmməd Əli şah hökmdar kimi imzaladığı ilk fərmanla dostuna fəxri "Ədib-üs-Sultan" ("Hökmdarın müəllimi") titulu verdi, maaşını iki dəfə artırdı və faktiki olaraq şah ailəsinin tamhüquqlu üzvünə çevirdi. Artıq Şapşalın İrana gəlişinin əsas məqsədi - rus dili məşğələləri də tamam unudulmuşdu. O, şahın sağ əli kimi mühüm siyasi məsələlər və dövlət idarəçiliyi ilə məşğul olur,  böyük maliyyə layihələrinin hazırlanması və icrası üzərində işləyirdi. 

Əslində Şapşalın İranın iqtisadi həyatına müdaxiləsi Təbrizdə yaşadığı illərdə  başlamışdı. 1903-cü ildə Rusiya imperiyasının maliyyələşdirdiyi İrəvan-Culfa-Təbriz-Tehran şosse yolunun (gələcəkdə həmin traktda dəmir yolu çəkilməsi nəzərdə tutulurdu) tikintisinə qərar veriləndə vəliəhdin iradəsi ilə Şapşal yolun keçəcəyi ərazilərin alınması üçün qiymətləndirmə  üzrə agent  təyin olunmuşdu. Tezliklə hər iki tərəfin səyi ilə  böyük korrupsiya layihəsinə çevrilən yol tikintisi Cənubi Azərbaycana müasir nəqliyyat infrastrukturu gətirmək əvəzinə yüksək rütbəli rus və İran məmurlarının qazanc vasitəsi olmuşdu. Təbii ki, "vəliəhdin agenti" Şapşal  prosesdə həlledici rolu öz üzərinə götürmüşdü. 

Əlimərdan bəy Topçubaşov "Kaspi" qəzetinin 16 fevral 1907-ci il tarixli sayında dərc etdirdiyi "İranda yol-tikinti epopeyası" adlı məqaləsində bu "pul tələsi" üzərinə cəsarətlə işıq salmışdı. Müəllif yazırdı:  "Yol tikintisinin hesabına cibini dolduran müxtəlif agentlər, icarədarlar və digər tüfeylilər arasında rus təbəəsi c-b  Şapşal diqqəti xüsusi cəlb edir.  Qacar şahzadələrindən birinin müəllimi kimi İrana gələn bu şəxs tezliklə fars əyanları ilə faydalı tanışlıq əlaqələri qurmağa nail olmuşdu. Digər tərəfdən (söhbətin davamı üçün bu cəhəti xüsusi yadda saxlamaq lazımdır) Təbrizdəki Rusiya baş konsulu c-b. Poxitonovun tam etimadını qazanıb tikinti işlərinə marşrutun keçdiyi torpaq sahələrinin funksiyasnın dəyişdirilməsi üzrə agent kimi qəbul edilmişdi. Bu isə həddən artıq gəlirli vəzifə idi. Nəticəni c-b Şapşalın bu yaxınlarda özünə bütöv bir kənd almasından da görmək mümkündür. Rəsmi məmur kimi xoşu gələn ərazilərin funksiyasını kefi istədiyi şəkildə dəyişdirmişdi. Şəxsinə "faydalı güzəştlər" müqabilində  c-b Podqurskinin və baş mühəndisin arvadının İran ordenləri ilə təltif olunmalarına binagüzarlıq etmişdi. Necə deyərlər, əl əli yuyar... məsələsi". 

Digər bir azərbaycanlı tədqiqatçı - Əhməd Ağaoğlu isə "İran və inqilabı" əsərində Şapşalın əvvəl vəliəhd, sonra isə  şah sarayındakı ən çox özünə sərf edən mövqe və fəaliyyətini belə səciyyələndirmişdi: "Məhəmməd Əli şah atası Müzəffərəddin şahın tam əksi olan bir məxluqdu. Xasiyyətcə kobud, sərt olub zorakılığı və qəddarlığı xoşlayan bir adamdı. Ona uşaqlığından tərbiyəçi təyin olunmuş Krım yəhudisi, Rusiya təbəəsi Şapşal öz təlqinləri ilə şahın təbiətindəki bu xüsusiyyətlərin maksimum  inkişafı üçün  əlindən gələn xidməti etdi. Bu tərbiyəçi əslində Rusiya casusu idi və Rusiya hökumətindən aldığı direktivlər əsasında hərəkət edərək şahın istibdada olan meylini şiddətləndirməkdə idi".

