525.Az

Musa Urud dünyasından əsən "Payız küləyi" - Şahanə Müşfiq yazır


 

Musa Urud dünyasından əsən "Payız küləyi" -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

"Şairlik insan doğularkən verilən Allah vergisidir. Fikrimcə, hər bir adam şair kimi doğulur. Amma hər adam özünü cəmiyyətə şair kimi təqdim etmir, ya da edə bilmir. Şairlik bizdən öncə bizə yazılan qismətdir. O, nəinki mane olur, hətta fəaliyyətimizdə bizə kömək edir. Hər birimizin içində şairlik olsa, düşünürəm ki, ədalət də olar, proseslərə istedadlı yanaşma da" - demişdi iki ay öncəki söhbətimizdə. Onda onunla daha çox insan kimi, millət vəkili kimi söhbət etmişdik. Təəssüf ki, özü də bir şair kimi az-az görünür mətbuatda. Musa Urud imzasıyla oxucularının görüşünə isə kitabdan kitaba gəlir. 

Müsahibə üçün görüşümüzdə yenicə çapdan çıxan son kitabını - "Payız küləyi"ni də təqdim etmişdi mənə. Kitab, iki aydır, iş masamın üstündə özünün ən gözəl yerini alıb. Ara-bir vərəqləyir, ruhuma yatan şeirləri oxuyur, özümçün qeydlər götürürəm. Səhifələrin arasında, şeirlərin dünyasında gəzişərkən şair Musa Urudla bağlı kəşf etdiyim ilk şey adi söhbətləriylə şeirlərinin demək olar ki, eyni məzmunda, eyni düşüncədə olmasıdır. Yəni onun şeirlərində şair uydurması yoxdur. Əksinə, o şeirlərdən hər yönüylə bir şair boylanır.

"Urud-Urud deyil ha"

"...Ürəyim arzular qəbiristanıdı, Ondan da dirilik umuram hələ..." - deyən şairin ən böyük arzusu, sözsüz ki, doğma torpağı Urud, ən böyük həsrəti Zəngəzurdur, Göyçədir. Müsahibəmizdə də bu mövzuya toxunmuşduq və şair vətən həsrətini bir neçə cümlədə o qədər dolğun və dəqiq təsvir etmişdi ki: "Hər birimizin iki vətəni var. Biri doğulub-böyüdüyümüz kiçik vətən, digəri isə xalqımıza, dövlətimizə məxsus olan, ərazisini və sərhədlərini göz bəbəyi kimi sevib-qoruduğumuz böyük vətəndir. Əlbəttə, kiçik vətən olmayanda, böyük vətən də yarımçıq olur və sənin vətən sevgin də bir qədər yaralı olur".

Urud həsrəti şairin poeziyasının əsas mövzularından, təməl sütunlarından biridir. 1980-ci illərin sonlarında digər Qərbi azərbaycanlılar kimi onun və ailəsinin də başına gətirilən didərginlik bəlası Musa Urud şeirlərində söz-söz cürərir, misra-misra boy atır. Bu həsrət alovu sətirlərin arasından çıxıb oxucunun üzünü yandırır:

Atasız-anasız keçinmək olur,
Qardaşsız-bacısız keçinmək olur,
Vətənsiz keçinmək olmur, İlahi! 
Adam niyə yurddan didərgin düşür, 
Adam niyə yurdda ölmür, İlahi?!

O qədər dəhşətli sualdır ki, bu. Bilmək olmur İlahinin bu suala cavabı varmı, yoxmu. Bəlkə də ona görə susur Yaradan. Musa Urud isə hər vəchlə didərginliyindən danışır, sanki onun nə qədər böyük bəla olduğunu Allaha da anlatmağa çalışır:

Kökündən qopan ağaclarıq
budaq-budaq əllərimiz,
yarpaq-yarpaq barmaqlarımız.
Döyüş meydanından qayıdan atlılarıq
iri-iri gözlərimizdən 
səssizcə süzülür göz yaşlarımız.
Dəstədən qalan quşlarıq
qırılıb qanadlarımız.

Yəqin bu müdhiş təsvirin taledə yaratdığı mərhəmət idi ki, o, Musa Urudun vətən həsrətini bir damcı da olsa, dindirmək üçün 2000-ci illərdə ona Uruda getmək şansı yaradır. İllərdir torpaq həsrəti, yurd ağrısıyla göyüm-göyüm göynəyən şair ata-baba ocağına doğru elə həvəslə, elə şövqlə can atır ki. Urudun şikəstliyindən, yetimliyindən xəbərsiz... Bircə anda yoxa dönür o ümid də, o inam da, o şövq də. Viran qalmış obasının bacasından illərdir didərgin düşən o tüstü Musa Urudun sinəsində ah olub yayılır dağlara. İndi də bu tüstünün alovuna qovrulur şair. Odunu isə vərəqlərə, qələmlərə pıçıldayır:

Bu yurd o yurd deyil ha, 
Urud-Urud deyil ha.
Ah-naləmdi göydəki, 
Topa bulud deyil ha!

