525.Az

KVN biabırçılığı və Sərkisyanın istefası - Sosial şəbəkədə yazılanlar


 

KVN biabırçılığı və Sərkisyanın istefası -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Hacıbəy Heydərli, jurnalist:

- Bu gün Azərbaycanda ən kütləvi sosial şəbəkə Tiktok-dur. Hər kəsi ən çox düşündürən suallardan biri isə budur: Tiktok-da pulu necə qazanırlar?
Bildiyiniz kimi, orada canlı yayımlar zamanı pul şəklində hədiyyələr göndərilir. Hədiyyələrin ən kiçiyi güldür (0,1 qəpik), ən böyüyü isə tiktok universedir (350 dollar). Bu qiymətlər göndərilən şəxsə çatan məbləğdir. Göndərən isə həmin hədiyyəni daha böyük məbləğə alır. Tiktok həmin pulun 70 faizini özünü götürür, 30 faizini isə pul kimi qarşı tərəfə verir.

Azərbaycanda həftəlik sıralamada lider olan şəxsə 1,5 milyon jeton gəlir. Bu isə 7500 dollara yaxın puldur. İlk 100 nəfərin sıralamasına baxanda görürük ki, Azərbaycanda bir həftədə ən azı 1 milyon dollardan çox pul hədiyyə kimi göndərilir.

Gündə ən az 2-3 saat canlı açan istifadəçi aylıq minimum 500-15000 dollar arası pul qazanır.

Ölkəmizdə ən böyük hədiyyələri atan insanların çoxu xarici ölkələrdə yaşayan həmyerlilərimizdir.

Tiktok 2021-ci ildə ən çox daxil olunan sayt olub, "google" geridə qoyub. Təkcə 2021-ci ildəki qazancı isə milyard dollarla ölçülür.

Son olaraq onu deyim ki, vətəni Çin olan bu sosial şəbəkə dünya üçün ən böyük təhdidlərdən biri olacaq. Çünki ABŞ-ın feysbukunu, instaqramını və yutubunu geridə qoymağı yalnız Çin bacarardı.

*** 

Turan İbrahimov, jurnalist:

- Sezen Aksunun məlum mahnısına qulaq asdım. Dini inanış nəzəriyyəsi nöqteyi-nəzərdən baxsaq, qadın səhv heç nə demir. Məhz qadağanı pozduqları, dini terminlə desək, cahillik etdikləri üçün, cəza olaraq, Adəm və Həvva cənnətdən qovulublar. Sezen Aksu da məlum mahnıda buna işarə edir.

Bəli, mahnının sözlərinin etiraz doğurması, müzakirəyə səbəb olması da başadüşüləndir. Çünki dindarlar peyğəmbərlərin toxunulmaz, müqəddəs olduğuna inanırlar.

Cəmiyyətdə müxtəlif dünya görüşlü, hər inancda və savadda insan var. Küçə-bacada, sosial şəbəkələrdə hərə özü anladığı kimi, öz səviyyəsinə uyğun reaksiya verə bilər. Ən normalı hansısa nüfuzlu din xadiminin mövzuya münasibət bildirib, izahat verməsi olardı. Nəticədə hər kəs nələrisə anlayıb, bilmədiyini öyrənib, mövzunu qapadardı.

Məsələyə QHT-lərin, dövlət qurumlarının, məmurların, siyasətçilərin, yüksək çinli dövlət adamlarının qarışması isə əməllicə tragikomediyadır.

*** 

Ağa Cəfərli, jurnalist:

- DSX-nın əsgəri intihar edib. Məlumatda qeyd edilir ki, gəncin psixoloji problemləri varmış. Mənə maraqlıdır: necə olub ki, psixoloji problemi olan adam hərbi xidmətə aparılıb. Niyə dəqiq müayinə olunmayıb? Əgər adam tam sağlam imişsə, necə olub, nə baş verib ki, 3 ay ərzində sağlam adam ciddi psixoloji sarsıntı keçirib. Qaranlıq məqamlar, inşallah, aydınlaşar.

*** 

Elşad Paşasoy, jurnalist:

- Prezident İlham Əliyev: "Bakının ən böyük meydanlarının biri Ukrayna adını daşıyır" (Kiyev, 14 yanvar 2022).

Məncə, Azərbaycan-Ukrayna dostluğunun rəmzlərindən biri olan bu meydanda dövlətlərimizin qoşa bayraqları dalğalansa, yaxud heç olmasa, lövhə vurulsa, yaxşı olar. Xüsusilə də dövlət başçısının sözlərindən sonra yerinə düşər.

Turist, ya nabələd vətəndaş nə bilsin bura haradır?

*** 

Nigar Sabirqızı, jurnalist:

- "Şuşa"-"Buta" məsələsi mənə illər öncə yaşadığımız bir hadisəni xatırlatdı. Almaniyanın "Lambert" nəşriyyatında atamın kitabı çapdan çıxmalı idi. Kitabda atamın bioqrafiyası haqqında məlumatda qeyd olunurdu ki, Quliyev Sabir Əli oğlu Azərbaycan Respublikasının hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Kəlbəcər rayonunda anadan olub. Nəşriyyat "Ermənistan SQ-nin işğalı altında olan" sözünü çıxartdı. Atam isə həmin kitabın çapından imtina etdi. Ya bu söz salınacaq, ya da kitab çapdan çıxmayacaq dedi. Nəşriyyat işğal faktını qəbul etdi və kitab çapdan çıxdı. Demək istəyirəm ki, Vətən sevgisi insanın qanında olmalıdır. "Lambert" kimi nüfuzlu nəşriyyatdan imtina etmək hər oğulun işi deyil. Hələ o nəşriyyatda kitab çap etdirməyi bacarmağı demirəm. İndi kimsə "Şuşa" sözündən qorxub onu kiminsə sözü ilə "Buta" ilə əvəz edirsə, nəticəni siz çıxarın.