Mövqe, münasibət ümumən dəqiq ifadə edilsə də, Əhməd bəy Şapşalla bağlı iki ciddi yanlışlığa yol vermişdi. Birincisi, onun vəliəhdə guya "uşaqlığından tərbiyəçi təyin olunması" ilə bağlıdır. Şapşal Təbrizə gələndə 28 yaşı vardı. Məhəmməd Əli isə 29 yaşında idi. Təbii ki, belə şəraitdə hansısa "uşaq yaşdan" və tərbiyədən söhbət gedə bilməzdi. İkinci yanlışlıq isə Şapşalın milli mənsubiyyəti ilə bağlı idi. O, iudaizmin bir təmayülünə iman gətirsə də, yəhudi yox, türk idi. 

Tanınmış ingilis iranşünası, "1905-1909-cu illər İran inqilabı" ("The Persian Revolution 1905-1909") əsərinin müəllifi Edvard Brounun  kitabının "Əlavələr" bölməsinə daxil edilən bir sənəddə də iqtisadi,  siyasi və maliyyə özbaşınalıqları baxımdan Şapşala qarşı sərt ittihamlar irəli sürülmüşdü. Sənədin müəllifi Qacar sarayı ilə sıx əlaqələrə malik bolqar jurnalisti T.Panov idi. Şapşalın "müəllimlik fəaliyyəti" arxasında Rusiyanın gizli maraqları və özünün şəxsi mənafeyinin dayandığını göstərən jurnalist  yazırdı: "Siz 8 il şahın müəllimi olmusunuz. Ancaq ona nə öyrətmisiniz? Şah rus dilində iki kəlmə sözü düzgün tələffüz edə bilmir. Siz gecə-gündüz Əlahəzrəti  inandırırdınız ki, Məclisdə İran konstitutsiyasının qəbul edilməsi  monarxın mütləq hakimiyyətinin ləğvi olunması məqsədini güdür . Şah bütün mümkün yollarla Məşrutə  inqilabına qarşı mübarizə aparmalıdır. Siz olmayan  "müəllimlik fəaliyyətiniz" üçün ildə 16 000 rubl maaş alırdınız, şahı xalqa qarşı "hazırlamaq" üçün nə qədər pul aldığınızı isə bilmirəm".

Daha sonra araşdırma müəllifi o qədər də böyük sayılmayan bu maaş müqabilində Şapşalın səkkiz il ərzində Azərbaycanda ümumi dəyəri 300 min rubldan çox olan əmlaka yiyələndiyini, bankların birindəki hesabında 80 min rubl olduğunu, İrəvan-Culfa-Təbriz-Tehran yolunun inşasından külli miqdarda gəlir götürdüyünü,  şəxsi mənfəəti xatirinə Avropa banklarından İran üçün sərfəsiz şərtlər və yüksək faizlə kreditlər almağa canfəşanlıq etdiyini və s. xatırladır. Alınan borc və kreditlər isə   ölkənin iqtisadi tərəqqisi, xalqın rifah halının yaxşılaşdırılması, islahatların həyata keçirilməsinə deyil, saray əyləncələrinə və Məhəmməd Əlinin şəxsi xərclərinin  ödənməsinə yönəldilmişdi.

