525.Az

"Qarabağ dastanı" - Qarabağ vüsalının qürur kitabı


 

"Qarabağ dastanı" - <b style="color:red"> Qarabağ vüsalının qürur kitabı</b>

Qarşımda bir kitab var: bu kitab Qarabağ qoxuyur, bu kitabdan Xarıbülbülün ətri gəlir, Şuşanın, Kirsin havası vurur üzümüzə, Ağdamın, Laçının, Kəlbəcərin nəfəsi duyulur. Dost-doğma torpağının, illər həsrətlisi yurd yerlərinin əzgin, yorğun, incik ruhunu duyursan, pıçıltısını eşidirsən. Sənə nəslini, kökünü, amansız ayrılığın qanadlarında quş kimi uçub gedən ömrünü xatırladan nişanələrdən diksinirsən. Amma həm də qaranlıq obaların üstünə doğan Günəş qamaşdırır gözlərini, öləziyən ümidlərin çiçəkləməsindən kövrəlirsən. "Qarabağ Azərbaycandır və nida işarəsi!" isə bu kitabın leytmotividir, ilk cümləsidir. O cümlə ki, Qarabağa tamah salanların, Qarabağa diş qıcayanların, Qarabağı vəhşi kimi talayanların gözünə ox kimi batmışdı, ürəynə güllə kimi sancılmışdı. Və Prezident İlham Əliyev elə Valdayda qətiyyətlə səsləndirdiyi bu fikirlə də Qələbənin möhürünü vurmuşdu... 

"Qarabağ dastanı. 30 ilin həsrəti - 44 günün Zəfəri" kitabı, bax o Qələbənin, o Zəfərin bəhrəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Ordusu, igid əsgərləri, müdrik xalqı ilə çəkici bir zindana vurub qazandığı Qələbənin!..

Qələbəni qəhrəmanlar gətirdi, Şəhidlər qanı ilə qazandı, bu kitabı isə söz adamları yazdı, ürəklərinin qanı ilə. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü, ideyası ilə yazıçıların Qarabağ yaddaşından, Qarabağ xatirələrindən danışan bir "Qarabağ dastanı" bağlandı. "Əziz Şuşa, sən azadsan!" xitabından boy alan bu dastan haqqında ilk sözü Yazıçılar Birliyinin sədr müavini, kitabın redaktoru Rəşad Məcid deyir. Və bütün yazılardan "bir ah kimi keçən" Qarabağ xiffəti artıq Rəşad Məcidin ön sözündə "Şuşa havasının əritdiyi nisgil"ə dönür...

Kitab o qədər dolu, zəngin, məlumatlı və o qədər təsirlidir ki, Qarabağın, onun təkrarsız təbiətinin, gözəlliklərinin, tarix və mədəniyyətinin, dəyərlərinin, insanlarının aynasına çevrilir. Oxucu bu aynada bütöv bir yurdu, başabaş Qarabağı, onun dünənini, bu gününü görür. Fərqli müəlliflər, fərqli düşüncələr, fərqli xatirələr - hər birində də Qarabağın özünəməxsus obrazı... 

