525.Az

"Pozulsa dünyada mizan-tərəzi, de, nəyə gərəkdir çəki daşları?..." - Həsən Xasayevin şeirləri


 

"Pozulsa dünyada mizan-tərəzi, de, nəyə gərəkdir çəki daşları?..." -<b style="color:red"> Həsən Xasayevin şeirləri</b>

Şəhərlə kənd arasında

Dolandım şəhərlə kənd arasında,
Buralar yurd yerim, doğma Vətənim.
Göbəyim kəsilib kənd  komasında,
Kəbinim şəhərdə, sarayda mənim.

Böyüyüb çıxanda kənddən-kəsəkdən,
Çıraqban, gur şəhər niyyətim olub.
Bakıda oxuyub işləyəndə mən,
Kəndə həsrət qalıb gözlərim, dolub.

Şəhərdə darıxdım boz  kəhər üçün,
Yəhərdə gəzməyim yadıma düşdü.
Kənddə qəribsədim mən şəhər üçün,
Şəhərdə gəzməyim yadıma düşdü.

Şəhər-kənd könlümü salıb kəməndə,
Demirəm - buralar qəlbimi sıxdı.
Əmək kitabçamı yazdılar kəndə,
Şeirlər kitabım şəhərdə çıxdı.

İstədim kəndimdə cığıra dönüm,
Dırmanım sıldırım qaya üstünə. 
Düşəydi təzədən şəhərə yönüm,
Kəndə qayıdaydım, sonra əksinə.

Bu get-gəl həyatda illər ötürdüm,
Nə şəhər, nə kəndsiz olmaz güzarım.
Fikrimdən axar çay keçəndə gördüm,
Xəzəri arayır şəhərli yarım.

Sən demə metroya yoxdu özgə tay, 
Hərdən ulağa da minməyim gələr.
Elə ki, dağdayam, bir həftə, bir ay,
Bulvarda danışıb, dinməyim gələr.

Şəhər-kənd yolunda olmuşam "yesir",
Bu yolda hər addım atana - uğur!
Ürəyim şəhərə, kəndə tələsir,
Vaxtında tərpənib, çatana - uğur!

 

Daş

"Bu dünyanın qara daşı göyərməz"
MusaYaqub

Daşdan-daşa dəyib başım həyatda,
Ruzim çətinliklə daşdan çıxıbdı.
Çoxu kef-damaqda, toyda-büsatda,
Daşa bax, qəlbimi necə sıxıbdı.

Fələk ümidimi çırparaq daşa,
Qurdu taleyimə min fitnə, kələk.
Baxmadı gözümdən tökülən yaşa,
Yağdırdı başıma göydən daş-kəsək.

Daşlandı böyrəyim, daşlandı ödüm,
Belimə dəyirman daşı qalandı.
Daşın ağrısından, dad-fəryad, öldüm,
Cəhənnəm əzabı bəlkə yalandı.

Özüm oturmuşam elçi daşında,
Yox idi gedənim o qız evinə.
Çəkildim sorğuya ölçü daşında,
Aldım "hə" cavabı, gəldim sevinə.

Çay daşlı evimi artıq sökmüşəm,
O soyuq nəfəsli daşından həzər.
Samanlı kərpicdən bir ev tikmişəm,
İsti otağımda ovqat təzə-tər.

Dolanıb büsbütün kürrəyi-ərzi,
Daşlayaq daşürək kəsləri barı.
Pozulsa dünyada mizan-tərəzi,
De, nəyə gərəkdir çəki daşları?

Amma şair sözüm daşdan kecibdi,
Daş salıb bəzən də başıma kəlməm.
Almazı, yaqutu başdan secibdi,
Daşları başlardan ayıran qələm.

Demirəm, bahalı daş-qaş gəzirəm,
Cummuram qızıla, qumaşa sarı.
Yox, sadiq vətəndaş, yoldaş gəzirəm, 
Düzəlsin qoy ömrün daşlı yolları.

 

Mən kiməm?

Əyri-üyrü yollarla
İstəmədim rütbə, ad.
Haram, çirkli pullarla
Villa tikmədim abad.

Yediyim pak duz-çörək
Həm halaldı, həm də nuş .
Əməl saf olsun gərək,
Belə ömür xoşdu, xoş.

Nə bir şeyə möhtacam,
Nə kimsəyə açdım əl.
Nə ləlöyün, nə acam,
Nə əjdaha, nə əfəl.

Varım-yoxum - bu qələm,
Nə yaxşı dost, yar olsam.
Tanıyar məni aləm,
Gözəl sənətkar olsam.

Hə, adi bir insanam,
Sazı, tarı sevən kəs.
Sözə qadir insanam,
Ulu Tanrı sevən kəs.

 





25.01.2022    çap et  çap et