525.Az

70 illik yubileyə yolçuluq: professor Əli Qafqazyalı


 

70 illik yubileyə yolçuluq: professor Əli Qafqazyalı<b style="color:red"></b>

Nə tez keçdi bu illər. İnsan həyatından necə də sovuşub gedir xoş xatirələrlə zəngin o illər. Yada düşəndə gah qəmlənirsən, gah şənlənirsən. Qəmlənirsən ki, əziz insanları daha görə bilmirsən. Şənlənirsən ki, əzizlərimiz ürəyimizdə, qəlbimizdə mənən yaşamaqdadır.

Keçmiş illərə nəzər saldığımda xatirələrimin nurunda hörmətli professorumuz, fədakar alimimiz Azərbaycan  mədəniyyətinin, ədəbiyyatının əlaqələndiricisi, cəfakeşi, qeyrətli vətənpərvər insanımız, əslən Qazax elinin, II Şıxlının ziyalı oğlu Əli Qafqazyalı da yada düşür.

Geri dönüb baxdığımda ilk tanışlığım - 1987-ci ildə hörmətli şairimizin, professor Mustafa İsgəndərzadənin xanəgahına (professor Qəzənfər Paşayevin iştirakı ilə) 10 yaşlı oğlu Savaşla birlikdə qonaq gəldiyi indi də gözlərimin önündədir. Sovetlərin gücünün olduğu dönəmdə Türk elindən ilk gələn əziz töhfəmiz-qonağımız idi Azərbaycanımız üçün. Sonradan öyrəndim ki ədəbiyyatşünaslığımızın görkəmli alimləri professor Əzizə Cəfərzadə və Azad Nəbiyev Əli Qafqazyalının elmi rəhbəridir.

Professor Əli Qafqazyalı

 

Mustafa bəyin evində saz çaldıq, tələbəm 10 yaşlı Çinar Mustafaoğlu da öyrətdiyim saz havalarını çaldı-oxudu, “Ay duman, gəl-get bu dağlardan” deyə səsləndi. Savaş da Qurandan bəzi ayələr oxudu,Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı’nı əzbərdən deməklə bizi heyrətləndirdi. Etiraf edim ki, kiçik yaşda Quran oxuyan yavrumuzu ilk dəfə görürdüm. Daha sonra Çinarın saz-söz sənətimizin böyük ustadı Azaflı Mikayılın “Qoca qartal, nə gəzirsən” misrası ilə başlayan gəraylısını, Rəşid Behbudovun heyrət edib bəyəndiyi ecazkar səsi ilə oxuyandan sonra anladım ki Əli Qafqazyalının elmi işi elə Mikayıl Azaflının həyatı, yaradıcılığı, sənəti haqqında idi. 

Daha sonra onu da öyrəndim ki, Mikayıl Azaflı sənətini və yaradıcılığını ilk kəz Türk elində, Osmanlının vətəni olan Anadoluda tanıdan şəxsin adı Əli Qafqazyalıdır. Evini satıb məbləğini çap etdirdiyi kitabına xərcləmişdir bu təmənnasız vətənpərvər,ürəyi, ruhu canı, qanı ilə Azərbaycanımıza vurğun təmənnasız  xidmət göstərmiş Əli bəy.

Əli Qafqazyalının Türkiyədə nəşr etdirdiyi “Mikayıl Azaflı” adlı kitabı

 