Xalq yazıçısı Anarın "Qarabağ şikəstəsi"ni hələ Vətən müharibəsindən əvvəl oxumuşdum. Amma onu "Qarabağ dastanı"nda yenidən gözümə təpirəm, suiçimi kimi oxuyuram, elə bil ilk dəfədir. Mükəmməl bir Şuşa obrazı var, dünyanın heç bir yerinə bənzəməyən müqəddəs bir şəhərin siması var bu əsərdə. Böyük yazıçının Şuşa sevgisi, Şuşa duyğusu, Şuşa təəssübkeşliyi, Şuşa bilgisi, şuşalılara sonsuz hörməti elə ustadcasına qələmə alınıb ki, adamın bütün varlığına hopur, yaddaşını silkələyir, ruhunu titrədir!.. Düşünürəm, hələ Şuşanın işğalından əvvəl (əsər 1983-1985-ci illərdə yazılıb) "...Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar" deyən Anar bu "şahanə vüqarlı" şəhərin işğal altında olduğu illərdə hansı ağrıları, hansı iztirabları yaşayıb, hansı mənəvi sarsıntılar keçirib! Əslində, bu 30 ildə Qarabağla bağlı heç susmayıb yazıçı, Qarabağ həsrəti, Şuşa yanğısı, Şuşa üçün "savaş", demək olar ki, bütün yazılarından (o yazıların bir neçəsi də bu kitabda yer alıb), çıxışlarından keçib. Allah, bəlkə də, elə təkcə bu Şuşa sevgisinə görə uzun həsrətin sonunda ömrünün müdrik çağında Şuşa ilə yenidən qolboyun olmağı da nəsib edib ona! "Qarabağ şikəstəsi"ni yenidən Cıdır düzündə dinləyib! Və həm də "Zəfər günlərinin yazıları"nı yazıb, özü özünə gözaydınlığı verib: "82 yaşım var, Allaha, taleyimə, Ordumuza, Ali Baş Komandana dua edirəm ki, uşaqlığımın, yeniyetməlik çağımın, ahıl illərimin şəhəri Şuşanın azad olunduğu günü görə bildim. Gözün aydın, Anar!"... 

Xalq yazıçısı Elçinin "Şuşanın dağları başı dumanlı" adlı xatirələri də Şuşaya qəlbən, ruhən bağlılığın, Şuşaya vurğunluğun kövrək nümunələrindən biridir. Yazıçı uşaqlığının, yeniyetməliyinin, ilk gənclik çağlarının Qarabağını, Şuşasını, o dövrkü mühitini, aurasını, bəxtəvər günlərini, ziyalılarını, sadə və bəxtiyar insanlarını həzin bir səmimiyyətlə xatırlayır. "Bu gün Şuşa dağlarının başındakı duman yenə su kimi aydınlıq gətirən dumandır" fikri isə artıq təkcə onun yox, Şuşanı sevən hər kəsin mənəvi rahatlığının ifadəsidir...  

"Evimi sökə bilərsən, torpağımı yox"... Qarabağsız illərdə gözünün içi gülməyən, Qarabağ, Ağdam sarıdan kiriməyən, dil qəfəsə qoymayan, yaxın dünənin çətin günlərinin ağırlığını saysız-hesabsız publisistik, bədii yazılara, müsahibələrə, çıxışlara dolu kimi səpələyən, "Dolu" kimi dopdolu bir film ortaya qoyan, Qarabağın "divanəsi" Aqil Abbasın kitabdakı yazısı belə adlanır. Yenə od-alov saçır, "Bu yazıda Ağdam haqqında yazmaq istəmirəm" desə də, o zənginliyi xatırlamadan ötə bilmir, heç bir müqəddəslik tanımayan erməni faşizmininin viranəyə çevirdiyi ata ocağının, dağılmış yurdunun haqq-hesabını sorur. Və hər zamankı inamla: "Biz evlərimizi əvvəlkindən də gözəl tikəcəyik" deyir. Bir neçə il əvvəl isə demişdi ki: "Əgər kimsə Ağdama, Şuşaya qayıdacağına inanmırsa, kəndir alıb assın özünü!"...

Doğma şəhərini xəyalən addım-addım gəzən Rəşad Məcidin Ağdamın xarabalıqlarını görmək "Qorxu"su, dözülməz bir ağrıdır. Bu "qorxu", əslində dinc və gözəl torpağımıza müharibə gətirənlərin və onun havadarlarının ən böyük ittihamıdır. Bu "qorxu" dünyaya bir ibrət nümunəsidir! Yazıçı xəyalında əzizləyə-əzizləyə qoruyub saxladığı Ağdamlı xatirələrinin "uçub dağılacağından" qorxur, heç olmasa, göz yaddaşında əbədiləşən xəyallarının çilik-çilik olmasını istəmir. Və sonda elə "bərkdən" "Qorxuram!" deyir ki, bu səda hələ də qulaqlarımdan getmir... "Allah heç kimə, heç bir xalqa belə namərd düşmən qismət eləməsin! Vəhşi millət, səninlə necə yanaşı yaşamaq olar? Niyə bizim şəhərlərimizi bu günə qoymusan? Etdiklərinin beş qat artığına layiqsən!" Rəşad Məcidin bu qəzəbini isə düşünürəm ki, tək mən yox, dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, yurdu vəhşi düşmən tərəfindən viran edilmiş hər kəs bölüşər!.. 