"Musa Urud, bu dünyanın
Dərdimi əydi səni..."

Xalq şairi Nəriman Həsənzadə kitaba yazdığı ön sözündə çox maraqlı bir müşahidəsini qeyd edir: "Hörmətli şairimizin poetik yaradıcılığına ümumilikdə yanaşdıqda, üç güclü təsiri hiss edtim. Yunus İmrənin fəlsəfi ümumiləşdirilmələrindəki sadəlik və səmimiyyət, Aşıq Ələsgərdəki xalq dilinin şirinliyi və aydınlığı, Məmməd Araz nəfəsinin istiliyi və obrazlılığı..." Nəriman müəllimin ön sözünü Musa Urudun şeirlərindən sonra oxudum və mətnin bu yerində "barmağımı dişlədim". Şeirləri oxuduqca xəfif-xəfif üzümü sığallayan tanış mehin hardan gəldiyini indi anladım. Bəli, Musa Urudun dili də, sözü də, səmimiliyi də xalqdan, doğma yaddaşdan gəlir. Ona görə bu qədər isti və içdəndir:

Vətən bölük-bölük, el para-para,
Qalsın belə ömrü, qalsın ağlara.
Üzüm Allahadı, yönüm dağlara,
Aşdığım təpədi, yaldı, bilmədim.

Musa Urud poeziyasına xas xüsusiyyətlərdən biri də maraqlı, orijinal bənzətmələrdir. Şair təşbehdən o qədər ustalıqla istifadə edir ki, bircə anda situasiyanın şəklini çəkir gözlərin önündə. Ancaq bu şəklin rəngi də, biçimi də sözdür. Şair sözlə süsləyir tablosunu:

Gecikmiş məktublar döyür qapımı, 
Köhnə qəlpələrin ağrısı kimi.
Məktublar alıram, yerə çatmayan
Yay gününün seyrək yağışı kimi.
Gecikmiş məktublar döyür qapımı
Nahaq güllələnən günahsızların
Gecikmiş bəraət kağızı kimi!

Musa Urudun "Nağıl" şeirini gedib-gəlib oxuyuram. Nağıllara olan inamım, sevgimdir bəlkə də bu şeirlərə doğmalaşmağıma səbəb. Şair nağıllarımızın "biri var, biri yox" motivini elə həzin şərh edir ki, sanarsan dördcə misrada külli-aləmin yaradılış mahiyyətini açıb-tökür:

Desəm ki, dünyada sevgi var,-inan!
Vüsala çatmaq var,-desəm, inanma!
Nə tamam xoşbəxt kəs yoxdur dünyada, 
Nə tamam bədbəxt var, desəm, inanma!

Şairin özünə müraciətlə yazdığı şeirlə də orijinallığı və poetik yüküylə maraqlıdır. Bu şeirlərdə şair öz içiylə, məniylə baş-başa qalır, söhbətləşir, dərdləşir. Yunus İmrənin "bir mən vardır məndən içəri" - fikrini xatırladır bu söhbətlər:

Musa Urud, bu dünyanın 
Dərdimi əydi səni,
Çiynindəki fildimi, 
Nərdimi əydi səni.

Nə öymədin, öyülmədin, 
Hər zindanda döyülmədin.
Namərdinə əyilmədin, 
Mərdimi əydi səni?

Şairin şeirlərində namərdlərdən şikayətiylə tez-tez qarşılaşırıq. Sanki Musa Urud bu cür insanların varlığıyla barışmır, onlarla sözüylə, əməliylə mübarizə aparır. Amma hərdən onlar o qədər çox və inadkar görünür ki, şairin gözünə, o, özünün də namərd olacağı qorxusuna qapılır. Lakin özünün xislətinə də yaxşı bələddir:

Gözüm gözünüzdən duru, 
Siz qədər suçum yox, şükür!
Əzrayıl borcundan qeyri,
Kimsəyə borcum yox, şükür!
Məni namərd eləməyin! 

Başqa bir şeirində isə şair ölməz dahinin "Füzuli dərd əlindən dağa çıxdı, Dedilər, bəxtəvə yaylağa çıxdı" - fikrini yadımıza salır:

Bədxahlar önümdə yüz tor qurdular,
Ömrümü at kimi çapıb yordular.
Qəbrimin üstündə çələng gördülər,
Dedilər, bəxtəvər gül vurdu, getdi!

