525.Az

Mollanın kələkbaz külfəti - Şahanə Müşfiq yazır


 

"MOLLA NƏSRƏDDİNİN BEŞ ARVADI" TAMAŞASINDAN QEYDLƏR

Mollanın kələkbaz külfəti -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Qadın-kişi problemi, az qala, dünya yaranandan olub, yəqin həmişəlik də olacaq. Zaman-zaman sorğular çıxır qarşımıza: qadın ağıllıdır, yoxsa kişi?; qadın üstündür, yoxsa kişi?; evdə qadının sözü keçməlidir, yoxsa kişinin? Və sair və ilaxır. Beləcə davam edir bu iki cins arasındakı "soyuq müharibə". 

Ədəbiyyatımız, incəsənətimiz də xali deyil bu problemdən. Hətta iddia edə bilərik ki, elə incəsənətin də, ədəbiyyatın da əsas problemlərindən biri və birincisidir qadın-kişi münasibətləri. Uzun illərdir Azərbaycan Dövlət Akademik Musiqili Teatrın repertuarında olan və hər dəfə seyrçilər tərəfindən sonsuz maraqla izlənilən məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyası da qadın-kişi problemini ortaya qoyur. Molla Nəsrəddin bizə şifahi xalq ədəbiyyatımızdan, bir-birindən gülməli, duzlu-məzəli lətifələriylə tanışdır. Hazırcavablığı, çətin məqamda ağıllı qərarları, gözlənilməz  hərəkətləriylə təkcə bizim deyil, bütün türk dünyasının sevimli obrazı olan Molla Nəsrəddin bu tamaşada da həm güldürməyi, həm də düşündürməyi bacardı. 

Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi bu səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Leyla Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Əliməmməd Novruzov, Mehriban Zaliyeva, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Ruslan Mürsəlov və Şaban Cəfərov ifa edirlər. 

Səhnə əsərinin baş qəhrəmanı Molla Nəsrəddin (Əkbər Əlizadə) özündən müştəbeh, özünü çox sevən bir insandır. Elə bu xüsusiyyətinə görədir ki, sarayda şahın yanında ehtiyatsızlıq edib ağzından bir söz çıxarır. Şahın öz arvadından qorxduğunu deyən Mollanı şah böyük bir ev və dörd arvadla "mükafatlandırır". Elə bütün hadisələr də bundan sonra başlayır. Məsələ bundadır ki, Molla Nəsrəddin 30 ildir Fatmayla evlidir. Onun şahın təkidiylə yenidən evləndiyindən, özü də dörd arvadı birdən aldığından Fatmanın xəbəri yoxdur. Molla da hələlik kəbin kəsilənə kimi bu hadisəni qarısından gizləmək fikrindədir. Sonra başlayır təzə arvadlarla tanışlıq. Bu arvadların da hərəsi bir biçimdə, hərəsi bir xasiyyətdə, hərəsi bir ailədəndir. Məsələn, şahın Mollaya "layiq gördüyü" arvadlardan birincisi Cənnət şahın baş cəlladının qızı, şəhər hakiminin bacısı qızıdır. Bu xəbər Mollanı lap qorxuya salır. O bilir ki, daha qaçacaq yeri yoxdur. 

Bir az sonra bütün arvadlar-Təmənna, Zibeydə, Tutu da gəlib öz gələcək ərləriylə tanış olurlar. Ən sonda isə Mollanın 1-ci arvadı, 30 illik qarısı Fatma hadisədən xəbər tutur. Təbii ki, bütün qadınlar kimi bunu normal qarşılamasa, qışqırıb-bağırsa da, şahın verdiyi fərmana o da tabe olur. 
İrəliləyən hadisələr bu evin də, bu arvadların da şah tərəfindən Mollaya verilən dərs olduğunu göstərir. Mollanın təzə arvadları Fatmayla birləşib qadın ağlına şübhəylə yanaşan, qadınları aşağılayan, onlara xor baxan Nəsrəddinə kələk gəlirlər. Hamısının isə bir məqsədi var: qadın ağlının gücünü Mollaya və onun kimi özündən müştəbeh kişilərə sübut eləmək. Əlbəttə, Molla da köhnənin mollasıdır. Ona kələk gəlmək, onu aldatmaq hələm-hələm iş deyil. Necə deyərlər, "sən saydığını say, gör molla nə sayır..."

Səhnə əsərini daha maraqlı və baxımlı edən nüanslardan biri də Molla Nəsrəddinlə bağlı uşaqlığımızdan eşitdiyimiz, əzbər bildiyimiz baməzə əhvalatlara, lətifələrə yer verilməsi idi. Bütün bu lətifələrin və Molla Nəsrəddinə yaraşacaq komik əhvalatların cəm olduğu tamaşa peşəkar aktyor oyunu ilə də yaddaqalan oldu. Baş roldan epizodik rollara qədər hər kəs öz işinin öhdəsindən ustalıqla gəlməyi bacarırdı. 

Təbii ki, Musiqili Teatrda tamaşa izləyirsənsə, onun musiqilərindən də danışmaq lazımdır. Musiqisiylə, sözləriylə əzbər bildiyimiz mahnıların sözləri çox böyük ustalıqla əsərə və əhvalatlara uyğunlaşdırılmışdır. Məhz buna görə də özbək əsəri olmasına baxmayaraq, tamaşa azərbaycanlı seyrçidə çox doğma duyğular yaradır. 

Siz də ailədə və cəmiyyətdəki qadın-kişi münasibətlərinə bir də Molla Nəsrəddinin və onun külfətinin gözüylə baxmaq, qəhrəmanlarını komik situasiyalara salan kələklərin nə olduğunu bilmək, gülmək və düşünmək istəyirsinizsə, yolunuzu Azərbaycan Dövlət Akademik Musiqili Teatrından salın. Axı bizim çoxbilmiş Molla özünün külfətiylə birgə yolunuzu gözləyir...

 





25.01.2022    çap et  çap et