Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, P. Həşimlinin və T. Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil bildirib ki, ötən proses zamanı Təvəkkül Qurbanovun Pərviz Həşimlinin ailə üzvlərini təhqir etməsinə görə bu gün keçilən iclas zamanı Pərviz Həşimlinin atası, qardaşı ilə Təvəkkül Qurbanov arasında insident yaşanıb. Buna görə prosesdə fasilə elan olunub.
B. Bayramov dövlət ittihamçısının çıxışından sonra Pərviz Həşimlinin müdafiəçilərinin müdafiə çıxışı etdiklərini, onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdiklərini bildirib. Vəkillər çıxışlarında ittihamın əsassız olduğunu qeyd ediblər.
T. Qurbanovun vəkili isə müdafiə çıxışı etmək üçün məhkəmədən vaxt istəyib.
Proses mayın 14-də davam etdiriləcək.
çap et