Ürəyə, istəyə bax! Ömrünü Azərbaycan başda olmaqla Türk dünyasının mədəniyyətinin,ədəbiyyatının təbliğinə həsr etmiş ensiklopedik bilgi sahibi həqiqətən də bu sonsuz bilgilərini tələbələrinə ötürməklə öz şəxsi rəftarında əsl türkcü şairi, ədəbiyyatşünas, mədəniyyətişünaslıq üzrə görkəmli xadim, böyük şəxsiyyətdir ki, heykəlləşib qəlbimizdə. Ömrünün bir bölümü Anadolu ədəbiyyatına, digər hissəsi Azərbaycan mədəniyyətinə, digər bölümü İran türklərinin poetik dünyasına - ədəbiyyatşünaslığına həsr edilmiş müqtədir alim Əli bəy Türkmənistan, Özbəkistan, Qazaxıstan ədəbiyyatının təbliğinə, mədəniyyətinin öyrənilməsinə də xidmətlərini heç əsirgəmədi. Oxudu, öyrəndi, araşdırdı, təhlil edib özü kimi neçə-neçə layiqli-etibarlı tələbələr yetirdi Əli Bəy. Gah televiziya proqramlarında gördüm, gah konqreslərdə qarşıma çıxdı bir zaman tələbə olmuş öyrənciləri. Zəhməti, xidməti təmənnasızdı Əli bəyin. Türkiyə Cumhuriyyətinə dəyərli elm xadimləri yetişdirmək Əli bəyin amalı, xoş məramıydı. Və buna da nail olmuşdur. Tələbələrinin sədası İrandan, Turandan, Anadoludan, İraqdan, Suriyadan gəlirdi. Çəkilən zəhmət öz bəhrəsini vermişdir. Hər bir tələbə Əli bəyin adını doğrultmağa layiqincə cəhd göstərməkdədir. Bu baxımdan keçmiş tələbələrindən Həmzə Qoluqısa, Bahadır Gücüyetər, Oğuzxan Aydın Əli bəyin iftixar etdiyi müəllimlərdir ki, Türkiyənin müxtəlif universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqdadırlar.  

Prinsipal insan dediyim zaman Əli bəy ağlıma gəlir. Dəqiqlik deyiləndə yenə Əli bəyi düşünürəm. Nə iş görürsə, ən əlası üçün çalışır, çaba göstərir və buna da nail olur. 2000-2006 illər arasında Atatürk Universitetində Kazım Qarabəkir Eyitim Fakültəsinin musiqi bölümündə çalışdığım zaman “525-ci qəzet”in oxucuları ilə paylaşdığım fikirlərim, düşüncələrim birbaşa müşahidələrim idi. Əlibəy hər şeydən öncə tələbələrini düşünən, onların uğurlarını görmək, fərəhlənib qürurlanmaq istəyən ata timsalında tanınmış pedaqoq idi. Əli Qafqazyalının verdiyi dərslər orijinallığı ilə seçilirdi. Tələbələr bu dərsi sevərək gəlməkdəydilər. Əli bəydən nəsə yeni bir bilgi əldə etmək məramı ilə. Ozanları dəvət edər (Mustafa Ruhani, Fuad Çərkəzoğlu, Aşıq Gülhani, İlqar Cəmiloğlu), dərs saatında mini konsert kimi dərs anladardı Əli bəy. 

İrana tədqiqat məqsədi ilə neçə dəfələrlə ziyarətə getmiş, maraqlı məlumatları bir arada yığmaqla “İran Türk Ədəbiyyatı Antologiyası” adlı 6 cildlik kitabını (2002), “İran Türkləri Aşıq Mühitləri” (2006), “İran Türk Aşıqları və Milli Kimlik” (2007) adlı möhtəşəm əsərlərini nəşr etdirərək Türk dünyamıza bəxş edib.

  

Gecə-gündüz elmi axtarışda olub, fərqli elmi simpoziumlara, konqreslərə qatılıb, müxtəlif mövzularla 300-dən artıq elmi məqalələri ilə məşhur olub Türk Cümhuriyyətlərində: Azərbaycan başda olmaqla, İranda, Türkmənistanda, Qazaxıstanda. Bu başarılı çalışmalarından dolayı 2011-2013 illər arasında Qazaxıstan Xoca Əhməd Yəsəvi Uluslararası Türk – Kazax Universitetinin Filoloji fakultəsində çalışması üçün dəvət alıb Əli bəy. Fəaliyyətinin növbəti mərhələsi  kimi, yeni elmi axtarışlarını Qazaxıstan ellərində də uğurla davam etdirib. 

