525.Az

Şagirdlər üçün "Düşünən oxucu" müsabiqəsi


 

Şagirdlər üçün "Düşünən oxucu" müsabiqəsi<b style="color:red"></b>

Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi, bu biliklər sisteminin yaradılması və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi kimi ifadə edilir. Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və ictimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Məktəb, mütaliə alışqanlığının yaranması və inkişafında ən mühüm və təsiredici məkandır. İnsanın məktəb dövründə əldə etdiyi bilik-bacarıqlar, vərdişlər sonrakı həyatında, gələcək hədəflərinin müəyyənləşməsində əvəzsiz xidmət göstərir. Hazırda ümumtəhsil müəssisələrində bir çox layihələrin, müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin düşüncə bacarıqlarını zənginləşdirmək, sərbəst fikir yürütmə azadlığını, təhlil etmə qabiliyyətini təmin etmək, kitab oxuma mədəniyyətinin təbliğidir.

Təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında "Düşünən oxucu" adlı müsabiqəyə start verib.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyir ki, 3 mərhələdən ibarət olan "Düşünən oxucu" adlı müsabiqənin məktəb mərhələsi 5 - 21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon (şəhər) mərhələsi 24 yanvar - 7 fevral tarixlərində bölgələrdə, ölkə mərhələsi 8 - 21 fevral tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək.
Vəfa Yaqublunun sözlərinə görə, müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyən edilmiş "Oxu ədəbiyyatı siyahısı"nda bir əsəri oxuyaraq videotəqdimat hazırlamalıdır. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli, eyni zamanda təhlil zamanı "Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?", "Əsərin müəllifinə hansı sualları verərdim?", "Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?" suallarından ən azı birinə cavab verməlidir: "Qeyd edim ki, oxu ədəbiyyatı siyahısındakı əsərlər məktəb kitabxanalarına verilmişdir, deməli hər bir şagirdin onları əldə edib oxumasına imkan vardır. Valideynlər bu məqsədlə kitab almalı olmayacaqlar. Siyahıda  əsasən son ildə alınmış kitablar yer alır ki, onlar da həm Azərbaycan, həm də dünya ədəbiyyatından nümunələrdir. Burada klassik əsərlərlə yanaşı müasir uşaq ədəbiyyatı da yer alır. Uşaqların yaşı, estetik zövqü, anlama səviyyələri, maraq dairələri nəzərə alınıb. Janr və mövzuların rəngarəngliyinə də diqqət yetirilib. Dil və ədəbiyyat dərslərində əsasən Azərbaycan ədəbiyyatını öyrənən şagirdlərimizin erudisiyasının artırılması üçün bu müsabiqədə  daha geniş arealın götürülməsi məntiqlidir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir. Uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər: "Kitablar və onların mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir. Tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. Uşaqlar üzərində aparılan araşdırma nəticəsində isə müəyyən edilib ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar. Kitabsevər, mütaliəçi insanlar boş vaxtlarını oxumağa sərf edir. İmkan tapan kimi kitab oxuyur. Bu səbəbdən də belə insanların zərərli vərdişləri də olmur".

Şahlar Əsgərovun dediyinə görə, şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır: "Bu səbəbdən də şagirdlərə düzgün kitab seçimi məsələsinə xüsusi olaraq diqqət yetirmək lazımdır.  Hesab edirəm ki, şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və bədii ədəbiyyata marağının artırılması istiqamətində işlər davam etdirilməlidir".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, son illər ərzində Təhsil Nazirliyi məktəb kitabxanalarını şagirdlərin yaşına uyğun oxu ədəbiyyatı ilə təmin edir. Bu zaman yerli nəşriyyatlar tərəfindən hazırlanmış və geniş oxucu kütləsi qazanmış ədəbiyyat nümunələri seçilir: "Düşünən oxucu" müsabiqəsi yerli nəşriyyatlarla birgə keçirilən bir müsabiqədir. Bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məhz məktəb kitabxanalara son 3 ildə verilmiş əsərlər siyahıya salınıb. Azərbaycan ədəbiyyatı, bildiyiniz kimi, məktəblərdə geniş tədris olunur. Bu müsabiqənin "Oxu ədəbiyyatı siyahısı"na salınmış əsərlər isə məktəb proqramında yer almayan əsərlərdir. Burada həm klassik dünya ədəbiyyatından, həm də müasir ədəbiyyatdan nümunələr var".

