525.Az

"Ötən il qaçaqmalçılığın 69 %-i narkotik vasitələrlə bağlı olub"


 

"Ötən il qaçaqmalçılığın 69 %-i narkotik vasitələrlə bağlı olub"<b style="color:red"></b>

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təliminin ikinci günü davam edir. 

525.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlının “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. 

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanda qaçaqmalçılıq cinayətlərinin 69 %-ni narkoqaçaqmalçılıq təşkil edib: 

"Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 56 nəfər: 55 kişi və 1 qadın olmaqla 22 nəfər Azərbaycan vətəndaşı, 34 nəfər əcnəbi (14 İran, 12 Türkiyə, 6 Rusiya, 1 Gürcüstan və 1 Ukrayna vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib".

Onun sözlərinə görə, ötən il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub: “COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin gediş-gəlişinə tətbiq olunan məhdudiyyətlər səbəbindən son 2 ildə faktların sayında ciddi azalma müşahidə olunur. Narkoqaçaqmalçılıq faktları azalsa da, 2021-ci ildə əsasən yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınmış, Azərbaycan hüquq-mühafizə orqanlarının tarixində rekord miqdarda- 3 ton 43 kq 507 qram narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən götürülmüşdür. 2020-ci illə müqayisədə 2021-ci ildə götürülmüş narkotiklərin miqdarı 2 dəfədən çoxdur”.

G. Muradlı qeyd edib ki, Azərbaycanda qeydiyyatda 34 000 nəfərdən çox narkotik istifadəçisi var. İçərisində azyaşlıların da olduğu və əsas hissəsini 18-35 yaşlı gənclər təşkil edən narkomanların sayının ildən-ilə artması xüsusi narahatlıq doğurur. Narkomanlıq digər xəstəliklərin yaranmasına əsas səbəblərdəndir. Misal üçün, Azərbaycanda İİV-QİÇS infeksiyası aşkar olunmuş şəxslərin böyük bir hissəsi inyeksion narkotik istifadəçisi olub. Gənclər arasında aşırı doza qəbulu və narkotiklərin sui-istifadəsi ilə əlaqədar hepatit və digər ağır xəstəliklərdən ölüm halları da narkomanlığın ağır fəsadlarındandır. Xüsusən son vaxtlar “şüşə”, “patı” adı altında yayılmış mütamfetaminin fəsadları daha ağırdır. Narkotiklərin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə cinayətkarlığın artmasının, o cümlədən ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən biridir.

Onun sözlərinə görə, ötən il götürülmüş narkotiklərin içərisində daha ağır və təhlükəli narkotiklər olan heroin və metamfetaminin xüsusi çəkisinin kəskin artması ciddi narahatçılıq doğurur: “Belə ki, 622 kq 75 qramı maye halında olmaqla 2 ton 106 kq 134 qram heroin (2020-ci illə müqayisədə 47 % çox), 194 kq 122 qram metamfetamin (2020-ci illə müqayisədə 30 dəfə çox) tutulub ki, bu da ümumi götürülmüş narkotiklərin 75 %-dən çoxunu təşkil edir: “Bundan əlavə 2021-ci ildə 698 kq 247 qram tiryək, 44 kq 672 qram həşiş və digər maddələr də qanunsuz dövriyyədən çıxarılıb”.

Afaq Rza

 





25.01.2022    çap et  çap et