Çalışma amalı, elmi axtarışları məramı oldu, tədqiqat xarakterli neçə-neçə kitablarını yayınladıb gələcək nəsillərə ərmağan etməsi də arzularının ən baş qismində yer alır. Şükürlər olsun, bütün bunlara nail olur qüdrətli vətən oğlu Əli bəy. Yayınlanmış kitablarının adlarına bir nəzər salsaq, məhsuldar fəaliyyəti ilə ad qazanmış alimimizin yaradıcılığı haqda fikirlərimizi əsaslandırmış olarıq: 

“Qoca Qartal Azaflı” (1988), “Çağdaş Azərbaycan qadın sənətkarları” (1989), “Şəhitlər dərəsi” (1989), “Qafqazlardan gələn azan səsləri” (1991), “Azərbaycanın alim qadınları (1991), “Qırx illik qara qünlər (1995), “Âşıq Murad Çobanoğlu” (1998), “Ədəbiyatımızda Erməni məzalimi” (2001), “İran Türkləri” (2009), “İran coğrafiyasında Türklər” (2010),  “Sürgündəki aşıqlıq gələnəyi-Orta Asyaya sürülən Axısqa-Ahılkələk Aşıqlıq Gələnəyi və Aşıqlar” (2013).

Etiraf etməliyəm ki, Əli Qafqazyalı aşıq musiqisini, aşıq şeiriyyətini mükəmməl bilən, ozan təbiətli Dədə Qorqudumuzun timsalıdır. Azərbaycan aşıqlarının çaldığı qara sazı Ərzurumdakı evində gördüyümdə çaşıb qaldım. Anladım ki, saz çalmaqda da qabiliyyəti var. Bir neçə aşıq havasını çalıb zümzümə etdiyi zaman bugünə qədər Azərbaycan aşıqlarından eşitmədiyim gözəl bir hava diqqətimi çəkdi. Fürsəti qaçırmayıb xəbər aldığımda dedi ki, “Türk aşıq sənətinin əfsanəvi ustadı Aşıq Şenliyin bəstəsi olan “Şenlik Divanisidir”. Bir daha çalıb oxumasını rica etməkdə məqsədim bu havanı ürəyimə yazmaq idi. Sazı alıb bir neçə dəfə təkrar etdim ki, unutmayım. Bu minvalla nota yazıb Dədə Şəmşirin 120 illik yubileyi münasibəti ilə yazdığım “Saz Havaları Antologiyası” kitabıma daxil etdim. 418 klassik saz havaları arasında Əli bəydən öyrəndiyim “Şenlik Divanisi” də  yer almaqdadır. 

2002-ci ildə Ərzurum Atatürk Universitetində Novruz şənliklərini təşkil etmək üçün Universitetin ozamankı rəhbərliyi Əli bəyi bu işə cəlb edərək onun gücündən yararlanmaqla bu mərasimi ən yüksək səviyyədə keçirməyi nəzərdə tutmuşdu. 16 azərbaycanlı müəllimin fikirlərini almaq üçün rektor yardımcısı Prof. Dr. Sevim Sağsözün bizləri bir araya gətirməsi indi də xatirimdədir.  Müəllimlərdən birifayton olmasını, digər müəllim Novruzun simgəsi olan paxlavanın, şəkərburanın olmasını, biri gül dəstəsini, biri novruz atəşinin yanmasını, bir digər müəllim mütləq Bahar Qızın bu xalq bayramında yer alması təklifini dedi. Nəhayət, mən də Dədə Qorqudun olmasını vacib bildiyimi dediyim zaman Sevim xanım o andaca “Dədə Qorqud sən olacaqsan” deyə məni məsuliyyətə çəkdi. Rəhbərliyə qaraşı daha heç nə deyə bilmədim. Hazırlıqlar davam etdi, Şəkər Qələndərqızı səməni, paxlava, şəkərbura, qoğal,boyanmış yumurtalar hazırladı. Bahar Qız üçün əlbisə, Dədə Qorqud timsalında da mənə DədəQorqud qiyafəsi tapıb geyindirdilər. Məşqlər başladı. Əli bəyin ciddiliyini bu tədbirin keçirilməsi üçün etdiyi məşqlərdə yaxından gördüm. İsrarla dedi ki Türk dünyası musiqisi də olmalıdır bu Novruz bayramında. Bu məramla da hər bir türk xalqının milli qiyafəsini əldə edərək tələbələrinə geyindirdi. Şeirlər əzbərlətdi, musiqisini və sözlərini öyrətdi. Mənim saz müşayətimlə edilən məşqlərin sonuna gəldikdə iş yüksək səviyyədə, hər şey yerli-yerində idi. Sadəcə Bahar Qız üçün şeirin olmasına ehtiyac duyulurdu. Bunu da Əli bəy özü yazıb tələbəsinə - Bahar Qıza öyrətdi.