Tehrandakı rus kazak alayının komandiri polkovnik Lyaxov, hərbi nazir Əmir Bahadır Cəng və bəzi mürtəce din xadimləri ilə birlikdə Şapşal da Məşrutə inqilabının  barışmaz düşməni kimi çıxış edirdi. İran Məclisinin qovulmasında, ölkədə sərt mütləqiyyət idarəçiliyi qurulmasında şaha verdiyi biri-birindən zərərli  məsləhətlər mühüm rol oynamışdı. Bəzən elə təəssürat yaranırdı ki, ölkəni sülalənin qanuni varisi-Məhəmməd Əli şah deyil, əsli-kökü bilinməyən bir rus təbəəsi idarə edir.  Bu da öz növbəsində Qacar elitası arasında Şapşala qarşı narazılıq və ədavəti gücləndirirdi. 1908-ci ilin yayında, hökumətlə məşturəçilər arasında qarşıdurmanın xüsusilə şiddətləndiyi dövrdə başda Azad-ül-Mülk olmaqla Qacar ağsaqqalları şahdan 6 nəfərin saraydan uzaqlaşdırılmasını qəti şəkildə  tələb etdilər və istəklərinə nail oldular. Siyahıda təbii ki, birincilər sırasında Şapşalın da adı vardı. Hətta Tehrandakı rus səfiri N.Q.Qartviq də Rusiya XİN-ə göndərdiyi məxfi depeşalarda onun Rusiya qarşısındakı mühüm xidmətlərini qeyd etməklə yanaşı, bəzən  Qacar hökmdarı ilə münasibətlərdə qırmızı xətti keçdiyini, "başqalarının yanında Əlahəzrət şahı dövlət idarəçiliyi ilə bağlı işlərdə qınadığını, qeyri-səmimilik və qətiyyətsizlikdə günahlandırdığını" yazırdı.

Nəticədə 1908-ci ilin yayında Məhəmməd Əli şahla "müəlliminin" yolları ayrıldı. Şapşal Bakıdan keçib Rusiyaya - Sankt-Peterburqa qayıtdı. Həmin günlərdə paytaxtda çıxan "Russkoe slovo" qəzeti yazırdı:  "Bu gün, iyulun 2-də əlahəzrət İran şahının ən yaxın məsləhətçisi, dostu və vəliəhdin (sonuncu Qacar hökmdarı Əhməd şah nəzərdə tutulur - V.Q.) tərbiyəçisi general-adyudant Sergey Markoviç Şapşalla həmişəlik vidalaşmaqla bağlı qəti qərara gəldiyi məlum olub. Məclic və əncümənlər şaha yaramaz təsir göstərən bir şəxs kimi bu rus təbəəsini ölkədən qovmağı çoxdan tələb edirdilər. Məhəmməd Əli şahın sarayında  ali mənsəbə yüksəlmiş S.M.Şapşal bəzi keyfiyyətləri ilə hansısa ekvatorial əyalətlərin general-qubernatoru titulunu daşıyan Efiopiya avantürüsti Leontyevi (Rus hərbçisi və diplomatı N.S.Leontyev nəzərdə tutulur. Efiopiya imperatoru II Menelikin yaxın dostu idi. Rusiya ilə Efiopiya arasında diplomatik əlaqələrin və müasir efiop ordusunun qurulmasında müəyyən xidmətləri olmuşdu -V.Q.) xatırladır. Səkkiz il əvvəl Lazarev Şərq Dilləri institutunun (Peterburq universitetinin Şərq dilləri fakültəsi -V.Q) bitirib Peterburqdakı fars missiyasının himayəsi ilə vurma cədvəlini də düz-əməlli bilməyən şahın tərbiyəçisi vəzifəsinə təyinat almışdı. Tezliklə Məhəmməd Əlinin böyük etimadını qazanmışdı. Şah Avropa təhsili görən bu cavandan heç nəyini əsirgəmirdi. Şapşalın məsləhəti olmadan  bir addım da atmır,  çətin məqamlarda onun  diktəsi ilə hərəkət edirdi. İran məclisinin tarixində, xüsusən də  parlamentin gülləbaran edilməsi ilə nəticələnən sonuncu qanlı hadisələrdə Şapşal heç də axırıncı rol oynamamışdı".

