525.Az

İran prezidentindən NATO proqnozu


 

İran prezidentindən NATO proqnozu<b style="color:red"></b>

Rusiya ilə Qərb arasında gərginlik artdığı bir zamanda İran prezidenti İbrahim Rəisi Moskvaya səfər edib. Rusiyalı həmkarı Vladimir Putinlə görüşdə İran prezidenti ABŞ-a qarşı birgə mübarizə aparmaq təklifini irəli sürüb. İbrahim Rəisi İranın 40 ildən artıqdır ki, ABŞ-ın sanksiyalarına və basqılarına qarşı tərəqqi etdiyini və Rusiya ilə təcrübələrini paylaşa biləcəklərini bildirib. Rusiyanı dost dövlət adlandıran İbrahim Rəisi Moskva ilə Tehran arasındakı münasibətlərin davamlı və hərtərəfli olması ilə bağlı ümidlərini səsləndirib. Kremldə aparılan danışıqlarda iki ölkə prezidenti beynəlxalq və regional mövzularla yanaşı, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasını da müzakirə ediblər.

Prezident Putinlə Kremldə danışıqlardan sonra İran prezidenti Rusiya Dövlət Dumasının plenar iclasında çıxış edib. Çox maraqlıdır ki, prezident İbrahim Rəisi bu çıxışı zamanı NATO-nun tezliklə dağılacağı ilə bağlı proqnoz verib: "Şimali Atlantika Alyansı qeyri-qanuni olaraq müstəqil dövlətlərin ərazilərinə nüfuz edir, bu cür davranış aldadıcıdır və NATO-nun tezliklə parçalanmasına gətirib çıxaracaq".

Ümumiyyətlə, Dövlət Dumasında İran prezidenti İbrahim Rəisinin çıxışının əsas hissəsini NATO mövzusu təşkil edib: "NATO müxtəlif bəhanələrlə ölkələrə müdaxilə edir və müstəqil dövlətləri hədələməklə məşğuldur". ABŞ-ın təkqütblü strategiyasının iflasa uğradığını və indi ən zəif vəziyyətdə olduğunu bildirən İbrahim Rəisi Vaşinqtonun siyasətinə qarşı Moskvanın Tehranla birgə dayanmasının zəruriliyini qeyd edib. 

İran prezidenti İbrahim Rəisinin Moskvadakı danışıq və çıxışlarının əsasını ABŞ-a qarşı iki dövlətin birgə fəaliyyət göstərməsinin vacibliyi ilə bağlı tezis təşkil edib. Belə görünür ki, İran rəhbərliyi Rusiya ilə Qərb arasında yaranmış gərginlikdən yararlanaraq Moskva ilə hansısa ittifaq yaratmağa çalşırlar. Dünyada sürətli cəbhələşmənin yarandığı bir zamanda İran özünün tərəfsiz qala bilməyəcəyi qənaətindədir. Buna görə də israrla ABŞ-a qarşı birgə mübarizədən danışır. 

Digər tərəfdən, Qərblə sərt qarşıdurma vəziyyətində olan Rusiyaya dost əlini uzadan İran Moskvanın da İranın Nüvə Proqramı ətrafındakı danışıqlarda Tehranı müdafiə etməsinə ümid bəsləyir. Eyni zamanda İran onu İsrailin hücumundan qoruya biləcək həlledici dövlətin də Rusiya olduğunu anlayır. Tehranda əmindirlər ki, Rusiyanın çəkindirici mövqeyi olmasa, İsrail İranın nüvə obyektlərini bombalamaqda tərəddüd etməz. İsrail məhz Rusiyanı razı sala bilmədiyi üçün İrana qarşı hərbi əməliyyatları təxirə salmağa məcbur olur. Buna görə də İran hakimiyyəti Rusiyanın düşdüyü vəziyyətdən maksimum yararlanmağa çalışır. Bunu isə ABŞ-a qarşı birgə mübarizə aparmaq kimi təklif edir. 

İran prezidentinin Moskva səfərində ən çox diqqət çəkən məqam isə İbrahim Rəisinin NATO-nun dağılacağı ilə bağlı proqnoz səsləndirməsidir. Belə görünür ki, İran prezidentinin Finlandiya və İsveç kimi dövlətlərin tarixlərində ilk dəfə NATO-ya üzvlüyü müzakirə etdiklərindən, Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı fəaliyyət planı aldıqlarından xəbərsizdir. Əks halda o, üzvlərinin sayı artmaqda davam edən NATO-nun parçalanması haqqında proqnozla çıxış etməzdi. Bu proqnozun əsasının olmadığını Rusiyada çox yaxşı bilirlər. NATO-nun yaxın illərdə dağılma ehtimalı olsaydı, Rusiya Şimali Atlantika Alyansının Şərqə doğru genişlənməsinin qarşısının alınmasını özü üçün həyati əhəmiyyətli məsələyə çevirməz, dünyanı nüvə müharibəsi təhlükəsinə gətirib çıxarmazdı. 

 





24.01.2022    çap et  çap et