525.Az

Dəyərli pyesin uğurlu tamaşası - Elxan Yurdoğlu yazır


 

KARL ÇAPEKİN "ANA" ƏSƏRİ GƏNC REJİSSOR HƏCƏRXANIM MƏMMƏDOVANIN QURULUŞUNDA YÜKSƏK SƏVİYYƏLİ SƏHNƏ HƏLLİNİ TAPIB

Dəyərli pyesin uğurlu tamaşası -<b style="color:red"> Elxan Yurdoğlu yazır</b>

Yanvarın 18-də Naxçıvan Dövlət Musqili Dram Teatrının səhnəsində "Ana" adlı tamaşaya baxdım. XX əsr çex ədəbiyyatının görkəmli simalarından biri Karel Çapekin (1890-1938) "Ana" adlı pyesi əsasında səhnələşdirilən tamaşa gənc rejissor Həcərxanım Məmmədovanın tamaşaçı qarşısında növbəti imtahanı idi. Tamaşadan bir gün əvvəl müəllifin özü şəxsi feysbuk səhifəsində olduqca həyəcanlı anonsla yadda qalmışdı: "Mənim işlərimlə ta universitetin 1-ci kursundakı etüd-tamaşalarımdan bəri tanış olanlar bilir... Bütün seçdiyim əsərlərdə bir ortaq ali məqsəd var: bəşərilik. Əslində bunun fərqinə hələ təzə varmışam. Həmişə işlədiyim əsərlər üçün "mövzu məni çəkir", - deyirdim. 

Etiraf eləyim ki, indiyə qədər hazırladığım bütün tamaşalar içərisində "Ana" psixoloji cəhətdən məni ən çox yoran, dəyişkən vəziyyətlərlə gərgin bir tamaşa idi. Nəhayət sabah neçə aylıq stresli məşqlərdən sonra premyeradır.

Maraqlısı budur ki, mən hələ də beynimdəki gərginlikdən azad ola bilməyərək bu tamaşam haqda qısa ümumi fikir nə yazım, bilmirəm. Odur ki, bütün fikirləri sizə buraxıram. 18-19 yanvar saat 19:00-da Naxçıvandakı dost-tanışlarımı, yaxınlarımı, sənət dostlarımı Karel Çapekin "Ana" mistik-dram tamaşasına baxmağa dəvət edirəm". 

Xüsusilə taq edilmiş bu cür dəvətə laqeyd qalmaq olmazdı. Ailəmi və iki tələbəni də götürüb deyilən vaxtda tamaşaçılar arasında yerimi tutdum.  

Tamaşanın rejissor assistenti Səyyad Məmmədov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Səyyad Bayramov idi. Maraqlı o idi ki, tamaşanın musiqi tərtibatçısı da rejissor xanımın özü idi. Buna ayrıca qayıdacağam. 

Teatr tamaşalarında yan-yörəmdəkiləri, zaldakı insanların reaksiyasını, səhnəyə marağını, diqqətini müşahidə etmək üçün həmişə arxa cərgələrdə oturmağa üstünlük verirəm. Bu dəfə də istisna deyildi. Ən gözəli də o idi ki, tamaşa başlayan ilk dəqqələrdən rejissor xanımın özü də bizdən bir cərgə öndə oturdu və qucağında 3-4 yaşlı övladı ilə tamaşanı izləməyə başladı. Belədə müşahidə ediləcək ən maraqlı insanı tamaşayla paralel izləyirdim. Arzu edərdim ki, maraqlı oxucu, tamaşaçı teatra üz tutub bu əsəri mütləq izləsin. 