Hacı Seraya Şapşal (mərkəzdə), Məhəmməd Əli şah (sağda) və vəliəhd Əhməd Şah (atasının qarşısında)

Görünür, fəaliyyəti kifayət qədər uğurlu və Rusiya maraqları baxımından yetərincə əhəmiyyətli sayıldığına görə Peterburqa qayıdan Şapşalı çar II Nikolay şəxsən qəbul etmişdi. Şapşal Peterburqdan Məhəmməd Əli şaha göndərdiyi 10 fevral 1909-cu il tarixli məktubunda bu görüşün bəzi detallarını açıqlayır, xüsusən də II Nikolayın Qacar hökmdarına bəslədiyi səmimi dostluq münasibətindən ağız dolusu söz açırdı. Yuxarıda araşdırmasına istinad etdiyim bolqar jurnalisti M.Panov bu gözlənilməz  görüş və ehtirama istehzalı münasibətini açıqlayaraq yazırdı: "İndiyə qədər Rusiyada casuslar və araqarışdıran agentlərlə əlaqə Daxili İşlər Nazirliyi və yerli polis şöbələri əməkdaşlarının vasitəsi ilə həyata keçirilirdi. İndi isə imperator şəxsən bu işlə məşğul olur. Yaxşı başlanğıcdır!"

Şapşalın Qacar sarayındakı rol və fəaliyyətini müəyyən mənada Qriqori Rasputinin Qış sarayındakı mövqeyi ilə müqayisə etmək mümkündür. "Böyük qoca" çar II Nikolayı və ailəsini  təsir altında saxladığı kimi, Şapşal da əvvəlcə vəliəhd, sonra  şah olan Məhəmməd Əlini istədiyi səmtə yönəltməyi bacarırdı. Rus çarı bir sıra mühüm siyasi qərarları Rasputinin, İran şahı isə Şapşalın diktəsi və təkidi ilə qəbul etmişdilər. II Nikolayın qaragüruhçu  nazirləri əksər çirkin əməllərini Rasputinin xeyir-duası və himayəsi ilə həyata keçirirdilər. İran təbəəsi sayılmayan Şapşal Qacar sarayında eyni funksiya ilə çıxış edirdi.    

1916-cı ilin dekabrında Romanovlar sülaləsinin bəzi nümayəndələrinin və rus aristokratiyasının qəzəbinə tuş gələn Qriqori Rasputin knyaz Feliks Yusupov və IV Dövlət Dumasının qaragüruhçu deputatı M.Purişkeviç tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Lakin  din   ayrı "qardaşından" fərqli olaraq Şapşal Rusiya və İran  inqilabı  burulğanlarından, Polşa və Litvadakı faşist işğalından, Xolokost dəhşətindən salamat çıxmış, kommunistlərlə dil tapmağı bacarmış, adını və mövqeyini qoruyub saxlamış, hətta  dini lideri olduğu xalq üçün bir sıra xeyirxah və faydalı işlər görməyə də imkan tapmışdı. 

*** 

Rusiyaya qayıtdıqdan sonra o, Peterburq Universitetində türk-Azərbaycan dili mühazirəçisi ("lektor turetsko-aderbidjanskoqo yazıka") vəzifəsində çalışmışdı. Eyni zamanda köhnə iş yerində - Xarici İşlər Nazirliyində şərq dilləri tərcüməçisi kimi fəaliyyətini davam etdirmiş, nazirliyin nəzdindəki Tədris bölməsində mükəmməl yiyələndiyi Azərbaycan dili üzrə praktiki məşğələləri də öz üzərinə götürmüşdü. Həmin dövrdə Şapşal pedaqoji fəaliyyətlə yanaşı, Rusiya Arxeologiya və  Coğrafiya Cəmiyyətlərinin üzvü, Rusiya Şərqşünaslar Cəmiyyəti sədrinin müavini kimi geniş, çoxşaxəli elmi-təşkilati işlər də aparmışdı. 

