525.Az

Şəhid Əlihüseyn Məmmədovun xatirəsi yad edilib


 

"MƏN ƏLİYƏM" ADLI KİTAB İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB

Şəhid Əlihüseyn Məmmədovun xatirəsi yad edilib<b style="color:red"></b>

Dünən Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş "Dönməsəm xatirəm qalsın" adlı tədbir keçirilib. Tədbirdə şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolunu özündə əks etdirən "Mən Əliyəm" adlı kitab geniş ictimaiyyətə təqdim olunub.  Şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik ehtiram sükutu elan olunduqdan sonra  tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunub. Geniş ictimaiyyət üzvlərinin və KİV əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə açan aparıcı Nuranə Gülər "Kimdir Əlihüseyn" videoçarxını tədbir iştirakçılarına təqdim etməklə şəhid haqqında dolğun məlumat verib. Tədbirdə çıxış edənlər arasında dövlət xadimləri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ziyalılar yer alıblar. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışı zamanı şəhid Əlihüseynin arzusunu səsləndirib: "Əlihüseynin arzusu "Əli Burger" fastfood şəbəkəsi yaratmaq idi və biz şəhidin anası Arzu Məmmədova ilə birgə şəhidimizin bu arzusunu reallaşdırmaq üçün var gücümüzlə çalışacağıq!". 

Tədbirdə həmçinin K.Fabuel moda brendinə məxsus, dizayner Kubra Nuriyevanın "Qarabağ" geyim kolleksiyasının Cıdır Düzü, Xarıbülbül, Kəlbəcər Xudavəng monastrı, Şuşa Gövhər-Ağa məscidi adlı geyim nümunələri nümayiş olunub.

Daha sonra Zəfər marşı sədaları altında Vətən müharibəsi qazisi Elnur Ələkbərovun Azərbaycan bayrağı ilə birgə səhnəyə gəlişi, eyni zamanda şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədovanın oğlu ilə hazırlanmış dialoq videoçarxı və şəhid anasının qonaqlara müraciəti tədbir iştirakçılarına unudulmaz və duyğulu anlar yaşatdı. 

Ümumilikdə Qarabağ uğrunda şəhid olmuş qəhrəman oğulların əziz xatirəsinə ithaf olunan tədbirin ikinci hissəsində muğam üçlüyü tərəfindən şəhid Əlihüseynə həsr olunmuş musiqi nömrələri və muğam parçaları səsləndirilib, eyni zamanda, vətənpərvərlik mövzusunda çəkilən rəsm əsərləri nümayiş olunub, tədbir iştirakçılarının müşayiətilə rəssamlar tərəfindən şəhid Əlihüseyn Məmmədovun rəsmləri çəkilib. 

Beynəlxalq Muğam Mərkəzinin foyesində furşetə dəvət alan tədbir iştirakçıları eyni zamanda şəhid Əlihüseyn Məmmədovun şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar və "Mən Əliyəm" kitabı, şəhidin xatirəsinə ithaf olunmuş illüstrativ kataloq, şəhid Əlihüseynin rəsmi həkk olunmuş Xarıbülbüllü yaxa nişanı da qonaqlara hədiyyə olunub.

Nadir YALÇIN
 

 





25.01.2022    çap et  çap et