525.Az

Mikelancelo qavramı - Türkan Turan yazır


 

Mikelancelo qavramı -<b style="color:red"> Türkan Turan yazır</b>

Mikelanceloya, "Bu cür möhtəşəm heykəlləri necə yarada bilirsiniz" - deyə sual verirlər. Dahi düşünmədən deyir: "Gördüyünüz gözəlliklər onsuz da daşın içində var. Mən sadəcə olaraq artıqları yonaraq atır, içindəki gözəlliyin ortaya çıxmasına vəsilə oluram". Ən azı, heykəlləri qədər əsrarəngiz, dərin cavabdır. Dahinin heyrətləndirən cavabından ilham alan amerikalı psixoloq Driqotasa bunu "Mikelancelo qavramı" və ya "Mikelancelo fenomeni" adı ilə psixologiya elminə qazandırır. Cütlüklərlə işləyən psixoloqların istifadə elədiyi ən ideal məfhumdur bu.

Münasibətdə olan insanların böyük əksəriyyəti qarşıdakından fantastik gözləntilər içərisində olurlar. Öz xətasını düzəltmək, özünü görmək, qəbul etmək yerinə onun hərəkət və davranışlarına dikirlər gözlərini. Partnyorun diqqətini, marağını istəyirlər. Güzəştə getməklərini, nə demək istədiklərini gözlərinə baxaraq anlaşılmasını istəyirlər, qarşılıqsız sevilməyi arzulayırlar. Əlbəttə, bunlar gözəldir. Amma həyatın gerçəyi bu istək və xəyallar qədər ərköyün deyil. Hətta əksinə, daha sərtdir. Məsələn, həyatımızdakı insanla niyə birlikdə olduğumuzu soruşsalar nə deyərdik? Təbii ki, bizə xoş olan, vurulduğumuz yönlərini sayardıq. Yaxşı, bəs niyə münasibətlərimiz çaxnaşmalı, xaotikdir? Niyə qarşı tərəfin necə biri olduğunu, yaxud da onunla bağlı əsl düşüncələrimizi üzünə deyə bilmirik?

Çünki həyatımızdakı cəvahirin gizlidən-gizliyə fərqindəyik, lakin qarşı tərəfin əlimizdə olan bir neçə üstünlükləri ilə kifayətlənməyi seçirik. Çərçivənin içərisində gördüklərimizə alışdığımız üçün fərqli mənzərələr daxil olacağından qorxuruq. Özümüzü birtəhər uyğunlaşdırdığımız rahatlıqdan məhrum edərik deyə içimiz içimizi yeyir. Buna görə də onun olduğu kimi qalmağının tərəfdarıyıq. Əlbəttə, bu, özgüvəni aşağı olan insanlarda daha çox müşahidə edilir. 

Hər insanın təqdir edilməyə, "sənə güvənirəm, bacaracaqsan" deyərək ürəkləndirilməyə ehtiyacı var. Məsələn, bir insanı bütün gün onu hədiyyələrə boğan, dəqiqə başı "səni sevirəm" deyən sevgili yox, hər kəsdən gizlədiyi və ya özünün belə bixəbər olduğu yönünü görən və bunu gün üzünə çıxaran insan həyəcanlandırır. Bu, qarşı tərəfin çantasını daşımaq, onun yerinə düşünmək, onun yüklərini öz çiyninə almaq, onun dərdlərini ürəyinə yığıb daşımaqla qarışdırılmamalıdır, çünki bunlar yersiz fədakarlıqlardır. Ya da kiməsə zəng edib "sevgilimin, arvadımın, ərimin işini yoluna qoy" demək qədər primitiv deyil. Həyatında olan insanın çıxdığı yolda büdrəyərkən qolundan tutmaq qədər böyük davranışdır. Onun yerinə addım atmaq deyil, onun addım atmağına təkan verməkdir "Mikelancelo qavramı". "Edəcəksən", "sənə güvənirəm", "bu addımı ataraq daha böyük uğurlara çata bilərsən" söyləyəcək insanın olmağıdır əsl məsələ. İnsan sevgilisini və ya həyat yoldaşını yanında, arxasında hiss edən zaman daha güclü və iddialı olur. Belə münasibətlər eynilə heykəl kimidir, yonulduqca gözəlləşir.

Təəssüf ki, "Mikelancelo qavramı"na uyan münasibətlər mindəbir olur. Çünki insanlar bu qavramdan qorxur. Yəni həyat yoldaşını, sevgilisini dəstəkləməkdən, onun ruhən azad, xoşbəxt, rahat olmasından narahat olur. Düşünür ki, əgər ona sevdiyi işləri görməyində təkan versə, öz fərqinə varmağına, dərinliyini kəşf etməyinə yardımçı olsa, artıq qarşı tərəf onu bəyənməyəcək. Əvvəlki kimi birlikdə vaxt keçirməyəcəklər. Yanlışdır! Dəyərli insanlar həmişə onlara verilən dəyərin fərqindədirlər. keyfiyyətsizlərdir bundan sui-istifadə edənlər! Partnyorunun xoşbəxt olmağı üçün fədakarlıq edən yox, onu təşviq edən, dəstəkləyən və ona müsbət enerji ötürən kəslərin münasibətləri daha güclü olur. İnsan verilən gücü hiss edəndə qarşısındakına heyran olur, minnət hissi duyur, özünü onun yanındaykən rahat hiss etdiyi üçün sevgisi daha da alovlanır. "Yaxşı ki, həyatımdakı insan odur" düşüncəsi beyninə daha çox hakim kəsilir və belə sağlam münasibəti qorumaq üçün əlindən gələni edir. Tərk etmək istədiyi deyil, yanında olmaq istədiyi insan olur sevgilisi. Əgər qarşı tərəfə "yoxlarla, olmazlarla" dolu bir həyat yaşadılarsa, necə olursa olsun, üstündən nə qədər vaxt keçirsə keçsin, əvvəl-axır mütləq qaçıb canını qurtaracaq! Onu xoşbəxt edən xəyallarına vecsiz yanaşılsa, gedəcək! Həyəcanı ayaqlar altına alınsa, lövbəri ilk gördüyü limana salacaq! Acıdır, amma həqiqət belədir! Həyatınızdakı "daşın" artıqlarını yonaraq atıb içindəki gözəlliyi ortaya çıxartmağa vəsilə olmaqmı, yoxsa sərt, soyuq, qara qaya parçası kimi həyatınızın ortasında tutmaqmı yaxşıdır? Buna siz qərar verin.

 





23.01.2022    çap et  çap et