Tale ona "yetirməsi" Məhəmməd Əli şahla  Rusiyada yenidən görüşməyi də nəsib etmişdi. 1909-cu ildə taxtan salınan şah ruslara pənah gətirmişdi- Odessada, dəniz sahilində ona böyük bağça içərisində gözəl saray ayırmışdılar (Sabir yazının əvvəlində misal gətirdiyim şeirində bu məqama da toxunmuşdu: "Qoy desinlər, Məmdəli düşdü Ədes sevdasına, Məncili versəydilər, orda qərar etməzmiydim?"). Şapşal yad ölkədə "şagirdini" tək qoymamış, bir neçə dəfə  ona baş çəkib gələcəklə bağlı uzun-uzadı müzakirələr aparmışdı. Hətta 1914-cü ildə Krımdan Peterburqa qayıdarkən yolüstü Odessada dayanan  II Nikolayın keçmiş monarxla  qeyri-rəsmi görüşündə tərcüməçilik etmişdi.

1915-ci ildə Şapşalın həyatında onu mənsub olduğu xalqla daha sıx tellərlə bağlayan mühüm hadisə baş vermişdi. Həmin il 42 yaşlı diplomat-alim karay türklərinin dini və dünyəvi lideri - Həkəm (bəzən Xaxam, Xaxambaşı, Xaxan variantlarına da təsadüf edilir. Maraqlıdır ki, Şapşal əksər hallarda vəzifəsinin  adını türk tarixi və ənənəsi ilə bağlı şəkildə -  Xaqan kimi göstərirdi. Fikrimizcə, bu variant həqiqətə daha  uyğundur. Üstəlik də, karaim icmasının  Həkəm, yaxud Xaqan kimi görmək istədiyi şəxsin ağ keçə üzərində baş üzərinə qaldırılması da qədim türk ənənəsindən xəbər verməkdədir -V.Q.) seçilmişdi.  

S.Şapşalın dini lider olduğu 1915-ci ildən karaimlərin sıx məskunlaşdığı Yevpatoriyanın  mədəni-mənəvi həyatı xeyli canlanmışdı. Onun təşəbbüsü ilə karaim kitabxanası- "Karay Bitikligi" yaradılmış, 1917-1919-cu illərdə isə rus dilində "Karaim ruhani idarəsinin xəbərləri" jurnalı çap edilmişdi. Nadir karaimşünaslıq mərkəzində - "Karay bitikligi"ndə 5000-ə qədər kitab və yüzlərlə qədim əlyazmasının saxlandığı barəsində məlumat mövcuddur.

Krımda siyasi ehtirasların qızışdığı 1917-1918-ci illərdə Şapşal ana vətənində idi. Lakin yarımadanın müstəqilliyi uğrunda hərəkatın geniş vüsət aldığı, yerli əhalinin  Rusiya və Ukrayna asılılığından xilas olmaq uğrunda inadla mübarizə apardığı dövrdə Şapşal siyasətdən kənarda qalmağa, gözə görünməməyə üstünlük vermişdi. Bir sıra mənbələrdə onun denikinçilərə rəğbətindən bəhs edilir. Sovet dövründə qələmə aldığı bioqrafiyasında isə Şapşal  bolşeviklərə rəğbət bəslədiyinə görə yerli millətçi və ağqvardiyaçılar tərəfindən təqib olunduğunu, həbsinə hazırlıq görüldüyünü və s. iddia edir. Bu iddiaların  həqiqətə uyğunluğunu təsdiq və ya təkzib etmək  mümkün deyildir. Çox güman ki, 1920-ci ilin əvvəlində o, Krımdan çıxıb Bakıya gəlmiş, buradan da Türkiyəyə yollanmışdı. 1920-1928-ci illərdə İstanbulda  əvvəlcə sultan kitabxanasında, sonra isə müxtəlif banklarda tərcüməçi kimi çalışmışdı. Təsdiqini tapmayan məlumatlara görə, Cümhurbaşkanı Qazi Mustafa Kamal Paşa türk dünyasının bir sıra tanınmış şəxsiyyətləri ilə bir sırada onunla da yaxından maraqlanmış, hətta görüşmüşdülər. 