Tarix danışmayan şahiddir, tarixi danışdırmaq lazımdır, deyirlər. "Qarabağ dastanı" tarixi danışdırır, şahidlərin dili ilə. Yaddaşlar vərəqlənir, bir-birini əvəz edir, incidir, kövrəldir. İlahi, insan necə qopa bilməzmiş o xatirələrdən! Heç nə unutdura bilməzmiş o yaddaşı! Çünki ilk göz açdığı yurdunun, halal torpağının tarixidir bu! Qarabağ, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı özününküdür! Özününkü olmasa, o tarixi belə əzbər bilə, belə heyranlıqla, belə yanğı ilə danışa bilməz axı! O erməni xislətidir ki, sahibləndiyi torpaqları işğal dövründə də, it kimi qovulanda, qorxub qaçanda da namərdcəsinə yağmalayıb. Prezident İlham Əliyevin dediyi kimi: "Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib". Bəli, bu barbarlıq təkcə qayıdan torpaqlarımızda yox, "Qarabağ dastanı"ndakı bütün yazılarda da çox aydın "görünür".

Ramiz Rövşənin Qubadlı haqqında "Qapısız açarlar"ı, Nəsiman Yaqublunun "Xatirələrimdə yaşayan Zəngilan"ı, Elçin Hüseynbəylinin Cəbrayılla bağlı "Xiffət... Lənət və sevgi"si, Şirindil Alışanlının "Su səltənəti Laçın"ı, Adil Cəmilin "Tanrının Kəlbəcər möcüzəsi"... Hər biri doğma yurd haqqında xiffət dolu zümzümə, həzin bir nəğmə kimidir. Arazın, Həkərinin, Tərtərin şırıltısı, Xudafərinin sədası, Sarı Aşığın sazının harayı, Cəbrayılın qocaman çinarlarının pıçıltısı qarışır bu nəğmələrə. Laçının vüqarlı dağları, Qubadlının yaylaqları, Kəlbəcərin Sultan Heydəri, Gəlin qayası boylanır, dünyagörmüş insanların səsi gəlir bu nəğmələrdən... 

Vilayət Quliyev Qarabağı bədii ədəbiyyatımızda araşdırır, akademik Zemfira Səfərova "Azərbaycanın musiqi qalası" Şuşanın yetirdiyi dühaları, parlaq simaları təqdim edir. Vasif Quliyev Pənahəli xan Cavanşirin Şuşanın inkişafı və mədəni-iqtisadi yüksəlişindəki rolundan danışır. Yazıçı Mehriban Vəzir Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşirin ömür hekayətlərini yazır, bu hekayətlərdə Qarabağ qadınlarının gözəlliyi, xanımlığı, sədaqəti, mərdliyi, qeyrəti, müdrikliyi, ölümsüz Vətən sevdası var...

"Tarixi hadisələrə, özəlliklə də, Qarabağ olaylarına metatarixi rakursdan" baxan Əsəd Cahangirin "Səs"i Qarabağ haqqında ən gözəl esse kimi yadda qalır... Pərvin isə Qarabağı kinomuzda və ədəbiyyatımızda vərəqləyir, Şuşa həsrətinin bitməsi istedadlı yazıçıya neçə-neçə nəslin tərbiyəsində, maariflənməsində mühüm rol oynayan parlaq sənət əsərlərini yeni gözlə nəzərdən keçirməyə imkan verir... Günel Anarqızının 2002-ci ildə "Ataya" nisgilli məktubu yenidən kövrəldir, 2021-ci ildə yazdığı "Şuşaya məktub"u isə artıq sevimli şəhərlə bəxtəvər görüşün təəssüratlarıdır...     