Tamaşanın sujeti haqqında danışası olsaq, onu deyə bilərəm ki, ciddi psixoloji ağırlığı olan əsərdə Ana hadisələrin mərkəzindədir. Onun 17 il əvvəl vəfat edən mayor həyat yoldaşı Rixard afrikalıları öldürmək üçün getdiyi müharibənin qurbanı olub. Ananın 5 övladı var ki, onların böyüyü - həkim Andrey də sarı qızdırmaya tutulmuş afrikalıları xilas etmək üçün gedərkən özü həmin xəstəliyə tutulur və ölür. Bir növü elə müharibənin başqa bir fəsadından ortaya çıxan xəstəliyin qurbanı olur. Ananın ikinci övladı Yuri isə hərbi təyyarə ilə daha yüksəyə qalxma rekordu üçün uçuş edərkən təyyarənin qanadının sınması nəticəsində həlak olur. Üçüncü və dördüncü övladlar Pyotr və Kornel isə vətəndaş müharibəsində fərqli cəbhələrdə üz-üzə gəlirlər. Pyotr Kornelin tərəfdaşları tərəfindən güllələnir, sonra isə Korneln özü də həlak olur. Ananın isə sadəcə bir oğlu qalır - Toni. Ən balaca, cəmi 18 yaşı olan Toni həm də şairdir. Sentimental xarakterlidir. Müharibənin əleyhinədir. Lakin tamaşanın sonrakı səhnələrində onu atasının silahını götürüb cəbhəyə gedən obrazda görsək də, ana buna razı olmur. Öz oğlunu razı sala bilir və evin zirzəmisində gizlədir. Tamaşa boyu ölən əri və övladları ilə söhbət edən Ananı obrazlar Tonini gizlətməkdə ittiham edir, vətəndə əli silah tutan kişilərə ehtiyac olduğu halda gizlədilməsini qınayırlar. Ana isə öz hisslərinə dayanaraq, "mənim işim analıq vəzifəsini yerinə yetirməkdir, Toni də olmasa, mən nəyə yarayaram" düşüncəsi ilə onlara qarşı gəlir. Lakin tamaşa boyu, elə əsər boyu əsas obrazlardan biri də köhnə radiodan eşidilən səsdir. Radio diktorudur. Son səhnələrdə diktor yenə əli silah tutan kişiləri, hətta qadınları belə vətənin müdafiəsi üçün köməyə çağırır və öz övladının da olduğu bir qrup uşağın öldürüldüyünü, xəstəxananın bombalandığını, ümumiyyətlə müharibə cinayətlərini dilə gətirir. Belə olan halda Ana mayor ərinin silahını gizlətdiyi yerdən götürüb gətirir və zirzəminin qapısındakı qıfılı açaraq Tonini müharibəyə göndərir. Müharibə bitəndən sonra isə Toni sağ olaraq evinə qayıdır. 

Tamaşa boyu müşahidə etdiyim rejissor Həcərxanım gərginlikdən bəzən dırnaqlarını yeyirdi, bəzən qeyri-iradi olaraq başını müxtəlif jestlərlə önə, arxaya, yana əyirdi, bəzən qucağındakı oğlunu möhkəm-möhkəm sinəsinə sıxıb onun üzünə baxırdı. Amma bir gözü səhnədə idi. Qucağında övladı olsa da, bir övladı da səhnədə dünyaya gəlirdi. Bir ananın doğum iztirablarını tamaşa zalından seyr etmək olduqca maraqlı idi.

Həmin an düşünürdüm ki, görəsən, rejissor ana öz oğlunu səhnədəki Ana kim son anda müharibəyə göndərmək üçün əlinə silah verərdimi? Bir tərəfdən də insan öldürməyin cinayət olduğunu öyrətdiyi şair övladının "mən də öldürə bilərəm" cavabı qarşısında heyrətlənən ananın, radioda eşitdiyi uşaq ölümlərinə dözə bilməməsi və qələm tutan ələ silah verməsi əsərin ən ağrılı məqamlarından idi. Ən yaxın tarixdə yaşadığımız zəfərin sevinci və şəhid olan övladlarımızın acısıyla iç-içə olduğumuz indiki durumda belə bir əsərin səhnəyə gətirilməsi nə qədər əla düşünülmüşdüsə, Karel Çapekin şairin əlindən qələm alıb ona silah verməsi də bir o qədər düşündürücü idi.