Ana Vətənimin oğul-qızları,

Novruz bayramınız mübarək olsun.

Şanlı bayrağımın ay-yıldızları,

Novruz bayramınız mübarək olsun.

 

Səadət dilərəm iləlbəd sizə,

Əbədi var olsun bu dövlət sizə,  

Haqdan nazil olub məhəbbət sizə,

Novruz bayramınız mübarək olsun.

 

Bu bəşər, bu aləm heyrandır sizə,

Nə mutlu zamandır, dövrandır sizə,

Əli Qafqazyalı qurbandır sizə,

Novruz bayramınız mübarək olsun.

Bu şeirdən sonra anladım ki, Əli Qafqazyalı, ədəbiyyatçı, yazar, saz ifaçısı olmaqla yanaşı həmdə şairlik qabiliyyətinə də malik alimlərimizdəndir. 

Dədə Qorqud timsalında əlimdə saz olduğu halda Novruz bayramı münasibəti ilə Dədə Dorqud dili ilə bir şeirin olmasının vacibliyin hiss etdim və bu münasibətlə də bir şeir də mən yazıb tədbirdə səsləndirdim.

Böyük Türk xalqının  mərd insanları,

Novruz bayramınız mübarək olsun.

Atatürk yurdunun isti qanları,

Novruz bayramınız mübarək olsun.

 

Müqəddəsdir sənin toprağın daşın,

Şanlı tarixin var, uludur yaşın,

İgid qəhrəmandır bacın, qardaşın,

Novruz bayramınız mübarək olsun.

 

Mən İlqar Cəmiləm, əlimdə sazım,

Ürəkdə sözlərim, xoşdur avazım,

Namuslu, ismətli oğulum, qızım,

Novruz bayramınız mübarək olsun.

21 mart 2002 tarixində gerçəkləşən bu tədbirin ən son məşqində qərara gəldim ki, İlqar Cəmiloğlu DədəQorqud timsalında Türkiyənin “İstiqlal Marşı”nı Azərbaycan sazında çalacaq və bütün tədbir iştirakçıları saz müşayiətində birlikdə oxuyacaq. Bu təklifiim tərəddüdlə qarşılansa da, israrımdan dönmədim. Və bu məramımı yetkililərə çatdırdım. Bununla da Ərzurum Atatürk Universitetinin düzənlədiyi Novruz bayramında maqnitafona yazılmış melodiyanı təqlidi səslə “İstiqlal Marşı”nı oxumağın qarşısını ilk kəz aldım. Və tədbir günü Bahar Qızla faytondan enərək bahar atəşini yandırıb şeirləri bahar qızla növbə ilə diksiya şəklində dedikdən sonra “İstiqlal Marşı”nı sazda çaldım vəƏrzurumun o dönəmdəki valisi, bələdiyyə başcısı,yüksək əsgəri yetkililər, jandarma komutanları ilə birlikdə təşrifə gəlmiş tamaşaçı qonaqlar da hamı bir ağızdan “İstiqlal Marşı”nı mənim müşayiətimləoxudular. Novruz bayramının möhtəşəm açılışından sonra tədbir digər musiqi nömrələri ilə davam etdirildi. Onu da oxucularımla paylaşmaq istərdim ki, bu Bahar bayramı göydə hərlənən helikopterlə video halında çəkilərək CNN kanalında, bütün Türkiyədə göstərilərək daha sonra fonda daxil oldu.

Qeyd etməliyəm ki “İstiqlal Marşı”nın Azərbaycan sazında çalınıb qonaqların canlı olaraq səsləndirməsi o zamankı dekanımız Prof. Dr. Samih Bayraqçəkənin də xoşuna gəldiyi üçün, Kazım Qarabəkir fakültəsinin nə rəsmi tədbiri olurdusa, məni dəvət edib sazda çalmağımı xahiş edirdilər. Çünki mənin sazımın sədaları altında müxtəlif səviyyəli alimlərin, qonaqların öz səsi ilə birlikdə oxumasına nail olmuşdum. Maqnitafon olmadan dinləyicilər qarşısında saz çalardım və hər kəs oxuyardı. Bu vəziyyət bir il beləcə davam etdi. Bütün bunlarAtatürk Universitetində Əli bəy Qafqaziyalı ilə birgə çalışdığım illərdəki xatirəmdən bir məqamdır ki,xalqımıza çatdırıram.