"Qarabağ dastanı"nın "Şeir çələngi" də kövrək notlarla doludur. Bu notlar da əsrarəngiz, füsunkar Qarabağı vəsf edir, tanıdır, Qarabağın ağrılarını anladır, Qarabağın adamlarını sevdirir... 

"Bir çilçıraq şəhər, 
bir qəndil şəhər.
Hər evi bir qızıl qərənfil şəhər.
Uzaqdan - bir ulduz topası kimi
göy üzündədi,
Yaxından - bir qaya lampası kimi 
Yer üstündədi... (Məmməd Araz "Şuşada bir gecə")   
Bu, körpəlik beşiyim,
Mənim dağım-dərəmdi.
Zirvəsinə baş əyim, 
Uludu, möhtərəmdi... (Məmməd Aslan - "Kəlbəcərim")    

...Başlarından bəzən qara
Yellər əsər, əyilməzlər,
Yollarını ölüm kəsər, 
Əyilməzlər.
Yalnız, yalnız bu Vətənə,
Bu torpağa baş əyərlər.
Azərbaycan ürəyində
Qarabağa baş əyərlər.
Cavanların dağ vüqarı,
Qarabağın qocaları... 
(Famil Mehdi - "Qarabağın qocaları")

Sükuta bürünüb vağzal, 
sükuta...
Bir dil istəyirəm dindirə məni...
Bir əl istəyirəm əlimdən tuta,
Ağdam qatarına mindirə məni... 
(Elçin Mirzəbəyli - "Kabus qatar")

"İlahi! Sən Onlara rahatlıq ver...
İlahi! Təskin et!..
Sən onlara səma nəğmələri göndər,
Təsəlli səp..." 
(Nurəngiz Gün - "Xocalı simfoniyası")

Kitabdakı hər bir yazı, hər bir şeir özü-özlüyündə bir Qarabağdır, təəssüf ki, hamısını ayrı-ayrılıqda xatırlamaq, xatırlatmaq mümkün deyil. Amma dillərdə əzbər olan bir şeirdən də yan keçə bilmirəm, çünki məhz bu cür ədəbi nümunələr də Qarabağa aparan yola işıq saldı...

Sülhə qurban kəsərəm, 
mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət, sazişlər,
Qətnamələr, bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!.. 
(Qabil - "Azərbaycan əsgəri")

Kitabın "Qarabağ: dostlar və düşmənlər" bölməsi türk dünyasının iki böyük liderinin - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qoşa şəkli və Bakıda möhtəşəm Zəfər paradındakı çıxışlarından sitatla başlayır. Türk yazarlarının Azərbaycan Yazıçılar Birliyinə dəstək ismarışları da bu əbədi dostluğun ifadəsidir. Xalq yazıçısı Anarın "Növbəti sayıqlamalar və bəzi başqa məsələlər haqqında" yazısı isə düşmənlərimizi ifşa edir və susdurur... Xalq yazıçısı Çingiz Abdullayevin "Zori Balayanın Vladimir Putinə ünvanlanmış "Açıq məktubu"na aid qeydlər"i də bu missiyaya xidmət edir...  

Başabaş Qarabağ, Qarabağdakı möhtəşəm Qələbənin həyəcanı, fəxarəti, sevinci, qüruru hopub bu kitaba... Yaradıcı insanların ruhunu, qələmini titrədən Qələbənin! Qalib sərkərdəyə, Müzəffər Ali Baş Komadana, onun qəhrəman əsgərlərinə minnətdarlıq duyğusu isə bütün yazılardan süzülür... 

Və hər kəsin üzü Vətənədir... Birinci xanım Mehriban Əliyevanın duasını "eşidirəm": "Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!.." 