Tamaşa boyu qardaşların "ağzından süd iyi gələn" Toninin sentimentallığına sataşmaları, ananın (oxu: Ana vətənin) şair oğlunu (oxu: qələm əhlini) qoruması mesajını verən Karel Çapekin ən sonda vətən üçün son nəfəsinə və nəfərinə kimi hər kəsin silaha sarılmalı qərarı heyrətamiz sonluq kimi anlaşıla bilərdi. Xüsusilə tamaşanın əvvəllərində qardaşlarının şairə sataşmasına işarə edən qızımın şairliyimdən yola çıxaraq, - "Dədə, sənə sataşırlar", - deməsi mənən incidici olsa da, sonda Toninin (şair oğulun) silaha sarılıb düşmənlə mübarizəyə yollanması sınan qüruruma necə sığal çəkmişdisə gözlərim dolmuşdu. Məhz ananın oğluna silahı uzadıb çiyninə toxunaraq, - get, - deməsi anında qeyri-ixtiyari reflekslə ucadan əl çalmağım və zalın mənə qoşulması da olduqca qürurverci idi. Təkcə mənim üçün yox yazıçı üçün, rejissor üçün, ana üçün, Toni üçün, qızım üçün, tamaşaçı üçün, hətta yanımda əyləşən, ilk dəfə bir teatr tamaşasını izləyən tələbə Aysun üçün və hər bir vətənsevər üçün. 

Karel Çapek faşistlərin Çexiyanın Sudet vilayətini hədəfə alarkən baş verən hadisələrə cavab kim "Ana" pyesini qələmə almışdı. Müharibə əleyhinə yazılmış pyes insanın Vətən və bəşəriyyət qarşısında olan borcuna həsr olunub. 1938-ci ildə yazılsa da, qısa vaxtda dünyanın bir çox dillərinə tərcümə olunan əsər, elə yazıldığı ildə Azərbaycan dilinə də tərcümə olunmuşdu. Dəyərli həmyerlimiz, ordubadlı Əvəz Sadıq tərəfindən Azərbaycan dilinə tərcümə olunan "Ana" həm dilimizə çevrilən ilk çex bədii nümunəsi, həm də səhnəmizə ayaq açan ilk çex əsəri olmasıyla diqqəti cəlb edir. 

Yazıçının həyatıyla bağlı maraqlı bir məqam da var. 1939-cu ildə Praqaya daxil olan faşistlər Karel Çapeki həbs etmək istəsələr də, yazıçı 25 dekabr 1938-ci ildə 48 yaşında vəfat etmişdi.                                     

Aktyor oyununa gəlincə qeyd edim ki, Ata rolunun ifaçısı Azərbaycanın Əməkdar artisti Vidadi Rəcəbli həmişəki kimi işinin peşəkarı kimi səhnədə rahat idi. Uzun zamandır teatr tamaşalarında görmədiyim sənətkarı yenidən böyük səhnədə izləmək sevindirici idi. Naxçıvan teatrında müxtəlif tamaşalarda maraqla izlədiyim Ələsgər Quliyev (Andrey) və Səyyad Məmmədovla (Yuri) yanaşı, gənc aktyorlar Məmməd Mehdiyev (Kornel), Uğur Nəsirli (Pyotr), Nurlan Sultanlı (Toni) yaşlarına uyuşmayan peşəkarlıqla canlandırdıqları obrazların daxili aləmini, psixoloji gərgin situasiyalarını ustalıqla tamaşaçıya ötürə bilirdilər. 

Ana (Zəminə Məmmədova) haqqında isə həyəcansız danışmaq olmur. Səhnənin bütün həyəcanını öz üzərində cəmləyən, tamaşa boyu səhnədə gördüyümüz Ana bəşəri ideyaları özündə əks etdirən və bunu uğurla təcəssüm etdirməyə nail olan aktrisa kimi daha çox alqışlandı.   

O da maraqlıdır ki, səhnədəki Ana rejissor Həcərxanımın həyatdakı qayınanasıdır. Təyyarəçi Yuri isə rejissorun həyat yoldaşı, Ananın həm səhnədə, həm də həyatdakı övladıdır. Yəni ki, Karel Çapekin şedevr "Ana"sı sayəsində gəlin rejissor qayınanadan möhtəşəm bir Ana obrazı yarada bilmişdi. 

Tamaşanın rejissor əməyi qədər rəssam işi, musiqi tərtibatı, hətta səs və işıq uyumu, geyim seçimi, qrim ustalığı da obrazların tamaşaçı üçün tamamilə açılmasında böyük rol oynayırdı. 

Mən həmişə gənclərin daim yenilikçi və uğurlu işlərlə yadda qalacağına, seçiləcəyinə inanmışam. Həcərxanım Məmmədova da öz "Ana" övladıyla bunu bir daha ortaya qoydu. 

 





24.01.2022    çap et  çap et