525.Az

"Özümü psixologiyada fərqli bir yöndən kəşf etdim" - Samirə Rəhimova


 

"Özümü psixologiyada fərqli bir yöndən kəşf etdim" -<b style="color:red"> Samirə Rəhimova</b>

Həmsöhbətim əvvəllər televiziya aparıcısı kimi geniş tanınan, indi isə psixoloq kimi fəaliyyət göstərən Samirə Rəhimovadır. Onunla bu iki fəaliyyət sahəsi, müasir insanın psixoloji yardımın incəlikləri, cəmiyyətimizin indiki mənəvi durumu və başqa mövzularla bağlı yığcam bir söhbətimiz oldu.

***

- İncəsənətdən psixologiyaya: bu keçid necə yarandı?

- Uzun zaman - 10 il davamlı olaraq ATV telekanalında yayımlanan "Şarm" verilişinin aparıcısı olmuşam. 6 il "ATV maqazin" jurnalının baş redaktoru və direktoru vəzifəsində çalışmışam. O illər ərzində, paralel şəkildə, müxtəlif layihələrin, rəsmi tədbirlərin, forumların aparıcı-moderatoru, ssenaristi oldum. Hətta dublyaj redaksiyasında da müəyyən təcrübəm var. Bir növ TV sistemi üzrə fəaliyyətimdə böyük bir təcrübə toplamışam. Buna baxmayaraq, sonra özümü psixologiyada fərqli bir yöndən kəşf etdim. Öncə, müasir terminlərlə desəm,  coach, mentor olaraq xanımların şəxsi inkişafı yönümdə çalışsam da, indi artıq psixoloq kimi fəaliyyət göstərirəm. Sankt-Peterburqdakı Karvasarski İnstitutunun psixologiya üzrə məzunuyam. Hazırda həmin institutda "Klinik psixologiya" üzrə ixtisasartırma proqramımı davam etdirirəm. Hesab edirəm ki, insan peşəkar inkişafından heç vaxt qalmamalıdır. Məhz bu yolla həyatda istədiyinə nail ola bilər.

- Xanımdan yaş soruşmazlar, amma bilmək istərdim, sizcə, ruhunuzun yaşı neçədir?

- Ən əsası özünü necə hiss etməyin önəmlidir. Uşaqlarım qədər əylənməyi, sevinməyi bacarıram. Bəzən birlikdə oyunlar təşkil edirik, təkcə ona görə yox ki, başlarını qatım, mənə də onlarla oynamaq maraqlıdır. Yoldaşım vaxt tapanda qatılır bizə. Hələ yaşımız azdır (gülümsəyir). Əslində, əvvəlki Samirə ilə indiki arasında elə bir fərq yoxdur. Məni tanıyanlar bilirlər və hər zaman da qeyd edirlər ki, heç dəyişməmişəm. Amma bu, insanlar arasındakı münasibətlərə aiddir. Öz mənəvi dəyərlərinə, əxlaqi normalarına, əqidəsinə sadiq olanlar insanlara qarşı münasibətdə dəyişmir. Şəxsi inkişaf baxımından isə, bəli, hər gün bir az da irəli getmək ən vacib nailiyyətdir. Ötən illərə nisbətdə bu gün daha çox biliyə sahibəm, bu, məni çox xoşbəxt edir, özümə inamımı artırır.

- Qadınlarla çalışırsınız. Sizə ən çox nə ilə bağlı müraciət edirlər?

- Mən adətən xanımlarla şəxsi inkişaf üzrə təlimçi olaraq çalışıram. Qadınlar üçün psixoloji dəyişim proqramı vasitəsilə, özgüvən və özünə olan dəyəri artırmaqda kömək oluram. Fərdi konsultasiyalarda isə çox vaxt müraciətlərin səbəbi münasibətlərlə bağlı olur. Qeyd edim ki, qadın özgüvəni üzərində çalışanda, münasibətlər də tənzimlənir. İnsanın özü ilə münasibəti yoluna düşəndə, ətrafdakılarla da problemlər həll olunur. 

- Bilirəm ki, "Şarm" mövzusu həmişə diqqətinizdədir və "Madamcharm" teleqram qrupunuz da. Qrupda əsasən nə barədə söhbət gedir?