"Mənim elə üzüm Quruçaya tərəfdi - mən də gedəcəm, ömrümün qalan hissəsini camaatıma qoşulub orda yaşayacam". (Seyran Səxavət).

"Ağdam!
Ağdam!
Allah haqqı, Adın haqqı, 
Gəlirik eyy!!! (Ramiz Məmmədzadə - "Ağdam, mənim varlığımsan!" 

Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna - 
Uzundərəynən gəlirik!.. 
(Qulu Ağsəs - "Ağam!.. Adam!.. Ağdam!.."

Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etdi, bir daha göstərdi ki, Şuşa Qarabağın tacı, Azərbaycanın incisidir, Şuşa zirvədir. Şuşa dünəndir, bu gündür, sabahdır - bütün azarbaycanlılar üçün. Və Şuşa cazibəsi 528 səhifəlik "Qarabağ dastanı"na da hakimdir. Hər birimizin xatirəsində, yaddaşında öz Şuşası var axı. Və nə gözəl, Şuşa artıq xəyal deyil, nağıl deyil, nisgil deyil! Şuşa artıq Şuşadan ötrü "ölənlər" üçün gerçəkdir! Şuşalı xatirələri artıq Şuşanın özü bəzəyir! Şuşanın müəllifi Allahdır və O, bu möcüzəni, məhz şuşalıların taleyinə yazıb, azərbaycanlılar üçün yaradıb. Tarix boyu başından çox yellər əsib, çox amansız küləyə, fırtınaya tuş gəlib Şuşa. 30 illik həsrət də bir sınaq, bir imtahan idi. Allah bu imtahandan da Şuşanı Qalib çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyev cəsur əsgərləri ilə tikanlı yolların sonunu güllüyə çevirdi, Zəfər yoluna çevirdi! Şuşanı caynaqları ilə xilas edən igidlərdən biri deyirdi ki, sanki qaya, daş, şəhər, şəhərin ruhu özü bizə kömək edirdi! Bəli, bu, Allahın hökmü idi!.. Allah Şuşadan yana idi!.. Çünki təkrar edirəm, Allah Şuşanı Azərbaycanın payına, azərbaycanlıların qismətinə yazıb!.. Və dünya durduqca da belə olacaq!.. 

Qarabağın, Şuşanın bugünkü dirçəlişi, məhrəm bir əlin sığalı ilə böyük sevgi ilə yenidən qurulması isə Rəşad Məcid demiş, "xoşbəxtliyə qərq" edib hər kəsi. Və kitab elə Şuşaya yazılan gözəl bir nəğmə ilə bitir... 

Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla,
Dilimin şəhdidir, dadıdır Şuşa... 

Qarabağın gerçəyindən, 30 illik həsrətindən, 44 günün heyrətindən qalaq-qalaq kitablar yazılacaq hələ. Bu tarix, bu mədəniyyət, bu qeyrət və bitib-tükənməyən xatirələr bir kitaba çətin sığa. Xalq yazıçısı Kamal Abdullanın dediyi kimi: "Bax, bu, olacaq bizim hər birimizin öz-özlüyündə və hamımızın birgə yazdığımız Qarabağ əsəri. Bax, bu, olacaq müharibə ilə bağlı ürəyimizin qanı ilə yazılan şeirlər, hekayələr, romanlar, musiqi parçaları, rəsm əsərləri..."

"Qarabağ dastanı" isə ilkdir, Qarabağ nisgilinin sonu, Qarabağ vüsalının qürur kitabıdır. Ustadımız Cahangir Məmmədli haqlı olaraq kitabı "Nisgilimizin və qürurumuzun ədəbi toplusu" adlandırıb. İnanırsan ki, Yazıçılar Birliyinin Vətənə, Qələbəyə, ədəbiyyata böyük xidməti olan "Qarabağ dastanı" tək qalmayacaq. Qarabağla bağlı ürəyi, qələmi dolu olanlar çoxdur axı...

 





24.01.2022    çap et  çap et