"Qələbə bizimdir..."

Təbii ki, Musa Urud üçün bütöv Azərbaycan doğmadır, əzizdir. Onun dərdi şairin dərdidir. Özü didərginlik yaşayan həssas qəlbli şair Qarabağ ağrısına səssiz qala bilməzdi. Lakin şair bu ağrının bir gün son tapacağına, Azərbaycanın mərd oğullarının bu haqsızlığa susmayacağını yaxşı bilirdi. 1992-ci ildə yazdığı şeirində "Yordu bu vədələr, hamını yordu" - deyən Musa Urud hələ o vaxtdan dünyanın başımızın altına qoyduğu o balıncı, boş sözləri yaxşı görür, duyurdu. Ona görə də xalqının bu haqsızlığa "dur!" deyəcəyi günü ümidlə gözləyir, şeirlərində də bunu əks etdirirdi. Xüsusən, onun 1990-ci illərdə Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyev, Fəxrəddin Nəcəfov, Sərdar Səfərova, 2020-ci ildə şəhid general Polad Həşimovaun xatirəsinə həsr etdiyi şeirlərin hər biri bir qələbə çağırışı, mübarizlik nəğməsidir:

Qələbə bizimdir, əzilər yağı,
Dönər gülüstana Vətən torpağı.
Əlində üçrəngli zəfər bayrağı 
Əmrini gözləyir əsgər, Paşam, Heey!!

1995-ci ildə dostu Aydın Şükürova xitabən yazdığı şeiri isə Zəngəzura, Kəlbəcərə dönüşün həzin arzusu, kövrək təsəllisi kimi oxunur:

O dağlarda yurdun ahı dolaşır, 
Zəmanənin min günahı dolaşır.
Dədə ruhu, qardaş ruhu dolaşır
Qəribsəyən o ruhlara dönək gəl, 
Zəngəzura, Kəlbəcərə dönək gəl!

Bu şeirdən düz 25 il sonra isə "Salam, Kəlbəcər!" şeiriylə şair sanki inamının, ümidinin bica olmadığını hər kəsə sübut edər kimi vüqarla deyir:

Gözün aydın, Vətən, salam, Kəlbəcər,
Gözləri yollarda qalan Kəlbəcər.
Qayıdır övladın, balan, Kəlbəcər!

44 günlük Qarabağ müharibəmiz vətən sevdalı şairin də yaradıcılığından yan keçməyib. Sanki onun Urud ağrısını azca da olsa dindirən bu qələbəni şair belə vəsf edir:

Qırx dörd gün şərəfə şan qovuşdurdu, 
Gecəni səhərə dan qovuşdurdu,
Biz qəm ayırdı, qan qovuşdurdu, 
Hər daşı qibləgah Şuşam, qayıtdıq!

Və ya "Zəfər marşı"nda bu qələbənin memarı olan şəhidlərimizi minnətdarlıqla anaraq deyir:

Bayrağa and içib yola çıxdılar,
Vətən torpağında bitən oldular.
Qızıl qanlarıyla şəhid oğullar
Torpağa qarışıb Vətən oldular.
Bayrağa bükülü igidin gəlir, 
Çıx yola, qarşıla qalibi, Vətən!
Qəhrəman millətə yaraşır ancaq
Qələbə, Qələbə, qələbə, Vətən!

Musa Urudun bu kitabında "Sandıq şeirləri" də var ki, gəncliyinin ən gözəl çağlarında qələmə alıb, amma heç zaman üzə çıxarmayıb. "Sarmaşıq!, "Mikroskop altında", "Ürək böyüklüyü", "Azadlıq meydanı-88", "Ağac adam", "Alaqarğa", "On səkkiz yaşında", "Ümidin ölümü" və sair kimi şeirləri şairin özünə və yaradıcılığına qarşı bəzən hədsiz və haqsız tələbkarlığından xəbər verir. 

"İçimdə bir şair öldü, bilmədim" - deyərək yenə də özünə haqsızlıq edən şairin şeiriyyətindən günlərlə, səhifələrlə danışmaq olar. Amma çox istərdim ki, oxucular özləri bu şeirləri oxuyub Musa Urud dünyasını kəşfə çıxsınlar. Orda çox böyük sirlər tapacaqlarına, çox mühüm kəşflərlə qarşılaşacaqlarına əminəm! İndidən xoş mütaliələr!
 

 





24.01.2022    çap et  çap et