Millət vəkili Şahin Seyidzadənin sözlərinə əsasən, uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılması ailədən gəlir. İlk növbədə uşaqla danışmaq lazımdır. Uşaq danışa bilməyəndə belə onunla danışmaq və ona diqqət ayırmaq mütləqdir. Kitab oxumaq nədir: diqqət. Bugünkü nəsil 20 saniyə nəslidir. 20 saniyə nəslində diqqət, səbr, hövsələ yoxdur. Bu səbəbdən də böyüməkdə olan indiki nəsildə diqqəti cəlb etmək vərdişi formalaşdırılmalıdır. Uşaqlara hələ kiçik yaşlarından hekayələr danışılmalıdır. Uşaqlara hekayələr oxuyanda onların yaddaşında uşaqlıqdan obrazlar yaranır. Onlar böyüdükcə obrazlar da böyüyür. Sonra uşaqlar başqa kitablarda başqa obrazlar axtarır. Hər yaşa görə obrazlar var. Əgər valideyn istəyir ki, onun övladı kitab oxusun, ilk növbədə o özü oxumalıdır. Ata və ana bu davranışı ilə övladına nümunə olmalıdır. Axı uşaq ata və anadan örnək götürür. Ən vacib məqamlardan biri də evdə kitabların uşaqlar üçün əlçatan olmasıdır. Kitab rəfində qalmamalıdır. Kitab rəfi muzey deyil. Uşağa "kitaba toxunma, cırma, yazma" demək olmaz. Uşaq uşaq vaxtından kitabın üzərində rəsm çəkməli, vərəqlərini çırmalıdır və s. Bununla da onda kitaba sevgi, maraq yaranır və uşaq kitab qoxusuna alışır. Axı insanda kitaba məhəbbət onun qoxusundan yaranır. Uşaq məktəbəhazırlıq yaşına çatanda valideyn kitabı onunla birlikdə oxumalıdır. Uşaq böyüdükdən sonra müstəqil şəkildə kitab oxumağa başlayır. Bu zamanadək valideyn onunla birlikdə kitab oxumalıdır. Uşağa kiçik tapşırıqlar verilməlidir valideyn tərəfindən. Qarşılıqlı əlaqə yaranmalıdır uşaqla valideyn arasında bu, mütləqdir. Uşaqda kitab oxumağa həvəs, maraq yaradılmalı, onlarda kitab oxumaq vərdişi formalaşdırılmalıdır. Kitaba marağın artırılması və uşaqlarda mütaliə vərdişinin formalaşdırılması baxımdan isə məktəb, universitet, cəmiyyət dəstəkverici funksiya daşıyır".
Təhsil sahəsində həyata keçirilən islahatlar, xüsusən kurikulumun tətbiqi şagirdlərdə oxu, yazı vərdişlərinin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Artıq hafizəyə deyil, təfəkkürün inkişafına yönələn nəticəyönümlü təhsil hər bir şagirddə mütaliəyə, bədii əsərlərə marağın gücləndirilməsi üçün öyrədənə böyük stimul verir. Bədii əsərlərə marağın gücləndirilməsi üçün Təhsil Nazirliyinin hər il keçirdiyi "Ədəbiyyat biliciləri" müsabiqəsi də bu sahəyə olan marağı və tələbkarlığı artırır.

Sevinc QARAYEVA
 

 





25.01.2022    çap et  çap et