1928-ci ildə Polşa və Litva karaimlərinin xaqanı seçilmişdi. 1940-cı ilə qədər hər iki ölkədə yaşayan karaimlərin dini lideri kimi fəaliyyət göstərmişdi. 1941-1944-cü illərdə isə eyni vəzifəni Trakayda  (Litva) yerinə yetirmişdi. 

1930-cu ildə S.Şapşal "Karaimlər Krımda, Litva və Polşada" adlı elmi iş müdafiə edib fəlsəfə doktoru adı almışdı. Bu əsərdə ilk dəfə Şərqi Avropa karaimlərinin Xəzər xaqanlığının türk əsilli sakinləri olması fikri elmi baxımdan əsaslandırılmışdı. İkinci Dünya müharibəsi başlananda və faşistlər karaimləri türkcə danışan yəhudilər kimi məhv etmək planını gerçəkləşdirmək istəyəndə Şapşal  Zelik Kalmanoviç, Meir Balaban,  İqnatiy Şiper və b. tanınmış mütəxəssislərin köməyi ilə soydaşlarının iudaizmə tapınan türklər olduğunu sübuta yetirmiş və beləliklə də, xalqını Xolokost dəhşətlərindən qurtara bilmişdi. 

S.Şapşal 1930-cu ildə Polşa EA-həqiqi üzvü, 1935-ci ildə isə Polşa Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti seçilmişdi. 1932-ci ildə Vilno (indiki Vilnüs) şəhərində Karaim Etnoqrafiya muzeyinin təşkili də onun adı ilə bağlı idi.

1945-ci ildə Litva hökumətinə müraciətlə rəsmən Xaqan titulundan imtina etmişdi. 1947-ci ildən həyatının sonuna qədər (1961) Litva EA Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışmışdı. 

Məşhur türkoloqlar N.A.Baskakov və karaim əsilli A.Zayançkovski ilə birlikdə karaimşünaslıq  tarixində  ilk dəfə  iri həcmli  "Karaim-rus-polyak lüğəti" hazırlamışdı. Əsər S.Şapşalın ölümündən sonra - 1974-cü ildə Moskvada nəşr olunmuşdu.  Onun yəhudi, ərəb, fars, türk əlyazmalarından və nadir nəşrlərdən ibarət zəngin arxivi hazırda Rusiya EA Şərqşünaslıq İnstitutunun Peterburq bölməsində mühafizə edilməkdədir.

***

Siyasi proseslərdəki yeri və rolu ilə bağlı ağır ittihamlarla üzləşən Şapşal sanki deyilənlərə virtual etirazını bildirərək sözünü həyatının sonunda qələmə aldığı "Adəm oğlu" adlı etik-fəlsəfi əsərində yazmışdı: "İnsan yer üzündə əbədi deyil, ona görə də bu dünyanın naz-nemətlərinə aludə olmamalıdır. Var-dövlət toplamamalıdır,  sərvət və zənginliyinə bel bağlamamalıdır. Bütün bunların əvəzinə insan yaxınlarına və doğmalarına kömək etməlidir, xeyirxahlıq göstərməli, olanını kasıblar və möhtaclarla bölüşməlidir. Çünki heç bir insan var-dövlətini o biri dünyaya apara bilmir, gördüyü xeyirxah  işlər isə özünün olacaq və bu işlər üçün o, mükafatını axirət dünyasında Allahdan  alacaq".

S.Şapşal da Cənubi Azərbaycanda - Təbrizdə yaşadığı illərdə özü ilə apara bilmədiyi, amma adını bu gün də minnətdarlıq hissi ilə yaşadan bir zənginlik yaratmışdı - Azərbaycan türklərinin söz sənətindən nümunələri toplayıb tədqiq etmişdi. Bu barədə növbəti yazıda söz açılacaq.

(Davamı var) 
 

 





22.01.2022    çap et  çap et