Əli bəy, Gazianteptə müsafirim olduğu zaman yeni yazdığı əsərdən bir parça oxuyarkən. Dekabr, 2018.

Bir xatirəni də paylaşmaq istərdim “525-ci qəzet”in qiymətli oxucuları ilə. Əli Qafqazyalının 2018-dəMəti Osmanoğlunun tərcüməsində “Qafqaz qaçaqları” adlı bəlgəsəl romanı işıq üzü gördü. Bu romanı Əli bəy müxtəlif rəsmi bəlgələri araşdırıb təhlil etdikdən sonra xalqımız üçün yayınlatdı. Bir zamanlar II Şıxlı elində baş vermiş olaylara işıq tutanbu qiymətli əsər, nurlu xatirəsi ürəyimizdə yaşayan  alimimiz, 700 məqalənin yazarı, 53 kitabın müəllifi olmuş, Osman Sarıvəllinin dəyərli övladı Babək Qurbanovun da marağına səbəb olmuşdu. Çünki buradakı hadisələr arasında Babək müəllimin nəslindən də bəhs olunur, xalqımızdan gizli qalan maraqlı məqamlar da kifayət qədər yer alırdı. İki kəz əməliyyatdan sonra ağır bir vəziyyətdə ikən bu kitabı-başdan sonadək oxuyub 79 illik həyatının ən son məqaləsini yayınlatmağa nail ola bildi. Və bu məqalə işıq üzü görəndən 8 ay sonra bu fani dünyamızdan əbədiyyətə ayrıldı dəyərli xocamız Babək Osmanoğlu. “Qafqaz qaçaqları” bədii roman dili ilə” adlı son məqaləsinin 24 iyul 2018-ci ildə “525-ci qəzet”də yayınlanması Rəşad Məcidinrəhbərlik etdiyi qəzetin qüdrətli alimimiz Babək Qurbanova son vəfa borcu olaraq kövrək anların timsalı kimi yaddaşıma həkk olundu. Məqalə çap olunduqdan sonra Əli bəyə gözaydınlığı verdiyim zaman çox duyğulandı və etiraf etdi ki, Babək müəllimin bu məqaləsi, kitabım haqda yazılmış digər məqalələr arasında ən mükəmməli idi, bu,qohumumun mənə bəxş etdiyi ən şahanə töhfə oldu.Məqaləni ən layiqli mükafat olaraq arxivimdə saxlamaqdayam. Məkanı cənnət olsun Babək Osmanoğlu Sarıvəllinin.

Əli Qafqazyalının fəaliyyətinin önəmli bir qismi  5 dəfə Aşıqların beynəlxalq simpoziumunu və saz-söz tədbirlərini fərqli illərdə (2007, 2009, 2011, 2013, 2016) keçirməyə nail olmasıdır. Bu möhtəşəm tədbirin araya-ərsəyə gəlməsi çox çətin olsa da, Əli bəy qarşıya qoyduğu vəzifənin öhdəsindən uğurla gəlib. Hər dəfə də Türkiyə başda olmaqla Azərbaycandan, İrandan, Gürcüstandan, Türkmənistandan, Qazaxıstandan, Özbəkistandan elm və sənət adamlarını, ozanları, bəxşiləri, aşıqları dəvət etməsi ilə sanki aşıqların qurultayını keçirməkdədir Əli bəy. Bu il yenə bir fəaliyyətə imza atmaq niyyətindədir Əli bəy. May ayında “Türk Dünyası Aşıqlar Şöləni və Dədə Şəmşir Adına AşıqƏdəbiyyatı Simpoziumu”un 6-cısını keçirmək arzusu ilə Türk dünyasına xalqımıza xidmətini göstərməkamalı ilə yaşayır. 

Xoşməramlı ülvi xidmətlərilə  bu ilin 23 yanvarındatamamlanacaq 70 yaşına doğru zəvvar gedişi ilə irəliləyən, elm adlı zəngin yüklə yüklənmiş karvan müşayiətində müqəddəs məkana üz tutan yolçuluğunuğurlu olsun deyirəm, Əli bəy!

 

 





23.01.2022    çap et  çap et