***

Əzizə İsmayılova, jurnalist:

- Müşfiq Abbasovun "Şuşa" KVN komandasının adının hansısa Rubenin tələbinə görə "Buta"ya dəyişdirilməsinə verdiyi açıqlama, baş verən durumun özü qədər anlaşılmaz və qəbulolunmazdır.

Əvvəl deyir ki, "Ruben orda əsas söz sahiblərindəndir. O, belə istədi, yoxsa qoymayacaqdılar çıxış edək", sonra da deyir "dedim qoy "Buta" adını qəbul edim, Maslyakovla görüşüm, qoy Maslyakov özü desin. Hansısa Rubenin sözü ilə olmasın. Elə olmasaydı, mən Maslyakovla görüşə bilməyəcəkdim". Sanki normal bir şeymiş kimi də qeyd edir ki, "Maslyakovla görüşdüm, o da dedi "bu ad bizə problem yaradacaq" filan.
Maraqlıdır ki, əvvəla, siz getməmişdən orda əsas söz sahibinin Ruben olduğunu bilirdinizsə, niyə orda idiniz, bilmirdinizsə, kor-koranə hara gedirdiniz?

İkincisi, əgər komandamız hansısa Rubenin istəyini qeyd-şərtsiz yerinə yetirməyə razı olubsa, nə fərqi var onu Maslyakov dedi, ya bir başqası? Kimin deməsindən asılı olmayaraq, sonda Ruben deyəni qəbul etmisiniz, Rubenin istəyini reallaşdırmısınız.

Üçüncüsü, belə çıxır ki, Maslyakovun sözü ilə "Şuşa" adından imtina normaldır? Maslyakov nə əsasla deyir ki, "bu ad problem olacaq"? Niyə olacaq o problem? Şuşa Azərbaycanın tarixi ərazisi deyil?

Deməli, görüşmək arzusunda olduğunuz Maslyakov neçə yüz oğulun qanı bahasına düşməndən azad edilən ölkəmizin ərazi bütövlüyünə şübhə etdiyini rahat şəkildə ortaya qoyur (şübhə etmirsə, niyə "bu ad problem yaradacaq" deyir?), siz də qapını çırpıb çıxmaq əvəzinə, deyirsiniz ki, "əsas odur Rubenin sözü ilə olmasın, qoy Maslyakov özü desin".

Dördüncüsü də, hörmətli Abbasov, illərdir bütün potensialınız "Bu şəhərdə"dən oyana keçə bilməyibsə, KVN-də hansı inqilaba iddialı idiniz ki, belə aşağılayıcı bir təklifi qeyd-şərtsiz qəbul etməyiniz bir yana, üstəlik, heç nə olmamış kimi hələ rahat oturub axşama kimi də gözləyirsiniz ki, görək axşam maslyakovlar nə qərar verəcək, ondan sonra duruma uyğun qərar verəsiniz.

Şuşanı döyüşdə qayalara dırmaşaraq düşmənə verməyən oğullar ona görə canlarından keçmədilər ki, o adı kimsə, hansısa konsert zalında rubenlərin istəyinə dəyişsin.

Çox utancverici hadisədir və bu məsələdə cavabdeh olan bütün təşkilatçılar bu məsuliyyəti dərk etmək məcburiyyətindədirlər.

Kimsə pul qazanacaq deyə üstündən hələ qan qurumayan torpaqlarımızın adı rubenlərin, maslyakovların olduğu hərraclarda yer almamalıdır

***

Vüsal Məmmədov, jurnalist:

- Bizimkilərin maygülülüyü qədər rusların və ermənilərin həyasızlığı da adamı yandırır. Niyə axı Azərbaycanın komandası "Şuşa" adlana bilməz?! Şəhər bizim, komanda bizim - niyə öz şəhərimizin adını öz komandamıza verə bilmərik?! Belə həyasızlığın qarşısında geri çəkilmək "kompromis" deyil, "üyütmək"dir. Kompromis variant kimi "Şuşa" komandasının adını dəyişib "Xankəndi" qoymaq olardı.

***

- İlkin versiya: Sarkisyanın istefası böyük ehtimalla, sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı gözlənilən yeniliklərlə bağlıdır.

***

Elxan Şahinoğlu, politoloq:

- Ermənistan prezidenti Armen Sərkisyan istefa verib. Onun əsaslandırması belədir ki, əlində daxili və xarici siyasətə təsir edəcək alətləri yoxdur. Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri bəllidir, bunu Armen Sərkisyan ona prezident olmağı keçmiş Baş nazir Serj Sərkisyan təklif edərkən bilirdi. Sadəcə hadisələr elə inkişaf etdi ki, Nikol Paşinyan Serj Sərkisyanı devirərək seçki yolu ilə Baş nazir oldu. Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra prezident Armen Sərkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, "səlahiyyət məndə olsaydı, nəticə fərqli olardı". Ən maraqlısı odur ki, Armen Sərkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma.
Armen Sərkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O, yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində, Armen Sərkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sərkisyanın qəfil istefasından sonra Paşinyan Konstitusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa, başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasının lehinə olmayacaq.

 





25.01.2022    çap et  çap et