- Teleqram qrupumuz qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılıb. Həftəlik canlı görüşlər, psixoloji saatlar, müxtəlif mütəxəssislərin təqdimatında ödənişsiz təlimlər keçirilir. Dekabr ayında psixoterapevt Kənan Rəhimovun təşkilatçılığı ilə bir ay müddətində Psixoloqların Həmrəylik Forumu getdi, teleqram qrupunda daim mütəxəssislərin, psixologiya məktəbinin məzunlarının çıxışlarını işıqlandırdıq.

- İnsan pozitivliyini necə qoruyub saxlaya bilər?

- Həyatı və özünü olduğu kimi qəbul edib sevməklə. Üsyan xarakterli daxili monoloqlar başlayanda nə cür pozitiv qalmaq olar ki? 

- Güvənmək nədir, necə bir duyğudur? İnsan o duyğunu necə yaratmalıdır?

- Ən birinci özündən başlamalıdır. Münasibətlərdə etibar hissinin olmaması çox vaxt keçmişdə baş verən acı təcrübələrdən və ya illərlə yığılan düşüncələrdən irəli gəlir. Ona görə bu problem çözülmədən münasibət qurularsa, arada səmimiyyət alınmır. İnsanı yaxşı tanımadan, tərəddüd içində necə ciddi bir addım atmaq olar? Ailə quran zaman aradakı ümumi dəyərlərə də diqqət yetirmək lazımdır. Eyni mənəvi dəyərlərə malik olan insanlar, eyni istiqamətə baxır, bir-birini başa düşür və seçimlərinə hörmət edirlər. Belə münasibətdə daim güvən və etibar hissi olur. 

- Meditasiyalarla məşğul olursunuz, bildiyim qədər. İnsanın psixi durumuna bunlar nə kimi təsir göstərir?

- Açığı, mən daha çox psixoterapevtik texnikalarla işləməyi sevirəm. Lakin yoqada relaksasiya - rahatlanma xarakterli meditasiyalar var ki, insanın bütün bədən əzələlərini gərginlikdən qurtarır. Nəfəs terapiyası zamanı daxili tarazılıq yaranır. Belə durumda insan müxtəlif neqativ düşüncələrdən bir müddət uzaqlaşa bilir. Lakin psixoloji durumuna ciddi təsir edəcək yalnız psixoanaliz metodlarıdır, harda ki, insan öz problemini və həlli yollarını dərk etməyə başlayır.

- Yenidən televiziyaya dəvət alsanız, cavabınız necə olar?

- Artıq prioritetlər dəyişib. Dəfələrlə təklif alsam da, qəbul etməmişəm. Düzdür, televiziyada çalışmaq mənə hər zaman xoş olub, işimi sevərək görürdüm. İndi çox şey fərqlidir. Hazırda aparıcı qismində gedib hardasa çalışmaq planımda yoxdur. İxtisasım üzrə təkmilləşirəm, təlimlərim var, işlərim çox olur. Boş vaxtlarımda da ailəmlə vaxt keçirirəm. Ola bilər, gələcək üçün psixoloji məzmunda bir TV layihəsi hazırlayıb təqdim edərəm. Ancaq müstəqil qaydada. Yəni televiziya nəzdində çalışmaq fikrim yoxdur.

- Həyat yoldaşınız həm də müəlliminiz oldu - fərqli və maraqlı durumdur, hər halda...

- O, həyat yoldaşım olmayan vaxtlarda da mənim müəllimim idi. Çox gözəl bir hissdir bu. Hər gün nəsə öyrənmək, təkmilləşmək... Onun sayəsində mən, bu gün HR sistemini, marketinqi, satış məktəbini, biznesi, təlimçiliyi və nəhayət, psixologiyanı öyrənmişəm.

- Övladlarınızın peşə seçimini özlərinə buraxacaqsınız, ya özünüz seçməyi düşünürsünüz?

- Uşaqların inkişafı üçün önlara dəstək olmaq lazımdır, diktatorluq etmək yox. Sadəcə, erkən yaşlarında müxtəlif sahələrə və ən əsası da tədrisə maraq oyatmaq lazımdır. Uşaqlara "sən oxumalısan!" deməklə deyil, oxumağa maraq qatmaqla, motivasiya oyatmaqla kömək olmaq gərəkdir.

Şəlalə CAMAL
 

 





24.01.2022    çap et  çap et